Kəşfiyyat qrupu – qrup komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı üç mühafizə qurğusunda, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, hədd nişanları dəsti, fərdi dozimetrlərlə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəşfiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyəsi 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır. Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Nişanı elə qoyurlar ki, onun üz tərəfi zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. Qrupun komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio vasitəsilə obyektin MM qərargahına məlumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında müəyyən edilir. Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış vəziyyəti (dağıntıların, yanğınların xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zəhərlənmənin səviyyəsini ölçürlər. Belə yerlər, adətən, əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir, komandir qərargaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır.
Dostları ilə paylaş: |