V BÖLÜM
ALMAN-SOVET MÜHARĠBƏSĠNĠN BAġLANMASI. STALĠNĠN
SƏHVLƏRĠ. AZƏRBAYCANLILARIN ORDU HĠSSƏLƏRĠNDƏ
ĠNCĠDĠLMƏSĠ. SOVET ƏSGƏRLƏRĠNĠN KÜTLƏVĠ OLARAQ
ALMANĠYA TƏRƏFĠNƏ KEÇMƏSĠ
1941-ci ilin iyunun 22-də Brestdəki sərhəd körpüsündən Sovet İttifaqından
Almaniyaya taxıl aparan qatar keçdikdən bir neçə dəqiqə sonra saat 3.30-da
Almaniya qoşunları SSRİ üzərinə hücuma keçdi.
Stalinin hücumdan xəbərinin olmadığı doğru deyildi. Qeyd etdiyimiz kimi,
əvvəla Stalin özü Almaniya üzərinə hücuma hazırlaşırdı, sadəcə Hitler onu
qabaqladı. V. Suvorov “Buzqıran” kitabında bunu faktlarla sübut edirdi. Gizli hərbi
səfərbərliyi artıq iki ilə yaxın idi həyata keçirən Stalin müharibəyə ciddi olaraq
hazırlaşırdı.
Müharibənin başlanğıcında və ona qədərki dövrdə Stalinin yol verdiyi
səhvlər, şübhəsiz ki, sovet xalqına ağır itkilərlə başa gəldi. Həmin səhvləri qərb
tədqiqatçıları ilə yanaşı sovet mənbələri də sonradan təsdiqlədi.
Sov.İKP tarixində bu nöqsanlar belə açıqlanırdı: “Alman qoşunlarının sovet
sərhədləri yaxınlığına toplandığı və Almaniyanın SSRİ üzərinə basqın etməyə
hazırlaşdığı haqqında səhih məlumat var idi. Lakin qərb hərbi dairələrinin
qoşunları döyüşə tam hazır vəziyyətə gətirilməmişdi. Stalin alman faşistlərinin
basqın etməsi üçün onların əlinə bəhanə verməkdən ehtiyat edirdi, toqquşmanı
diplomatik danışıq yolu ilə ləngidib təxirə salmaq ümidində idi. Faşist
təcavüzkarlarının ilk zərbələrini dəf etməyə Qızıl Ordunun hazırlaşdırılmasında
buraxılan səhvlər üçün müəyyən dərəcədə Xalq Müdafiə Komitəsi Komissarlığının
və Baş Ştabın rəhbərləri – S.K. Timoşenko və G.K. Jukov da məsuliyyət
daşıyırlar”. (187, s.531)
Oktyabr Sosialist inqilabının 50 illiyi münasibəti ilə Sov.İKP MK-nın
tezislərində nöqsanlara belə toxunulurdu: “Hitler Almaniyasının bizə nə vaxt
basqın edə biləcəyinin müəyyən edilməsində yol verilən səhvlər və bununla
əlaqədar olaraq ilk zərbələrin dəf edilməsinə hazırlıq işindəki nöqsanlar da rol
oynamışdı”. (87, s.20-21)
Marşal Q.K. Jukov xatirələrində yazırdı ki, müxtəlif mənbələrdən
almanların hücum edəcəyi haqqında Stalinə məlumatlar çatdırılırdı. SSRİ-nin
Almaniyadakı səfiri Dekanazovdan, Yaponiyadakı alman səfirliyində çalışan
Rixard Zorgedən, İngiltərə və ABŞ-da bu haqda müvafiq məlumatlar daxil olurdu.
Lakin Stalin bu informasiyalara ciddi yanaşmırdı. Q.K. Jukov yazırdı: “Stalin
düzəlməyən səhvlərə yol verərək, müvafiq orqanlardan daxil olan yalan
məlumatlara inanırdı” (256, s.365)
Ordu generalı S. M. Ştemenko da nöqsanların olduğunu etiraf edirdi:
“Əlbəttə, ordumuz və ümumiyyətlə ölkəmiz üçün böyük bədbəxtlik ondan ibarət
idi ki, Böyük Vətən müharibəsi ərəfəsində biz bir çox təcrübəli sərkərdəni
itirmişdik. Gənclər çətinlik çəkirdilər. Onlar lazımi təcrübəni döyüşlərin gedişində
qazanır və bu, onlara çox vaxt həddindən artıq baha başa gəlirdi”. (189, s.26)
Marşal A.M. Vasilevski də xatirələrində müharibə ərəfəsində nöqsanlara yol
verildiyini göstərirdi. (233, s.112)
Marşal A.A. Qreçkonun xatirələrində isə yazılırdı: “Bizim ordumuz
qoşunların materiallarla təmin olunmasının təşkilində böyük çətinliklər hiss edirdi.
