Maddə 7. Nəqliyyat sahəsində bələdiyyələrin hüquqları və vəzifələri Nəqliyyat sahəsində bələdiyyələrin hüquqları və vəzifələri bələdiyyələr haqqında qanunvericiliklə müəyyən edilir.
IIIfəsil. Nəqliyyatın fəaliyyətinin əsasları Maddə 8. Nəqliyyatda iqtisadi fəaliyyətin əsasları 1. Nəqliyyatda iqtisadi münasibətlərin əsasını nəqliyyat xidmətlərinə tələb və təkliflər bazarı formalaşdırır.
2. Nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini kommersiya və təsərrüfat prinsipləri əsasında həyata keçirirlər.
3. Nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər.
4. Müvafiq dövlət orqanları, pulsuz gediş hüququ da daxil olmaqla ayrı-ayrı kateqoriyadan olan şəxslərə nəqliyyat xidmətlərinə görə güzəştlər təyin edərkən nəqliyyat müəssisələrinə kompensasiyaların ödənilməsi üçün maliyyə mənbələrini müəyyən edirlər. 5. Vağzalların, stansiyaların, metropolitenin, limanların, aeroportların, körpülərin, piyada körpülərinin və tunellərin sərnişin platformalarının və əhaliyə nəqliyyat xidməti üzrə digər obyektlərin tikintisi dövlət büdcəsinin və yerli büdcələrin nəqliyyat müəssisələrini və başqa müəssisələrin vəsaitləri, həmçinin hüquqi və fiziki şəxslərin könüllü ianələri hesabına həyata keçirilir.
6. Xarici nəqliyyat müəssisələri tərəfindən Azərbaycan Respublikasının ərazisində tranzit daşımalarının həyata keçirilməsinə görə, habelə su, avtomobil və dəmir yollarından, dövlət limanlarından, hava məkanında uçuşların idarə edilməsi və aeronaviqasiya xidmətlərindən istifadə edilməsinə görə Azərbaycan Respublikasının normativ-hüquqi aktları və beynəlxalq müqavilələri ilə müəyyən edilmiş qaydada və məbləğdə haqq alınır.
Maddə 9. Yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınması, nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi 1. Yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınması və nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi qanunvericiliyə uyğun olaraq bağlanılmış müvafiq müqavilələr əsasında aparılır.
2. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, daşınma və nəqliyyat-ekspedisiya xidmətlərinin şərtləri həmçinin tərəflərin maddi məsuliyyəti onların bağladıqları müqavilə əsasında müəyyən edilir.
3. Müntəzəm daşımaların həyata keçirilməsi zərurəti yarandıqda, daşıyıcı və yükgöndərən belə daşımaların təşkili haqqında müqavilələr bağlaya bilərlər.
Yük daşımalarının təşkili haqqında müqaviləyə görə, digər öhdəliklərlə yanaşı, daşıyıcı yükü müəyyən olunmuş müddətdə qəbul etməli, yükgöndərən isə həmin yükü daşımaya təqdim etməlidir.
Daşımaların təşkili haqqında müqavilədə həmçinin daşımaların həcmi müddəti, keyfiyyəti, nəqliyyat vasitələrinin verilməsi və daşıma üçün yüklərin təqdim olunması şərtləri daşımaların təşkilinin normativ hüquqi aktlarda nəzərdə tutulmamış digər şərtləri də müəyyən edilir.