Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə127/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   123   124   125   126   127   128   129   130   ...   190
 
BƏHRUZ MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:613 
METALLARIN ƏTRAF MÜHİTDƏ YAYILMASININ BİOLOJİ-GİGİYENİK  
ASPEKTLƏRİ 
 
 
Təbiətin  xüsusi  bir  hadisəsi  kimi  kimyəvi  elementlərin  yer  qabığında  yayılması 
xüsusiyyətlərinin  hərtərəfli  öyrənilməsi  bir  çox  elm  sahələrinin  maraq  dairəsinə  daxil  olan 
kompleks  bir  problemdir.  Elementlərin  biosferdə  miqrasiyasının  qanunauyğunluqları,  onların 
mübadilə  proseslərinin  bioloji  mahiyyətinin  müxtəlif  gigiyenik  aspektləri  həmin  problemin  tərkib 
hissələrindən biridir. 
 
XX  əsrin  ikinci  yarısında  kimyəvi  elementlərin  və  onların  böyük  bir  qrupunu  təşkil  edən 
metalların  ətraf  mühitdə  yayılması  və  çevrilmələri,  müxtəlif  obyektlərdə  səviyyələri,  orqanizmə 
daxil olması və bioloji funksiyaları haqqında bir sıra mühüm məlumatlar əldə edilmişdir. Bunlardan 
ən  başlıcası  ondan  ibarətdir  ki,  orqanizmdə  mövcud  olan  elementlərin  və  ilk  növbədə  metalların 
orqanizm üçün çox mühüm fizioloji əhəmiyyəti müəyyən edilmişdir. 
 
Qəbul  edilən  qida  ilə  orqanizmə  daxil  olan  və  beləliklə  qidanın  əsas  tərkib  hissələrindən 
birinin  təşkil  edən  mineral  birləşmələri  orqanizmə  tələb  olunandan  artıq  və  ya  az  daxil  olması 
nəticəsində  baş  verən  bir  sıra  patologiyaların  xüsusiyyətləri  və  onlara  qarşı  profilaktika  tədbirləri 
müəyyən edilmişdir. 
 
Metallar təbiətdə ən geniş  yayılmış elementlər qrupunu təşkil edir. Dövri  sistemin yarıdan 
çox elementinin metallardan  ibarət olması bu maddələrin ətraf mühitdəki  yeri haqqında obyektiv 
təsəvvür  yaradır.  Lakin  bu  maddələr  xarici  mühitin  müxtəlif  obyektlərində  heç  də  dəmir  kimi 
elementlərin  yer  qabığındakı  səviyyələri  ilə  müqayisədə  onların  dəniz  suyunda  olan  miqdarı  çox 
cuzidir. Ümumiyyətlə isə metalların müxtəlif mühitdə, xüsusən yer səthinin müxtəlif rayonlarında 
miqdarı nisbi sabit hesab edilməmişdir. Çünki biosferdə ( biosferin yuxarı sərhədi yerdən 12-15 km 
hündürlükdə troposferdə, aşağı sərhədi isə litosferdən 5 km dərinlikdə, okeanlarda isə onların dibinə 
qədər bir ərazinin əhatə edir) baş verən saysız-hesabsız geokimyəvi və biokimyəvi proseslər, habelə 
insanın  müxtəlif  xarakterli  fəaliyyəti  kimyəvi  elementlərin,  o  cümlədən  metalların  miqrasiyasına, 
səpələnməsinə və mühitdə müxtəlif səviyyədə toplanmasına səbəb olur. 
 
Metalların ətraf mühit obyektlərinə daxil olması və hərəkətinin əsas təbii mənbələrindən biri 
vulkanlar  nəticəsində  püskürülmüş  süxurlardır.  Adətən,  qələvi  xassəli  belə  süxurlar  isə  bir  qayda 
olaraq molibden, litium, qalay və bu kimi digər metallarla zəngin olur. Həmin süxurların atmosfer 
hadisələrinin  köməyilə  (külək,  yağıntı  və  s.)  parçalanması  və  dağılması  onların  geniş  ərazilərə 
yayılmasına  səbəb  olur  və  həmin  rayonların  bitki  və  canlı  aləminə  öz  təsirini  göstərir.  Belə 
ki,metalların və onların suda həll olan birləşmələrinin bir qismi bitkilərin orqanizminə keçir, digər 
hissəsi isə yuyularaq qrunt sularına, çaylara, dəniz və okeanlara qarışır.  
 
Azərbaycan  Respublikası  ərazisində  metalların  təbii  səviyyəsi  haqqında  məlumatlar  o 
dərəcədə  çox  deyildir.  Lakin  bir  sıra  tədqiqatlar  müəyyən  etmişdir  ki,  respublikanın  bəzi 
rayonlarında  bu  və  ya  digər  metalların  miqdarı  klark  səviyyələrindən  çox  artıq  olub,  təbii  filiz 
yataqları  kimi  mövcud olduğu halda,  elə rayonlar da vardır ki,  torpağında metalların miqdarı çox 
aşağıdır. 
 
