Söz assosiasiyası. Təlim prosesində isə həmin tələblərə əməl olunmalıdır. Məsələn, əlifba təlmi dövründə dərslik üzrə sözün axırıncı hecasına başqa heca qoşmaqla yeni söz düzəltmək və onu oxumaq, sonra müstəqil söz zənciri düzəltmək. Məsələn: alma-mala-lalə-ləkə-kətə-təzə-zəmi-minik.Bu, nitq inkişafının əsas istiqamətlərindən olan lüğətin zənginləşdirilməsinə fayda verə bir üsuldur.
Karusel. Dərsdən əvvəl müəllim iri kağızlarda mətnə aid qrupların sayına uyğun suallar yazır. Sonra müəllim hər qrupa müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazırlar. Kağızlar saat əqrəbi istiqamətində qruplara ötürülür. Hər qrupun cavabı fərqli rənglərlə yazılır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Karusel şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirir.
Dəyirmi masa. Müəllim şagirdləri qruplara bölür və hər qrupa bir vatman kağızı və qrup üzvlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır. Müəllim kağıza hər hansı bir fikir yazır. Qrup üzvləri isə bu fikrin davamı olan digər bir fikri vərəqdə bir-birinə ötürərək öz rəngli flamasterləri ilə yazırlar. Bu üsul şagirdlərin hər birinin mövzunu necə mənimsədiyini başa düşmək üçün tətbiq olunan əhəmiyyətli üsuldur.
İdeyalar xalısı – bu üsul oxu dərslərində çətin problemlərin həll edilməsinə kömək göstərir və bir neçə mərhələdən ibarətdir:
I mərhələ - problem qoyulur (müəllim problemi bir gün əvvəl və ya dərsin əvvəlində elan edir).
II mərhələ - problemin səbəbləri müəyyən edilir (nəyə görə belə bir problem mövcuddur?).
III mərhələ - problemin həlli yolları müəyyən edilir (bu problemi həll etmək üçün nə etmək lazımdır?).
IV mərhələ - fərdi iş (şagirdlər göstərilən problemin həlli üçün nə etməyə hazır olduqlarını söyləyirlər).
Təqdimat (prezentasiya)- şagirdlərin tədqiqat fəaliyyətinin nəticələrinin təqdim edilməsidir. Təqdimat şifahi, yazılı, vizual, rollu və s. formalarda ola bilər. Şagirdlər təqdimatı fərdi və ya qrup şəklində edə bilərlər.