Beşinci fəsil Sünni və şiələrin Həzrət Əlidən (ə) nəql etdikləri hədislər
◘İki nəfər mənim belimi sındırdı; fasiq alim və cahil abid. Biri insanların əqidəsini korlayır, digəri isə öz ibadəti ilə camaatı aldadır.
◘Hər şeydən dəyərsiz ən cahil insandır. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir.
◘Elmin şərafətində bunu qeyd etmək kifayətdir ki, ona malik olmayanlar da malik olduqlarını iddia edir və onu (elmi) hər kəsə aid etsələr xoşhal olar. Cəhalətin rəzilliyində də bunu qeyd etmək kifayətdir ki, ona malik olanlar da ondan imtina edir və hər kəsə aid etsələr qəzəblənər.
◘Əql iki növdür; zati və təcrübi. Hər ikisi faydalıdır. Lakin dindar (dini olan) əql sahibinə e`tibar daha çoxdur. Əql və kərəmini əldən verən kəsin sərmayəsi günahdır.
◘Hər kəsin dostu onun əqli və hər kəsin düşməni onun cəhalətidir.
◘Ağıllı və müdrik təkcə o deyil ki, xeyir və şəri tanısın. Həm də o kəsdir ki, iki şərin arasında nisbətən yüngül olanını seçsin.
◘Müdrik insanlarla oturub-durmaq insanın şərəfini artırar. Kamil əql tüğyankar nəfsi cilovlayar. Ağıllı insan gərək özünün dini, fikri, əxlaqi və ədəbi eyiblərini bir-bir yadda saxlasın, yaxud yazsın və onları aradan qaldırmaqdan ötrü çalışsın.
◘İnsanın istəkləri iki növdür. Bir qismi onun imkanı xaricindədir. (Yə`ni, onları ələ gətirmək qeyri-mümkündür.) Nə qabaqlar onu əldə edə bilib, nə də sonralar əldə edə biləcək. Digər qismi isə yeməlidir, lakin onun da müəyyən vaxtı var. Əgər yer və göy əhli nə qədər kömək edib sə`y göstərsələr də vaxtı çatmamış ələ gəlməz. Elə isə bu insanın işi nə qədər təəccüblüdür?! Bir şey əldə edib tapanda elə sevinir ki, sanki heç vaxt əldən verməyəcək. Və bir şey əldən verib itirəndə də elə qəmgin olur ki, sanki bir daha heç vaxt əlinə gəlməyəcək. Əgər açıq gözlə baxsa görüb dərk edər ki, hər şeyin tədbiri Allahın əlindədir. Belə olan halda əlinə gələnə qane olub, əliçatmaz şeylərə də əl uzatmağa çalışmaz. Beləliklə də qəlbi bütün əzab-əziyyətlərdən aram olar.
◘Azla da olsa işləri yoluna qoy, lakin öz ehtiyac və kasıblığını bildirmə.
◘Daxilən sadə, zahirən isə varlı olun. Allah-taala Öz bəndələrinə gözəl ədəb öyrədərək (kasıb, həyalı bəndələrinin xüsusiyyətləri barəsində) buyurub: “Onların şiddətli heysiyyətləri olduğuna görə qafil insanlar onları ehtiyacsız hesab edərlər. Onları sən üzlərindən tanıyarsan. Camaatdan israrla bir şey istəməzlər.”
Altıncı fəsil Hədislərdən digəir nümunələr
◘Əli (ə) buyurur: “İnsanların amanda qalmasının iki yolu var; biri Peyğəmbərdir (s) ki, əldən çıxıb, digəri isə tövbə və istiğfardır ki, hələ də əldədir.”
◘Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəsrə şəhərindən bir nəfər həzrət Əlinin (ə) hüzuruna gəlib ondan mö`min dostlar və qardaşların hüquqları barədə soruşdu. Həzrət (ə) buyurdu: “Dost iki cürdür; xalis və həqiqi, səthi və zahiri. Həqiqi və xalis dost müxtəlif hadisələr müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta e`tibar edib ona arxayın oldun, öz can və malından onun yolunda fəda etməkdən çəkinmə. Dostluq elədiyi kəslərlə sən də dost ol, düşmən olduğu kəslərlə də düşmən ol. Eyiblərini və sirlərini gizli saxla. Gözəllik və yaxşılıqlarını zahir et. Lakin, bil ki, belə insanlar qırmızı yaqut kimi nadirdirlər.
Səthi və zahiri dosta gəldikdə isə ondan uzaq gəzmə. Lakin, öz daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.”
◘Əli (ə) buyurub: “İki şey insanları həlak edib; yoxsulluqdan qorxmaq, fəxr və öyünmək arzusu.”
◘Yenə buyurub: “İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: “Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!”
◘Öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
◘Alimlərdən biri nəql edib deyir: “Həccac ibn Yusif Səqəfi (Allahın lə`nəti olsun ona!) dörd alimə − Hüseyn Bəsri, Əmr ibn Übeyd, Vasil ibn Əta və Amir Şö`biyə yazdı ki, “Qəza və qədər” barəsində bildikləri hər bir mə`lumatı yazıb ona göndərsinlər. (Bu həmin dövrdə gündəlik məsələlərdən olan cəbr və ixtiyar məsələsi idi. Bu məsələ barəsində çoxlu mübahisə və dava-dalaş olurdu. Bir qrup insan e`tiqad bəsləyirdi ki, insan ixtiyar sahibi deyil və gördüyü hər bir günah, yaxud savab əməl də usta əlində olan baltaya bənzəyir. Əslində Allahın iradəsidir ki, insanı o tərəf bu tərəfə çəkir.)
Hüseyn Bəsri cavabında yazdı: “Bu məsələnin ən gözəl cavabını mən həzrət Əlidən (ə) eşitmişəm. O, buyurub: “Sən elə bilirsən ki, Allah səni qadağan etdiyi işi görməyə məcbur edər?! Əsla! Səni pis işlərə vadar edən sənin qarnın və fərcindir (övrətindir)!”
Əmr cavabında yazdı: “Bu barədə eşitdiyim ən ali mə`lumat həzrət Əlinin (ə) sözüdür. O, buyurub: Əgər günah və cinayət Allahın müqəddər etdiyi mütləq və məcburi işlərdən olsaydı, o zaman cani və günahkardan qisas alıb onu cəzalandırmaq zülm olardı.”
Vasil də cavabında yazdı: “Bu şübhəli məsələnin ən nəfis həlli həzrət Əlinin (ə) göstərdiyi yoldur ki, buyurur: “Məgər mümkündürmü ki, Allah Özü yol göstərsin, sonra yüz yol müəyyən etsin?! Bu ağlasığmaz bir təsəvvürdür.”
Şö`bi də cavabında yazdı: “Bu məsələnin cavabından ötrü Əlinin (ə) sözündən gözəl söz eşitməmişəm. O, belə buyurub: “Tövbə edilməli hər bir iş bəndə tərəfindən, şükür olunmalı hər bir iş isə Allah tərəfindəndir.”
Elə ki, məktublar Həccaca çatdı həzrət Əliyə (ə) qarşı bəslədiyi bütün kin, ədavət və düşmənçiliyə baxmayaraq dedi: “Həqiqətən bu cavablar saf çeşmədən qaynaqlanır.”
Dostları ilə paylaş: |