Azərbaycanın  metallarla  zəngin  olan  zonalarına  əsasən  Naxçıvan  Muxtar  Respublikasının 
Şahbuz və Ordubad rayonları, Daşkəsən, Gədəbəy, Kəlbəcər və digər rayonlar daxildir. Naxçıvanın 
Şahbuz    və  Ordubad  rayonlarının  torpaqlarında  külli  miqdarda  molibden  (Kilit  molibden  yatağı), 
volfram və digər metallar  vardır. 


124 
 
 
Kimyəvi  elementlərin  yer  üzərində  miqrasiyasında  canlı  orqanizmlərin  rolunu  və  əksinə, 
orqanizmlərin  həyat  proseslərində  iştirak  edən  elementlərin  canlı  orqanizmlərin  təkamülündə 
əhəmiyyəti haqqında məlumatları ümumiləşdirərək V.İ.Vernadski özünü biokimya elminin  əsasını 
qoymuşdur. Bu elmin  əsas müddəalarına  görə canlı orqanizm,  onun kimyəvi  təbiəti  yer qabığının 
kimyəvi tərkibi ilə sıx əlaqədardır. Bu əlaqələr xarici mühitlə canlı orqanizm arasında gedən daimi 
qarşılıqlı  əlaqələr  nəticəsində  formalaşır.Yer  qabığında  olan  elementlər  canlı  orqanizmlərin  həyat 
proseslərində  fəal  rol  oynadığı  kimi,  müxtəlif  orqanizmlər  elementlərin  konsentrasiyası  və 
səpələnməsi hesabına yer qabığının tərkibinin formalaşmasında və tənzim edilməsində iştirak edir. 
Sonralar canlı orqanizmlə yer qabığının kimyəvi tərkibi arasındakı  qarşılıqlı əlaqələr daha da ətraflı 
tədqiq  edilmiş  və  inkişaf  etdirilmişdir  (Voynar  A.İ.  1960,  Vinoqrad    A.P.  1962,  Babenko  K.A. 
1978, Kovalski  V.V. 1973). Həmin tədqiqatlar insan orqanizminin kimyəvi tərkibinin torpaqda və 
sualrda  olan  elementlərlə  sıx  bağlılığını  sübut  etmişdir.  Bu,  bir  çox  metalların  suda,  torpaqda  və 
insan orqanizmində olan təbii miqdarından da aydın görünür. 
 
Biokimyəvi  əyalətlər  təlimin  yaranması  bir  sıra  ərazilərdə  yaşayan  əhali  arasında  geniş 
yayılmış xəstəliklərin etiologiya və patokenezini aydınlaşdırmaqda, həmin xəstəliklərin müalicə və 
profilaktikasını təşkil etməkdə mühüm rol oynamışdır. Çünki bu və ya digər elementlərin torpaqda 
və  ya  təbii  sualrda  artıq  olması  və  ya  çatışmaması,  onların  bitkilərə,  sonra  isə  heyvan  və  insan 
orqanizminə  həddən  artıq  və  ya  az  daxil  olmasına  səbəb  olur.  Nəticədə  maddələr  mübadiləsi 
pozğunluqları, funksional, morfoloji dəyişikliklər və hətta xəstələnmələr baş verir. Belə xəstəliklərə 
biokimyəvi endemiyalar deyilir. 
 
Endemik xəstəliklərin inkişafı və baş verməsindən bəhs edərkən V.V.Kovalski (1970) qeyd 
etmişdir ki, orqanizm xarici mühitdə metalların çox geniş diapazonda dəyişməsinə uyğunlaşa bilir. 
Lakin  geokimyəvi  mühitin  ekstremal  şəraitində  təbii  seçmə  kəskinləşə  bilir  və  orqanizmin 
biokimyəvi adaptiv dəyişkənliyinin inkişafina təsir göstərir. 
Xarici  mühit  obyektlərində  metalların  miqdarının  dəyişilməsilə  əlaqədar  baş  verən  endemik 
xəstəlikləri  əsasən  2  yerə  bölmək  olar:  a)  bu  və  ya  digər  elementlərin  orqanizmə  təbii  yolla  artıq 
daxil  olması  nəticəsində  baş  verən  mikroelementtozlar;  b)  orqanizmə  kifayət  qədər  hər  hansı  bir 
metalın daxil olmaması nəticəsində inkişaf edən xəstəliklər. 
 