Müharibənin ilk aylarında ağır texnika və silah cəhətdən olan ağır itkilərimiz,
ölkənin qərbindəki hərbi müəssisələrin şərqə məcburi köçürülməsi ucbatından əvəz
edilmirdi”. (245, s.81)
ABŞ-ın, İngiltərənin və Qərbi Almaniyanın tarixçiləri və generalları sübut
edirlər ki, Sovet Ordusu böyük qanlar bahasına qalib gəldi və Stalin hərbi
strategiyası ilə, çoxlu sayda insan itkiləri ilə Almaniyanı məğlub etdi. Amerikalı
polkovnik, ABŞ-ın Moskvadakı sabiq hərbi attaşesi Q. Vermont yazırdı ki, sovet
komandirləri olduqca tez-tez kütləyə üstünlük verirdilər. (246, s.155)
Keçmiş sovet zabiti, mayor Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski
Stalinin səhvlərini belə izah edirdi: “Bir-birinin ardınca yüksək rütbəli komandirlər
dəyişdirilirdi. Avqustun əvvəllərində şimal-qərb cəbhəsinin komandiri general-
polkovnik Kuznetsov işdən çıxarıldı, Kiyev Xüsusi Hərbi Dairəsinin komandiri
Sovet İttifaqı Qəhrəmanı Pavlov güllələndi. Hər gün yüzlərlə əsgər, zabit
digərlərini qorxuda saxlamaq üçün güllələnirdi. Odur ki, hamı istehza ilə deyirdi:
“Marşal və Sovet İttifaqı adından çekist gülləsinə qədərki məsafə - yalnız bir
addımdır”. Və nə üçünsə, Stalinə elə gəlirdi ki, cəza üsulları hələ kifayət deyildir,
odur ki, o, yenidən Komissarlar institutunu və XDİK-in xüsusi şöbələrini bərpa
edib onların ştat və hüquqlarını artırırdı” (362, s.26)
Keçmiş sovet kəşfiyyatçısı V. Suvorov isə Stalinin müharibə başlanarkən
yol verdiyi nöqsanları ciddi təhlil edirdi.
V. Suvorov göstərirdi ki, müharibə ərəfəsində istehsal edilən tanklar
əsasən Avropa ölkələrinin yolları üçün hazırlanırdı, yəni mürəkkəb iqlim şəraitinə
uyğun olan geniş manevrli deyildi. Və bu da onunla izah olunurdu ki, sovet
dövlətinin məqsədi Avropanı işğal etmək, Almaniyaya hücuma hazırlıq idi. Digər
tərəfdən, sovet aviasiyası hücum xarakterli idi və havada döyüşmək texnikasına
malik deyildi. Onlar yalnız yerdəki obyektlərə zərbə vurmağa qabil idi. Bu da
onunla aydınlaşırdı ki, sovetlərin məqsədi yalnız hücum xarakterli müharibəyə
hazırlaşmaq idi. (334, s. 183)
V. Suvorov Stalinin cinayət xarakterli digər nöqsanlarını da açıqlayırdı. O,
yazırdı ki, sənədlər sübut edir ki, müharibənin hər üç günü ərzində 92 hərbi
xidmətçi güllələnirdi. Yəni hər gün 30 nəfəri hərbi bölmənin və hərbi hissənin
sırası qarşısında güllələyirdilər.
V. Suvorovun açıqlamalarından məlum olur ki, SSRİ XDİKin xüsusi
şöbəsinin rəis müavini, Dövlət Təhlükəsizliyi Komissarı, 3-cü ranqlı Milşteynin
SSRİ XDİK-in Xalq Komissarı Beriyaya göndərdiyi məxfi arayışda öldürülənlərin
sayı olduqca çoxdur. Arayışda yazılmışdı: “Müharibə başlanandan oktyabrın 10-a
qədər XDİK xüsusi bölmələri və sərhəd qoşunları tərəfindən öz hərbi hissəsindən
və cəbhədən qaçmış 657 min 364 nəfər hərbi xidmətçi saxlanılmışdır. Xüsusi
şöbələrin qərarı və hərbi tribunalın hökmü ilə 10 min 201 nəfər güllələnmişdir.
Onlardan 3 min 321 nəfər hərbi hissə qarşısında güllələnmişdir. Ən çox güllələnmə
Şimali-Qərb cəbhəsində olmuşdur – dörd ay ərzində 730 nəfər”. (334, s.184)
Qrodno şəhərində vurulmuş hərbi təyyarədə heyət həlak olmuş, yalnız bir
nəfər – atıcı kiçik çavuş A.M. Şeqlov sağ qalmışdı. O, öz alayına qayıtdıqda həbs
edilmiş və vətənə xəyanət adı ilə güllələnmişdi. (280)
Sovet zabiti, general-leytenant N.Popelin əsir düşmüş macar albayı
Molnarla söhbətində maraqlı açıqlamalar vardı. Molnar deyirdi: “Mən gördüm ki,
siz öz həmvətənlərinizə necə qəddarlıqla yanaşırsınız. Sizdə əsir düşən hər kəs,
hətta ağır yaralı olsun belə, Vətən xaini sayılır. Sizin ölkəniz ki, 1929-cu ildəki
hərbi əsirlər haqqında olan məşhur konvensiyanı imzalamamışdır. Bu konvensiyanı
imzalamadan, sizin düşmən əsirliyində olan əsirlərlə bağlı öhdəliyiniz də yoxdur.
Mən bunu da başa düşmürəm”. Popel yazırdı: “Araya sakitlik çökdü. Yəqin, albay
mənim etirazlarımı gözlədi. Lakin mən özüm bu suallara cavab tapa bilmirdim”.
(314, s.74)
Müharibənin ilk illərində Sovet ordusunda vəziyyət dözülməz dərəcədə
ağır idi. Odur ki, döyüşqabağı əsgərlərin özünü güllələmə halları çoxalırdı.
Bununla əlaqədar Qızıl Ordunun Baş hərbi prokuroru Nosov bütün cəbhə və ayrı-
ayrı ordu bölmələrindəki hərbi prokurorlara özünü güllələmə hallarına qarşı ölüm
hökmü çıxarmağı əmr etdi. (315, s.246; 261, s.465)
Sovet Odusunun daxili xidmət Nizamnaməsində yazılırdı ki, sovet əsgəri
öz iradəsinin əksinə olaraq əsir düşə bilməz. Əgər əsir düşürsə, o, vətən xainidir.
