Siqnalların çoxşaxəli yayılma zamanı qəbuledici verilmiş siqnalın bir neçə surətlərini alır. Bu surətləri öz aralarında müqaisə edib səhvləri aşkar edib düzəltmək mümkündür. Bu prinsip UMTS (Universal Mobile Telecommunications System) şəbəkələrdə istifadə olunan mobil avadanlıqda (UE) Rake-qəbuledicinin iş prinsipidir. Rake-qəbuledici bir neçə qəbuledicilərdən ibarətdir. Hər bir qəbuledici bir şüaya köklənir və digər şüalardan zaman sürüşməsini təyin edir. Ondan sonra bu qəbuledicilərdən siqnalların enerjiləri toplanılır. Beləliklə, Rake-qəbuledicilər üçün siqnalların çoxşüalı yayılması əsas hesab olunur.
MIMO (Multiple Input Multiple Output) texnologiyasında siqnalların çoxşüalı yayılması qəbuledici-vericilərin işlənməsini təmin edən əsas şərtdir. Bu texnologiyanın əsas prinsipi ondan ibarətdir ki, bir mənbədən verilən informasiya seli bir neçə qəbuledici-vericilərin arasında bölünür. Qəbuledici tərəfdə də qəbuledici-vericilərin sayı eyni olmalıdır. Beləliklə, çoxlu rabitə kanalları təşkil olunur və onlar üçün siqnalların keçmə yolları müxtəlif olur. Bu texnologiya UMTS və LTE şəbəkələrdə istifadə olunur.