Ətraf  mühit  obyektlərində  təbii  olaraq  metalların  artıq  miqdarda  toplanması  ilə  əlaqədar 
əhali arasında müşahidə edilən endemik xəstəliklərdən biri “qara ayaq” xəstəliyidir. Bu patologiya 
içməli sularda arsenin  miqdarı klark səviyyəsindən artıq olan  ərazilərin əhalisi  arasında baş verir. 
Xəstəliyin  əsasında  arsenin  təsirindən  əhalidə  periferik  damarların  obliterasiyaedici  endarteritləri 
durur.  Periferik  damarların  arsen  mənşəli  zədələnmələri  ilk  dəfə  XIX  əsrin  sonunda  Almaniyanın 
Sileziya əyalətinin əhalisində müşahidə edilmişdir. ”Qara ayaq” xəstəliyinin geniş yayıldığı Tayvan 
adasında  əhalinin  işlətdiyi  içməli  sularda  arsenin  miqdarı  0,4-0,6  mq/l-ə  çatır.  Burada  xəstəliyin 
yayılması  (hər 1000 nəfərə 8,9 hadisə) əhalinin yaşı artdıqca genişlənir ki, bu da əhalinin arsenli 
sudan istifadə etmə müddətinin artması ilə izah edilir. 
 
Şiş hüceyrələri ilə sıx əlaqəsi olan metallardan biri də maqneziumdur. Bu metalın torpaqda 
və sularda artıq olması onun qida maddələri, xüsusən ət vasitəsilə insan orqanizminə daxil olmasına 
səbəb olur. İtaliya, İspaniya, Afrika, Şimali Braziliya torpaqlarının maqneziumla zəngin olması və 
əhalinin qida rasionunda ətin əsas məhsullardan biri olması bu yerlərin əhalisi arasında bədxassəli 
şişlərin digər ölkələrə nisbətən çox az olmasına səbəb olmuşdur. 
 
Qanyaratma  proseslərində  əsas  elementlərədən  hesab  olunan  və
 
B
12 
vitamininin  tərkib 
hissəsini təşkil edən kobaltın torpaqda təbii halda az miqdarda olması (Şotlandiya, Yeni Zelandiya, 
Avstraliya)  həmin  rayonlarda  qaramal  və  davarlar  arasında  müxtəlif  adlar  altında  məlum  olan 
(enzotikmarazm, Morqon Mayns xəstəliyi, ”sahil” və  ya “kolluq xəstəliyi” və s.) spesifik endemik 
patologiyaların  inkişafına  səbəb  olur.  Xəstəliyin  əsas  əlamətlərinə  iştahsızlıq,  kəskin  anemiya  və 
ataksiya aiddir. 
 
Metalların  ətraf  mühitdə  miqdarının  anomal  olaraq  müxtəlifliyi  nəticəsində  qeydə  alınan 
endemik  xəstəliklərdən  biri  də  molibden  podaqrasıdır  (Kovalski  V.V.  və  b.  1980).  Bu  patologiya 
torpaqlarında  molibden  çox  olan  Ermənistanın  Dağlıq  Ankavan  rayonunda  daha  çox  yayılmışdır. 
Hazırda bu xəstəliyin həqiqi təbiəti haqqında məlumatların çox az olmasına baxmayaraq, belə hesab 


125 
 
edilir  ki,  tərkibində  molibden  saxlayan  ksantinoksidaza  metal  fermentinin  yüksək  sintezi  və  purin 
mübadiləsinin  sürətlənməsi  artıq  miqdarda  sidik  turşusunun  toplanmasına  səbəb  olur.  Böyrəklər 
belə artıq miqdarda sidik turşusunun xaric olmasının öhdəsindən gələ bilmədiyindən həmin turşu və 
onun duzları vətərlərdə və oynaqlarda toplanıb qalır (Rajogopalan K.V.1987). 
 
Beləliklə, qeyd edilən məlumatlardan aydın olur ki, yer səthində metalların son dərəcə qeyri-
bərabər  yayılma  səviyyələri  canlı  orqanizmlərə,  o  cümlədən  insan  orqanizminə  müxtəlif 
intensivlikdə təsir göstərir. Lakin bu məlumatlar tam hesab edilə bilməz. Çünki insan orqanizminə 
daxil  olan  onlarla  metalın  yalnız  kiçik  bir  qrupunun  orqanizmə  daxiloma  səviyyəsinin  dəyişməsi 
nəticəsində  meydana  çıxan  cavab  reaksiyaları  öyrənilmişdir.  Bir  çox  metalların  orqanizmə  daxil 
olan miqdarından asılı olaraq bu və ya digər patologiya törətməsi problemi hələ də qalmaqda davam 
edir. Bu sahədə həlli tələb edilən məsələlərdən biri də endemik xəstəlikərin profilaktikası üçün bu 
günə qədər radikal gigiyenik tədbirlərin olmamasıdır. 
 
Bütün  bunlara  baxmayaraq  aydın  olur  ki,  metalların  artıq  və  ya  az  miqdarda  təbii  halda 
orqanizmə  daxil  olması  müəyyən  patoloji  halların  baş  verməsinə  səbəb  olursa,  deməli,  onların 
orqanizmdə elə səviyyələri də mövcuddur ki, həmin səviyyələrdə metallar orqnizmə əlverişsiz təsir 
göstərməyib, onun həyati proseslərinin tənzim edilməsində iştirak edir. 
 