Bəs maraqlı idi, əsir düşənlərin sayı nə qədər göstərilirdi? Arxiv materiallarından
və tədqiqat əsərlərindən məlum olurdu ki, müharibə illərində (1941-1945-ci illərdə)
əsgər paltarı geyinən 32 milyon nəfərin 5 milyon 734 min 528-i əsir düşmüşdü.
(348) Qızıl Ordudan əsir düşənlər ən çox aşağıdakı bölgələrdə olmuşdu: Belostok-
Minsk-1941-ci ilin avqustunda – 323 min; Uman-1941-ci ilin avqustunda – 103
min; Smolensk-Roslavl, 1941-ci ilin avqustunda – 348 min; Qomel-1941-ci ilin
avqustunda - 30 min; Demyansk - 1941-ci ilin sentyabrında - 35 min; Kiyev-1941-
ci ilin sentyabrında 665 min; Luqa-Leninqrad-1941-ci ilin sentyabrında – 20 min;
Melitopol - 1941-ci ilin oktyabrında - 100 min; Vyazma - 1941-ci ilin
oktyabrında - 662 min; Kerç - 1941-ci ilin noyabrında - 100 min;
İzyum-Xarkov-1942-ci ilin mayında - 107 min; Macarıstanda - 1945-ci ilin
fevralında - 100 min. (348)
Müharibə illərində iki milyon yarım insanın itkin düşdüyü bildirilirdi.
Onların müəyyən sayının Rusiyanın meşələrində və bataqlıqlarında itkin
düşdüyünü qəbul etsək, onda bəs qalanları hardadır?
Alman statistikası təsdiqləyirdi ki, əsir düşənlərin 280 mini düşərgələrdə
həlak oldu, 1 milyon 157 mini qaçmaq cəhdinə görə edam edildi, qalanları isə
Almaniyanın şaxtalarında, zavodlarında ağır işlərdə məhv oldu. 1941-ci ilin
noyabrından dekabrına qədərki dövrdə 400 min sovet əsiri həlak oldu. Müqayisə
olaraq götürdükdə, beşillik müharibə dövründə Almaniyada olan 235 min 473
amerika və ingilis hərbi əsirindən 8 min 348 nəfəri həlak olmuşdu. Bizim əsirlərin
belə çox sayda həlak olmasının səbəbi nə ıdi?
Qərb tədqiqatçıları sübut edirdilər ki, sovet əsirlərinin belə çox sayda
həlak olmasının səbəbi faşizmdə deyil, Stalin sisteminin özündə idi. Əsirlərin çoxu
acından həlak olurdu və onları xilas etmək mümkün idi. Lakin Stalin onları Vətən
xainləri adlandırmış və Beynəlxalq Qırmızı Xaç vasitəsi ilə ərzaq göndərməkdən
imtina etmişdi.
Həqiqətən də Sovet dövləti hərbi əsirlərin hüquqi statusunu
müəyyənləşdirən Cenevrə Konvensiyasını imzalamamışdı. (370, s. 31-164-166;
289, 293) Stalinin fikrincə, konvensiyadakı bəzi müddəalar dünyada “ən azad olan
ölkəsi”nin mənəvi-əxlaqi cəhətləri ilə uyğunlaşmırdı. Çünki, konvensiya
zəhmətkeşlər kimi hərbi əsirlərin hüququna təminat vermirdi: aşağı əmək haqqı,
istirahət gününün olmaması, iş gününün qeyri-müəyyənliyi, hərbi əsirlərin
xəbərdarlığı, saxlanılması və s.
Əlbəttə ki, bu, Stalinin ictimai fikri çaşdırmağa yönəlmiş növbəti
uydurmaları idi. Çünki, sovet əsir düşərgələrində hansı hüquqi normalardan
danışmaq mümkün idi?
Qeyd edək ki, 1941-ci ilin avqustunda Hitler Qırmızı Xaça Hammerşdatda
yerləşən sovet hərbi əsirləri düşərgəsinə getməyə icazə verdi. Yalnız bu.
əlaqələrdən sonra Sovet hökumətinə öz əsgər və zabitləri üçün ərzaq göndərmək
çağırışları ilə müraciət edildi. Lakin Moskva Cenevrə Konvensiyası normalarına
əməl etməyə hazır olduğunu bildirsə də, ərzaq göndərməkdən imtina etdi. Qırmızı
Xaç nümayəndələri Stalinin bu cavabını anlaya bilmədilər. Çünki, həmin vaxtda
Stalinin 1941-ci ilin avqustun 16-da verdiyi 270 saylı əmrdən xəbərləri yox idi.
Stalinin məlum 270 saylı əmrində yazılmışdı: “Əgər Qızıl Ordu hissəsi
müqavimət təşkil etmək əvəzinə, əsir düşürsə, onu bütün yer və havadakı
vasitələrlə məhv etmək lazımdır. Əsir düşmüş Qızıl Ordu əsgərlərinin ailəsi isə
dövlət yardımlarından və köməyindən məhrum edilməlidir. Əsir düşən komandir
və siyasi işçiləri fərari hesab etməli, andı pozmuş, vətəni satmış hesab olunan bu
fərarilərin ailəsi həbs edilməlidir...” (348)
Müharibə illərində Stalinin haqsızlığı o həddə çatmışdı ki, hətta həlak
olanları belə cinayətkar sayırdılar. General-leytenant Vladimir Kaçalov yanmış
vəziyyətdə 12 gün tankın içində qalmışdı. General haqqında verilən əmrdə isə
yazılmışdı: “Öz qərargahı ilə mühasirədə olarkən qorxaqlıq göstərib, alman
faşistlərinə əsir düşmüşdür. Kaçalovun dəstəsi mühasirədən çıxmış, general özü isə
əsir düşməyə, düşmənə fərarilik etməyə üstünlük vermişdir.” (348)
1940-cı ilin iyunun 4-də Qızıl Orduda general rütbəsi bərpa olundu və 966
zabitə bu yüksək ad verildi. Müharibə illərində isə 50-dən çox general əsir düşdü.
