nim qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi
müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən
tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini
dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti
naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə
əmlakımı, nə də, lazım gələrsə, həyatmı belə əsirgəyəcəyəm. Qoy bu
andı yerinə yetirməkdə Allaha mənə yar olsun!’’ Sonra səfərqabağı
Hacını ziyarət gedirlər. Hacı onların hal-əhvalını xəbər alır,
sonra şikayətləri olub-olmadığını soruşur. Hamısı
vəziyyətlərindən razılıqlarını bildirirlər, yalnız bir nəfəri
dillənir: «Hacı əfəndi, Siz bizdən qeyri-türklə evlənməyəcəyimizə
dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk
qızı yoxdu. Onda ziyalı və təhsilli kimsənin cahil qızla evlənməsi
bilmirəm, nə dərəcədə düzgündü?» Sual Hacının ağlına batır, de-
yir: «Övladım, çox doğru söyləyirsən, əmin olun ki, bu nöqsanımızı
da aradan qaldıracağam». Ertəsi gün Qafqazda nəşr olunan bü-
tün qəzetlərdə Hacının aşağıdakı məzmunda elanı çıxır:
«Qafqaz türklərinin yeddi-səkkiz yaşları arasındakı qız uşaqlarını
aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları
on il təhsil alandan sonra öz qızlarım kimi onları evləndirib, gələcək
həyatlarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin.»
“Əlbəttə, düz eləyib, insanın əqidə azadlığına müdaxilə
eləmək olmaz. Sağ olsun, Hacı çox ağıllı çıxış yolu tapıb, təki
arzusu çin olsun...” – Yusif Vəzir dilləndi.
87
Bu məqamda, elə bil, Bakıda, Aşqabadda, Kiyevdə vurul-
duğu qeyri-türk və qeyri-müsəlman qızlardan Abdulla bəyin
xəbər tutacağını beynindən keçirib özünü yığışdırdı.
“İşimiz asan olmadı, Yusif bəy. Amma hökumət hər şeyi
mütəşəkkil şəkildə yoluna qoymaq üçün əlindən gələni elədi.
Elə cavanların özlərinin nümayəndələrindən ibarət təşkilat
bürosu yaratdıq. Büronun sədri Teymur bəy Aslanov bizim
nümayəndəmizlə birgə lazımi yol vəsiqələri almaq üçün
Tiflisdə, Batumda oldu. Cavanların necə təntənəylə yola sa-
lındıqlarını bir görəydiniz, – Abdulla bəyin gözləri parılda-
yırdı. – Hökumət üzvləri, ziyalılar, xeyriyyəçilər, din adamla-
rı bu cavanları yola salmağa gəlmişdilər. Səmədağa Ağama-
lıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov xeyir-dua, məsləhət
verdilər. Çox təəssüf ki, seçilən cavanlardan biri, Balaxanı
məktəbinin müəllimi Miryusif Mirabdullazadə qəflətən vəfat
elədi. Məkanı cənnət olsun. Müəllim yoldaşı Seyidbağır
Axundzadə çıxış eləyib onun barəsində danışdı. Cabbar Qar-
yağdıoğlu Qurban Pirimov və Saşa Ohanezaşviliylə elə vağ-
zalın böyük zalındaca məclis qurdu, Əlabbas Müznib süfrə
açıb hamını çay, şirniyyat, meyvəyə qonaq elədi. Əlbəttə,
Ağamalıoğlu fürsətdən istifadə eləyib öz siyasi məramlarını
cavanların beyninə yeritməyə çalışdı, amma ümidvaram ki,
ağıllı adamlar öz inandıqları yolla gedəcək, onlara bəslənən
ümidləri doğruldacaqlar. Hacıqabulda, Kürdəmirdə, Yev-
laxda, Gəncədə, Qazaxda cammat uşarların pişvazına çıxmış-
dı. Tiflisdəki dostlar sağ olsunlar, bizə Batumacan xüsusi
vaqon ayırdılar. Gəmiyə minməkdə də çətinliyimiz olmadı...”
“İnşallah, – Yusif Vəzir ərklə qonağının sözünü kəsdi, –
Abdulla bəy, yol gəlmisiniz, yemək buyurun, söhbətə vaxtı-
mız olacaq...”
...Yenicə qəhvə masasının arxasına keçmişdilər ki, Cahan-
gir bəy, ardınca Zeynal və Mirzə Qədir içəri girdilər. Sabahkı
işləri götür-qoy eləməliydilər. Belə qərara gəldilər ki, əvvəlcə
müttəfiq qoşunları komandanlığından icazənamə alsınlar da,
88
bilet tədarükündə olsunlar, sonra vaxta görə cavanları İstan-
bulla tanış eləsinlər, üstəlik, qəbul, ziyafət, söhbət qarışıq gö-
rüş də keçirsinlər.