Metallar ezoken mənşəli kimyəvi maddələr olub, qida məhsulları ilə orqanizmə daxil olaraq 
müxtəlif  biokimyəvi  strukturların  və  sistemlərin  tərkibində,  orqanizmin  bir  sıra  əsas  mübadilə 
proseslərində-zülal,  yağ,  karbohidrat,  vitamin,  mineral  mübadilədə,  habelə  qaz  mübadiləsi,  istilik 
tənzimi, toxuma tənəffüsü və toxuma keçiriciliyi, hüceyrənin bölünməsi, sümük toxumasının əmələ 
gəlməsi, qanyaranma, boyatma, nəsilartırma, immunobioloji və digər proseslərdə iştirak edir. 
 
Bir  sıra  elementlərin  orqanizmdə  sabit  miqdarı  qanın  mineral  tərkibinin  və  osmotik 
təzyiqinin normal saxlanmasını təmir edir. Belə metallara natrium, kaium, kalsium misal ola bilər. 
Müəyyən edilmişdir ki,  əsasən hüceyrəxarici (toxuma) mayedə toplanan natrium hüceyrədaxili və 
toxumarası  mübadilə  proseslərində  fəal  iştirak  etməklə  qanın  bufer  sisteminin  yaranmasında 
(bikarbonatlar  və  fosfatlar  şəklində)  mühüm  rol  oynayır,  hüceyrə  protoplazmasının  və  orqanizmin 
biloji mayelərinin osmotik təzyiqinin sabitliyini, habelə hüceyrə kolloidinin şişməsi yolu ilə suyun 
toxuma və hüceyrələrdə tutulub saxlanmasını təmin edir. Natrium ionu ürək əzələsinin fəaliyyətinin 
normal  saxlanmasında  iştirak  edir.  Natriuma  orqanizmin  gündəlik  tələbatı  5-15  qram  arasında 
tərəddüd edir. 
 
Natriumun orqanizmində təbii antoqinisti olan kalium toxuma mayesinin və onunla birlikdə 
natriumun  orqanizmdən  xaric  olmasını  sürətləndirmək  qabiliyyətinə  malikdir.  Kalium  əsasən 
hüceyrə daxilində yerləşən başlıca metal kationlarındandır. Mərkəzi və periferik sinir hüceyrələrinə 
gələn  daxili  və  xarici  impluslara  verilən  cavabların  ötürülməsi  proseslərində  (oyanmanın  ion 
mexanizmi,  keçiricilik,  hüceyrə  yığılması)  iştirak  etməklə  kalium  orqanizmdə  koordinasiya  və 
trofika funksiyalarını təmin edir, orqanizmlə xarici mühit arasında əlaqə yaradır ( Danilenko A.İ. və 
b.,1981). 
 
Kalium  hüceyrə  daxilində  osmotik  təzyiqin  və  turşu-qələvi  münasibətinin  sabit 
saxlanmasında və mübadilə proseslərində fəal iştirak edir. Eritrositlərdə olan kalium ionu oksigenin 
hemoqlobin vasitəsilə daşınmasını təmin edir. 
 
Müxtəlif ərzaq məhsulları vasitəsilə, xüsusən quru meyvə və giləmeyvələrdən əriyin, kişmiş, 
qara gavalının, habelə noxudun və soya paxlasının tərkibində orqanizmə daxil olan kalium elementi 
eyni  zamanda  bir  sıra  fermentativ  proseslərdə  (fosfopiroüzüm  turşusunun  üzüm  turşusuna 
çevrilməsində), asetilxolinin əmələ gəlməsində mühüm rol oynayır ( Petroviski K.S.,1975).  
 
Sinir  oynamalarının  ötürülməsində  və  ümumiyyətlə  sinir  sisteminin  oynama  qabiliyyətinin 
tənzim  edilməsində  mühüm  əhəmiyyəti  olan  elementlərdən  biri  maqneziumdur.  Bu  metalın 
orqanizmdə  rolu  tam  öyrənilməsə  də,  müəyyən  edilmişdir  ki,  o  miozin  ATF-aza  fermentinin 
fəallığını  artırmaqla  yanaşı  xolinesteraza  vasitəsilə  asetilxolinin  hidrolizini  gücləndirir.  Bu  zaman 
sinir  uclarının  qıcıqlanması  tormozlanır,  əzələlər  boşalır.  Bu  yolla  maqnezium  bağırsaq 
peristaltikasını  artırır  və  öd  ifrazını  stimulə  edir,  antispastik  və  damargenişləndirici  təsir  göstərir. 
Maqnezium  ionunun  bu  xüsusiyyətinə  görə  o  bir  sıra  xəstəliklərin  (eklampsiya,  nefrit  sancıları) 
müalicəsində dərman preparatı kimi işlədilir. 


