Müşgünaz xanımla xudahafizləşib palatadan çıxıram. Çıxanda dönüb bir də balaca Salatına baxıram. Salatın dünyanın bütün qəmlərindən, ailəsinin, özünün başına gələn faciələrdən xəbərsiz halda, xoş bir halda gülümsünür, balaca əlləri ilə paltarını dartışdırırdı.
...Gülümsə, gülümsə Salatın! Ağır dərd içində yanıb alovlanan anana baxanda həmişə gülümsə! Gülümsə ki, ananın da qəlbi sakitlik tapsın. Fikirdən, xəyaldan uzaqlaşsın. Hər yana baxıb kədər görən anan sənin təbəssümünə bürünsün. Anan bu otuz iki illik ömründə çox dəhşətlər görüb, Salatın! Sən tezliklə böyü. Yaşa dol! Anana arxa, həyan ol! Onun dərdlərini yüngülləşdir, fikir çəkməyə qoyma! Ölənlərinin, itənlərinin ağır faciəsi qoyma ananı üzüb haldan salsın! Sən onun yanan çırağı, şölələnən ümidisən! Həmişə bax elə təbəssümlə, qayğısız gülüşlərlə ananın ömrünü bəzə! Sən xoşbəxt bir həyat yaşayacaqsan. Yağı düşmənin də qara nəfəsi yurdumuzdan çəkilib gedəcək! Sən bu faciələrdən çox-çox sonralar xəbər tutacaqsan! İndi isə gülümsə, üzünə qonan təbəssümü silmə! Gülümsə ki, təbəssümün ananın ağrılarına məlhəm olsun!
AEROZOL İÇƏN QADIN
Mən istəməm yaşamaq, hər ümidim oldu təbah,
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!..
H. CAVİD
Ц
midlər qılınclanıb doğranırsa. Yaşamaq mümkünmü? Şirin ürək arzuları ağu pərdəsinə bürünüb acıya, zəhərə dönürsə, necə dözməli? Göylərin intəhasızlığından üstünə hər zaman dərd yağırsa nə etməli? Ucalara yenicə pərvazlanan könül quşunun qanadları yarıda qırılırsa, bağrına düşmən neştəri sancılırsa ahu-fəğan etməməlimi? Zalım insanların zülmündən, qəlb evinə atdığı tikanlı oxlardan hıçqırtı ilə ağlamamalımı?
Ağlamalı, ağlamalısan bacım bu zülmü sitəmə! Göz yaşlarını sellər, sular kimi axıdıb qan gölməçələrinə dönmüş torpağımıza axıtmalısan. Elə yanıqlı nalələr çəkməlisən ki, ağrısından yer-göy silkələnsin! Haqsızlığın, köməksizliyin üstünə yağdırdığı fəlakətləri qoy hamı görsün! Görsünlər ki, dörd balan, dörd ümidin, dörd gül cocuğun bir qaranlıq küncə çəkilib o faciəli günün ağrısında inildəyir! Ata həsrəti ilə bu dörd cocuq yanıb-yanıb külə dönür!
Üz-üzə oturmuşuq. Əvvəl çətinlik çəkirsən, o ağrılı günü xatırlamaq istəmirsən. Əlbəttə ki, asan deyil o fevral gecəsinin dəhşətinə qayıtmaq! O gün ömrünə qara matəm ki, yas kimi çöküb! Səni bu dərdli görkəmdə, qara libasda görmək istəməzdim, türk bacım! Bu pərişan halına baxdıqca, zalım, səni bu dərdə salan baisə nifrətlər yağdırıram!
Hələ sən çıxıb gedəndən sonra acı taleyinlə bağlı həqiqətləri biləndə hansı sarsıntıları keçirəcəyəm! Biləcəyəm ki, bayaq danışdığın o faciə ömür taleyinin yalnız bir parçasıymış.
Söhbət edirəm səninlə, acı taleyini dinləyirəm. Qəfildən bu sözləri deyirsən: "31 yaşımda qalmışam dörd uşaqla tək-tənha". Bu sözdən necə sarsıldığımı indi deyə bilmirəm. 31 yaşda saçların necə də ağarıb sənin! 31 yaşda saçın belə ağarmağını ilk dəfə görürdüm! O dəhşətli, o faciəli gündən sonra bu hala düşmüsən! İnsanın saçı dərdin çoxluğundan, fikrin ağırlığından, sarsıntının böyüklüyündən beləcə ağarır!
İndi çətin də olsa danış o faciəni bacım!
Hənifəyeva Roza. 31 yaşında. - Gecə ermənilər hücum edəndə qəfildən qaçaqaç düşdü. Hamımız qorxu içində çıxdıq evdən. Gördük ki, hamı baş götürüb qaçır. Biz də qoşulduq onlara. Evimizdən heç nə götürə bilmədik. Qaraqayaya təzəcə çatanda ermənilər üstümüzə qumbara atdılar. Yoldaşım yeddi yerdən yaralandı və orda da keçindi. Partlayışdan qaynımın oğlunun qolu kəsildi. Onu da ermənilər öldürdü. 22 yaşı vardı bədbaxtın. Qaynım arvadını da öldürdülər. Yanımızda olanlardan da çoxu öldürüldü? Qorxudan qaçıb kolun dibində gizləndim. Bir müddət qaldım orda. Sonra gəlib çıxdım Ağdama. Dörd uşağım atasız qalıb. Böyük uşağımın 10 yaşı, kiçiyinin isə 5 yaşı var...
Roza bacı bu ağır dərdi danışıb gözlərini yerə dikir. Susur eləcə. Mən də həyəcan içindəyəm və başqa sual verə bilmirəm. Matəm libaslı bu yazıq qadın xudahafizləşib gedir.
O gedən kimi otaqda oturan tibb bacıları İmanova Səfayə və Əminova Aytəkin deyir: Bax, bu qadın yoldaşının ölümünə dözə bilmirdi. Bir dəfə aerozol içmişdi. Çətinliklə sağaltdılar.
Roza xanım heç şübhəsiz ki, sevimli həyat yoldaşına sədaqətini, əbədi sevgisini bildirmişdi. Sübut etmişdi ki, lap ucalıqlarda, insanın bütün istəklərinin fövqündə dayanan bir qüvvət var: sevgi, sədaqət, vəfa! Roza xanım 31 yaşına qədərki ömrünü sevib yaşayıb. 4 övlad gətirib dünyaya. Və özünə qəsd etməyi ilə çoxlarının anlayıb qavramadığı bir həqiqətlə yaşayıb: İnsan sevib yaşamalıdır! İnsan sevib ailə qurmalıdır! Sevgisiz, məhəbbətsiz ailənin sonu heçdir. Elə bu sevginin, məhəbbətin böyüklüyü Roza xanımı ümidsiz, sonsuz etməyib: dörd övlad bəxş edib ona. Dörd ümid, dörd dayaq verib ona! İndi saralıb solmuş ömür bağçasında dörd yaraşıqlı gül bitirib!
Roza xanım! Dərd ağır da olsa dözüb dayanın. Dörd balanın, dörd ciyərparanın kiməsizlik, yetimlik toruna düşməməyi naminə yaşayın, özünüzə daha qəsd etməyin. Üstünüzə çökmüş ağır qəm yükünü bir kənara atıb kişi qeyrəti ilə, türk qadınına məxsus olan bir namus və cəsarətlə övladlarınıza həyan olun! Ömür- gün yoldaşınızın vaxtsız ölümünə alovlanıb yansanız da bu dərdə dözün, tab gətirin! Dörd gül balanızın xatirinə dözün! Əgər onları böyütsəniz, boya-başa yetirsəniz mərhum həyat yoldaşınızın ruhu da şad olacaq! Onun ruhu həmişə sizinlədir. Həmişə yanınızda, lap yaxınlığınızda gəzib dolaşır. Pak və təmiz adamların, günahsız insanların, nahaqdan qətlə yetirilənlərin ruhu ölmür ki, yaşayır. O ruhu incitməməkdən, sıxıntılar içində qoymamaqdan ötrü həyatınıza qəsd etməyin. Bütün gücünüzü toplayıb namus və qeyrətinizlə, mərhum həyat yoldaşınızla məhəbbətinizlə o dörd balanızı böyüdün!
Dünya yaxşı insanlardan xali deyil. Xeyirxah adamlar tapılacaq ki, uşaqlarınızın təhsilinə, oxumağına köməklik edəcək, əl tutacaq!
Siz özünüzü qoruyun, yaşayın və Nahidəni, Fərqanəni, Dilbəri, Salmanı böyüdün!
"ATAMI DİRİ-DİRİ YANDIRDILAR"
Qopuyor hər tərəfdə min fəryad,
Seyr edin iştə hər tərəf bərbad.
Kürreyi-ərzi qaplamış həyəcan,
Verilir hər dəqiqə min qurban.
H. CAVİD.
H
ər tərəfində min fəryad qopan o faciəli gündə sənin gördüyün dəhşət daha böyük idi! Bu elə bir dərd dağıdır ki, yüz illərin seli, suyu axıb gəlsə də yuyub apara bilməz. Zalımın, kafirin, erməninin kirli dırnaqları sənin gözün önündə günahsız adamları didib-parçalayır, al qanına qərq edirdi. Sən qəribə təəccüb içərisində dayanıb insan qanı içənlərə baxırdın. Və inana bilmirdin ki, yer üzünün belə insafsız, qatil, mərhəmət andından uzaqda dayananları var. Xeyr, bunları bilmirdin. Bu acı həqiqətlərdən xəbərsiz idin. Sənin uşaq dünyandakı paklıq, məsumluq və təmizlik bu ləkəni götürməmişdi. Və indi gözün önündə günahsız yurddaşlarının qızıl qanı axıdılıb gölməçələrə döndükcə sanki qorxunc bir yuxu görürdün. Çırpınırdın, solub ölgünləşirdin bu dəli və qanlı röya buludunda. İçin- için ağlayıb o uşaq dünyandakı təsəvvürün, təmizliyin çirklənib bulandığına təəssüflər edirdin. Amma insanlarda rəhmdilliyin tam əriyib getdiyinə inanmadığına görə bir təəccüblü, bir cəsarət dolu hərəkət etdin. Sevimli atanı öldürmək istəyən ermənilərin yerə atılıb ayağını qucaqladın, fəryad qopardın: öldürməyin, öldürməyin atamı! Öldürməyin, buraxın onu! Belə dedin, belə yalvardın ermənilərə sən! Düşündün ki, sənin o yalvarış və ürəkparçalayan səsin dağı-daşı dəlib keçirsə, bu insafsızları da rəhmə gətirəcək. Amma səni heç kim eşitmədi. Sənin yanıqlı nalələrinə heç kəs cavab vermədi. İnildəyən, halına yanan yenə doğma atan oldu. Məftillə ağaca sarınmış atan öz dərdini unudub sənin halına yandı. Özünün şeytanların əlindən sağ çıxacağına inamını itirmişdi. Bircə səndən nigaran idi.
Hə, məsum qızcığaz! Yadındamı sonra nələr oldu? Dağı-daşı dəlib keçən yalvarışın qarşısında kafir ermənilər səni götürüb kənara atdılar və istehza ilə başladılar gülməyə. Yerə döşənmiş halda qorxulu sifətli canlılara baxırdın. Birdən canlılar hərəkətə gəlib məftillə ağaca sarınmış atana yanaşdılar. Onlardan biri qabdakı benzini atanın ayaqlarına tökdü. Qəfildən hadisənin nə yerdə olduğunu anladın. Yerdən sıçrayıb dəli bir qüvvə ilə özünü atanın üstünə atdın. Onu əllərinlə qucaqlayıb qorumaq istədin. Ürəkparçalayan bir səslə dedin: "Dəyməyin, dəyməyin atama! Buraxın onu!". Yenə səni heç kim eşitmədi. Xain və xalım əllər bu dəfə səni daha uzağa tulladı. Yerə döşənmiş halda əzilən bədəninin əzabına bürünmüş vəziyyətdə nigarançılıqla atana baxdın. Ermənilər ayaqlarına benzin tökülmüş atanı yandırdılar. Yandırmazdan qabaq atana dedilər: "Ucadan de ki, bu torpaq ermənilərindir!" Atan qətiyyətlə dedi: "Yox, bura bizim topaqdır!".
Atanı yandırdılar. Əvvəl ayaqlarını yandırdılar. Atan dözə bilmədi. Məftilə sarınmış bədəni bir neçə dəfə çırpınıb, çırpınıb dayandı. Başı çiyninə düşdü. Sonra ermənilər benzin töküb atanı bütöv yandırdılar. Artıq atan yox idi. Sarınmış məftildə onun meyidi görünürdü. Sən hıçqıra-hıçqıra bu dəhşətli hadisəyə baxırdın. Sənin göz yaşların axırdı. Ata həsrətli acı göz yaşları. Amma ermənilərin üzü gülürdü, təbəssümlü idilər. Elə o xoş təbəssümlə sənə yaxınlaşıb dedilər: "İndi çıx get, indi gedə bilərsən! Səni öldürmürük!" Sən yazıq bir halda sakitcə ayağa qalxdın. Son dəfə bayaq atan bağlanan ağaca baxdın. Sevimli atan yox idi artıq.
Onun qaralmış, qorxulu görkəmə düşmüş meyidi görünürdü. İçini acı neştər doğraya-doğraya dönüb bir də təbəssümlə gülümsünən ermənilərə baxdın. Hər çeyi başa düşdün. Hər şey sənə bəlli idi. Ermənilərin niyə təbəssüm içində olduğunu da anladın. Ermənilər türk atanı, mərd Təvəkkülü öldürdüyünə görə sevinirdilər.
Amma bilirsənmi ermənilər niyə ğldürmədi səni? Əslində onlar ölüm dağını vurmuşdular sənə. Və indi səni azad buraxırdılar ki, ğlüm oxu bütün ömrün boyu qəlbinə sancılıb incitsin səni. Daim əzab içində qovrulasan. Atanın o zillətli ölümü ilə fəlakətlər burulğanında boğulasan!
Sən ölüm zəhərini içmiş halda ağır addımlarla gedirdin. Arxadan isə üzü təbəssümlü, içərisi nəşəli, əqidəsi türk qanına həris olan ermənilər baxırdı. Sevinirdi, gülürdü ermənilər!
Amma dərdin, fəlakətin bununla da bitmədi qızcığaz! Doğma bacını Xocalıda öldürmüşdülər. Əziz atanı meşədə ağaca bağlayıb yandırmışdılar. İndi də sevimli ananın ölümünü görəcəkdin. Ata həsrətli, bacı yanğılı qəlbinə yeganə həyan olacaq adam anan ola bilərdi. Amma Allah ananı da çox gördü sənə. Vaxtsız, vədəsiz ana nəvazişindən ayrı düşdün.
Atanın meyidindən ayrılıb yolda ana və bacınla, balaca qardaşınla, həmyerlilərinlə qarşılaşdın. Anan da, nənən də, hamı sənin sağ gəlib çıxmağına sevindilər. Qorxu içində, şaxtanın, qarın soyuğunda yol getdiniz. Yağı düşmən isə hər yanda dolu idi. Vəba xəstəliyi kimi daraşmışdılar hər yana. Qəfildən güllə səsləri eşidildi. Hər tərəfdən adamların başına od yağırdı. Yazıq və köməksiz insanlar ot kimi biçilib yerə sərilirdi. Sevimli anan qabaqda gedirdi. Bacın Nigarı qucağına almışdı. Körpə qardaşın Vüsalı da Əntiqə nənən kürəyinə şəlləmişdi. Ölənlər ölür, qalanlar hara gəldi qaçırdılar. Qarşıda bir xəndək vardı. Qaçıb o xəndəyə girdiniz ki, ölüm alovundan xilas olasınız. Sən demə amansız ölüm elə xəndəkdə pusqu qurub gözləyirmiş. Xəndəyə girən kimi düşmən gülləsi ananı haqladı. Güllə beynini deşib keçmişdi. Anan yerindəcə qaldı. Balaca Nigar qucağından düşüb yerdə çabaladı. Nənən Əntiqə üzünü cırıb özünü al qana qərq etdi. Sən isə için-için ağlaya-ağlaya bu gün şahidi olduğun ikinci dəhşətli ölümə baxırdın. Baş verən dəhşətlər sənə qara yuxu kimi gəlirdi. Sanki uzaq, çox bir uzaq dünyaya köçmüşdün. Hər şey duman və qaranlıq içində görünürdü sənə.
Düşmən gülləsi sakitləşən kimi sevimli ananın meyidi ilə vidalaşıb yola düzəldiniz. Ayrılanda Əntiqə nənən bərk ağlayırdı, çox bərk. Nənən sevimli və istəkli qızını itirmişdi. Yəni sənin ananı itirmişdi. Yazıq bir görkəmdə sən də vidalaşdın ananla. Bu ikinci belə "vidalaşman" idi. Bayaq atandan ayrılmışdın, indi də anandan uzaqlaşırdın. Amma inanıtdın ki, nə zamansa yenə öz doğmalarına qovuşacaq, onlarla görüşəcəksən? Hə, qızcığaz, bu inamın səni tərk etmirdi, səndən ayrılmırdı. Elə indinin özündə də səni yaşadan, ruh verib hala, hərəkətə gətirən o inam deyilmi? Hə?
...Pirşağıda, "Qızılqum" sanatoriyasında sizinlə söhbət edirəm. Nənən Əntiqə yaşayışın çətinliyindən gileylənir. Sonra deyir ki, qorxuram başıma bir iş gələ, bu yazıqlar kimsəsiz qalalar. Nənən Əntiqənin gözündə tez-tez yaş gilələnir. Yeznəsinin faciəsi, qızının, nəvəsinin ölümünü necə unutsun zavallı nənən. Sizinlə söhbət edirəm. Gül kimi gözəl-göyçək uşaqlarsınız. Ağrınız isə böyükdür, böyük. Bu vaxt balaca qardaşın, istəkli Vüsal əllərini oynadır. Şirin-şirin gülümsünür. Səkkiz aylıq qardaşın həyatın, yaşayışın çox istiliyindən məhrum olub. Atasız, anasız həyatın ona heç bir xoşluğu olmayacaq. Amma balaca qardaşınızı qorumalı, yaşatmalısınız. O hamımızın ümidi, işıqlı sabahıdır. Xalqımızın taleyi, gələcəyi elə vüsalların əlində olmayacaqmı? Vüsal əziz atanın yerində qalan ümid ağacıdır. Görürsənmi, Allah da ocağınızı boş qoymadı. Vüsalı sizə bəxş etdi ki, eviniz kişisiz olmasın. Ocağınız sönməsin. Alovlanıb yansın. Vüsalı atan, anan dörd qızdan sonra tapmışdı. Özü də nəzir-niyazla. O gözəgörünməz dua ilə, yalvarışla. Qoruyun Vüsalı, saxlayın onu.
İndi gəl səninlə də vidalaşaq Xəzəngül! Sən bu on illik ömründə çox məşəqqətlər görmüsən, çox ağrılar çəkmisən. Amma dözümlü ol! Dərdin qabağında sarsılma! Nənənə kömək et, qardaşını, bacını sev, əzizlə!
ATA ÖVLADINI GÖRMƏDİ
Cocuqlar ağlayırdı, gözləri boranlı durmuşdu,
Qadınlar ağlayırdı, dilləri əfğanlı durmuşdu...
M. HADİ.
C
ocuqlar ağlayırdı! Cocuqlar göz yaşı tökürdü! Cocuqlar dünyanın qovğalarından, zülm və sitəmlərindən xəbərsiz idi. Cocuqlar bilmirdi ki, bəşər simasına hər gün zillətlər, səfalətlər qonur, qəm, kədər, məlalət insanın nəsibinə çevrilir. İnsanların gözü yağmurlu, yaşlı, baxışları qəm kölgəsinə bürünür. Bütün səadət qapıları hirslə, qəzəblə insanların üzünə çırpılır. Şeytanlar, iblislər amansız hökmləriylə ədavətlər doğurub, qanlar axıdıb bəşər övladını səfalətlərə sürükləyir! Cocuqlar dünyaya gəlirdi atasız, ata üzü görmədən.
Ata üzü görməyən cocuqları qeyrətli qızlarımız bağrına basıb həyat işığına bürüyür. Mərdlik, qeyrətlilik, Həcərlik nümayiş etdirirdi. Dünyanın bəlkə də ən böyük faciəsi övladın ata üzünü görməməsidir. Elə uşaqlara hansı şəraitdə böyüməyindən asılı olmayaraq bir söz deyilir: qəlbi sınıq! O xoşbəxtlik içində yaşayıb ömür keçirsə də atasızlıq ağrısı həmişə simasında dolaşıb pərişanlıq gətirir ona. Bu övladın, uşağın çəkdiyi ağrılardır. Bəs ana hansı məhrumiyyətlərə düçar olur? Bəs ana hansı qəm atəşində alovlanıb yanır? Dünyaya gətirəcəyi körpəsi atasız qalan ana necə mərd olmalı, dözümlü olmalı, sarsıntılarını gizlətməlidir ki, bətnindəki körpəsinə xətər yetməsin? Bu qeyrəti, hünəri hər qadın bacararmı?
...Xəbəri eşidəndə qəfildən sarsılıram. Ehtiyatla, qorxa-qorxa qarşımda dayanan qadına baxıram. Və düşünürəm ki, əzablardan qovrulacaq, hönkür-hönkür ağlayacaq bu qadın... Amma o sakitcə dayanıb tövrünü də pozmadan baxır. Qəribə mərdanəlik, hünər, qeyrət görürəm onun baxışlarında. Əvvəl təəccüblənirəm, qadının o böyük dərdə dözüb dayana bilməyinə. Sonra hər çey aydın olur mənə. Bilirəm ki, qadın ata üzü görmədən dünyaya gələn körpəsini yaşatmaqdan ötrü özünü belə sındırmır, üzüntülü hala salmır. Qadın qəribə inamla, hünərlə içəri ağrılarını boğub sıxır, üzə çıxmağa qoymur. Onun ğmrünə onsuz da iti balta çalınıb. Ömür bağçasındakı gülləri vaxtsız-vədəsiz solub, saralıb. Arzuları çiliklənib sınıq-sınıq olub. Bir də pərvazlanacaq, qanad açacaqmı o arzular? Bu mümkünmü yəni? Yox, qadın bütün həqiqətləri bilir. Ömründən ötən sevgili, məhəbbətli günlərin bir də geri qayıtmayacağına inanır. O günlər xoş xatirəyə dönüb ömür bağçasından bir röya kimi uçub getmişdi. Qadın bunların hamısını bilir, yaxşı bilir.
Ömür-gün yoldaşı Habilin adını isə dodağı titrəyə-titrəyə çəkir. Habil doğma torpağı Xocalını qoruyanda düşmən gülləsinə hədəf oldu. Doğma yurduna onda erməni ayağı dəyməmişdi. Və Habil də o murdarların bu torpağa girməməyindən ötrü igid eloğluları ilə yurdunun keşiyini çəkirdi. Gecəli-gündüzlü gedib postlarda dayanırdı. Amma bir gün düşmən aman vermədi. Onda yoldaşı hamilə idi, uşaq gözləyirdi. Övlad üzü görmədi Habil. Həyat yoldaşı Adilə isə dözüb dayandı bu ağır dərdə. Onun yurdunu boş qoymadı. Elə bil Allahın da ürəyi yandı bu cavan ailəyə. Bir oğlu oldu Habilin. İndi Adilə xanım böyük məhəbbətlə öz ağrılarını unudub övladını böyüdür.
Həmin o faciədə Adilə xanımın həyat yoldaşı mərhum Habilin qohumlarının başına böyük müsibətlər gəldi. Ermənilər Xocalıya hücum edəndə Habilin qoca nənəsi çox yaşlı olduğundan qaça bilməyib. Qalıb Xocalıda. (Şübhəsiz ki, qəddar ermənilər köməksiz qarını çoxdan qətlə yetiriblər). Habilin 23 yaşlı qardaşı Mobili isə ermənilər girov götürüb. İki ay əvvəl Əsgəranda görən olub. Sonradan heç bir xəbər alınmayıb. Başqa qardaşı Etibarı isə ermənilər öldürüb. Etibarın bir uşağı vardı o dünyadan köçəndə. İkinci övladı isə onun ölümündən sonra dünyaya gəldi. Etibarın həyat yoldaşından bir müddət onun ölüm xəbərini gizlətdilər. Demək istəmədilər. Çünki qadın uşaq gözləyirdi. Uşaq olandan sonra hadisəni danışdılar. Qadın acı göz yaşları tökdü.
Beləcə, Abışovlar ailəsində ikinci övlad da ata üzünü görmədən dünyaya göz açdı.
...Hə, Adilə xanım, siizn də, qaynınızın da yoldaşının da taleyi gülmədi. Ömrünüzün çiçəklənən zamanında bəxtiniz qara geyindi. Bu fələyin hökmüdür, amansız, zalım hökmüdür. Amma dözüb dayanın bu ağır dərdə. O atasız körpələri böyüdüb ərsəyə çatdırın! Allah bu şərəfli və savab işdə sizə kömək olsun!
ATASIZ, ANASIZ ƏDALƏT
O titrəşib-mələşən yavrular neçin çabalar!
H. CAVİD
A
tasızlıq odunda, anasızlıq alovunda qovrulub yanan övladlar necə tərpəşib çabalamasın? Atanın, ananın faciəli ölümü necə yandırmasın onları? İnsana atadan, anadan da yaxın, doğma olan, bir qüvvət və güc verəcək kimsə varmı?
Böyüklər dünyanın ağrılarını duyub anlayanlar sonsuz bir dərdə mübtəla olublar. Tutduqları faciənin böyüklüyünü, sağalmazlığını yaxşı anlayırlar.
Uşaqlar isə hələ çox həqiqətlərdən xəbərsizdir. Böyüdükcə, yaşa dolduqca o qanlı hadisəni daha dərinliyi ilə duyacaqlar. Atanın, ananın ölüm dağı içərilərini göynətsə də, hələ tam dərk edə bilmirlər fevral faciəsini, ata-ana itkinliyini. Hiss edirlər ki, o xoş təbəssümlü, o isti nəfəsli adamlar daha yoxdur. Şirin nəvazişlər də eşidilmir, gündə min kərə səslənən "qurban olum" kəlmələri də qırılıb itibdir. İstəkli doğmalarının nə zamansa qayıdacağına olan inamlarını itirmir onlar.
Hə, oğlan, neçə gündür ki, səni soraqlayıram. Neçə müddətdir ki, səninlə görüşməyə can atıram. Hər dəfə gəlib qapını döyəndə qohumların eyni sözü deyir: ya gəlib getmisən, ya da sabah gələcəksən.
Axır ki, görüşürəm səninlə. Bu görüş məndən ötrü necə ağır olsa da istəyirəm ki, bütün o faciələri, gözünlə gördüyün o dəhşətləri sənin öz dilindən eşidim. İndi sakitcə oturub fikrə getmisən, lap o yaşlı adamlar kimi başını əllərinin arasına almısan. Nə fikirləşirsən Ədalət? Yoxsa bu səkkiz illik ömründə sənə minbir işgəncə və zülm gətirən zalım həyat haqqında düşünürsən? Axı sənin dərd çəkən vaxtındırmı? Sən indi deməli, gülməli, səkkiz yaşlı uşaqların minbir oyununun sirli-sehirli aləmində yaşamalısan. Ana nəvazişi ilə isinməli, ata nəfəsi ilə qanadlanmalısan. Yox, yox, Ədalət, sənin dərd çəkən vaxtın deyil!
Amma zalım fələk vaxtsız, vədəsiz təbəssümlü uşaq oyunlarını kədərə boyadı. Qəm dənizində boğuldu çiçək arzuların. Atadan, anadan, doğma qardaşdan məhrum oldun.
...O qanlı hadisədə ermənilər Xocalıya hücum edəndə süfrə arxasında çörək yeyirdiniz. Amma yeməyiniz yarımçıq qaldı. Bu Xocalıda sonuncu şam yeməyiniz oldu. Eviniz aeroport tərəfdə olduğundan da təhlükəni daha dəhşəti ilə görürdünüz. Hazırlıq görmədən, isti paltar geyinmədən çölə qaçdınız. Gecənin qaranlığında göydən ələnən soyuq qarın altında baş götürüb naməlum istiqamətə qaçırdınız. Yolda ölüb qalanları, güllə yarasından soyuq torpağın üstündə çırpınanları görürdün. Hamı vahimə və dəhşət içində qışqırırdı. Yüzə qədər adamla gəlib meşəyə çıxdınız. Hara gedəcəyinizi isə bilmirdiniz. Meşənin soyuq qarı ilə dolanırdınız. Sən isə ayaqyalın idi. Evdən çıxanda ayaqqabılarını da geyə bilməmişdin. Ona görə pal-paltarla ayaqlarını sarıyırdın. Üç gün meşədə qaldığınız müddətdə acı-acı düşünürdün: niyə bizi gəlib xilas etmirlər? Niyə bizimkilər arxamızca gəlmir? Niyə erməniləri qovmurlar? Axı hər tərəf erməni ilə doludur. Əgər bizimkilər gəlib döyüşsə, ermənilərin başı qarışar, biz də sağ-salamat mühasirədən çıxarıq.
Eh, düşünürdün oğlan, düşünürdün. Sənin düşündüklərin ilə sonradan öyrənib biləcəyin faktlar arasında dərin, dibi görünməyən bir uçurum var. "Bizimkilər" minlərlə sənin kimisinin faciəsi üzərində təhlükəli oyun aparırdılar. Ortalıqda qalıb əzilən, bəlalara düçar olan sənin kimi talesizlər idi, oğlan.
...O qarlı meşədə olduğunuz zaman xain ermənilər hər yandan atəş açdılar. Yanındakı adamlardan onlarca günahsızı həlak oldu. O qanlı güllələr sevimli ananı, mehriban atanı, əziz qardaşını qətlə yetirdi. Sən qorxub al qan içində çırpınan doğma adamlarının arasında gizləndin. Özünü itirmişdin dəhşətdən. Hərdən qorxa- qorxa soyuq qar üstündə halsız, hərəkətsiz düşüb qalmış əzizlərinə baxırdın. İmkan axtarırdın ki, bu fəlakətli yerdən qaçıb uzaqlaşasan. Heç olmasa qohumlarına xəbər verəsən ki, gəlib doğmalarının meyidlərini aparsınlar.
Sənin yalnız quruca gözlərin baxırdı, oğlan! Qalan bütün hissin, düşüncən ölüb donuqlaşmışdı. Ermənilər çıxıb gedəndən sonra kolun-kosun dibində gizlənib sağ qalan adamlarla Ağdama gəldin. Yolda isə onlarla yəmyerlilərinin meyidini gördün. Qonşuların Əli kişinin, Mürşüd kişinin, Ema xalanın meyidi də o soyuq meşədə qaldı. Ağdamda isə xalan soraqlayıb səni tapdı. Atanın, ananın, qardaşının meyidlərinin harda qaldığını söylədin onlara. İki gündən sonra gedib meyidləri gətirdilər.
Bir gün isə qohumların səni də götürüb Bərdənin "Yeni həyat" kolxozu qəbiristanlığına apardılar. Ora sənin üçün müqəddəs səcdəgaha çevrilmişdi artıq. Orada doğmaların, sevimli adamların uyuyurdu. Atan, anan, qardaşın - hər üçü soyuq məzarıstanlıqda yanaşı basdırılmışdı. Solğun məzarları görəndə özünü saxlaya bilmədin. Soyuq qəbirlərə atılıb acı-acı ağladın. O yer, o məzarıstanlıq bundan sonra yaşayacağın ömürdə həmişə səni səsləyəcək, özünə çəkəcək. Çünki orda sevimli və doğma adamların uyuyur.
Hə, Ədalət, sarsıntıların, başına gələn faciələr ölçülməzdir. Dərdinə sakit qulaq asa bilmirəm. Əlimdə qələm titrəyir, sinəmdə ürək parçalanır. Gözümdə yaş gilələnir. Sən indi mənə ən doğma və qanı bir qardaş kimisən! Səni özümə nə qədər yaxın, əziz bir adam sayıram. Və bacardığım hər şeyi edib sənin yaralarına az da olsa məlhəm qoymağa çalışacam. Biz yenə görüşəcəyik səninlə, Ədalət!
QARAXANIN ATA-ANA DƏRDİ
Xocalı faciəsində ata-anadan məhrum olanlar onlarcadır. Atasızlıq, anasızlıq dərdi çox xocalını ağır dərd içində saxlayır. Belə adamlardan biri 32 yaşlı Əliyev Qaraxandır. Qaraxan deyir: - Gecə ermənilər Xocalıya hücum edəndə biz postda idik. Gecə saat 11-də artıq Xocalıdan çıxmağa məcbur olduq. Hər yandan od-alov yağırdı başımıza. Camaat baş götürüb hara gəldi qaçırdı. Yolda çoxlu meyid vardı. İki gün qaldıq meşədə. Yalnız qar yeyib dolanırdıq. Sonra meşədən çıxdıq ki, Ağdama gedək. Naxçıvanik yolunda ermənilər bizi gülləyə tutdular. Atam da, anam da orda həlak oldular. Minbir çətinliklə gəlib Şelliyə çatdıq. Sonradan gedib hər ikisinin meyidini gətirib Ağdamda dəfn etdik.
Dostları ilə paylaş: |