Neriman Qurban indd


XIV FƏSİL PARİS KƏDƏRİ  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə49/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   45   46   47   48   49   50   51   52   ...   175
XIV FƏSİL

PARİS KƏDƏRİ

 Yusif Vəzir

 Paris, Klişi

 Fevral 1923-iyun 1924-cü illər

 ...O soyuq, amma qarsız qış günündə qatardan düşəndə 

paltosunun boyunluğunu qaldırmalı, şlyapasını başına bərk-

bərk  basmalı  oldu.  Yaxşı  ki,  İstanbulda  çəkməsini  pinəçidə 

abıra saldırmışdı, yoxsa indi, yəqin, gecə yağmış yağışınmı, 

sulu  qarınmı  yaratdığı  gölməçələrdən  keçə  bilməzdi. 

Yükçülər, faytonçular xidmət lazım olub-olmadığını soruşur-

dular, qonaqsa onlara fikir vermədən vağzalın çıxışına doğru 

gedirdi; fransız dilini bilir, onsuz da kədərli vəziyyətdə olan 

büdcəsindən minik pulu verməkdənsə, tramvayla, lap piyada 

belə gedər: Mirini görənə qədər özünü bir az toxtatmalı, bun-

dan sonra Parisdə neyləyəcəyini götür-qoy eləməlidi. İstan-

buldan Parisəcən uzun yolu bu barədə fikirləşsə də, axırını 

hələ bir tərəfə çıxara bilməmişdi.

 Nədənsə Paris ona çox kədərli göründü. Bu qış kədəriydimi, 

hey  bura  yığışan  ümidsiz  adamların  qüssəsiydimi,  yoxsa 




216

özüylə  İstanbuldan  gətirdiyi  kədəriydimi,  şəhərin  havasına 

qarışıb, sanki əllə tutulası olmuşdu. Rastına çıxan adamlar da 

fikirli, qayğılı, qüssəliydilər, elə bil, nəyinsə xiffətini çəkirdilər.

 Mir Abdulla Sena yaxınlığında, Yeddinci dairədəki, Sən-

Jerman və Ramsey bulvarları arasındakı Sən-Gillam küçəsinin 

başlanğıncında,  oxuduğu  Siyasi  Tədqiqatlar  İnstitutundan 

bir neçə tin aralıda kirayə tutmuşdu. Bu tərəf Latın məhəlləsi 

adlanırdı, Paris de Notrdam kilsəsinə, Panteona, Senatın bi-

nalarınacan bir neçə dəqiqəlik piyada yol vardı. Tramvaydan 

düşüb bir qocanın göstərdiyi səmtə getdi, axır ki, axtardığı 

ünvanı tapdı.

 Mir Abdulla tək deyildi, Paris universitetində hüququ öy-

rənən Mustafa ağa Vəkilov da yanındaydı. Heyrətdən çaşmış 

qardaşını  bağrına  basan  vaxt  duydu  ki,  Miri  təsəvvür 

elədiyindən  gümrahdı,  amma  sinəsindən  aralayıb  üzünə 

baxanda görmədiyi bu üç ildə sındığını, gözlərindəki kədərin 

artıb-çoxaldığını sezdi. Sonra Mustafa ağayla görüşdü.

 “Sənin bu nagəhan gəlişin məni qorxuya saldı”, – Mir Ab-

dulla diqqətlə qardaşını süzdü.

 “Narahat olma, – Yusif Vəzir gülümsədi, həqiqəti tam yox, 

yarımçıq  deməyi  qərara  aldı.  –  Sənin  səhhətindən  nigaran 

qaldım. Gəldim ki, hər şeyi öz gözlərimlə görüb əmin olum”.

 “İndi bir az babatam, – Mir Abdulla qardaşının paltosunu, 

şlyapasını  alıb  asılqana  keçirə-keçirə  dilləndi.  –  Hər  halda, 

ağırlaşma hiss olunmur”. 

 “Dünən həkim çağırmışdıq, – Mustafa ağa ona hörmətlə 

baxa-baxa  dilləndi.  –  Həkim  ciddi  bir  şey  olmadığını  dedi, 

əlbəttə,  bir  də  daha  yaxşı  şəraitdə  yaşamağı,  daha  yaxşı 

yeməyi, dincəlməyi tapşırdı”.

 “Bəhram bəyin səfərindən bir nəticə çıxmadı, deyəsən, – 

Yusif Vəzir köksünü ötürüb stula çökdü. – Əlbəttə, Nərimanov 

Moskvaya  aparılandan  sonra  bu  məsələnin  kiminsə  yadına 

düşəcəyinə inanmıram. Bəs Əlimərdan bəy bununla bağlı bir 

iş görmür? 



217

 “Əlimərdan bəy neyləyə bilər axı, – yenə Mustafa ağa ca-

vab  verdi.  –  Biz  gələndən  elə  onun  hesabına  dözürük. 

Eşitdiyimə  görə,  indi  səfarət  binasının  kirayə  haqqını  ödə-

məyə belə imkanı yoxdu, Gürcüstan nümayəndəliyindən al-

dığı borc da tükənib. Abbas Atamalıbəyovu gördüm dünən, o 

söylədi”.

 “Bunları sonra danışarsınız, – Miri gümrah görünməyə ça-

lışa-çalışa gülümsədi. – De görüm, bacımgil necədilər?”

 “Payızda məktub göndərmişdilər, yaxşıdılar, sənə də çox-

lu-çoxlu salamları var. Yazdım ki, Miri dərsini bitirib, inşal-

lah, qayıdacaq, görüşəcəksiniz”.

