Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Vladimir Vladimiroviç.
İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvətə görə Sizə təşəkkürümü bildirmək istərdim. Mən yenidən Moskvada olmağıma çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Təxminən üç ay bundan əvvəl də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.
Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq.
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.
Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.
Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir. Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il daha da artacaq.
Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşırıq.
Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər.
Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi, humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm. Bu sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk və Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə Vladimir Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır, onlar özləri çox şeyi deyir.
Buna onu əlavə etmək istərdim ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik.
Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə yaranmışdı. Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.
Əlbəttə, bu gün biz regionda münaqişədən sonrakı vəziyyəti də ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik.
Hesab edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir. Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək.
Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var.
Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.
Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər.
Hörmətli Vladimir Vladimiroviç, dəvətə, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib Rusiyanın dost, müttəfiq xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək istərdim.
Azərbaycan Müttəfiqlik Bəyannaməsi ilə bağlı politoloq İlqar Vəlizadənin və hərbi ekspert Yuri Lyaminin dedikləri:
Politoloq İlqar Vəlizadə bildirib ki, Bakı və Moskvanın qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında sənədi imzalanması gözlənilməz deyildi: "Prezident İlham Əliyev hələ Yeni il müraciətində Azərbaycan-Rusiya münasibətlərinin yeni, daha yüksək səviyyəyə çatdırılması planları barədə danışmışdı. İmzalanmış sənəd həssas Cənubi Qafqaz regionunu təhlükəsizlik məsələlərinin həllində bütövlükdə yeni səviyyəyə qaldırmağa kömək edəcək".
Politoloq qeyd edib ki, bu gün Bakı və Moskva arasında etibarlı münasibətlər qurulub: "Bu Ermənistanla Azərbaycanın qarşılıqlı fəaliyyətində münaqişə məsələsini tamamilə qapatmağa imkan verir. Bu iki ölkə arasında imzalanmış bəyannamənin əsas və prinsipial məqamıdır".
Hərbi ekspert Yuri Lyamin isə imzalanmış bəyannamədə nəzərdə tutulan qarşılıqlı hərbi dəstək bəndi barədə fikirlərini bildirib. O qeyd edib ki, söhbətin hərbi ittifaqdan deyil, məhz qarşılıqlı müttəfiqlik fəaliyyətindən getdiyini anlamaq lazımdır.
Ekspert sənədin belə tərtibatının sadəcə hərbi, hərbi-texniki sahədə və təhlükəsizlik məsələlərində daha geniş əməkdaşlığa yol açdığını deyib: "Bəyannamə həmçinin BMT nizamnaməsi və digər sazişlər əsasında qarşılıqlı hərbi köməyin mümkünlüyünü ifadə edir. Lakin sənəd hərbi ittifaqlarda olduğu kimi ölkələri hər hansı qəti öhdəliklərlə məhdudlaşdırmır".
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında Rusiya Federasiyasının vacib rol oynadığını vurğulayıb. Həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin qurulmasında əsas rol oynayır.
"RF Azərbaycanla Ermənistan arasında müharibənin birməsində və münaqişənin həllinin qaynar fazadan siyasi-diplomatik sahəyə köçürülməsində çox vacib rol oynayıb. 2020-ci ilin noyabrında sizin şəxsi aktiv iştirakınızla imzalanan üçtərəfli bəyanat bu çoxillik münaqişəni yoluna qoymaqda bizə imkan yaratdı", - Əliyev Putinə deyib.
"Bu gün regiondakı yeni vəziyyət, geosiyasi reallıqlar dünya ictimaiyyəti tərəfindən qəbul olunub və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradılmasında, nəqliyyat kommunikasiyalarının açılmasında, normal qonşuluq münasibətlərinin qurulmasında Rusiya vacib, mən deyərdim ki, aparıcı rol oynayır", - İlham Əliyev əlavə edib.
Vladimir Putin isə öz növbəsində qeyd edib ki, Qarabağda nəinki orada yaşayan əhalinin təhlükəsizliyinin təminatına dair, eləcə də ticari-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı üçün artıq müəyyən razılaşmalar var. O, eləcə də qeyd edib ki, müəyyən mübahisələr, aparılmalı işlər var: "Prosesin sülh yolu ilə getməsi üçün, prosesdəki bütün tərəflərin maraqlarının təmin olunması üçün öz tərəfimizdən hər şeyi edəcəyik".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Dostları ilə paylaş: |