126 
 
Maqnezium  bir  çox  fermentativ  proseslərin  mühüm  aktivləşdiricilərindəndir.  O,  aralıq 
mübadiləsinin  spesifik  aktivatoru  və  bir  sıra  ferment  sistemlərinin  kofaktorudur.  Mübadilə 
reaksiyalarında  maqnezium  fosfat  qruplarının  daşıyıcıları  olan  fermentlərin  (adenilatkinazalar, 
NAD+-kinazalar,  kreatinkinazalar)  aktivatoru  hesab  olunur.  Maqnezium  eyni  zamanda  qələvi 
fosfotaza  və  Krebs  reaksiyalarında  iştirak  edən  piruvatkarboksilaza  və  puroüzüm  turşusunun 
oksidalaza fermentlərini fəallaşdırır (Keorkiyevski V.N.1978). 
 
Beləliklə,  maqneziumun  orqanizmdə  normal  miqdarı  onun  antipastik,  damargenişləndirici 
təsirini  təmin  edir.  Onun  miqdarının  azalması  toxumanın  oyanıqlığını  artırır  və  bu  proseslərdə 
maqnezium  ilə  kalsium  ionları  arasında  antaqonist  münasibətlər  meydana  çıxır.  Bu  metallar 
arasında belə münasibət  eyni zamanda özünü xolesterin mübadiləsində də göstərir. Maqneziumun 
orqanizmə  az  daxil  olması  və  ya  toxumalarda  çatışmaması  zamanı  qanda  və  toxumalarda 
xolesterinin  miqdarının  artması  ürək  və  arteriya  damarlarının  divarlarında,  habelə  əzələlərdə 
kalsiumun artıq toplanması müşahidə edilir (Metsler D., 1980). 
 
Maqneziumla  kalsiumun  antaqonist  əlaqələri  özünü  onların  metabolizmində  daha  qabarıq 
göstərir.  Hər  iki  metalın  bağırsaqdan  sorulması  üçün  onların  öd  turşuları  ilə  birləşərək 
maqneziumun  sorulması  imkanını  azaldır.  Eyni  zamanda  qidada  kalsiumun  çox  olması 
maqneziumun  orqanizmdən  xaric  olmasını  sürətləndirir.  Ona  görə  də  tarazlaşdırılmış  qida 
rasionunda maqneziumun miqdarı kalsiumun miqdarının 1/2-3/4 –nə bərabər olmalıdır. Orqanizmin 
bir mikroelement kimi maqneziuma olan 500-600 mq-lıq sutkalıq tələbatı çörək, müxtəlif yarmalar, 
noxud və lobyanın tərkibində daxil olmaqla ödənilir. 
 
Maqneziumun ataqonisti kimi kalsium orqanizmdə miqdarına görə ( 1050 q-a qədər) mühüm  
mikroelementlərdən  hesba  olunur.  Onun  bioloji  funksiyaları  çoxtərəflidir.  Lakin  kalsiumun  ən 
mühüm rolu orqanizmdə sümük toxumasının əsas tərkib hissəsini təşkil etməsidir. Orqanzimdə olan 
kalsiumun  ümumi  miqdarının  99%-i  sümük  toxumasında  hidroksilapatit  [  Ca
10
(PO
4
)
6
(OH)
2

mineralına  bənzər  kalsium  fosfat  şəklində  kollagen  zulalı  ilə  birlikdə  cəmlənmişdir.  Göstərilən 
birləşmədə  kalsium  ionlarının  bir  qisminin      maqnezium  ionları  ilə,  (OH
-
)  ionlarının  çox  az  bir 
miqdarının isə flor ionları ilə əvəz edilməsi sümük toxumasının möhkəmliyini artırır (Metsler D;, 
1980). 
 
Qanın daimi tərkib hissəsi olan kalsium onun laxtalanmasında (trombokinazanın iştirakı ilə 
protrombinin  trombinə  çevrilməsi  prosesi  kalsium  ionlarının  iştirakı  ilə  tənzim  olunur)  əsas 
komponenetlərdən biridir. Kalsium əzələ hüceyrəsinin sarkoplazma şəbəkəsində yerləşərək aktin və 
miozin  zülallarının  qarşılıqlı  əlaqəsini  təmin  edir  və  beləliklə  əzələnin  (xüsusən  miokardın) 
yığılmasında iştirak edir. 
 
Kalsium  ionu  normal  sinir-əzələ  oyanıqlığının  sabit  saxlanmasında  mühüm  rol  oynayır. 
Sinapslardan  sinir  impluslarının  postsinaptik  neyronlara  ötürülməsindən  qabaq  orada  kalsium 
ionlarının miqdarı yüksəlir və nəticədə sinapslardan mediatorların xaric olması baş verir. Ona görə 
də orqanizmin xarici qıcıqlandırıcılara cavab vermısinin ümumi mexanizminin 2 əsas elementindən 
birini kalsium təşkil edir (Vorle .A.v.1974). 
 