“Şimaldan gözlənən təhlükə get-gedə artır, – bu məsələlərlə
bağlı müzakirələr bitəndən sonra Abdulla bəy qayğılı
görkəmlə dilləndi. – Bolşeviklər yönlərini cənuba çevirsələr,
çətin olacaq, ermənilər qüvvələrimizi daim Qarabağda, qərb
sərhədiniz boyunda saxlama məcburiyyətində qoyublar”.
“Açıq təcavüzə keçəcəklərinə inanmıram, – Cahangir bəy
nikbin görünürdü. – Paris konfransında de-fakto tanınandan
sonra özlərini müttəfiq qüvvələrə qarşı qoymazlar”.
“Osmanlının indiki vəziyyətindən, bizim Osmanlıya
meylimizdən istifadə eləyə bilərlər, – Zeynal bəysə o qədər də
nikbin deyildi. – Denikinin yönünü bu səmtə salmaq istədilər,
baş tutmadı, amma erməni-yəhudi-bolşeviklər Bakıda qızğın
fəaliyyətə keçiblər, hökumətsə susur...”
“Zeynal bəylə razıyam, – Yusif Vəzir rahat otura bilməyib
yerindən qalxdı. – Hökumətimiz bununla bağlı təxirəsalınmaz
tədbirlər görməlidi. Bolşevizmin ölkəmizə gəlməsinə heç
vaxt yol vermək olmaz. Bu milli fəlakətə səbəb olar...”
Mirzə Qədir adəti üzrə dinib-danışmadı, görkəmindən
deyilənlərə şərik olub-olmadığı bilinmirdi...
***
...Gələnlərin altı nəfəri – Məmməd Xələfbəyov, Əliyusif
Cəfərov, Əlimuxtar Həsənov, Məmmədhənəfi Zeynallı, Əli
Kərimov, Əlibəy Məmmədov İstanbulda qalıb oxuyacaqdılar,
onların yerləşdirilməsi məsələlərini də yoluna qoymalıydılar.
Bununla Zeynal bəy məşğul olacaqdı.
Cahangir bəy cavanların Parisə yola düşmələrilə bağlı
məsələləri Xariciyyə Nazirliyində və Müttəfiq Qüvvələri Ko-
mandanlığında razılaşdırmaq, lazımi sənədləri almaq üçün
xeyli əziyyət çəkdi. O günlərdə oxuyub-öyrənmək həvəsilə
dolu cavanlar şəhəri doya-doya gəzdilər, saraylara, camelerə,
89
abidələrə, Boğazın mənzərəsinə tamaşa elədilər, hətta
körpüdən Qalata səmtinə keçdilər. Yusif Vəzir arada vaxt ta-
pıb Mirabdulladan bacılarını xəbər aldı, Aslanı sorğu-suala
tutdu, istər-istəməz Mirhəsəni də yada saldılar. Mirhəsənin
bolşeviklərə qoşulması, uzaq Türkmənistanda əqidə yoldaş-
larıyla birgə güllələnməsi onda həmişə ikili hisslər oyadırdı:
təbiətcə insansevər olan oğlanın o dələduzların toruna necə
düşdüyündən hələ də baş aça bilmirdi.
Sözarası Mir Abdullaya İstanbulda qalmaq barədə eyham
vurdu. Oğlanın baxışlarında dərhal yalvarış qarışıq qətiyyət
peyda oldu.
“Yox, qardaşım, bilmirəm, burda qalmaq məndən ötrü
daha rahat olar, ən azı, sənin himayəndə olaram. Amma məni
Avropada oxumaq şansından məhrum eləmə. Parisdə oxu-
maq istəyirəm”.
“Yaxşı, amma söz ver ki, səhhətini unutmayacaqsan...” –
Yusif Vəzir onun gözlərinin içinə baxdı.
“Söz verirəm, – Mir Abdulla doluxsundu.
Yusif Vəzir qardaşını qucaqlayıb başını sinəsinə sıxdı:
“Bilirsən ki, Mir Əbülhəsənin qoxusunu da səndən alı-
ram. Yəqin, sən təhsilini başa vurub qayıdanda mən Bakıda
olacağam. İnşallah, qayıt, hər şey yoluna düşər. Bir çətinliyin
olsa, mütləq mənə yaz...” – Son sözləri deyəndə səsinə bir az
inam qatdı ki, onu daha da kövrəltməsin.
Bir axşam da şuşalı cavanları qəhvə içməyə dəvət elədi,
Şuşanı, doğmaları, tanışları yada saldılar, ortaq xatirələrini
bölüşdülər. Azı on yaş kiçik olan uşaqların belə böyüyüb
yetkinləşmələri onu təəccübləndirir, həm də kövrəldirdi.
Deməli, ömür sürətlə axıb gedir, görüləsi işlərsə hələ
ağlagəlməz dərəcədə çoxdu...
...Səfarətin yeganə iri salonunda cavanlarla keçən qəbul-
görüş duyğulu anlarla doluydu. Yer dar olduğundan bir-
birinə qısılıb oturmuşdular, Abdulla bəyin xeyir-duasını, Yu-
sif Vəzirin nəsihətlərini dinləyirdilər.
90
“Mən Kiyevə yola düşəndə Allahdan başqa köməyim yox
idi, – dedi, – bir nəfərdən ayda on beş manat təqaüd almış-
dım, onu da işləyəndə qaytarmalıydım. İndisə sizin arxanız-
da dövlətiniz durur, hökumətiniz durur, üstəlik, xeyirxah
adamlar kömək əli uzadıblar. Gərək sizə ümid bəsləyənlərin
etimadını doğruldasınız, məmləkətimizin gələcəyinə nur sa-
çasınız”.
...Cavanları limanda İtaliyaya yola düşən gəmiyə
mindirəndəsə hamısını bir-bir qucaqladı. Mir Abdullaya bir
də tapşırdı:
“Səhhətinə fikir ver, – dedi, sonra Aslanı bağrına basdı, –
Mirini sənə tapşırıram, qoyma səhlənkarlıq eləsin. Əlimərdan
bəyə və Ceyhun bəyə də salamlarımı yetirin”.
Sonra Abdulla bəy və səfarətin heyətilə dayanıb ağır-ağır
tərpənən, asta-asta uzaqlaşan gəmidən əl eləyən cavanlarla
vidalaşdılar.
***
Cəmi bir neçə həftədən sonra Zeynal bəy beş cavanla
kabinetinə girdi:
“Bu cavanlar təhsillərini İstanbulda davam etdirmək üçün
gəliblər”.
“Xoş gəlib, səfa gətiriblər, – sifətində məmnun ifadəylə
cavanların əlini sıxdı, – gözümüz üstə yerləri var”.
Bu sevincə gözlənilməz tanışlıq duyğusu da qarışdı.
“Cavan oğlan, deyəsən, mən sizi tanıyıram, – əlini əvvəlcə
sıxdığı cavanı zəndlə süzdü.
“Əhməd Cəfəroğlu, – cavan özünü təqdim elədi. – Sizi
Kiyevdən tanıyıram”.
Xatırladı: üç il əvvəl Kiyev Ali Ticarət Məktəbində oxuyan
gəncəli balası xeyli yetkinləşmişdi. O vaxt atasını itirəndən
sonra Səmərqənddəki qohumlarının yanında oxuduğunu,
sonra Gəncə gimnaziyasında təhsil aldığını danışmışdı. Rusi-
yadakı fevral çevrilişindən sonra onun Vətənə qayıtdığından-
sa xəbəyi yox idi.
91
“Sən hara, bura hara, cavan oğlan?” – Yusif Vəzir bu
təsadüfdən təəccüblənmişdi.
“Qayıdandan sonra Qafqaz İslam Ordusunda topçu alayı-
nın kiçik zabiti kimi xidmət elədim, sonra Darülfünunun
şərqşünaslıq fakültəsinə daxil oldum, indi də İstanbul Darül-
fünunda oxumaq, terkolojini öyrənmək arzusundayam”.
“Xoş gəldin, səfa gətirdin. İnşallah, arzuna qovuşarsan”.
Əhməd Cəfəroğlu yanındakı cavanı təqdim elədi:
“Əmin Əhmədov, bakılıdı, Gültəkin təxəllüsüylə şeirlər
yazır, məcmuələrdə dərc olunub. Darülmüəllimində oxumaq
istəyir”.
Sonra növbə o biri cavanlara çatdı: Məmmədzəki
Dursunzadə Tiflisdən, Sədi Hacı Həsən oğlu Ucardan, Ab-
dulla Tahirzadə Şəki tərəfdən gəlmişdi.
“Çox şadam, – Yusif Vəzir riqqətlə çavanları süzdü, –
sizlər millətimizin işıqlı gələcəyisiniz”.
...İstanbulda qalan altı nəfərin və yeni gələn beş cavanın
təhsil məsələsini yoluna qoyandan sonra bir qədər dinclik
tapdı. Amma nə qədər qənaət eləsə də, bu gəliş-gediş səfarətin
büdcəsinə təsir göstərmişdi. Abdulla bəyi yola salandan son-
ra oturub haqq-hesab apardılar: məvaciblər, zəruri xərclər
nəzərə alınsa, vəziyyət o qədər də xoşagələn deyildi.
“Fətəli xana məktub yazmağınız məsləhətdi, – Cahangir
bəy fikrini bildirdi, – hər halda çətinliyimiz barədə xəbəri
olar”.
“Hökumətin sıxıntılarını da nəzərə almalıyıq”, – Zeynal
bəy bir qədər ehtiyatla danışdı.
Daha Mirzə Qədirdən bu cür məsələlərdə mövqe
gözləmirdi.
“Bir qədər də gözləyək, Fətəli xan özünə gəlsin, yəqin,
indi Parisdən aldığı xoş xəbərlə əlaqədar işləri çoxdu.
...Həmin məktubu fevralın 18-də maddi vəziyyət böhran
həddinə yaxınlaşanda yazdı, həm də Bakıya qayıtmaq arzu-
sunu dilə gətirdi:
92
“Möhtərəm əfəndim!
Dostları ilə paylaş: |