1945-ci ilin aprel-mayında müttəfıq qoşunları tərəfindən azad olunub Sovet
İttifaqına verilən Pavel Pondelin, Nikolay Kirillov kimi generallar sonradan
güllələndilər. Sovet İttifaqında yaşayan yüz minlərlə uşaq və qoca məhz ata və
oğulları əsir düşdüyündən acından öldülər, sürgünə göndərildilər. Mənbələrdə
göstərilirdi ki, sovet əsgərləri bir-birindən xahiş edirdilər ki, əgər həlak olsalar,
sağ qalanlar onların necə öldürüldüyünü gördüklərini təsdiqləsinlər. Yalnız bu
halda onların ailəsini incitmir, sakit buraxırdılar.
K. Simonov xatirələrində yazırdı ki, komandirlər əsgərlərə hətta istehkam
qazıb güllədən qorunmağı qadağan edirdilər. Səbəbi də belə izah olunurdu ki,
istehkam qazmaq əsgərin hücum ruhunu öldürür. (348)
Qeyd edək ki, müharibə başlandığı ilk gündən etibarən Azərbaycanın
şəhərlərində, rayon mərkəzlərində, qəsəbələrdə və kəndlərdə çağırış səfərbərlik
məntəqələri təşkil edilməyə başladı. (169, s.20) Respublikada yaradılan xalq
qoşunu dəstələrinə fəhlələr, kolxozçular və qulluqçularla yanaşı, alimlər, yazıçılar,
incəsənət işçiləri daxil edilirdi.
Azərbaycan K(b)P MK-nın rəhbərliyi ilə ordu hissələrində siyasi-tərbiyə
işləri aparmaq üçün bütün partiya işçiləri səfərbər edilirdi. Təbliğat işləri aşağıdakı
mövzuları əhatə etməli idi: 1) Bütün dünya zəhmətkeşləri SSRİ ilədir. 2) SSRİ-
dost xalqların böyük ailəsidir. 3) Azərbaycanın, Gürcüstanın, Ermənistanın
zəhmətkeşləri Sovet xalqlarının dost ailəsidir. (28, v.12)
Cəbhə bölgələrinə göndərilən mühazirəçilər bu mövzularda çıxış etməyə
məcbur idilər: 1) Sovet xalqının faşizmə qarşı mübarizəsi ən ədalətli müharibədir.
2) Stalin yoldaşın sərkərdəlik fəaliyyəti. 3) Rus əsgərinin Prussiya ilə yeddiillik
müharibədə qəhrəmanlığı və şücaəti. 3) Böyük rus sərkərdəsi Suvorov. 4) Vətəndaş
müharibəsinin qəhrəmanları - Çapayev, Şors, Kotovski. 5) Slavyan xalqlarının
alman faşizminə qarşı mübarizəsi. (28, v-22; 29, v-23; 30, v-25)
Göründüyü kimi, azərbaycanlı mühazirəçilər yalnız rusların və rus
sərkərdələrinin fəaliyyətini, qəhrəmanlığını təbliğ etməli idi. Azərbaycan xalqının
şanlı və şərəfli tarixinə aid olan onun qəhrəman oğullarının, şəxsiyyət və
sərkərdələrinin şücaətini təbliğ edən mövzulara isə imkan verilmirdi.
Maraqlıdır ki, müharibənin ilk illərində vətənpərvərlik ruhunda olan
əsərlərə ciddi ehtiyac olduğundan, süni yazılmış kitabların təsiri olmadığından
başqa xalqların hazır materiallarından istifadə olunması haqqında göstərişlər vardı.
Azərbaycan K(b)P MK-nın təbliğat üzrə katibi Q. Məmmədovun Zaqafqaziya
cəbhəsinin briqada komissarı Solomkoya göndərdiyi məktubda yazılırdı:
“Tamamilə məxfidir. Eyni zamanda Sizo Türkiyə yazıçılarının kütləni azadlığa və
ölkənin müstəqilliyinə çağıran əsərlərindən seçmələri də göndəririk. 17.XI.41.”
(31, v-46)
Sovet dövlətinin müharibənin ilk illərindənki göstərişləri və yeritdiyi
daxili siyasət də ikiüzlü idi. Məsələn, əsir düşən əsgərlərini “Vətən xaini”
adlandırır, onun taleyinə biganə qalır, digər tərəfdən isə aşağıdakı tapşırıqları
verirdi: “Azərbaycan K(b)P MK-nın təbliğat üzrə katibi Məmmədov yoldaşa. Ordu
komissarı, 1-ci ranqlı Mexlis yoldaşın tapşırığı ilə Xalq Xarici İşlər Komissarı V.
M. Molotov yoldaşın “Almaniya hökumətinin sovet hərbi əsirlərinə qarşı vəhşiliyi
haqqında” olan notasını hər bir əsgər və komandir üçün nəşr etmək. 100 min
tirajla. Azərbaycan dilində.” (32, v-48)
Cəbhə bölgələrində, hərbi hissələrdə və döyüş yerlərində azərbaycanlı
əsgərlərə qarşı kobud münasibətlər, nifrətlə yanaşmalar vardı. Rus şovinizmi
hissləri ilə yaşayan 3-cü taburun komandiri Ponomaryov açıqca bildirirdi: “Mən
onlarla döyüşə getməyəcəyəm”. (33, v-54) Yaxud əsgəri hissələrdə belə məzmunlu
şaiyələr yayılırdı: “Azərbaycanlılardan döyüşən çıxmaz”. (3, v-54) Belə
münasibətlər, şübhəsiz ki, döyüşçülərə mənfı təsir göstərir, onlar təhqir
olunurdular. Odur ki, döyüşçülər arasında beynəlmiləl tərbiyə işinin yüksəldilməsi
ciddi problem olaraq qalırdı. Əsgərlərə olduqca pis qayğı və xidmət göstərilir.
Yorğan-döşək çatışmır, hamama aparılmır, yaralılara tibbi xidmət təşkil edilmirdi.
(33, v-54; 34, v-55)
Məxfi sənədlərdə göstərilirdi ki, əsgərlərin çoxu rus dilini bilmirdi. Bu
mənada, onlar komandirlərin əmrini düzgün yerinə yetirmir və müvafiq qaydada
cəzalandırılırdılar. Rus dilini bilmədiklərindən əsgərlər silahlarla da davranışı pis
mənimsəyirdilər. (35, v-56)
O illərin döyüş sınaqlarından keçmiş 76 yaşlı Ceyhun kişi xatırlayırdr.
“Bizi traktor zavodunda yerləşdirdilər. Qısamüddətli kursda bizə desant və
paraşütçü peşələrini öyrətdilər. “Öyrətdilər” deyəndə ki, beş-on günə nə öyrənmək
olardı? Sonra Ukraynaya göndərildik... Faşistlər çox güclü idi. Həm də biz, cənub
uşaqları soyuğa dözmürdük. Almanlarla əlbəyaxa döyüşlər ordumuza baha başa
gəlirdi. Hər dəfə döyüşə girəndə əllərimi göyə açırdım: “Ey bizi yaradan, mənə
ucuz ölüm vermə!” (101)
Azərbaycanlı əsgərlərin çoxluq təşkil etdiyi hissələrdə yerləşdirilən,
rəhbər heyətdə olan ermənilər isə “intiqam” almağı unutmur, onları incidirdilər.
Azərbaycan K(b)P MK-nın katibi Məmmədova göndərilən məktubda yazılmışdı:
“276-cı alayın 3-cü bölüyünün partiya komitəsinin katibi T. Danielyan bəzi
döyüşçülərin ayrı-ayrı nöqsanlarını izah əvəzinə, onları senzuradan kənar sözlərlə
söyüb təhqir edir. Azərbaycan K(b)P MK-nın nümayəndələri: Babayev, Qasımov.
9.XI.41.” (36, v-58, 37, v-59)
Azərbaycan K(b)P MK-nın məxfi məlumatlarında göstərilirdi ki,
əsgərlərin çoxunun ailəsinə dövlət qayğısı göstərilmədiyindən, onların sırasında
döyüş bölmələrindən qaçmaq, yayınmaq halları artmaqda idi. (38, v-60)
Azərbaycanlı əsgərlərə qarşı fıziki güc işlədilir, döyülür, təhqir
olunurdular. Məxfi məlumatlarda yazılırdı: “Kiçik komandirlərin özünü düzgün
aparmaması, onlara fiziki güc tətbiq olunması, təhqir edilməsi nəticəsində əsgərlər
arasında narazılıq halları artmaqdadır. Məsələn, noyabrın 20-də 75-ci alayda Qızıl
Ordu əsgəri Nəsirov Qurban Bəbir oğlu siqaret növbəsinə dayanarkən
döyülmüşdür.” (39, v-61)
Digər məlumatda bildirilirdi ki, kommunist Mehdiyev yemək keyfıyyətsiz
olduğundan kollektivin etirazını, imtina etməsini təşkil etmişdir. (40,v-62)
75-ci alayda əsgərlərdən siqaret almaq üçün 12 min manat pul yığılmış,
lakin başqaları tərəfindən mənimsənilmişdi. Çoxlarının paltarı, çəkmələri tez-tez
oğurlanırdı. MK-nın məxfi məlumatlarında yazılırdı: “Gədəbəy, Tovuz, Nuxa və
Şamaxının rayon hərbi komissarları adamları hərbi xidmətə göndərərkən onları
tibbi müayinədən keçirmirlər. Odur ki, ağır xəstə vəziyyətində orduya gətirilənlər
gərəksiz hesab olunur. Belə hallar da var ki, orduya gətirilən ağır xəstələr gələndən
bir neçə gün sonra vəfat edirlər. Həmin rayonların hərbi komissarları əsgərliyə
gedənlərin ailələrinə diqqət yetirmir, əsgər ailələrinin dövlət təminatına köməklik
göstərmirlər. Əsgərlər arasında şaiyə gəzir ki, bütün dezertirlər dağlarda gizlənən
quldurlara aid olunur. Azərbaycan K(b)P MK Qutqaşen rayon Komitəsi bu
məlumatdan siyasi nəticə çıxarmamış, dezertirlərin, qorxaqların və şaiyəyayanların
lazımi cəzasını vermir. Azərbaycan K(b)P MK-nın təşviqat briqadasının üzvü S.
M. Aydınbəyov 27.XI.41.” (41,v-64)
Azərbaycan K(b)P MK-nın təşviqat briqadası Zaqafqaziya cəbhəsinin 28-
ci ehtiyat-atıcı briqadasında çoxlu çatışmazlıqları aşkarlayıb Azərbaycan K(b)P
MK-nın katibi və Zaqafqaziya cəbhəsi hərbi savaşının üzvü M. C. Bağırova
çatdırmışdı. Məlumatlar çox ciddi xarakter daşıyırdı. Məlumatlarda partiya-siyasi
və kütləvi-təbliğat işinin artırılması vacibliyi bildirilirdi. (42, v-71) Qeyd olunurdu
ki, azərbaycanlı əsgərlər komandirlərin onları xoşagəlməz ana söyüşləri ilə təhqir
etməsindən şikayətlənirdilər. (43, v-72)
Məlumatda göstərilirdi: “Qeyd etməliyik ki, siyasi işçilər və onların bu və
ya
digər
alaylardakı
müavinləri
milli
tərkibi
nəzərə
almadan
komplektləşdirilmişdir. 106-cı atıcı alayında döyüşçülərin 35 faizinin
azərbaycanlılardan ibarət olmasına baxmayaraq, siyasi işçilərin və onların
müavinlərinin yalnız 4-5 faizi azərbaycanlılardır, yaxud azərbaycanca danışmağı
bacaranlardır. Lakin savadlı və siyasi cəhətdən yoxlanılmış kommunist və
komsomolçu azərbaycanlılar da hissələrdə çoxdur”. (44, v-73)
Bundan əlavə, bütün mühazirələr hərbi hissələrdə rus dilində
oxunduğundan azərbaycanlı döyüşçülərin çoxu başa düşmür, hazırlıqsız olurdular.
Hər bir siyasi dərsə ayrılan 2 saatın 40-50 dəqiqəsi mühazirəyə, qalanı isə
tərcüməyə həsr olunur və az effekt verirdi. (45, v-74)
Azərbaycan K(b)P MK-ya göndərilən məxfi məktubda yazılmışdı:
“Tamamilə məxfidir. Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa. Bizim
392-ci atıcı diviziyası Qori şəhərində yerləşmişdir. Diviziya əsasən Azərbaycan
SSR Respublikasının Yevlax, Şaumyan, Qasım İsmayılov, Şamaxı, Kürdəmir,
Zərdabi, Dəvəçi, Bakı, Kirov, Samux, Ağdam rayonları zəhmətkeşlərindən
ibarətdir. Bizim diviziyaya göndərilənlərin əksəriyyəti rus dilini bilmirlər... Yalnız
partiya-siyasi işin zəif aparılması səbəbindən diviziyamızda fərarilik, xidmətdən
yayınma və digər hallar baş verməkdədir... Lakin Stalin yoldaşın məruzəsinin
bütün döyüşçülərə çatdırılması üçün, xahiş edirəm ki Azərbaycan dilini bilən,
Stalin yoldaşın məruzəsini öyrənməyə kömək edən bir neçə kommunist
təbliğatçılar göndərəsiniz. 392-ci Atıcı diviziyasının Siyasi İdarəsinin rəisi
Burlakov. 18 noyabr 1941. Qori şəhəri”. (46, v-77)
Məxfi məlumatlarda, 404-cü diviziyada da azərbaycanlıların rus dili ilə
bağlı hədsiz problemləri olduğu açıqlanırdı. (47, v-84) Digər məlumatda
göstərilirdi ki, hərbi hissələrdə çoxlu sayda dezinteriya və malyariya xəstəliyinə
tutulanlar vardır. Həkimlə bunun səbəbini tibbin olmamasında və müalicənin
vaxtında aparılmamasında görürdülər. Digər tərəfdən, əsgərlərə tibbi kömək üçün
həkimlərə müraciətə icazə verilmirdi. Yalnız sonradan bu qayda ləğv edilmişdi.
(47, v-84) Məlum olurdu ki, əsgərlərə qaynanmış çay verilmir, digər millətlərdən
olan aşpazlar isə yalnız özününküləri daha çox təmin edirlər. (48, v-87)
Əsgərlərə tibbi xidmət zəif təşkil olunduğundan onların müalicəsi
axıradək aparılmırdı. Xəstəni isə diqqətsiz müayinə etdiklərindən xəstəlik tam
müalicə olunmurdu. (49, v-91) Məxfi məlumatda yazılırdı: “Mətbəxlərdə sanitar
vəziyyət kifayətləndirici deyil. Ərzaq məhsulları hara gəldi atılıb. Məsələn,
kerosinlə çayı, unu bir yerdə saxlayırlar. Aşpazların xalatları və əlləri çirkli,
dırnaqları uzun və qara kirlə doludur. Yeməyi iki nəfərə bir qabda vermək əvəzinə,
bəzən üçünə verirlər”. (50, v-92) Əsgərlər həm də poçt xidmətinin yarıtmaz
təşkilindən şikayətlənirdilər. Göndərdikləri məktublara cavab ala bilmirdilər. (51,
v-93) Belə hallar da olurdu ki, əsgərlərə yeməyi vaxtında vermirdilər. Axşam
hazırlanan yeməklər səhər paylanılırdı. (52, v-116) Məxfi sənədlərdə əsgər
ailələrinə yerlərdəki rəhbərlərin düzgün olmayan münasibəti sadalanırdı: “1)
Məmmədov Eyvazın ailəsinə nədənsə MTS direktoru çörək vermir. 2) Göyçay
rayonundan olan Səmədovun həyat yoldaşını qəzet redaktoru Məmmədov
makinaçı işindən ixtisara salmış, başqasını işə götürmüşdür. 3) Lənkərandan olan
Qafarov Qəzənfər Nəsrulla oğlunun ailəsi - qoca anası və iki uşağı bu günə qədər
yardım almırlar. 4) Ağcabədi rayonundan olan Məmmədov Məmmədin ailəsi - 67
yaşlı atası və yaşlı anası yardım almır”. (53, v-117)
Hərbi hissələrdə səliqə-sahman, demək olar ki, yox idi (54, v-6). Ətrafda
hər yerdə çalalar qazılmışdı. (55, v-7) Hərbi əsgərlərin müalicə olunduğu
qospitallarda vəziyyət lap dözülməz idi. Azərbaycan K(b)P MK-ya göndərilən
məlumatlarda aşağıdakılar aydın olurdu: “Azərbaycan K(b)P MK-nın tapşırığı ilə
mən Kirovabad, Xanlar, Qazax rayonlarındakı qospitalların işi ilə tanış oldum...
Qospitaldakı palatalarda siçanlar və siçovullar oynayır. Onların yox edilməsinə
qarşı heç bir tədbir görülmür. Qospitallardakı xəstələr saman doldurulmuş
döşəklərdə və elə o cür də yastıqlarda yatırlar. İ. Pasınkov. Məxfı”. (56, v-61)
Məlumatlardan aydın olurdu ki, əsgərlərin özünüasma, öldürmə halları getdikcə
çoxalırdı. (56, v-89)
Belə gərgin vəziyyətin yarandığını başa düşən Sovet rəhbərliyi
azərbaycanlılardan ibarət hərbi hissələrin yaradılmasına icazə verdi. Artıq döyüş
bölgələrinə göndərilən azərbaycanlı əsgərlərin əksəriyyəti 416, 77, 223-cü döyüş
hissələrində olur, birgə vuruşurdular. (57, v-7) Qeyd edək ki, 1941-1943-cü illərdə
1920-1925-ci ildə doğulanların hamısı hərbi səfərbərliyə alınıb, döyüş bölgələrinə
göndərilirdi. (58, v-6)
Bütün bunlara baxmayaraq, məxfi hərbi məlumatlarda könüllü əsir
düşənlərin sayının çoxluğu bildirilirdi: “Diviziyanın şəxsi heyətinin bir hissəsi
rəqibə təslim olur. 840 və 839-cu hissələrin komandirləri xaincəsinə alayları başqa
istiqamətlərə aparmışlar”. (59,v-17)
Bu hallardan sonra Azərbaycandan əlavə əsgərlər göndərilməsi tələb
olunurdu: “Zaqafqaziya Cəbhəsi Qoşunları komandanı, ordu generalı Tyulenov
yoldaşa, surəti Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa, Qızıl Ordu
Ehtiyat Hissələr İdarəsinin rəisinə. Təcili surətdə Azərbaycan diviziyalarının
toplanması üçün iyunun 12-dən 500 nəfər 416-cı atıcı diviziyası üçün, Cənub
cəbhəsinə 500 nəfər, Şimali Qafqaz cəbhəsinin 77-ci atıcı diviziyası üçün
göndərilsin. Şadenko” (60, v-20). M. Bağırov cavab məktubunda səfərbər
olunanların döyüş hazırlığı keçməsi vacibliyinə toxunub yazırdı: “Moskva.
Formalaşdırma Baş İdarəsinin rəisi general-polkovnik Şadenko yoldaşa. Hərbi
çağırışçıların əlavə hazırlıq keçmədən cəbhəyə göndərilməsi ciddi təhlükə yaradır”
(61, v-21).
General Şadenko göndərilənlərlə kifayətlənməyib M. Bağırovdan daha
çox sayda əsgərlərin səfərbər olunmasını xahiş edirdi: “Lakin bu sayda adam
kifayət deyil. Belə ki, cəbhələr yaxın vaxtlarda daha 2000 hazırlıq keçmiş
azərbaycanlının göndərilməsini istəyirlər. Qarşıda isə hər ay 1000-1500 adam hər
diviziyaya gondərilsin. Sizin köməyiniz olmadan biz bunu edə bilmərik” (62, v-
23).
M. C. Bağırov isə Moskvadan göndərilən bütün tapşırıqları yerinə
yetirirdi. Çoxlu sayda azərbaycanlılar döyüş bölgələrinə göndərilirdi (63, v-27; 64,
v-14; 65, v-29; 66, v-30; 67, v-33; 68, v-35).
Azərbaycan K(b)P MK-nın xüsusi bölməsindəki “olduqca məxfidir” şriftli
sənədlərdə göstərilirdi: “1941-ci ilin iyunun 1-nə olan məlumata görə Azərbaycan
SSR-in əhalisi (hərbçisiz) 3 milyon 301 min 100 nəfərdir. Vətən müharibəsi
zamanı 1941-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər Azərbaycan
Azərbaycan SSR-dən 553 min 910 nəfər apanlmışdır. Onlardan - müharibənin
başlanğıcından 1943-cü ilin noyabrına qədər Qızıl Orduya 473 min nəfər
göndərilib. Onlardan a) Zaqafqaziya cəbhəsinə - 352.166 nəfər; b) ehtiyatda olan
hərbi mükəlləfiyyətlilər - 2.639 nəfər; v) 1922-1925-ci illərdə doğulmuş
çağırışçılar - 80.266 nəfər; q) ehtiyat-zabit heyəti - 14.321 nəfər; d) qadınlar -
12.975 nəfər. Bundan əlavə, 22 min 534 nəfər müharibə illərində SSRİ XDİK-nin
müxtəlif düşərgələrinə göndərilmişdir. 25 min 851 nəfər isə cinayətkar ictimai-
təhlükəli elementlər adı ilə müxtəlif respublika və vilayətlərə sürgün edilmişdir.
Eyni zamanda: a) almanlar - 21.031; b) “antisovet” elementlər adı ilə -2.590; v)
müxtəlif cinayətkarlıq elementləri adı ilə - 1.519; q) Vətən xainlərinin ailə üzvləri -
711; q) hazırda Azərbaycan həbsxanalarında saxlanılanların sayı - 16 min 707.
Bundan əlavə, 1941-ci ilin iyunundan - 1943 -cü ilin noyabrın 1-nə qədər 107 min
578 nəfər vəfat etmişdir. Lakin bu vəfat edənlər müharibə zamanı ölkədən
aparılanların ümumi siyahısına daxil deyildir. 1941-ci ilin yanvarın 1-nə olan
məlumata görə isə ümumilikdə Azərbaycan əhalisinin sayı 3 milyon 331 min 800
nəfər idi. 1941-ci ilin iyunun 22-dən 1944-cü ilin yanvarın 15-nə qədər Azərbaycan
SSR-in ehtiyatlarından orduya 569 min 357 nəfər göndərilmişdir ki, onlardan 368
min 276-sı azərbaycanlı idi” (69, v-22; 70, v-3; 71, v-4, 72, v-5, 73, v-8).
Azərbaycan XDİK-in komissar müavini Dövlət Təhlükəsizliyi albayı
Qriqoryanın 1944-cü ilin 15 yanvarına olan məlumatına görə Azərbaycanda həbs
edilmiş və sürgün edilmişlərin ümumi sayı - 48 min 385 nəfər idi. (74,v-13)
Qeyd edək ki, müharibə başlamazdan qabaq, 1939-cu ilin siyahıya
alınmasına görə Azərbaycanda yaşayan əhalinin milli tərkibi belə idi: 1)
Azərbaycanlılar - 1.870.471; 2) ruslar - 528 min 318; 3) 388 min 025; 4) ləzgilər -
111 min 666; 5) talışlar - 870 min 510; 6) Yəhudilər - 41 min 245; 7) tatarlar - 27
min 591; 8) ukraynalılar - 23 min 643; 9) almanlar - 23.133; 10) avarlar -15.740;
11) gürcülər - 10 min 196; 12) kürdlər - 6.005; 13) mordovalılar - 5.008; 14)
osetinlər - 2700; 15) iranlılar - 2289; 16) və başqaları - 61610; ümumi say:
3.205.150. (75, v-16)
Sovet İttifaqının siyasətindən narazı qalan azərbaycanlıların çoxlu sayda
almanların tərəfınə keçdiyi aydın olduqda Azərbaycan K(b)P MK-nın qərarı ilə
hətta 17 yaşı tamam olmayanları da döyüş bölgələrinə göndərirdilər; “323 sayli
protokol. Azərbaycan K(b)P MK bürosunun 22.X-1, XI-1943-cü il; “Azərbaycan
K(b)P MK və Xalq Komissarları Sovetinin 1926-cı ildə anadan olanlarınn hərbi
xidmətə çağırılması haqqında qərarı”. (76, v-258)
Qərarda oktyabrın 25-dən noyabrın 15-nə qədər 1926-cı il təvəllüdlü
bütün kişi cinsinə mənsub olanların hərbi xidmətə çağırılması göstərilirdi.
Eyni zamanda, Sovet dövləti yürütdüyü allahsızlıq, dinsizlik sıyasətinin
xoşagəlməz nəticələr verdiyini gördükdən və dinin güclü bir təsir vasitəsi olduğunu
qəbul etdikdən sonra gec də olsa, əvvəlki münasibətini dəyişmək məcburiyyətində
qaldı. Buna uyğun olaraq Azərbaycanda Zaqafqaziya Müsəlmanları Dini
İdarəsinin yaradılması qərara almdı: “Protokol N352. Azərbaycan K(b)P MK
Bürosunun 1944-cü ilin 17-20 martından. 1. Bakı şəhərində Zaqafqaziya
Müsəlmanları Dini İdarəsinin təşkil edilməsi haqqında.
I.
ÜİK(b)P MK-nın 1944-cü ilin 6 mart tarixli qərarına uyğun
olaraq Bakı şəhərində Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin yaradılmasına
icazə verilsin. (Şiə və sünni təriqətli müsəlmanları birləşdirən).
II.
Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin təşkili və fəaliyyəti ilə bağlı
olan bütün sualların baxılıb həll edilməsi T.Quliyevə, T.Yaqubova, S.İ.
Yemelyanova, Q. Məmmədova tapşırılsın. Azərbaycan K(b)P MK katibi (M. C.
Bağırov).” (76, v-28)
Sovet dövlətinin göstərdiyi bütün cəhdlərə baxmayaraq, minlərlə əsgər və
zabit mövcud rejimdən, hərbi qaydalardan narazı qalaraq Almaniya qoşunlarının
tərkibinə daxil olur, qəddar Stalinə, bolşevizmə qarşı vuruşmağa üstünlük
verirdilər. Almanlara əsir düşən, yaxud könüllü olaraq onların cərgələrinə
qoşulanların sayı isə olduqca çox idi. Yalnız 1941-ci ildə alman əsirliyində 3,8
milyon Qızıl Ordu əsgəri, zabit, siyasi işçi və general vardı. Bütövlükdə müharibə
illərində isə bu rəqəm 5,24 milyon göstərilirdi. (371, s. 6)
Beləliklə, Sovet dövlətindən neçə illər idi narazı qalan azərbaycanlılar
imkan düşdükcə, Vətəni azad etmək, bolşevizmdən qurtarmaq naminə Alman ordu
hissələrində döyüşə başlayırdılar.
Dostları ilə paylaş: |