Kalsium bir sıra fermentlərin (ATF-aza, lesitinaza, suksinatdehidrogenaza, tripsin) fəallığını 
artırmaqla  və  tənzim  etməklə  hüceyrənin  boyatma  və  inkişafı  proseslərində  yaxından  iştirak  edir, 
orqanizmin  müdafiə  qüvvələrini  möhkəmləndirməklə  onun  əraf  mühit  amillərinin  təsirinə 
davamlılığını artırır. 
 
Orqanizmin kalsiuma olan sutkalıq tələbatı (800 mq) əsasən süd və süd məhsulları vasitəsilə 
ödənilir. 
 
Orqanizmdə  müxtəlif  bioloji  molekulların  tərkibinə  daxil  olan  dəmir  bir  çox  fizioloji 
funksiyalar  daşıyır.  Bir  sıra  oksudləşdirici  fermentlərin  –peroksidaza,  sitoxrom,  sitoxromoksidaza 
tərkibinə  daxil  olaraq,  dəmir  oksidləşmə  proseslərində  yaxından  iştirak  edir.  Dəmir  hüceyrənin 
protoplazma və nüvəsinin tərkib hissəsi olmaqla hüceyrədaxili mübadilə proseslərini stimulə edir. 
 
Dəmirin orqanizmə daxil olması bir sıra heyvani və bitki mənşəli qida məhsulları vasitəsilə 
baş verir.  Ona  ən çox malın  qara  ciyərində,  yumurta sarısında, bitki  mənşəli qida məhsullarından 
qarabaşaq yarmasında, çovdar çörəyində, habelə ərikdə, almada, ağ göbələkdə rast gəlinir. 
 
Yaşlı orqanizmin dəmirə sutkalıq tələbatı 15 mq-dır. 


127 
 
 
Qanyaranma  proseslərində  fəal  iştirak  edən  elementlər  qrupunda  mis  xüsusi  yer  tutur.  Bu 
metal  hemoqlobinin  sintezində  çox  yaxından  iştirak  edir  və  misin  bu  funksiyası  dəmirin  eyni  adlı 
funksiyası  ilə  sıx  əlaqədardır.  Qida  ilə  orqanizmə  daxil  olan  qeyri-üzvi  dəmirin  üzvi  dəmir 
birləşmələrinə  çevrilməsində,  habelə  retikulositlərin  yetişib  eritrositlərə  çevrilməsində  mis  vacib 
element  kimi  çıxış  edir.  Mis,  dəmirin  sümük  iliyində  olan  hemopoez  sisteminə  keçməsini  təmin 
edir. Misin stimuləedici təsiri  nəticəsində fəallaşan eritropoezin gedişinə təsir göstərir. 
 
Misin  daxili  sekresiya  vəzilərinə  təsiri  haqqında  ədəbiyyatda  bir  sıra  məlumatlat  vardır. 
Müəyyən  edilmişdir  ki,  mis  insulinsayağı  təsir  effektinə  malikdir.  Gündə  0,5-1,0  mq  mis  qəbul 
edilməsi  nəticəsində  diabet  xəstəliyinə  tutulmuş  şəxslərin  vəziyyəti  yaxşılaşır,  hiperqlikemiya 
azalaır,  qlükozuriya  aradan  qalxır.  Mis  duzları  adrenalin  hipeqrlikemiyasını  tormozlayır  (Frieden 
E.1984). 
 
Mis  bir  sıra  biokimyəvi  proseslərdə  elektrondaşıyıcı  zülalaların  tərkib  hissəsi  kimi  iştirak 
edərək  üzvi  maddələrin  molekulyar  oksigenlə  oksidləşmə    reaksiyalarını  həyata  keçirir.  Məsələn, 
misin  ən  spesifik  fermentlərindən  olan  seruloplazmin  çoxfunksiyalı  zülal  kimi  ferroksidaza, 
aminoksidaza  və  superoksiddismutaza  fermentlərinin  aktivliyinə  malik  olub,  misin  orqanizmdəki 
tarazlığında  iştirak  edir,  iltihabı  proseslərin  kəskin  mərhələlərinin  tormozlanmasında  mühüm  rol 
oynayır  və  lipid  membranlarını  peroksid  oksidləşməsindən  mühafizə  edir.  Seruloplazmin  özünün 
oksidaza  funksiyaları  ilə  yanaşı,  hüceyrə  fermentlərinə  və  ilk  növbədə  sitoxromoksidaza  mis 
daşıyan nəqliyyat zülalı rolunu oynayır. 
 
Misin  mühüm  qida  komponenti  kimi  orqanizm  üçün  vacib  olması  ilk  dəfə  1924-cü  ildə 
müəyyən  edilmişdir.  Müxtəlif  heyvani  və  bitki  mənşəli  qida  maddələrinin  tərkibində  orqanizmə 
daxil olan bu bioelemtin sutkaliq norması yaşlı şəxslər üçün 2-5 mq müəyyən edilmişdir ( Petrovski 
K.S.,1971; Priev İ.Q.,1985; Avtsın A.P. və b.,1991; Volf R.1982). 
 
Orqanizmdə  bioloji  əhəmiyyətinin  dərəcəsinə  görə  elementlərin  yuxarıda  qeyd  edilmiş 
düzülüş  sırasında  ən  yüksək  mövqe  tutan  (9  bal)  metallar  içərisində  sink  həqiqi  bioelement  kimi 
qiymətləndirirlir.  Orqanizmdə  sərbəst  ionlar  və  ya  müxtəlif  duzlar  şəklində  olan  sink  bir  sıra 
spesifik  zülallar  və  fermentlərlə  müxtəlif  davamlılıq  dərəcəsinə  malik  birləşmələr  əmələ  gətirir. 
Sinkin zülallarla əlaqəsi sulfhidril və imidazol qrupları vasitəsilə yaradılır. Tərkibində sink saxlayan 
zülallar  əsasən  metallofermenlər  və  metalloferment  komplekslərindən  ibarətdir.  Bunlara 
karbonhidraza,  karboksipentidaza,  qələvi  fosfataza,  laktatdehidrogenaza,  arginaza  və  s.aiddir 
(Vallee B.Z.et al., 1984). 
 
Sinkin  insan  orqanizmində  əsas  bioloji  rolu  onun  karbonhidraza  metallofermentinin 
tərkibində  olması  ilə  əlaqədardır.  Bu  fermentin  orqanizmdə  rolu  mühüm  və  çoxsahəlidir.  Bu 
funksiyalar  içərisində  karbonhidrazanın  tənəffüs  prosesində  iştirakı  daha  vacibdir.  Eritrositlərin 
tərkibinə daxil olan karbonhidraza karbon qazı ilə əlaqəyə girərək onun orqanizmdən xaric edilməsi 
yolu ilə qazlar mübadiləsində iştirak edir. Eritrositlərin tərkibində hemoqlobinin cəmi 1% -i qədər 
olan  karbohidraza  karbon  qazının  əmələ  gəlməsi  proseslərini  sürətləndirməklə  onları  oksigenin 
mənimsənilməsi  proseslərilə  uyğunlaşdırır.  Ona  görə  də  karbonhidrazanın  tənəffüs  aktındakı  rolu 
heç  də  hemoqlobinin  rolundan  az  deyildir  (Voynar  A.O.,  1960;  Bernşteyn  L.i.,  1977  Karlinski 
V.M., 1979). 
 
Sink  karbonhidrazasının  mühüm  bioloji  funksiyalarına  eyni  zamanda  qanda  hidrogen 
ionlarının  normal  qatılığının  sabit  saxlanmasında,  mədə  divarında  xlorid  turşusunun  və  mədəaltı 
vəzin hidrokarbonat şirələrinin əmələ gəlməsində iştirak etməsi də daxildir (Karlinski V.M.,1979). 
Sinkin  yüksək  qatılıqlarda  hipofiz,  mədəaltı,  cinsiyyət  vəzlərində  toplanması  ilə  nəsilartırma 
funksiyası  arasında  mühüm  əlaqə  vardır.  Bununla  yanaşı,  sinkin  immunoloji  proseslərdə  bir  sıra 
mühüm  funksiyaları  müəyyən  edilmişdir.  İmmun  sistemin  inkişafı  və  fəaliyyəti  üçün  sink  vacib 
element  hesba  edilir.  Orqanizmə  qida  ilə  normadan  az  daxil  olduqda  limfositlərin  və  faqositar 
hüceyrələrin funksiyalarının zəifləməsi, timus vəzin hipoplaziyası və vaxtından qabaq involyusiyası 
baş  verir.  Bu  zaman  immunoloji  sistemdə  qeyd  edilən  çatışmamazlıqlar  timus  vəzin  ektomiyası 
zamanı  meydana  çıxan  əlamətləri  xatırladır.  Timus  vəzin  hormonu  olan  timulinin  fəallığı  azalır, 
limfositlərin yaranması prosesi zəifləyir, T-limfositlərin anomaliyası baş verir (Dardonne M.,1988). 


128 
 
 
Sinkin  orqanizmə  sutkalıq  daxiloma  norması  12-16  mq  təşkil  edir.  Bu  elementlə  ən  çox 
zəngin  olan  qida  məhsullarına  dənli  bitkilər, xüsusən  paxlalar  aiddir.  Məsələn,  noxud  və  lobyanın 
tərkibində  44,5-52,5  mq/kq  sink  vardır.  Buğda  və  düyünün  qabıq  hissəsində  sinkin  miqdarı 
yüksəkdir  (30-32,4  mq/kq).  Heyvan  mənşəli  qida  məhsullarından  ən  yüksək  konsentrasiyada  sink 
olanlarına  yumurta sarısı  (49 mq/kq) və malın  qaraciyəri (43,9-45,5 mq/kq) aiddir. Sinklə ən çox 
zəngin  olan  qida  məhsulları  isə  göbələklərdir-sarı  göbələkdə,  qara  göbələkdə,  yağlı  göbələkdə  və 
şampinyonda onun miqdarı 137-202 mq/kq təşkil edir (İsakov X.İ.,1970). 
 
