Çox danışmamalı, başqasının sözünü, yarımçıq kəsməməlidir. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə də yavaşdan, mülayim səslə özünü göstərməlidir. Nalayiq sözlər işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməlidir. Dilini söyüşə öyrətməməlidir. Hər məclisdə münasib danışmağı bacarmalıdır. Danışanda əl – qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzarətli və gözəl bir tərzdə göstərmək olar. Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməlidir. Ümumiyyətlə, az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşurlar: Nə üçün az danışır çox qulaq asırsan? Cavabı belə olur: Çünki, mənə iki qulaq veriblər, bir dil. Yəni iki eşit, bir de.