Mövzu 14
Ağır betonun xüsusi növləri
Yüksəkmöhkəmlikli beton – sıxılmada möhkəmliyi 60 Mpa-dan çox olan betonlara deyilir. Onlar yük daşıyan kostruksiyaların hazırlanmasında istifadə edilir. 1 m3 yüksək möhkəmlikli beton qarışığı üçün portland sementin istifadəsi 450 kq-dan az olmamalıdır. Belə betonların hazırlanmasında super plastikləşdirici əlavələrlə yanaşı ultra dispers əlavələrdəndə istifadə edilir. Yüksək möhkəmlikli betonda işlədilən doldurucular təmiz, yaxşı dənəli tərkibli və az boşluqlu olmalıdır. Doldurucu kimi sıx, möhkəm suxurlardan hazırlanmış və fraksiyalara ayrılmış qırmadaş işlədilməlidir.
Tezbərkiyən beton. Tezbərkiyən sement və sementin bərkiməsini tezləşdirən müxtəlif üsullardan istifadə edərək tezbərkiyən beton əldə edilir. Bu üsullara su sement nisbətinin azaldılması və bərk beton qarışığının istifadəsi, bərkiməni tezləşdirən əlavələrin tətbiqi aiddir. Tezbərkiyən beton 1-3 gün normal şəraitdə bərkidikdən sonra kifayət qədər yüksək möhkəmliyə malik olur.
Yol və körpü konstruksiyaları üçün betonlar. Bu növ konstruksiyalar üçün istifadə olunan betonların sıxılmada möhkəmliyi ilə yanaşı əyilmədə möhkəmliyidə yüksək olmalıdır. Eyni zamanda sürtülüb yeyilməsi az və şaxtaya davamlılığıda yüksək olmalıdır. Yol betonunu hazırlamaq üçün portlandsement, plastikləşdirilmiş və hidrofob portlandsementlər işlədilməlidir. Yolların birqatlı və ikiqatlı örtükləri üçün işlədilən sementin markası 500-dən, təkmilləşdirilmiş yolların əsası üçün isə 300-dən az olmamalıdır. Sement klinkerindində üçcalsiumlu-alüminat mineralının miqdarı 10%-dən çox olmamalıdır. Semnet su qatıldıqdan 2 saat sonra tutmağa başlamalıdır.
Xırdadənəli beton. Nazik divarlı dəmir beton konstruksiyaların və tərkibində iri doldurucu olmayan konstruksiyaların hazırlanmasında xırdadənəli betondan istifadə edilir. bu betonu məftil torla armaturlamaqla yüksək möhkəmlikli konstruksiya - armosement alınır. Xırdadənəli betonun tərkibində sement daşının miqdarı çox olduğu üçün onun yığışması və sürüngənliyi də çox olur. Eyni möhkəmlikli və axarlıqlı beton almaq üçün xırdadənəli betonda sementin sərfini adi betondakına nibətən artırmaq (20-40%) lazım gəlir. Sementin miqdarını azaltmaq üçün yaxşı dənəli tərkibli qumdan, plastikləşdirici əlavələrdən, super plastfikatorlardan istifadə etmək lazımdır. Qumun keyfiyyəti xırdadənəli betonun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
Hidrotexniki betonlar – Hidrotexniki tikililərin bəndlərində, kanalların üzlənməsində və bu kimi konstruksiyaların hazırlanmasında tətbiq edilir. Belə betonlar yüksək sıxlığa malik olmalıdır. Hidrotexniki beton suya və şaxtaya davamlı, sukeçirməyən və möhkəm olmalı, aqressiv təsirlərə davamlı olmalıdır. Hidrotexniki betonun sukeçirməzliyinə görə markaları W2, W4, W6 və W8-dir. Markalardakı rəqəmlər nümunələrin 180 gündən sonra 0.2, 0.4, 0.6 və 0.8 MPa təzyiq altında su keçirmədiyini göstərir. Şaxtaya davamlılığına görə hidrotexniki betonların markaları F50, F100, F150, F200 və F300-dür. Su səviyyəsi dəyişəm zonalarda 400 və 500 markalı betondan istifadə edilir.
Hidrotexniki beton hazırlamaq üçün adi portlandsement, pussolanlı, posalı və sulfatlara davamlı portlansementlər işlədilir.
Dekorativ betonlar. Bina və qurğuların estetik ifadəliyini artırmaq üçün dekorativ beton tətbiq edilir. Bu beton ağ və əlvan sementlər və xüsusi doldurucular əsasında hazırlanır. Betonda ağ və əlvan sementlər əvəzinə sementin kütləsinin 8-10%-i qədər mineral və yaxud üzvi piqmentlər (oxra, mumya, sülügən və s.) istifadə edilə bilər. Piqmentlər işığa, otmosfer təsirlərinə qarşı yüksək dərəcədə davamlı olmalıdır.
Çox ağır və hidrat betonlar. Nüvə şüalanmasından mühafizə üçün həm sıxlığı, həmdə tərkibində çoxlu kimyəvi birləşmiş su olan materiallardan hazırlanan betonlardan istifadə edilir. Sıxlığı 2500 kq/m3 olan maqnetit, limonit, barit, çuqun tullantıları və polad qırıntıları kimi təbii və ya süni ağır doldurucularla hazırlanan betona çox ağır beton deyilir. Tərkibində çoxlu miqdarda kimyəvi birləşmiş və ya yarı kimyəvi birləşmiş su olan betona hidrat beton deyilir. Hidrat betonlar üçün yapışdırıcı maddə olaraq alüminat sementi, doldurucu olaraq isə limonit və serpentinit işlədilir.
Fibrobeton – tərkibində fibrolar (lifli doldurucular) olan betonlardır. Metal fibroların istifadəsi ilə alınan betonların əyilmədə və dartılmada möhkəmliyi, çata davamlılığı yüksək, sürtülməsi isə aşağı olur. Fibromaterial olaraq metal fibrolardan, şüşə liflərdən və kardon liflərdən istifadə edilir.
Turşuyadavamlı beton – kimya müəssisələri sexlərində döşəmələri, divarları və tavanları üzləmək üçün işlədilir. Bu beton turşuya davamlı sement və turşuya davamlı doldurucular əsasında hazırlanır. Turşuya davamlı betonun kütləyə görə tərkibi: 1 hissə maye şüşə, 1 hissə daş tozu, 1 hissə qum və 2 hissə qırmadaşdan ibarət ola bilər.
İstiyədayanıqlı beton – fiziki-mexaniki xassələrini dəyişmədən uzun müddət yüksək temperatur təsirinə davam gətirən betona istiyədayanıqlı beton deyilir. Üç növə bölünür:
1)yüksək oda davamlı(odadavamlılığı 17700C-dən yuxarı,
2) oda davamlı (1580 – 17700C) və 3)istiyə davamlı (15800S-dən aşağı).
Dostları ilə paylaş: |