Qida  vasitəsilə  orqanizmə  daxil  olması  vacib  olan  elementlərdən  biri  də  molibdendir. 
Orqanizmə sutkalıq daxil olma miqdarına görə (0,16-0,30 mq) o, mikroelementlər qrupuna daxildir. 
Molibdenin orqanizmdə bioloji rolu onun toxuma tənəffüsündə iştirak etməsi, purin mübadiləsinə, 
askorbin  turşusunun  sintezinə,  karbohidrat  mübadiləsinə,  cinsiyyət  vəzlərinin  funksiyalarına, 
vegeto-endokrin  reaksiyalara  təsiri  ilə  əlaqədardır.  İnsan  orqanizmində  həmin  funksiyalar  bir  sıra 
metallofermentlərin  (ksantinoksidaza  və  sulfitoksidaza)  vasitəsilə  həyata  keçirir.  Ksantinoksidaza 
fermentinin  tərkibində  molibden  oksigenin  iştirakı  ilə  ksantin,  hipoksantin  və  aldehidlərin 
oksidləşməsinə  səbəb  olur.  Molibden  iştirakı  ilə  fəallaşan  sulfitoksidaza  fermenti  sulfitlərin 
sulfatlara çevrilməsində yüksək spesifiklik göstərir. Sulfitoksidazanın genetik defekti beyinin güclü 
anomaliyalarına,  əqli  geriqalmalara,  göz  büllurunun  ektopiyasına  səbəb  olur.  Lakin  bu 
patologiyaların  səbəbi  indiyə  qədər  aydınlaşdırılmamışdır  (Avtsın  A.P.  və    b.,  1991;  Ralagopalan  
K.V. 1987). 
 
Molibdenin  hansı  qida  məhsullarının  tərkibində  orqanizmə  daxil  olması  haqqında 
ədabiyyatda məlumatlar tapılmamışdır. Onun tərəvəz məhsullarının tərkibində olması güman edilir. 
Bununla yanaşı, bu metalın qara ciyərdə, əzələ və beyin toxumasında toplanması onun heyvanların 
qara ciyəri və ət məhsulları vasitəsilə orqanizmə daxil olmasını söyləməyə əsas verir. 
 
Ətraf mühitdə toplanan metalların birbaşa və  ya dolayı  yolla insan orqanizminə daxil olub 
müxtəlif bioloji proseslərdə iştirak etməsi real olduğu üçün həmin ərazinin metallarla əlaqədar ölkə 
patologiyasında  rolu  haqqında  müəyyən  fikir  söyləmək  olar.  Bu  problem  aktual  olduğu  qədər  də 
mürəkkəbdir.  Lakin  onun  öyrənilməsi  bizim  respublika  üçün  son  dərəcə  vacibdir.  Vaxtilə 
V.V.Kovalski  keçmiş  SSRİ  ərazisinin  torpaqda  metalların  miqdarına  görə  rayonlaşdırılmış  və  bu 
məsələnin əhalinin sağlamlığının proqnozlaşdırılmasında vacib rolu olduğunu göstərmişdir. Belə bir 
biokimyəvi  rayonlaşdırılmanın  aparılması  respublikamızın  müxtəlif  ərazilərində  metalların 
səviyyələrinə əsasən əhali sağlamlığı haqqında fikir söyləməyə, ən başlıcası isə bir sıra rayonlarda 
müşahidə edilən patologiyaları bu baxımdan qiymətləndirməyə imkan verə bilər. 
 
Hazırda  respublikanın  müxtəlif  ərazilərində  metalların  torpaqda  yayılması  problemi  diqqət 
mərkəzində  olub,  müəyyən  səviyyədə  öyrənilməkdədir.  Lakin  bu  məsələnin  əhalinin  sağlamlıq 
vəziyyətinin  müxtəlif  aspektlərilə  birlikdə  kompleks  bir  problem  şəklində  tədqiq  edilməsi,  alınan 
nəticələrə  əsasən  respublikada  biokimyəvi-ekoloji  məlumatlar  sisteminin  yaradılması  əhalinin 
sağlamlıq  vəziyyətini,  hətta  kənd  təsərrüfatının  bəzi  sahələrinin  uzaq  perspektivlərini  belə 
proqnozlaşdırmağa imkan verir. 
 
Əhalinin  sağlamlığının  proqnozlaşdırılmasında  ətraf  mühitdə  metalların  təbii  səviyyələri 
haqqında məlumatların əldə edilməsilə bərabər, müxtəlif sənaye müəssisələri, avtomobil nəqliyyatı, 
yanacağın  yanması  və  s.  kimi  mənbələr  hesabına  biosferin  çirklənməsi  xüsusiyyətlərinin  tədqiqi 
mühüm gigiyenik məsələlərdən biridir. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin