Öd kisəsinin daşı xəstəliyinin əlamətləri
Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara “lal daşlar” da deyirlər. Belə daşlar təsadufən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrının baş verməsinə səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə “yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr “təcili yardıma” müraciət etməli olurlar.
Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək “müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçib gedir və daş nəcislə xaric olur.
Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:
- sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;
- ağızda aclıq hissiyyatı;
- meteorizm, ürəkbulanma;
- üşütmə, temperaturun bir qədər yüksəlməsi;
- doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;
- sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.
Bütün bu əlamətləri nəzərə aldıqdan sonra həkim-qastroenteroloq xəstəyə öd daşı xəstəliyi diaqnozunu qoya bilər.
Dostları ilə paylaş: |