 Sonra Xeyriyyə xanımın zor-güc verdiyi bağlamanı açdır-

dı,  şirniyyatları  ortalığa  qoydurdu.  Mustafa  ağa  dərhal  əl-

ayağa düşdü:

 “Mən yaxşı türk qəhvəsi dəmləməyi öyrənmişəm. İndi öz 

məharətimi göstərərəm...”

 “Bəs iş məsələsi necə olacaq?” – Yusif Vəzir bir qədər ra-

hatlanmış halda qardaşından soruşdu.

 “Son vaxtlar elanlara baxırdım, – Mir Abdulla cavab verdi. 

– Dünən bir bankda boş olan məmur yeri məni maraqlandır-

dı.  Gedib  söhbət  də  elədim,  çalışmağıma  heç  bir  maneə 

yoxdu. Sabahdan işə başlaya bilərəm”.

 Deməli, Mir Abdulla taleyilə çoxdan barışıb, qərarını veri-

bmiş, dərhal işə başlamaq, həyatını təmin eləmək, qardaşının 

yükünü azaltmaq istəyir. Hönkürməkdən özünü güclə saxla-

dı. Amma gülümsəməyə, onu ruhlandırmağa məcbur idi:

 “Hələ bir neçə ay dincəl, Miri, hara tələsirsən, özünə gəl, 

ya o iş yerindən bir neçə həftəliyə möhlət al. Qərara gəlmisənsə, 

xeyirli olsun”, – əlini qardaşının kürəyinə vurdu. 

 ...Bütün söz-söhbətlərdən sonra Yusif Vəzir üzünü etiraz 

bildirməyən tərzdə onlara tutdu:

 “Mənə münasib bir otel, ya müsafirxana tapın, sizə mane 

olmaq istəmirəm, həm də müəyyən şeylər yazmalıyam. Təbii 

ki, tez-tez görüşəcəyik”.



218

***


 ...Yola düşəndə qardaşına aldığı isti alt paltarını, köynək-

lərindən birini, üstəlik, cibxərcliyi verdi, təkidlərinə baxma-

yaraq, elə həmin gün bir qədər uzaq da olsa, münasib oteldə 

otaq kirayələdi, çarpayısına uzanıb bundan sonra bu soyuq 

və yad şəhərdə neyləyəcəyini götür-qoy eləməyə başladı. 

 Əlbəttə, güman yeri təkcə Ceyhun bəy idi: Şuşada birgə 

böyümüşdülər, qardaşları Zülfüqarı da, Üzeyiri də, hətta ba-

cıları Sayadi və Abuhəyatı da tanıyırdı, Çölqala məhəlləsin-

dəki  evlərinə  o  qədər  gedib-gəlmişdi  ki...  Realnı  məktəbdə 

oxuyanda tez-tez görüşürdülər. Ceyhun Peterburqa getdi, bir 

il oxuyandan sonra Parisə gəldi, altı il bu şəhərdə yaşadı, Sor-

bonn universitetində hüququ öyrəndi, Ali Politexnik Elmlər 

Məktəbində də  oхudu.  Kiyevdə  nəşriyyat  açdıqları  vaxt 

əllərindən tutmuş, “Hacı Kərim” kitabının satışından aldığı 

qonorarı  onlara  göndərmişdi  ki,  mətbəə  qurmağa  sərf 

eləsinlər.

 Axırıncı dəfə neçə illər əvvəl Peterburqa oxumağa gedəndə 

görüşmüşdülər. O Bakıya qayıdanda Yusif Vəzir Kiyevdəydi, 

sonra da Krımda ilişib qaldı, nəhayət, Vətənə çatandasa, Cey-

hun bəy yenə Parisdəydi. Sonralar Bəhram bəy danışmışdı ki, 

zövcəsi Zöhrə xanım iki yaşlı oğlu Ceyhunu götürüb Parisə 

yola düşüb, orda da daha bir oğlu dünyaya gəlib. 

 Yəqin, Ceyhun bəy ona bir çıxış yolu göstərər. Amma bir 

neçə gün dincəlib özünə gəlməlidi...

 ...Ceyhun bəyin Sən-Klü rayonundakı mənzilini onun ata 

tərəfdən qohumu olan Teymur bəy Aslanovun köməyilə tap-

dı. Günortadan sonra çıxmışdı ki, vaxtsız gedib ev sahiblərini 

çətin vəziyyətdə qoymasın. Nəhayət ki, görüşüb-qucaqlaşıb 

mənzilin həm Ceyhun bəyin iş otağı, həm də qonaq otağı olan 

kiçik salonunda əyləşmişdilər.

 “Deməli, sən də Vətəndən cüda düşməli oldun... – Ceyhun 

bəy təəssüflə başını buladı. – İyirmi üç aylıq istiqlalımız üçün 

nə qədər qurbanlar verməli olduq!”



219

  “İndi  bundan  sonra  mən  necə  yaşayacağım  barədə 

düşünməliyəm”, – Yusif Vəzir gəlişinin əsas məqsədinə işarə 

vurdu.


 “Əlbəttə, hüquq sahəsində, ya vəkil işləyə bilməzsən, bun-

dan ötrü xüsusi icazə tələb olunur. Vətəndaşlığı, yaxud yaşa-

maq izni olmayanların işi bir qədər çətindi, ancaq təsadüfi, ya 

da qismətinə çıxan işlərə ümid eləyə bilər”.

 Araya naqolay sükut çökdü. Az sonra sükutu qucağında 

və yanında iki oğlan uşağı yan otaqdan çıxan Zöhrə xanım 

pozdu.  “Xoş  gəldiniz”  deyib  balacanı  Ceyhun  bəyə  verdi, 

yəqin tədarük üçün mətbəxə getdi. Yusif Vəzir əvvəlcə balaca 

Ceyhunun yanaqlarından öpdü, onu Bakıda görmüşdü, son-

ra körpəni oxşadı:

 “Bu da Timuçindi, – Ceyhun bəy gülümsədi, – hələ bir yaşı 

tamam olmayıb”.

  İçindən  qibtəyəoxşar  hiss  keçdi:  əlbəttə,  layiq  olduğu 

məqamda deyil, amma ailəsi var, iki oğlu, çətinliklə də olsa, 

güzəranpulu  çıxarmağa  yeri  var,  yazır,  tərcümə  eləyir. 

Xoşbəxtlik daha necə olmalıdı ki? Düzdü, üz-gözündən Vətən 

həsrəti tökülür, amma Üzeyir bəy kimi qardaşı var, istəsə, qa-

yıtması üçün bir çarə fikirləşər.

 “Üzeyir bəy məktub yazırmı?” – Daha çox onu qəfil yaxa-

layan hissdən canını qurtarmaq üçün dilləndi.

  “Yazır,  –  Ceyhun  bəyin  üz-gözü  kölgələndi.  –  Kömək 

eləməyə də çalışır. Amma bilirsən, orda xaricə pul göndərmək 

növbəylədi, həm də məhdudiyyət var. Özü də gəlmək arzu-

sundadı, yuxarılara da müraciət eləyib. Yazıb, Paris səfəri o 

qədər pul istəyir ki, evimin bütün əşyalarını da satsam, yenə 

öhdəsindən gəlməz. Sənin təkidindən sonra “Arşın mal alan”ı 

fransız dilinə çevirdim axı, indi tamaşaya qoyulmaq üçün ha-

zırlıq gedir. Üzeyir deyir, “Arşın mal alan”ı tamaşaya qoyan 

teatr yolxərcini ödəsə, gələrəm. Teatrınsa bu xərci ödəməyə 

imkanı yoxdu”.

  Xəbərin  Ceyhun  bəyə  də  çatması,  dərhal  operettanın 

tərcüməsinə başlaması onu sevindirdi:




220

 “Arşın mal alan”ın Parisdə tamaşaya qoyulması çox vacib-

di, – Yusif Vəzir razılıqla dilləndi. – Eşitdim, o vaxt Üzeyir 

bəy  məsələni  Nəsib  bəyə  söyləyib,  o  da  cavab  verib  ki,  bu 

ermənilərin  Zəngəzur  iddiasından  daha  betərdi.  Tamaşaya 

qoyulsa, yalanları ortaya çıxacaq”.

 Zöhrə xanım süfrəni rahlayıb uşaqları apardı. Yusif Vəzir 

qəhvə fincanını götürəndə dilləndi:

 “Bəs bu binəva cavanların vəziyyəti necə olacaq, Ceyhun 

bəy?”


 “Bəhram bəy çox çalışır. Öz əlilə hökumət fondundan iki 

yüz almaz seçib göndərmişdi, amma heç tələbələrin borcunu 

ödəməyə  yetmədi.  Nərimanovun  Moskvaya  aparılması  hər 

şeyi alt-üst elədi. Mən də nə imkanım var, əsirgəmirəm. Əjdər 

bəy Axundova bir qədər vəsait göndərdim, bir varlının evində 

qulluqçuluq  eləyir,  vəziyyəti  çox  ağırdı.  Perucada  heykəl-

təraşlıq oxuyan Zeynal Əliyev borc pul istəyib, Romada fərdi 

sərgisini açmaq istəyir, hələ ki, göndərməyə imkanım yoxdu. 

Bəhram bəydən bu yaxınlarda məktub almışam, yazır ki, sa-

bah nə olacağını bilmirəm, məchulluqla üz-üzə dayanmışıq, 

mən onları unutmuram, təki oxusunlar, bizim onlara ehtiya-

cımız var”. 

 “Ehtiyacı olan yardım eləməyin yolunu da tapar”, – dedi, 

amma hiss elədi ki, qənaətində bir qədər haqsız oldu.

 “Hər şey ondan asılı deyil, hökumətdə, yəqin, bu cavanla-

rın ölkəyə qayıtmasını istəməyənlər də var”.

 Ceyhun bəyin və Zöhrə xanımın təkidilə axşam yeməyinə 

qalmalı  oldu.  Süfrə  arxasında  daha  çox  Şuşadan,  Bakıdan, 

Konstantinopoldan, doğma adamlardan danışdılar. Ceyhun 

bəy  “Azərbaycan  ədəbiyyatına  bir  nəzər”  əsəri  çap  olunan 

jurnalın iki nüsxəsini verib onu sevindirdi, özünün də imkan 

tapdıqca Qarabağ folklorundan yadında qalanları kağıza kö-

çürdüyünü, nə vaxtsa araşdırma yazmaq fikrində olduğunu 

söylədi. Nəhayət, ev sahibəsilə vidalaşıb gecənin şaxtalı qoy-

nuna çıxanda qəfildən ayaq saxlayıb soruşdu:



221

 “Vətənə qayıtmaq barədə heç düşünmürsənmi?

 Küçə fənərinin işığında Ceyhun bəyin gözlərinin ifadəsini 

hiss eləmədi, amma səsindəki həsrəti açıq-aşkar duydu.

 “Getmək istəyirəm. Amma nə qədər həbslər, qətllər oldu-

ğunu  bilirsən.  Səncə,  yeni  hökumət  bolşeviklər  barədə  bu 

qədər sərt sözlər yazmış kəsi əfv eləyərmi?”

 Araya sükut çökdü. Nəhayət, Yusif Vəzir başını bulayıb, 

elə bil, öz-özünə dilləndi:

 “Yox. Heç məni də əfv eləməz...”

  Yenə  dinməzcə  addımladılar.  Böyük  prospektə  çatanda 

Ceyhun bəy ayaq saxladı:

 “Səni gördüyümə sevindim. Əlaqəni kəsmə, yəqin bir qapı 

açılar. Mən də fikirləşərəm, görüm neyləmək olar”.

 Aralananda yadına düşdü ki, Əlimərdan bəyi soruşmadı. 

Əlbəttə, gərək soruşaydı, ona baş çəkmək imkanı olub-olma-

dığıyla maraqlanaydı.

 Əlimərdan bəy barədə Mustafa ağa və Teymur bəy bəzi 

şeylər danışmışdılar. Teymur bəy onun oğlu Rəşid bəylə gim-

naziyada birgə oxumuşdu, evlərinə gedib-gəlirdi, hər şeydən 

xəbəri vardı: səhhəti pozulubmuş, başağrılarından, ürək ça-

tışmazlığından  şikayətlənirmiş,  üstəlik,  qaraciyərində  də 

nəsə  varmış,  barmaqlarında  yel  xəstəliyi  peyda  olubmuş; 

keçən  yay  ağır  cərrahiyyə  əməliyyatı  keçirib,  xeyli  müddət 

yataqdan  qalxa  bilməyib.  İndi  də  Lozanna  konfransından 

təzəcə qayıdıb, Sosiologiya Cəmiyyətində konfrans keçirməyə 

hazırlaşır. Bu da azmış kimi, üç oğlunu, iki qızını himayəsində 

saxlayır, qızı Sara əri Ələşrəf bəy Sultanov və iki uşağıyla ona 

sığınıb. Mənzil kirayəsini verə bilmədiyindən şəhərin ucqar 

rayonlarından birinə – Sən-Klüyə köçməli olub...

 Belə çıxırdı ki, qayğıları başından aşan Əlimərdan bəyi öz 

dərdilə məşğul eləmək, ən azı, insafsızlıqdı...

 



222

***


 ...Ceyhun bəyin vəd elədiyi o qapısa açılmaq bilmirdi... 

 Həftədə bir neçə dəfə qardaşına baş çəkir, bankdakı işinə 

başlayan  Mirinin  necə  sıxıntı  içində  olduğunu  görür, 

kədərdən ürəyi parçalanırdı. Mustafa ağa olmasaydı, yəqin, 

çox  çətinlik  çəkərdi:  o,  avtomobil  zavodunda  işə  girmişdi, 

dərs  vaxtından  sonra  konveyerdən  çıxan  maşınları  yuyur, 

güzəran  xərclərini  təmin  eləyirdi.  Arada  vaxtilə  parlament 

üzvü olmuş atası Məmməd ağa əlinə düşəni göndərir, o da 

imkansız dostlarına əl tuturdu. 

 Aradabir Mirinin yanında Teymur bəy Aslanovu, Abbas 

Atamalıbəyovu, Abbas bəy Muradovu, Balaca Rzayevi, Bay-

ram Hacıyevi, Əjdər bəy Axundovu, Mirzə Mənsur Umudo-

vu, Məmmədrəşid Bosnalızadəni, Zeynalbəy Dakirovu... gö-

rürdü. Cavanlar əllərinə keçəni bölüşür, bir-birinə yardım əli 

uzadır, vəziyyətdən çıxmağa çalışırdılar. Bir neçə həftə sonra 

Teymur  bəy  qəfildən  Almaniyaya  çıxıb  getdi  –  Kotbusda 

Prussiya Ali Toxuculuq Məktəbində oxuyacaqdı...

  O  günlərin  birində  Mustafa  ağa  Məmməd  Əmin  bəyin 

Parisə  gəldiyini  xəbər  verdi.  Müsavat  Partiyası  Mərkəzi 

Komitəsi plan qurub, onu qaçırmaq üçün Dadaş Həsənov və 

Rəhim  bəy  Vəkilovu  Moskvaya  göndəribmiş.  Danışdığına 

görə, Stalinlə Moskvaya gedəndən sonra özünü elə göstərib 

ki, guya orda qalmaq, mədəniyyət sahəsində olsa da, işləmək 

qərarına gəlib. Bu məqsədlə “Vostok” (“Şərq”) məcmuəsində 

nəşr  etdirmək  üçün  Sasanilər  dövrü,  Məzdəkilər  hərəkatı 

haqqında məqalə qələmə alıb.  Həmin elmi məqaləylə birgə 

həm  də  Azərbaycan  tarixinin  tədqiqilə  məşğul  olduğunu 

bəhanə gətirib, yayda məzuniyyət götürüb, Elmlər Akademi-

yasının,  Şərq  Dilləri  İnstitutunun  kitabxanasında  işləmək 

üçün Leninqrada gedib. Qabaqcadan danışdıqları kimi, tatar 

dostu Musa Cərullah Begiyev onu Fin körfəzinin kənarındakı 

tatar evinə gətirib. Yağışlı gecədə qayıqçılar dənizə çıxıb onu 

Finlandiyaya  keçiriblər.  Feriokidəki  karantində  on  beş  gün 



223

qalandan sonra Helsinkiyə, Helsinkidə bir aya qədər tatar ko-

loniyasının  qonağı  olandan  sonra Almaniyaya,  nəhayət,  or-

dan Parisə gəlib.

 Yusif Vəzir bunu eşidəndə həyəcanlandı: hələ də mən sub 

olduğu firqənin rəhbərilə görüş fürsətini əldən burax maq ol-

mazdı,  bəlkə  elə  bu  görüş  gələcək  taleyini  müəyyən  eləyə-

cəkdi.


 Məmməd Əmin bəy onu təmkinlə qarşıladı, elə bil, görüş-

lərindən  məmnun  deyildi.  Görünür,  səfarət  məsələ sindən 

xəbəri vardı, Xəlil bəy olub-keçənləri ondan əvvəl çatdırmış-

dı.  Sovet  əsarətindən  qurtulmasıyla  bağlı  təbrikinə  də  bir 

qədər rəsmi tərzdə təşəkkür elədi. Əvvəlcə Vətənin halından, 

mühacirətdəkilərin  və  tələbələrin  vəziyyətindən  danışdılar. 

Görünür, Məmməd Əmin bəy Berlində Hilal Münşizadəylə 

görüşmüşdü, hər şeydən xəbəri vardı. Sonra istər-istəməz İs-

tanbuldakı səfarət ətrafında baş verənlərin üzərinə gəldilər. 

Yusif Vəzir Xəlil bəy Xasməmmədovun hərəkətlərindən na-

razılığını dilə gətirdi:

 “Xəlil bəy hökumət üzvü kimi bizə lazımi yardım eləmədi”.

 “Fikrimcə, Xəlil bəyə qarşı düşüncənizdə haqlı deyilsiniz, 

– Məmməd Əmin bəy nəzakətlə dilləndi. – Unutmayın ki, o 

firqəmizin rüknüdü”.

 Nəzərdə tutmadığı sözlər ağzından qəfil çıxdı:

  “Belə  olan  halda,  mən  rüknü  Xəlil  bəy  Xasməmmədov 

olan firqədə qalmaq istəmirəm”.

 Məmməd Əmin bəy təəssüflə onu süzüb, elə bil, söhbətə 

xitam verdi:

  “Qərar  verməkdə  sərbəstsiniz.  Sıralarımız  seyrəlsə  də, 

mücadiləmiz davam eləyəcək”.

 Oteldən ağır duyğularla çıxdı. Dərk elədi ki, bu görüşlə 

siyasi həyatına birdəfəlik son qoyuldu.

 Bir neçə gündən sonrasa Məmməd Əmin bəyin İstanbula 

yola düşdüyünü eşitdi... 




224

***


 ...Qış çıxdı, mart gəldi. Novruz bayramını bir neçə şam, 

tədarük elədikləri şirniyyatla keçirdilər. Yaz ürəyindəki ümi-

di də cücərdirdi: ola bilməzdi ki, bir çıxış yolu tapılmasın.

 Həmin günlərdə Aslan bəy də Nansidən gəldi. Orda geo-

logiyanı  öyrənirdi,  əyalətdə  yaşamağın  nisbətən  asan  oldu-

ğundan  danışsa  da,  çəkdiyi  sıxıntı  üz-gözündən  bəlliydi, 

tezliklə  Vətənə  qayıtmaq  istəyirdi.  Qohum  kimi  Aslan  bəy 

istiqanlıydı, elə Odessadan qayıdan vaxt bir neçə dəfə evlərinə 

qonaq  aparmışdı.  Vaxtilə  titulyar  müşavir  olmuş,  Gəncədə, 

Qarsda, Şuşada, Cəbrayılda, Nuxada işləmiş, sonra sağlamlı-

ğı ucbatından istefaya çıxmış atası Zeynalabdin bəy onda par-

lament üzvüydü. Zeynalabdin bəyin zövcəsi Dürnisə xanım 

da əmisi Haşım bəyin qızıydı, Aslanın qardaş-bacılarını – Al-

lahyarı, Həmidi, Rənanı, Leylanı yaxşı tanıyırdı. İndi ona bu 

istəyinin necə risklə bağlı olduğunu demədi, hələ vaxt vardı, 

bəlkə də özü bəzi həqiqətləri dərk eləyəcəkdi.

 Əvvəlcə Mirinin təklifilə fransız dili kursunda oxudu. Re-

alnı məktəbdə əsaslarını öyrəndiyindən, mənimsəməkdə bir 

o  qədər  də  çətinliyi  olmadı.  Hüquqla  məşğul  ola  bilməzdi, 

xüsusi  icazənaməsi  yox  idi;  yazı-pozu  işlərinə  girişmək  tez 

idi, hələ fransız dilinin incəliklərini yetərincə bilmirdi. 

 Mirinin dediyinə görə, indi ən çox tələb olunan peşə sürü-

cülük idi, Parisdə avtomobillərin sayı sürətlə artırdı. Texniki 

sahəyə meyil göstərməsə də, məcbur qalıb sürücülük kursu-

na  yazıldı.  Amma  fərasətsiz  müdavim  olduğu  elə  ilk 

günlərdən özünü büruzə verdi: hər şeyi gözəl dərk eləyir, sü-

kan arxasında oturandasa özünü itirirdi. Nəticədə avtomobili 

iki dəfə qəzaya uğradandan sonra bu xəyalından əl çəkməli 

oldu. 

 Çıxılmazlıq girdabının get-gedə dərinləşdiyini duya-duya 



əzablarını yazı-pozuyla ovutmağa çalışırdı.

 Realnı məktəbdən müstəqilliyin son günlərinəcən uzanan, 

Gəncə üsyanıyla başa çatan romanını İstanbulda bitirmişdi, 



225

indi Asiyayla bağlı duyğularını kağıza köçürürdü: Qafqazda 

doğulmuş  sarışın-qızılı  saçlı  Asiya  Qızılbuynuzda  peyda 

olur, böyüyür, fərqli mədəniyyətlərin təmas nöqtəsində yaşa-

yırdı. 

 Yazmaqdan yorulanda özünü bayıra atır, küçələri dolaşır, 

Yelisey  çölünəcən  gedib  çıxır,  yazın  coşqunluğunu  gətirən 

çaya baxır, bir qədər təskinlik tapırdı.

 Yaşamaq imkanlarının get-gedə tükəndiyi, otelin, Mirinin 

yaşadığı mənzilin kirayə pulunu ödəmək üçün çıxış yolu ax-

tardığı,  gec-gec  görüşməyə  çalışdığı  Ceyhun  bəyin  əlinə 

keçəndən  ərklə  verdiyi  pula  görə  ağlagəlməz  əzab  çəkdiyi 

günlərin birində, deyəsən, vəd olunan qapı aralandı: Mirinin 

məsləhətilə üz tutduğu əmək birjasında ona Klişidəki loko-

motiv  deposunda  iş  təklif  elədilər.  Başqa  çıxış  yolu  olmasa 

da, fikirləşmək üçün vaxt istədi. 

 Elə o axşam da Allahın təsadüfü onu otaq qonşusuna rast 

gətirdi.  Münhenli  Hans  Günter,  görünür,  portyedən  bakılı 

müsafir olduğunu öyrənib qapısını döymüşdü. Məlum oldu 

ki,  mühəndisdi,  müharibə  vaxtı  topçu  alayında  olub, 

döyüşlərin birində ruslara əsir düşüb, Bakıda, Nargin adasın-

dakı  həbs  düşərgəsinin  əzablarını  yaşayıb,  yerli  camaatın 

mərhəməti  sayəsində  sağ  qalıb,  Milli  Hökumət  qurulanda 

azad olunub, bir müddət Münhendə çalışandan sonra fransız 

xanımla  evlənib,  indi  dəvətlə  şəhər  ətrafında  –  Klişi-lö-

Qarrendəki lokomotiv deposunda işləməyə gedir. Sonra ay-

dın ləhcəylə, azacıq səhvlərlə türkcəyə keçdi:

 “Bakıda gördüyüm şəfqəti heç vaxt unutmaram. İstədim 

hörmətimi bildirim”.

 Şübhəsiz, rastlaşdığı bu təsadüfdən heyrətlənmişdi; amma 

gözlənilməz qonağa yer göstərdi, qəhvə sifariş elədi, beləcə, 

söhbətləri xeyli uzandı. Təxminən yaşıd olardılar, Hans fran-

sızca gözəl bilirdi, yeni tanışının almanca babat danışmasın-

dan xoşlanr, bununla belə, aradabir türkcəyə keçmək ona xü-

susi  ləzzət  verirdi.  Həmsöhbətinin  universitet  bitirdiyini, 



226

səfir  kimi  çalışdığını,  yazıçı  olduğunu,  indi  mühacir  həyatı 

yaşadığını, çıxılmaz vəziyyətə düşdüyünü, lokomotiv depo-

sunda iş təklifi aldığını öyrənəndə xeyli təsirləndi.

 “Bir təsadüfə baxın, məni də lokomotiv deposuna mexanik 

dəvət eləyiblər. Səhər Klişiyə yola düşürəm, – Hans heyrətlə 

dilləndi. – Süzan artıq orda məni gözləyir. Ünvanımı qoyu-

ram,  düşünüb-daşının,  məncə,  Klişiyə  gəlsəniz,  hər  halda, 

yaxşı olar”.

  Əlbəttə,  lokomotiv  deposunda  neyləyəcəyini  bilmirdi, 

amma boğulan saman çöpündən yapışar, başqa bir qapı açıl-

masa, Klişiyə gedər – yaşamaq üçün qara fəhləliyə də əl at-

maq olar...

  Səhəri  gün  qərarını  Mir  Abdullaya  söylədi.  Qardaşının 

qaş-qabağı tutulsa da, bunun müvəqqəti olduğunu, yaşamaq 

izni olandan sonra vəkillik eləmək üçün lazımi yerlərə üz tu-

tacağını deyib ürək-dirək verdi. Düzdü, Mirinin kefi açılma-

dısa, başqa çıxış yolu göstərə bilmədiyini də dərk eləyib sus-

maq məcburiyyətində qaldı.

 Qərarı Ceyhun bəyə daha ağır təsir elədi: ali təhsilli hüquq-

şünas,  yazıçı,  Cümhuriyyət  səfiri  lokomotiv  deposunda 

işləyəcəkdi!

 Neynəmək olardı? Bir neçə gün əvvəl İbrahim Əbilovun 

ölüm xəbərini eşitmişdi: deyilənə görə, Mustafa Kamal Paşa-

nın  dəvətilə  İzmirə,  iqtisadi  konqresə  gedibmiş,  orda 

xəstələnib, bir neçə gündən sonrasa dünyadan köçünü sürüb. 

 “Həyat belədi, – bunu xatırlayıb kədərlə gülümsündü, – 

neçə deyərlər, kimi vəlvələdən, kimi zəlzələdən...”

 “Sənə kömək eləyə bilməməyimin əzabını çəkirəm, – Cey-

hun  bəy  əlacsız  halda  əllərini  ovxaladı.  –  Əlbəttə,  ağlamaq 

istəmirəm, güzəran xərcimizi çıxarıram, amma xərcləri azalt-

maq üçün daha kiçik mənzilə köçmək məcburiyyətindəyəm. 

Üzeyir yazıb ki, pul göndərmək imkanım yarananacan borc 

tap. Kimdən borc alasan? Əlimərdan bəy belə indi məndən 

yaxşı vəziyyətdə deyil”.



227

  Evdə  sıxılacağını  duyub  Ceyhun  bəyi  gəzməyə  dəvət 

eləmişdi. Yazın özünü qoxusu, tumurcuğu, yarpağıyla bildir-

diyi məqamda onları bürüyən qüssə açıqca duyulurdu.

  “Mir  Abdullayla  mən  maraqlanaram,  –  Ceyhun  bəy, 

nəhayət,  razılıq  əlaməti  duyulan  tərzdə  dilləndi.  –  İmkan 

olanda gələrsən, Klişi o qədər də uzaq yer deyil”.

 Sonra uzun-uzadı susdular...

***

  ...Klişi  doğrudan  da  uzaq  deyildi,  O-dö-Sən  departa-



mentində, Luvrun təxminən yeddi kilometrliyində yerləşən 

fəhlə qəsəbəsiydi. Vaxtilə, Merovinqlər dövründə Kral Doqo-

bertin  iqamətgahı  olmuşdu,  indisə  get-gedə  sənaye  şəhər-

ciyinə çevrilirdi. Bunu iki gün əvvəl Hansdan eşitmişdi. Onun 

dediyinə görə, Klişidə avtomobil zavodu da tikilir, Andre Sit-

roen Avropanın Henri Forduna çevrilməyə can atır, artıq La-

vanda, Sən-Şarledə zavodlar açıb. Belə çıxırdı ki, orda iş im-

kanları var, həm də kifayət qədərdi. Əlbəttə, lokomotiv, avto-

mobil, mühərrik-filan onluq deyildi, otuz altı illik ömründə 

oxuyub-yazmaqdan  ayrı  iş  tanımamışdı,  amma,  şübhəsiz, 

başqalarına möhtac olmaqdansa, əlinin zəhmətilə çörək pulu 

qazanar.


  Klişi  ona  ümidlərinin  son  sığınacağı  kimi  təsir  göstərdi. 

Hər tərəfdə tikinti gedirdi, birmərtəbəli evlər, fəhlə barakları 

bir-birinə  söykənmişdi.  Az-çox  səliqəyə  salınmış  küçələri, 

palçıqlı  yolları  vardı.  Rastlaşdığı  adamlar  sadə  geyimli, 

kədərli, qayğılıydılar, görkəmindən, ən azı, lissey müəlliminə 

oxşayan əliçamadanlı yad adama maraqla baxırdılar. Hansın 

verdiyi  ünvanı  axtara-axtara  xeyli  getməli,  küçələrdə, 

döngələrdən burulmalı oldu. Axır ki, deponu tapdı.

 Hans Günter onu yaxşı ovqatla qarşıladı: lokomotiv depo-

sunda mexanik vəzifəsi almış, ikiotaqlı mənzildə yerləşmişdi; 

üstəlik,  yeni  tanışının  gəlmək  ehtimalını  nəzərə  alıb  ondan 

ötrü iş imkanlarını araşdırmışdı.




228

  “Mənə  bir  köməkçi  verməlidilər.  Əlbəttə,  köməkçidən 

müəyyən texniki bilik tələb olunur, amma çalışaram, sizi işə 

götürsünlər,  öyrənərsiniz,  mən  kömək  eləyərəm.  Əvvəlcə 

dincəlmək  lazımdı.  Bir  saata  işimi  qurtarıram,  sonra  baş 

mexanikin yanına gedərik. Ümidvaram, imtina eləməz”.

  Dar  budkada  keçirdiyi  intizarlı  bir  saatdan  sonra  baş 

mexanikin şübhəli-tərəddüdlü baxışları altında məsələni aç-

dılar.  Qaraqabaq  adam  dediklərinə  könülsüz  qulaq  asırdı, 

amma bacarıqlı alman mexanik ona hava-su kimi lazım idi, 

nə  vaxt  idi  ki,  depoda  iş  irəli  getmirdi.  Nəhayət,  irəlicədən 

bütün məsuliyyəti Hans Günterin boynuna qoyub razılaşdı, 

həm də təzə tikilmiş baraklarda otaqla təmin olunması barədə 

təliqə də yazdı. 

 Cəmi bir saatdan sonra çamadanını biradamlıq, içində çar-

payıdan və masa-stuldan başqa bir şey olmayan otaqcığa qo-

yub  Günterin  təkidilə  Süzanın  hazırladığı  axşam  yeməyinə 

getdilər.

  ...İşi  lazımi  alətləri  hazırlamaqdan,  Hansın  tapşırıqlarını 

yerinə  yetirməkdən,  ağır  hissələri  qaldırmağa  kömək 

eləməkdən, lazım gələndə baş mexanikin yanına getməkdən 

ibarət idi. İlk günlər çox çətinlik çəkirdi, üstəlik, bu cür fiziki 

və çirkli işlərə alışmadığından, əllərində qıcıqlanma olur, onu 

narahat eləyirdi. Amma Hansın səbri, təmkini köməyinə ça-

tırdı.  Səhər  nə  tapırdısa,  onu  yeyir,  günorta  ucuz  fəhlə 

yeməkxanasında qarnını doydurur, axşamlar Hansla Süzanın 

qonağı olur, xəcalət çəkib getməyəndəsə, Hans yeməyi onun 

otağına gətirirdi. Qəhvəxanaya, kafeyə, gəzintiyə həftədə bir 

dəfə çıxırdılar – hələ büdcələri imkan vermirdi.

 O günlərin birində Hans Günter işdən sonrakı, ya istirahət 

günlərindəki sıxıntıların öhdəsindən gəlmək üçün öz arala-

rında  “dil  kursu”  təşkil  eləmək  təklifi  irəli  sürdü:  o,  Yusif 

Vəzirin alman, Yusif Vəzir onun türk dili biliyini təkmilləş-

dirməliydi.  Həvəslə  başladılar:  realnı  məktəbdə  alman  dili 

keçdiyindən çətinlik çəkmirdi, Hans da türkcəni əsirlikdəki 



229

təcrübəsinə görə onun gözlədiyindən asan qavrayırdı, anla-

şılmazlıq  yarananda  fransız  dilinə  keçir,  arabir  də  Süzanı 

köməyə çağırırdılar. 

 İlk maaşının – altı yüz frankın yarısını dərhal Mirabdulla-

ya  çatdırmağa  tələsdi:  kirayə  pulundan  borcu  qalmışdı, 

üstəlik, ayaqqabısı köhnəlmişdi; ürəyi durmadı, yüz frank da 

cibxərci verdi. Arada Ceyhun bəy də baş çəkib qonorarından 

altmış  frank  veribmiş.  Görünür,  Yusif  Vəzirlə  görüşmək 

istəmir ki, sıxılmasın, hər şeyin yoluna düşəcəyini gözləyir. 

Özü də Ceyhun bəyi hələ narahat eləmək istəmədi – indi başı 

Əlimərdan  bəylə  birgə  konfransa  qarışmışdı,  növbəti  dəfə 

mütləq, az da olsa, onun xəcalətindən çıxacaqdı. Başlıcası bu 

idi ki, Mirinin xəstəliyi şiddətlənməsin, təhsilini başa vursun.

  Hansdan  başqa  ünsiyyət  saxladığı  təkcə  Mənsur  ibn 

Muhamməd idi. Hamının “manevra” – yəni əl buyruqçusu 

adlandırdığı,  üzü-gözü  daim  his-pas  içində  olan,  yalnız 

gözləri  və  dişləri  ağaran  “sidi”  –  mühacir  kimi  tanınan 

əlcəzairli  Mənsura  heç  kəs  əl  vermirdi.  Amma  üzünə 

gülümsəyib pozuq fransız dilində salam verəndə Yusif Vəzir 

əlini uzatdı. “Sidi” heyrətlənib kirli əllərini paltarına sildi:

 “Salam, müsyö, – dedi, – çox şadam”.

 O gündən Mənsurla dost kimi salamlaşır, hətta ayaq saxla-

yıb söhbətləşirdilər. “Sidi” arvadı və oğluyla gəlmişdi, dörd 

yüz əlli franka ən çirkli işləri görür, buna görə Allahına şükür 

eləyirdi.

 ...Günlər elə sürətlə ötürdü ki, səhərin nə vaxt açıldığını, 

axşamın nə vaxt düşdüyünü hiss eləmirdi. Axşamlar Hansın 

mənzilində, yaxud subay otağında dil məşğələlərindən sonra 

bir  neçə  saat  masa  arxasında  oturur,  sızıldayan  əzalarının 

yorğunluğunu yazmaqla unudurdu. Asiya haqqında yazdığı 

əsər  taleyinin  dönüklüyündən  duyduğu  əzabı  az  da  olsa, 

sakitləşdirirdi.  Pisi  o  idi  ki,  tütünə  əməlli-başlı  öyrənmişdi, 

ucuz  papirosların  tüstüsünü  ciyərlərinə  çəkə-çəkə,  elə  bil, 

taledən  intiqam  alırdı.  Arabir  Hansla  bir  şüşə  şərab  da 

içirdilər. 




230

 Hər dəfə maaşını alandan sonrakı istirahət günü Mirab-

dullaya baş çəkir, onun qayğılarıyla maraqlanırdı. Hər dəfə 

də  cavanlar  Bakıya  qayıdıb-qayıtmamağı  götür-qoy 

eləyirdilər. Mustafa ağa qəti qərara gəlmişdi – gedəcəkdi. Mi-

rabdullanın da könlü getməkdən yanaydı, amma qardaşının 

ağzına  baxırdı.  Həmin  məqamlarda  qəti  bir  söz  deməkdə 

tərəddüd keçirirdi.

 “Hələ deyə bilmərəm, görək nə olur”, – Yusif Vəzir onların 

ümidlərini tamam qırılmağa qoymurdu.

 Arada iki dəfə də Ceyhun bəylə görüşdü. Söhbətləri sıxın-

tı içində keçdi – hələ sevinməli bir şey yox idi: Ceyhun bəy 

“Arşın  mal  alan”ın  tamaşaya  hazırlanmasından  danışırdı, 

dediyinə görə, premyera gələn ilin yayına nəzərdə tutulmuş-

du, Üzeyir bəyin gəlişi də, təbii ki, müşkülə çevrilmişdi, özüsə 

elə hey qardaşını Vətənə çağırırdı.

 Qürbətin bir qışından da salamat çıxa bildi. Amma Klişidən 

qurtulma  yolu  görünmürdü.  Üstəlik,  Mirinin  taleyilə  bağlı 

bir qərara gəlməliydi...



231


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin