I BÖLÜM
AZƏRBAYCANIN ĠġĞALI, XALQ KÜTLƏSĠNĠN ZORLA
SOVETLƏġDĠRMƏ ƏLEYHĠNƏ MÜBARĠZƏSĠ. SOVET ĠTTĠFAQINDA
MÖVCUD REJĠMƏ QARġI ETĠRAZLAR
1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 23
aylıq mövcudiyyatı dövründə Azərbaycan Xalq Cümhuriyyəti milli-demokratik
dövlət qurulmasında, milli şüurun oyanmasında, müstəqilliyin siyasi, hüquqi,
mənəvi baxımından təminində əhəmiyyətli rol oynadı. Milli Ordunun yaradılması,
Azərbaycanın ərazi bütövlüyünün qorunması, azad mətbuatın inkişafı, ictimai-
siyasi həyatın bütün sahələrində demokratiyanın bərpası böyük tarixi hadisə idi.
Azərbaycan Milli Qurtuluş hərəkatının tanınmış ideoloqu M. Ə. Rəsulzadə 1953-
cü ildə “Amerikanın səsi” radiosu ilə xalqımıza müraciətində müstəqil
cümhuriyyətimizin fəaliyyətini belə xarakterizə edirdi: “...28 Mayıs 1918-də
istiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi.
Eyni zamanda o, zəmanəyə hakim olan şüarından istifadə edirdi. “Hər millət öz
müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunu xalqın ümumi rəyinə
uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərində qurulan milli Azrbaycan
höküməti az zamanda məmləkətdə çox böyük işlər gördü”. (196, s.302)
27 aprel hadisəsindən sonra Azərbaycan xalqı bolşevik rejimi və işğalçılıq
siyasəti ilə razılaşmadı. İlk günlərdən başlayaraq, gizli təşkilatların yaradılması,
meqavimət hərəkatının güclənməsi sübut edir ki, xalqımız nə bolşeviklərin, nə
Bakıdakı türk zabitlərinin (bu zabitlər XI Ordunun işğalçılıq planına inanmayaraq,
onun Anadolunun xilasına getdiyini israr edirdilər – N. Y.), nə də XI Ordunun
aldadıcı planlarına inanmamış, fəaliyyətini təcavüzə qarşı mübarizəyə
yönəltmişdir. Bu fəaliyyət nəticəsində Sovet hökümətinin Azərbaycandakı bütün
işləri diqqətlə izlənilir, onların hər yalan şüarı gizli təşkilatlar tərəfindən təkzib
edilirdi. Orta və ali məktəblərdə güclü təbliğat işləri aparılır, Sovet hakimiyyətinin
işğalçı məqsədi adamlara anladılırdı. Hər baxışdan güclü təbliğatçılar yetişdirmək
üçün gizli siyasi kurslar və məktəblər açılırdı. Sovet höküməti gizli təşkilatları
nüfuzdan salmaq, onları mənən süquta yetirməkdən ötrü təxribat xarakterli
təbliğatdan, (84, s. 41) işgəncə və əzab üsullarından istifadə etsə də, (173) adamları
mübarizədən çəkindirə bilmirdi. Gizli təşkilatların, xüsusən Müsavat Partiyasının
fəalları qapalı mətbəədə “İstiqlal” qəzetinin (184, s.26) və o zaman milli tarixi
günlərimizlə bağlı çap olunan bəyannamələri (202, 155, s. 30-31) xalq arasında
yayırdı. Azərbaycanda kommunist-rus işğalına etiraz xarakteri daşıyan 1920-1937-
ci illər tarixləri arasında müxtəlif zamanlarda yayımlanan bu bəyannamələr (150, s.
21) böyük həyəcanlara səbəb olur, sovet idarələrini qorxuya salırdı.
Bu illərdə bolşevik rejiminə qarşı Azərbaycanda aparılan mübarizəni 4
mərhələyə bölmək mümkündür. Birinci mərhələ - 1920-23-cü illərdir. Bu
mərhələdə müsavatçılar və ittihadçılar birləşərək Gürcüstanda menşeviklər,
Dağıstanda isə antisovet qiyamçılarla əlaqəyə girib kütləvi silahlı üsyanlar təşkil
etmişlər”. (133, s. 15)
İkinci mərhələ - 1923-26-cı illəri əhatə edir. Bu mərhələ 1920-23-cü illərdə
ciddi məğlubiyyətlərə uğrayan Müsavatın öz taktikasını dəyişərək daha ehtiyatla
hərəkət etməsi ilə müşahidə olunur.
Üçüncü mərhələ - 1926-31-ci illəri əhatə edir. Bu mərhələdə SSRİ ilə
İngiltərənin münasibətlərinin kəskinləşdiyi vaxtda Azərbaycanın daxilində silahlı
üsyan cəhdləri də artır.
Dördüncü mərhələ - 1931-37-ci illəri əhatə edir. Bu dövrdə aparılan
mübarizədə mütəşəkillik olmasa da, Azərbaycan ziyalıları milli ideologiyanın əsas
daşıyıcıları kimi çıxış edirlər. (133, s.15)
Qeyd edək ki, Azərbaycanın işğalının ilk illəri qanlı icraat rejiminin ən
təhlükəli dövrüdür. Yalnız “... 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27
albay və polkovnik-leytenant, 46 kapitan, ştabskapitan, poruçik və podporuçik, 146
praporşik, 266 nəfər başqa işçilər güllələnmişdir. 1920-ci il aprelin 28-dən 1921-ci
ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı oldu”.
(216, s.87)
M.Ə. Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı
Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi”. (196, s. 163)
Pankratov XI Ordunun Siyasi Şöbəsinin rəisi idi. Ümumiyyətlə isə, Azərbaycanda
üç əsas təşkilat fəaliyyət göstərirdi: 1) XI Ordunun Pankratovun başçılığında olan
Xüsusi şöbəsi – “Osobı Otdel”. 2) “Azərbaycan ÇK-sı”. 3) XI Ordunun İnqilabi
Tribunalı.
Qızıl Ordu qərargahının həmin ildə əsgərlərə göndərdiyi şifrəli (N6)
teleqramdakı təlimatda isə yazılmışdı: “Döyüşdə inadkar və cəsarətli ol!.. Bil ki,
sən Sovüet hökümətini qurmusan. (77, v.1)
Tanınmış Azərbaycan mücahidlərindən olan Ə. Yurdsevər “Azərbaycan
İstiqlal savaşından səhnələr” adlı xatirələrində həbsdə olarkən bir bolşevik-çekistin
ona dediklərini belə ifadə edir: “Biz istəsək, 58-ci maddəyə istinad etməklə eyni
məhbusu, cinayət dərəcəsi nə qədər ağır və ya yüngül olmağına baxmayaraq, edam
etdirir, sürgünə göndərir, məcburi əmək koloniyalarına göndərir və yaxud büsbütün
sərbəst buraxırıq! Biz burjua hakimləri kimi qanunun mahiyyətinə yox, inqilabçı
vicdanımıza və duyğumuza görə hökm veririk”. (201, s.9)
Bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda bolşevik rejiminə qarşı
şərəfli və ağır istiqlal mübarizəsi aparılırdı.
Digər tərəfdən, xalqın etiraz müqaviməti artır, Azərbaycanın bütün
bölgələrini silahlı üsyanlar bürüyürdü. Azərbaycanda Sovet hökümətinə qarşı baş
verən ən güclü silahlı üsyan 1920-ci ilin mayında Gəncədə oldu. (92) Gəncə üsyanı
zamanı XI Qızıl Ordudan 8500, Milli Ordumuzdan və mülki əhalidən isə 8000-
13000-ə qədər adam həlak oldu. M.Ə. Rəsulzadə bu üsyanla bağlı belə yazırdı:
“Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı, knyaz Sisyanovla
parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə
də özünü göstərdi”. (183, s.70)
Sovet hökümətinin xalq üsyanlarına və müqavimət hərəkatına qarşı
göstərdiyi cinayəti tanınmış yazıçı Y.V. Çəmənzəminli belə ifadə edirdi: “Yaxmaq,
yıxmaq və öldürmək!” – şüarı hər yerdə hökmfərmandır”. (102, s.42)
Eyni zamanda, hərbi hissələrdə də ciddi təbliğat işləri aparılır, əsgərlərin,
zabitlərin mövcud rejimdən narazılığı gücləndirilirdi. 1927-ci ildə “Gizli Müsavat”
təşkilatı Sovet Ordusundakı Azərbaycan əsgərlərinə müraciətlə onları Qızıl
Ordunun və bu ordunun başçıları olan bolşeviklərin istismarçı məqsədi ilə tanış
edirdi. (89) Bolşeviklər gəncləri kommunist ruhunda tərbiyə etmək, millət, din
əleyhinə mübarizədə yetişdirmək üçün məqsədyönlü “Allahsızlar cəmiyyəti”
yaradıb, mətbu orqan nəşr etsələr də, xalqın müqavimətini dayandıra bilmədilər.
1929-cu ilin sonlarından Azərbaycanda kütləvi kəndli üsyanları alovlandı.
Sovet hökümətini ciddi sarsıdan bu üsyanlar haqqında Almaniyanın, Fransanın,
İsveçrənin, İngiltərənin mətbuatında da yazılar çap olundu. Üsyan Azərbaycanın
bütün vilayətlərini bürüdü. Zaqatala, Şəki, Qazax, Gəncə, Naxçıvan, Qarabağ,
Muğan, Salyan, Lənkəran, Göyçay, Ağdaş, Şirvan, Quba vilayətlərində üsyanın
dalğası daha güclü idi. Bu üsyanları yatırmaq məqsədi ilə Moskva Azərbaycana
yeni rus əsgərləri, 2000-dən çox “çekist” göndərdi. (170) Bir çox mahallarda
kəndlilər Moskvadan göndərilən nümayəndələri ya döyür, ya da öldürürdülər.
Salyanda aparılan səyyar məhkəmədə aydınlaşmışdı ki, Moskvanın Azərbaycanın
Muğan və Mil bölmələrində apardığı ruslaşdırma siyasətinə qarşı bir qiyam olmuş,
kəndlilər Kür bəndlərini açaraq bütün əkinləri, rus mühacir kəndlərini məhv
etmişdilər. (88)
Azərbaycanda mövcud qaydalardan narazılıq artırdı. Tez-tez baş verən
kəndli qiyamları, partizan hərəkatı davam edirdi. Gəncəbasarda, Cəbrayılda,
Ağdamda, Şəkidə, Qazaxda, Naxçıvanda, Qubada böyük partizan dəstələri
mübarizə aparırdı. Partizanlara ərzaq və geyimlə yardım etdiklərinə görə 200
azərbaycanlı qadın həbs edilib Rusiyaya göndərildi. Onların arasında qoca və
hamilə qadınlar, 16-17 yaşlı qızlar da vardı. (90)
Sovet höküməti Azərbaycanı ruslaşdırır, milli kadrları mühüm vəzifələrə
yaxın buraxmırdı. Aşağıdakı cədvəl Sovet hökümətinin “ruslaşdırma” siyasətinə
əyani bir sübutdur.
Türklərin (azərbaycanlıların) ümumilikdə nisbəti:
1.
Azərbaycan Baş İqtisad Şurasında – 1928-ci ildə türklər yüzdə 31, 1931-
ci ildə isə yüzdə 22 olmuşdur.
2.
Sığorta idarəsində - 1928-ci ildə türklər yüzdə 12, 1929-cu ildə yüzdə
16, 1931-ci ildə yüzdə 14.
3.
Azərbaycan Petrol Komitəsində - 1928-ci ildə türklər yüzdə 67, 1931-ci
ildə isə yüzdə 39-a enmişdir.
Qeyd edək ki, Azərbaycandan on minlərlə insanə həbs edib “ölüm
düşərgəsi” adlanan Solovkiyə göndərir, orada ağır işlərdə məcburən çalışdırır,
məhv edirdilər. (15, 16, 17, 235)
Qeyd olunmalıdır ki, bu illərdə Azərbaycan kəndində sosial-siyasi proseslər
də olduqca mürəkkəb idi. Sovet dövlətinin yeritdiyi siyasət (xüsusən
kollektivləşmə siyasəti) insanlarda ciddi narazılıq doğurur, əhalinin hökümət
dairələrinə qəzəbini artırırdı. Uğursuz “NEP”-dən sonra dolanışığı daha da
pisləşmiş əhali kollektivləşməni qəbul etmək istəmirdi. Sovet höküməti isə bütün
imkanlarından istifadə edib kənddəki sosial-siyasi prosesləri nəzarətində
saxlamağa çalışırdı. Bu məqsədlə də yeni hakimiyyət kəndliləri sosializm
quruluşuna cəlb etmək üçün kooperativləşmə, kredit verilməsi, vahid kənd
təsərrüfat vergisi, yer quruluşunda güzəştlər, yoxsul fondunun yaradılması və s.
tədbirlərdən istifadə edirdi. (134, s. 126)
Digər tərəfdən Sovet hökümətinin kəndin varlı təbəqələrinə qarşı 1930-cu
ilin yanvarın 5-də qəbul etdiyi ölüm hökmü haqqındakı qərar da vəziyyəti daha da
gərginləşdirmişdi. Məhz bu səbəblərdən kəndli öz əmlakını, mənliyini və ən əsası
varlığını qoruyub saxlamaq üçün müqavimət göstərməli idi. (134, s. 134)
Kollektivləşmə siyasətinin törətdiyi acı nəticələri müxtəlif rəqəmlərlə
göstərmək mümkündür. Bu siyasətin nəticəsində Azərbaycanda yüzlərlə adam
öldürüldü, minlərlə insan uzaq yerlərə sürgünə göndərildi. Xarici ədəbiyyatlarda
göstərilən rəqəmlərə diqqət edək: elliklə kollektivləşmə zamanı 13 milyon adam
məhv olmuşdur ki, bundan 7 milyonu acından ölmüşdür. Digər məlumatlara görə
isə acından ölənlərin sayı 3-4 milyon olmuşdur. (134, s. 152)
Sovet dövlətinin apardığı kollektivləşmə siyasətinin ağır nəticələri haqqında
V. Surorovun və Robert Konkvestin kitablarında isə daha çox rəqəmlər göstərilir.
Bildirilir ki, kollektivləşmə nəticəsində Sovet İttifaqında 10-16 milyon insan həlak
olmuşdur. (334, s. 40). Qeyd edək ki, Stalin həmin dövrdə Sovet hökümətinin
xaricə 5 milyon taxıl satdığını bildirirdi.
Bundan əlavə, Sovet hökümətinin mənəvi-əxlaqi, xüsusən dini sahədə
apardığı siyasət insanların ciddi narazılığına səbəb olurdu. Əsrlər boyu İslam
dininə sitayiş etmiş, məscidə Allah evi kimi baxmış, “Allahu-Əkbər” sədası ilə
yaşamış əhali “dinsiz” bolşevikləri qəbul etmirdilər.
Azərbaycan İnqilab Komitəsi 1920-ci ilin mayın 5-də verdiyi “Torpaq
haqqında dekret”i ilə bəy, xan, məscid və kilsə torpaqlarının milliləşdirilməsini
elan etdi. (134, s.110) Bu, əslində İslam qaydalarına zidd bir hərəkət idi.
1924-cü ildə Bakıda dinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə
“Allahsızlar cəmiyyəti” yaradıldı. Cəmiyyətin qarşısında duran başlıca vəzifə isə
bundan ibarət idi: bütün şüurlu fəhlə və kəndliləri mübariz ateizm bayrağı altında
birləşdirmək, zəhmətkeşləri dini xurafatdan uzaqlaşdırmaq və onlarda materialist
dünyagörüşü formalaşdırmaq.
1926-cı ildə “Allahsızlar cəmiyyəti”nin Bakı Bürosu yanında Azərbaycan
dilində dinə qarşı üç aylıq axşam kursları açıldı və həmin ilin martında “Allahsızlar
cəmiyyəti”nin birinci Ümumbakı konfransı çağırıldı. (134, s. 112)
Beləliklə, 20-30-cu illərdə din xadimləri nəinki mətbuatda təhqir olunur,
eyni zamanda amansız təqiblərə məruz qalırdılar. “Kommunist” qəzetində isə belə
başlıqlarla yazılar çap edilirdi: “Molla gəmirir, heyvan tükünü tökür”, “Onların
saqqalını dartıb çıxarın” və s. (134, s. 115)
Aparılan siyasət nəticəsində din xadimlərinin əksəriyyəti öldürüldü,
qalanlarından bir qismi peşəsini dəyişdi, bir qismi isə xarici ölkələrə qaçdı.
Bu illərdə Azərbaycanda çoxlu sayda məscidlər dağıdıldı, bəzilərini isə
kluba, kitabxanaya, mədəniyyət evlərinə çevirdilər. 1929-cu ilin aprelin 9-da
Azərbaycan K(b)P və Bakı Komitəsinin birgə Plunumunda bildirilirdi ki,
respublikada 400-ə qədər məscidin bağlanması əhali tərəfindən narazılıqla
qarşılanıb. (78, v.89)
Bolşeviklər İslamın mühüm şərtlərindən olan Orucluğa, Ramazana qarşı da
çıxır, mətbuatda, qəzetlərdə bununla bağlı felyetonlar, hekayələr, müxtəlif formalı
yazılar çap etdirirdilər.
Beləliklə, 20-30-cu illərdə iqtisadiyyatda, sənayedə, təhsildə, mədəniyyətdə
“inqilab” edən Sovet höküməti dinə, milli adət-ənənələrə qarşı da barışmaz
mübarizə aparırdı.
Azərbaycanın güclə ruslaşdırılması, tarixi mədəniyyətinin, adət və
ənənələrinin boğulub məhv edilməsini Azərbaycan Milli Qurtuluş hərəkatının
ideoloqu M.Ə. Rəsulzadə belə ifadə edirdi: “Sovetlərdə indi müdhiş bir rus-
bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul
etməyənlər, buna müqabil millətlərarası mədəniyyət dəyərlərini qiymətləndirənlər
kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”. (182, s.129)
Qeyd edək ki, Azərbaycanı işğal yolu ilə tabeçiliyinə keçirmiş Sovet
höküməti qatı şəkildə ruspərəst və ermənipərəst siyasət yeridirdi Bu siyasətin ən
qorxulusu və təhlükəlisi Azərbaycan torpaqlarının alınıb hissə-hissə Ermənistana
verilməsi idi. 1923-cü ildə Azərbaycan ərazisində qondarma Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradıldıqdan sonra digər ərazilərimiz də ermənilərə verilməyə
başladı. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli
iclasında (2 saylı protokol, bənd 5) Mehri-Cəbrayıl qəzasından 24 kəndin, 1927-ci
ildə 20 iyun tarixli iclasında (18 saylı protokol, bənd 1) isə Zəngəzur-Kürdüstan
qəzasının 1.065 kv m ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri
müzakirə edildi. Yenə də qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-
də M. Slayakanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D. Bünyadzadə, M.
Bağırov və Ş. Yaqubovun iştirakı ilə keçirilən iclasında (3 saylı protokol) Mehridə
erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun 3 kəndi – Nüvədi, Ernəzur
və Tuğut Ermənistana verildi. (167, s. 334-335)
Sovet hökümətinin Azərbaycanda yeritdiyi bu siyasət əhalini narazı salır,
qəzəbləndirirdi.
Qeyd edək ki, Sovet hakimiyyətinin mövcudluğunu əslində bu təşkilatlar
təmin edirdi: ÇK, QPU, OQPU, NKVD, KQB. Bolşeviklər bu təşkilatların vasitəsi
ilə özlərinin az qala nəzəriyyədə əsaslandıracaqları “kütləvi terror”u tətbiq
edirdilər. İstər Lenin, istərsə də Stalin “kütləvi terror”un zəruriliyini dəfələrlə
vurğulamışlar. Yuxarıda qeyd etdiyimiz kimi, Lenin “individual (fərdi) terror”un
fəhlə hərəkatına zərər verəcəyini bildirərək “kollektiv terror” sisteminin tətbiqini
vurğulayırdı. Bolşeviklərin yolu həqiqətən yalanlarla, cinayətlərlə və demaqogiya
ilə müşahidə edilirdi. (319)
Qeyd edək ki, hələ 1917-ci ilin 7 (20) dekabrında V. İ. Lenin dzerjinskiyə
məktub yazaraq əksinqilabçılarla ciddi mübarizə ölçülərinin vacibliyini
vurğulamışdı. Həmin günü Xalq Komissarlar Soveti Ümumrusiya Fövqəladə
Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. (282, s.4) Komissiyanın ilk
sədri F. E. Dzerjinski oldu. “Daxili düşmən” axtarmağa (283, s. 104) daha çox
meylli olan bu təşkilat sonrakı illərdə QPU (Qosudarstvennoe Politiçeskoe
Upravlenie) – Dövlət Siyasi İdarəsi; OQPU (Osoboe Qosudarstvennoe Politiçeskoe
Upravlenie) – Xüsusi Dövlət Siyasi İdarəsi: KQB (Komitet Qosudarstvennoe
Bezopasnisti) – Dövlət Təhlükəsizlik Komitəsi adlanmışdır. Təşkilatın adı
ruscadan qısaldılaraq (Vserossieskao Çrezvıçaenao Komissio) “Çeka” şəklində
adlanırdı. Bu idarədə çalışanlara isə “çekist” deyirdilər. Təşkilatın adının bir neçə
dəfə dəyişilməsinə baxmayaraq mahiyyəti olduğu kimi qalırdı.
Bu təşkilatlar Azərbaycanda fövqəladə səlahiyyət sahibi olduğundan
istənilən cəzanı tətbiq edə bilirdilər.
1920-1930-cu illərdə Azərbaycanda çoxlu sayda gizli təşkilatlar, qurumlar
fəaliyyət göstərir, Sovet rejiminə qarşı müqavimət göstərirdilər. “Gizli Müsavat”
təşkilatından başqa “Gənc Azər” (əsas məramı – Azərbaycanın qəzalarında təhsil
alan gənclər arasında fəal millətçilik təşviqatını aparırdı) (123, s. 21-22) Bundan
əalvə, “Gənc Azər” təşkilatında gənc kadrlar – müsavatçılar hazırlamaq,
Azərbaycanda Sovet hakimiyyətini devirmək, Azərbaycanın Rusiyadan ayrılması
istiqamətində fəaliyyət göstərirdi.
Bu illərdə Azərbaycanda “Gənc Türkçülər Birliyi”, “Müstəqil Azərbaycan”
təşkilatı, “Azərbaycanı öyrənən cəmiyyət” ciddi fəaliyyət göstərirdi. Qeyd edək ki,
bu qurumların əksəriyyəti müsavatçılar tərəfindən yaradılırdı. “Azərbaycanı
öyrənən cəmiyyət” o dövrdə yeni əlifba ilə nəşrə mane olmaq üçün ciddi iş
aparırdı. (203, s. 61)
Mühacirətdə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılar müxtəlif
vasitələrlə Azərbaycandakı hadisələrə təsir göstərirdilər. M. Ə. Rəsulzadənin 1923-
cü ildən Türkiyədə nəşr etdiyi jurnallar (“Yeni Qafqaziya”, “Azəri Türk”, “Odlu
Yurd” və b.) İrandan Masallıya, oradan isə Bakıya gətirilir, əhali arasında yayılırdı.
Beləliklə, İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycan əhalisinin böyük
əksəriyyəti mövcud rejimdən narazı qalaraq, Sovet hökümətini qəlbən
dəstəkləmirdilər.
II. SOVET ĠTTĠFAQININ BÜTÜN BÖLGƏLƏRĠNDƏ
NARAZILIQLAR, QIRĞINLAR,
HƏBSLƏR
Sovet dövlətinin yeritdiyi siyasət yalnız Azərbaycanda deyil, ölkənin bütün
yerlərində xalq kütlələrinin ciddi narazılıqları ilə qarşılanırdı. Rusiyada,
Ukraynada, Gürcüstanda və başqa bölgələrdə tez-tez hökümət əleyhinə çıxışlar,
üsyanlar olurdu. Sovet hökümətinin bu üsyanları və narazılıqları amansız üsullarla
boğmasına baxmayaraq, kütlənin etiraz partlayışı hər an gözlənilirdi.
“Arqumentı i faktı” qəzetinin 1989-cu ildə çap edilən saylarında stalinizmin
ümumi qurbanlarının sayı 40 milyona qədər göstərilirdi. (220) 1939-cu ilin
yanvarın 1-dən “QULAQ”dakı 1.317195 dustağın 830.491-i rus, 181.9050i
ukraynalı, 44.785-i belorus, 24.894-ü tatar, 24.499-u özbək, 19.758-i yəhudi,
18.572-i alman, 17.123-ü qazax, 16.860-ı polyak, 11.723-ü gürcü, 11.064-ü
erməni, 9352-i türkmən, 4874- ü başqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox
millətin nümayəndələri idi. (221)
Həbs edilənlərin yaş həddi belə idi (1940-cı il martın 1-i): 18 yaşdan az
olanlar – 1,2%; 18-dən 21 yaşa qədər olanlar – 9,3%, 22-dən 40 yaşa qədər olanlar
– 63,6%; 41-dən 50 yaşa qədər olanlar – 16,2%; 50 yaşdan yuxarı olanların sayı –
9,7%. Böyük Vətən müharibəsinə qədər məhbusların 93 faizini kişilər, 7 faizini isə
qadınlar təşkil etdiyi halda, 1944-cü ilin iyulunda 74 faizi kişilər, 26 faizi isə
qadınlar təşkil edirdi. (221)
Yalnız 1927-ci ildən 1929-cu ilə qədər Sovet İttifaqının həbsxanalarında,
siyasi təcridxanalarında və sürgündə bir milyona qədər insan vardı. BU insanların
çoxu müxalifətdə dayanan partiya üzvləri, sovet müəssisələrində vicdanla çalışmış
“burjua” mütəxəssisləri idi. Bütün respublikalardakı həbsləri, adətən “millətçilər”,
“NEP-əleyhdarları” adı altında aparırdılar. Kənd yerlərində isə veteranları,
aprotexnikləri, kooperatorları həbsə alırdılar.
1930-1932-ci illərdə bütün varlı kəndlilərə sarsıdıcı zərbələr vuruldu. Evlər
və əmlaklar yeni yaradılan kolxozlara verildi. Onların (yəni “ortabab” və
“mülkədar”ın) ailələri isə məcburi olaraq Sibirə, Urala, şimala – Arxangelsk
vilayətinə, Kol yarımadasına, Komi Muxtar Respublikasına göndərildi. Şahidlərin
ifadəsinə görə, varlı kəndlilərin yalnız az hissəsi əvvəlcədən əmlakını satıb şəhərə
qaça bilmişdi. Qalanlarını isə köçürmüşdülər. Bunun nəticəsində yalnız bu dövrdə
6-7 milyon insan stalinizmin qurbanına çevrildi.
1933-cü ildə bir milyondan çox kəndli başqa yerlərə sürgün edildi.
Çoxlarının düşündüyünün əksinə olaraq məcburi yaradılmış kolxozlar tez bir
zamanda ölkəyə lazım olan çörəyi və ərzağı verə bilmədi. Taxıl və heyvandarlıq
məhsulları istehsalı kəskin olaraq azaldı. 1932-ci ilin payızından bütün taxıl
rayonlarında aclıq başlandı. Müxtəlif müəlliflər bu illərdə acından ölənlərin sayını
3 milyondan 10 milyona qədər göstərirlər. Ümumilikdə isə, 1932-1933-cü illərdə
acından ölənlərin sayını 6-7 milyon olaraq qəbul etmək mümkündür. Daha 1,5-2
milyon yoxsul kəndlinin kolxoz-kooperativ mülkiyyətə zidd mövqeyinə görə həbs
olunduğu təsdiqlənməkdədir.
1935-ci ildə yeni kütləvi qırğın kampaniyası başlandı – Moskvadan və
Leninqraddan “başqa, yad sinfi” elementlər köçürüldü. Keçmiş zadəgan, tacir,
kapitalist və məmur ailələri ayrı-ayrı əyalət şəhərlərinə köçürüldülər. Belə
köçürülmüşlərin sayı 1milyon miqdarında idi.
1937-1938-ci illərdə “yejovçuluq və böyük terror” dövründə kütləvi qırğına
– 5-7 milyon insan məruz qaldı. Qırğına məruz qalanların bir milyona qədəri
partiya üzvləri idi. Belə şəraitdə həbs edilən partiya üzvlərinin 80 faizi inqilaba
qədər təşkilata üzv olanlar idi və çoxu həm də partiya, dövlət və təsərrüfat fəalı,
hərbi rəis və ziyalı kimi Sovet hökümətinə xidmət etmişdilər.
1937-1938-ci illərdə həbs edilənlərin, demək olar ki, 1 milyonu
güllələnməyə məhkum edildi, qalanları isə düşərgələrə göndərildi. Həbs
düşərgələrinə göndərilənlərin çox az hissəsi reabilitasiya dövrünə kimi sağ qaldı.
1939-cu ildə Qərbi Ukraynada və Qərbi Belorusiyada kütləvi qırğınlar
keçirildi. 1940-1941-ci ildə Pribaltikada, Bessarabiya və Şimali Bukovində kütləvi
qırğınlar keçirildi və yalnız onların böyük bir hissəsi respublika hakimiyyəti
orqanlarının qərarı ilə 1987-1988-ci illərdə bəraət aldılar. Bəraət alanların sayı 1
milyona yaxın idi. (220) Bu dövrdə 2 milyondan çox sovet almanı köçürülmüşdü
ki, onlardan 500 mini Povoljya almanlarının muxtar respublikasına aid idi.
Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1943-1944-cü illərdə Şimali Qafqaz
və Krım xalqlarından – kalmıklar, çeçenlər, inquşlar (318), qaraçay və krım
tatarları zorla şərqə köçürüldülər. (234, 266) Doğma yurdlarından köçürülən
müsəlmanların ümumi sayı 3 milyon idi. Belə “cəzaya” məruz qalmış
köçürülənlərin 1 milyona qədəri şəraitsizliyə dözə bilməyib dünyasını dəyişdi.
Ölənlərin çoxu uşaqlar, qadınlar, qocalar və xəstələr idi.
1940-cı ildən başlayaraq ölkədə amansız və sərt qanunlar hökm sürməyə
başladı. Belə ki, üç dəfə işə 20 dəqiqə gecikməyə və bir iş buraxmağa görə fəhlələr
və qulluqçular məhkəməyə verilir, 3-5 il müddətinə həbs düşərgələrinə
göndərilirdi. Həbs düşərgələrində onları “ukaznik”lər adlandırırdılar və onların
arasında çoxu 16-17 yaşlı gənclər idi. Belə “ukaznik”lərin sayı 2-3 milyona yaxın
idi. (220)
Qeyd edək ki, müharibədən sonra da NKVD işçiləri keçmiş hərbi əsirlər və
işğal edilmiş torpaqlardan Almaniyaya məcburi aparılmış gənclər və işğal
ərazilərində yaşamış sakinlər arasında da ciddi “təmizləmə” işləri apardılar.
Bildiririk ki, belə insanların sayı 60 milyona yaxın idi. Bu adamların çoxu günahsız
idi və sadəcə, acından ölməmək üçün faşistlərin yaratdığı müəssisələrdə işləməyə
məcbur idilər.
Doğrudur, belə adamların çoxunu cəzalandırmayıb, ölkənin qərb
vilayətlərindəki təsərrüfatların bərpasında işlətdilər. Lakin işğal altında qalmış
ərazilərin, əksər sakinlərin müəyyən hüquqları məhdudlaşdırıldı, müəyyən hissəsi
isə həbs düşərgələrinə göndərildi. Belə cəzaya məruz qalmış insanların sayı 10-12
milyon idi. Bundan əlavə, İkinci Dünya müharibəsindən sonra ölkədə əsasən siyasi
səbəblərlə bağlı həbslər dalğası başlandı. Yalnız 1946-1953-cü illərdə bununla
bağlı 1-1,5 milyon insan həbs edildi.
Beləliklə, ölkədə aparılan “stalinizm” siyasəti nəticəsində təqribən 40
milyona qədər insan həlak olmuşdu. (220)
Yuxarıda qeyd etdiyimiz kimi, bu illərdə Stalinin əmri ilə bir çox xalqları
əsrlər boyu yaşadığı torpaqdan zorla qovur, sürgünə göndərir, Sibirdə,
Qazaxıstanda yaşamağa məcbur edirdilər. Şübhəsiz ki, xalqların zorla köçürülməsi
Sovet dövlətinin tarixinin ən faciəvi səhifələrindəndir. Moskvada, mərkəzi Dövlət
Arxivində və xüsusən “Stalinin xüsusi qovluğunda” 40-cı illərin “köçürülmələri”
ilə bağlı çoxlu sənədlər saxlanılmaqdadır. Bu materialların çoxu “Moskovskie
Novosti” qəzetində (1990-cı il) və “SSRİ tarixi” jurnalında (1991-ci il) nəşr
edilmişdir. Bu sənədlər bir daha Sovet dövlətinin və “stalinizm”in təhlükəli,
qorxulu məqamlarını açıqlayır. Qeyd edək ki, bu illərdə çoxlu sayda xalqlar kütləvi
olaraq köçürülməyə başladı. (295)
SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Köçürülənlər Şöbəsinin
1946-cı ilin oktyabrına hazırladığı ümumi arayışda göstərilirdi: “Xüsusi
köçürülənlər düşərgəsində ümumilikdə 2.463940 nəfər vardır. Onlardan 655674-ü
kişi, 829084-ü qadın, 979182-i 16 yaşına qədər olanlardır. Köçürülənlərin
əksəriyyəti aşağıdakı qaydada yerləşmişlər: Qazaxıstan SSR-də - 890698 nəfər;
Özbəkistan SSR-də 179992 nəfər; Kemerova vilayətində - 129423 nəfər;
Qırğızıstan SSR-də 120858; Molotov vilayətində - 115436; Sverdlov vilayətində -
113476; Krasnoyars vilayətində - 112316; Altay vilayətində - 35381; Novosibirsk
vilayətində - 92968; Tomsk vilayətində - 83276; Tümendə - 566111;
Çelyabinskidə - 51865; Omsk vilayətində - 44767. (295)
Bu qaydada zorla köçürülmələr, sürgünlər, demək olar ki, SSRİ-də yaşayan
bütün xalqları əhatə edirdi. Aşağıdakı rəqəmlərdə bu dəhşətli faciə görünməkdədir:
1) Çeçen və inquşlar – 400478 nəfər (97441 – kişi, 110818 – qadın, 191919 – 16
yaşına qədər olanlar); 2) Qaraçaylar – 60139 nəfər (10595 kişi, 16860 qadın, 32557
– 16 yaşına qədər olanlar); 3) Balkarlar – 32817 nəfər (6147 kişi, 10284 qadın,
16386 – 16 yaşına qədər olanlar); 4) Kalmıklar – 81673 nəfər (199506 kişi, 24143
qadın, 32997 - 16 yaşına qədər olanlar); 5) Krım tatarları, balkarlar, yunanlar –
193959 nəfər (43135 kişi, 68343 qadın, 82481 – 16 yaşına qədər olanlar); 6)
Almanlar – 774178 nəfər (122336 kişi, 296014 qadın, 355828 – 16 yaşına qədər
olanlar); 7) Türklər, kürdlər – 84402 nəfər (16353 kişi, 23277 qadın, 44772 – 16
yaşına qədər olanlar). (295)
Bu dövrdə ayrıca “vlasovçular” adı altında 95386 nəfər də sürgün edilmişdi.
Qeyd edək ki, bu məlumatları 1944-cü ilin 18 aprelində SSRİ Dövlət
Təhlükəsizliyi Xalq Komissarlığının 3-cü İdarəsinin rəisi hazırlamışdı.
Əlbəttə, bu ümumi rəqəmlər sırasına krım tatarlarının, mesxeti türklərinin,
çeçen və inquşların, qaraçayların, çərkəslərin faciələrini xüsusi ayırmağa ehtiyac
vardır. Məhz sovet dövlətinin apardığı siyasət həmin xalqların doğma yurdlarında
bir sakinin qalmasına imkan vermədi.
Krım tatarlarına qarşı sərt mövqeyi V. İ. Lenin Moskvadakı çıxışlarının
birində belə aydınlaşdırmışdı: “Hazırda Krımda 300000 burjuaziya nümayəndəsi
vardır. Bu, gələcək spekulyasiyanın, casusluğun, kapitalistlərə hər cür köməyin
mənbəyidir. Amma biz onlardan qorxmuruq. Biz deyirik ki, onları götürəcəyik,
böləcəyik, tabe etdirəcəyik”. (284, s. 511)
Mustafa Haqqı Türkəqul “Kafkasiya” dərgisində yazırdı: “Fransız Xristian
İşçilər Federasiyası tərəfindən Parisdə yayımlanan “Russkaə mıslı” dərgisinin
1947-ci il 8 noyabr tarixli nüsxəsində nəşr olunan statistikaya görə kommunistlərin
hakimiyyətinin quruluşundan 1947-ci ilə qədər Sovetlər Birliyində 62 milyondan
artıq insan məhv edilmişdir”. (168, s.10, 19-20)
Həmin statistikada aşağıdakı rəqəmlər vardır:
1)
1917-1921-ci illərin vətəndaş müharibələrində, yəni Türküstan, Azərbaycan,
Gürcüstan, Ermənistan, Şimali Qafqaziya və Ukraynada öz istiqlalı uğrunda
apardığı mübarizədə rus imperialistləri tərəfindən 4500 000 (dörd milyon beş yüz
min) adam öldürülmüşdür.
2)
1918-1919-cu illərdə Finlandiya, Litva, Latviya və Estoniyaya qarşı imperialist
hərblərdə 160 000 adam öldürülmüşdür.
3)
1925-1931-ci illərdə Çinə qarşı aparılan imperialist hərblərdə 30 000 adam
öldürülmüşdür.
4)
1936-cı ildə İspaniya daxili hərbində 85 000 adam öldürülmüşdür.
5)
1939-cu ildə Polşa və Finlandiyaya qarşı imperialist hərblərdə 463 min adam
həlak olmuşdur.
6)
1941-1945-ci illərdə Almaniya ilə olan hərbdə 13 milyon adam həlak olmuşdur.
7)
1921-1923-cü illərdə aclıq illərində 6 milyon adam həlak olmuşdur.
8)
1921-1922-ci illərdə “ÇK” tərəfindən 160 000 adam öldürülmüşdür.
9)
1921-1922-ci illərdə öldürülən kazakların sayı – 74 000 nəfər.
10)
1921-1922-ci illərdə öldürülən polis məmurlarının sayı – 50 000 nəfər.
11)
1921-1922-ci illərdə öldürülən kəndli və fəhlələrin sayı – 1 milyon 300 min
nəfər.
12)
1923-1930-cu illərdə - “ÇK” və “QPU”-da öldürülənlərin sayı – 2 milyon
nəfər.
13)
1930-1933-cü illərdə kollektivləşmə dövründə öldürülənlərin sayı – 7 milyon
nəfər.
14)
Yenə həmin illərdə “qolçomaq”, “sabotajçı” adı ilə güllələnlərin sayı – 750 min
nəfər.
15)
1933-1937-ci illərin təmizləmələrində “QPU” və “NKVD” tərəfindən
güllələnənlərin sayı – 1 milyon 600 min nəfər.
16)
1937-1938-ci illərin qırğınında güllələnən ziyalı, fəhlə və kəndlilərin sayı – 635
min nəfər.
17)
1937-1938-ci illərin qırğınında güllələnmiş kommunist üzvlərin sayı – 24 min
nəfər.
18)
1937-1938-ci illərin qırğınında öldürülən Qızıl Ordu mənsublarının sayı – 30
min nəfər.
19)
1938-1947-ci illərdə “NKVD” tərəfindən öldürülən din adamlarının sayı – 30
min nəfər.
20)
1938-1947-ci illərdə “NKVD” tərəfindən öldürülən Qızıl Ordu mənsublarının
sayı – 23 min nəfər.
21)
1917-1947-ci illər arasında sürgünlərdə və həbsxanalarda ölən və
öldürülənlərin sayı – 21 milyon nəfər.
Şübhəsiz ki, belə bir rejim, amansız və qanlı terror hərəkətləri, qırğınlar,
ölümlər Sovet İttifaqının sərhədləri daxilində yaşayan bütün xalqları narazı
salmışdı və çoxları bu quruluşdan çıxmaq üçün imkanlar axtarırdı.
Dostları ilə paylaş: |