Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə2/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

DÖRDÜNCÜ NOVELLA

Bir axşam Əkrəmin yenə geyinib hara isə getməyə hazırlaşdığını görən Cavahir oğluna yanaşıb ehtiyatla dedi:

− Bala, səninlə çoxdandır bir söhbət eləmək istəyirəm. Gəl ürəyini aç, sirrini məndən pünhan saxlama. O şəklini cibində gəzdirdiyin qızla evlənmək fikrin var, yoxsa elə-belə...

Əkrəm tutuldu, bu gözlənilməz sualın qarşısında aciz qaldı.

− Sən nə danışırsan, ana?! Hansı qız?! Nə şəkil?!..

Arvad gülümsər baxışlarla mənalı tərzdə oğlunu süzdü:

− Ay saqqalı ağarmış, məndən də gizlədirsən? Hər şeyi bilirəm...

Bu məsələ iki ay əvvəl açılmışdı. Cavahir əkrəmin pencəyinin qopmuş düyməsini tikirdi; yerə nəsə düşdü. Arvad əyilib baxanda döşəmədə, açılmış cib dəftərçəsinin arasında rəngli bir fotoşəkli gördü. “Bu kimdir?!” – deyə o, şəkli qaldırıb diqqət yetirdi. Lakin tanımadı. Növrəstə, göyçək bir qız idi. Gözləri sürməli, dodaqları boyalı... Əcnəbi kinoaktrisalarına oxşayırdı. Həm də şəklini qarşıdan yox, yandan çəkdirmişdi, qara tellərini darayıb çılpaq kürəklərinə tökmüşdü. Sol çiyninin üstündən geri qanrılıb ağ dişlərini göstərərək gülürdü. “Utanmaz!” – deyə Cavahir rişxənd elədi, şəkli acıqla yenə dəftərçənin arasına dürtüb, pencəyin cibinə qoydu. – “Bu artistlərdə də abır yox, həya yox!..” Sonra ürəyində oğlunu danladı: “Əkrəmdən görünməyən iş. Belə şəkli cibində niyə gəzdirir?!.” Qadın fövrən nə xatırladısa, diksinən kimi oldu. Və şəkli çıxarıb bu dəfə arxaına baxdı. Bəli, səhv etməmişdi. Bu hansı qızınsa oğluna töhfəsi idi. Orada qırmızı mürəkkəblə, zərif xətlə yazılmışdı: “Əkrəm, mən həmişəlik səninəm! Yeganə. 12 aprel, 1940-cı il”.

Cavahirin fərəhdənmi, həyəcandanmı ürəyi çırpındı; şəkildəki qızın sir-sifəti, qaş-gözü bu dəfə ona ayrı cür göründü. Daha o, əcnəbilərə də oxşamadı. “Yeganə!.. – qadın öz-özünə pıçıldadı. − Mənim xəbərim yox, sən demə, Əkrəmin gözaltısı varmış!..”

O gündən sonra Cavahir neçə kərə bu barədə oğlu ilə söhbət açmaq istəmişdisə, məqam tapmamışdı.

İndi Əkrəm də çəkinmədi:

− Ana, düzünü de, bəyənirsənmi o şəkildəki qızı?

Arvadın dərdi açıldı:

Şəkildə ürəyi görünmür, bala. Təki qəlbi təmiz olsun, ağıllı, tərbiyəli cavənəzən olsun. Onunla sən bir yastığa baş qoyacaqsan. Gözün tutubsa, xasiyyətinə bələdsənsə, allah xeyir versin. – O, bir qədər susub, xəbər aldı. – Yaxşı, barı öyrənmisənmi kimlərdəndir?

Əkrəm bu suala çox məyus cavab verdi:

− Heç kəsi yoxdur, ana, tək qızdır. Lap balaca vaxtdan, deyir, yetim qalmışam.

− Atası, anası kim olub?!

− Onu soruşmamışam.

Arvad oğlunu məzəmmətlədi:

− Doğru demişlər: məhəbbətin gözü kor olar! Necə yəni onu soruşmamışam. Bəs, mən bilməyim ki, evimə gətirəcəyim gəlin hansı yuvanın quşudur?..

Cavahir yenə arxayınlaşmadı:

− Özü nəçidir?

− Tələbədir, texnikumda oxuyur.

− Nə çox texnikum! Axı, qurtarıb nə olacaq?

Əkrəm anasının xasiyyətini bildiyindən, işin xatirinə yalan danışmağa məcbur idi.

− Mədəniyyət sahəsində çalışacaq...

Arvad bir az yumşaldı:

− Mən şəklinə baxanda, dedim, bəs artistdir.

Söhbət bununla da bitdi.

Axşam Əkrəm Yeganə ilə gəzməyə çıxanda xırda-xırda yağış çiləyirdi. Azacıq sonra leysan başladı. Onlar islanmamaq üçün dalda bir küncə qısılıb gözlədilər. Lakin deyəsən, burda dayanmaq da əbəs idi. Yağış ara vermək bilmir, getdikcə şiddətlənirdi. Əkrəm dönüb Yeganəyə baxanda qızı su içində gördü. Paltarı çiyinlərinə yapışmışdı, saçlarına mirvari gilələr düzülmüşdü, qulaqlarında damcılar sırğalanmışdı.

Oğlan pencəyini çıxarıb Yeganəyə geydirdi. Dəsmalı ilə onun üzünü, gözlərini sildi.

− Soyuqdurmu sənə? – Xəbər aldı.

Qız titrəyə-titrəyə başını tərpətdi:

− Bir balaca üşüyürəm.

− Onda gedək. Burda gözləməyin mənası yoxdur.

Yeganə Əkrəmin qolundan tutdu və qaça-qaça evə yollandılar.

− Bu gün bizimki gətirmədi! – deyə, Təzə pirin alt küçəsinə çatanda oğlan dilləndi. – Mən istəyirdim səninlə ciddi bir söhbət eləyim...

− Nə barədə?

− Heç... Sonraya qalsın.

− Elə zarafat yoxdur! Danışacaqsan! Yoxsa səni buraxmayacağam. Yeganə onun dirsəyini bərk-bərk sıxdı. Əkrəm qızın şıltaqlığından xoşlansa da, küçədə dayanıb dərdləşməyi münasib sanmadı.

Yeganəgilin qapılarında yavaşıdılar. Yağış kəsmişdi. Göydə təkəm-seyrək ulduzlar parlayırdı. Hava yüngül və təmiz idi. Küçələrdəki balaca gölməçələrdə titrək işıqlar yuyunurdu. Əkrəmin görüşüb ayrılmaq istədiyini hiss edən qız bir addım dala çəkildi. Qaşqabağını sallayaraq, çiyinlərini əsdirdi:

− Getməyəcəksən! – dedi. – Pencəyini də verməyəcəyəm.

Oğlan onu dilə tutdu:

− Axı, yaxşı deyil burda dayanmaq, Yeganə. Görən nə deyər?

− Gedək evdə oturaq.

− Sizdəmi?

− Bəli, bizdə. Adama bir stəkan çay da içərik, canımız isinər...

Bu təklif Əkrəmin ürəyincə idi. Ancaq razılıq verməkdə çətinlik çəkdi.

O, özlüyündə xeyli ölçüb-biçdi, axırda tərəddüdlə dedi:

− Bilirsənmi, gedərdim... Qonşularınızı tanımıram, qorxuram bizim haqqımızda ayrı cür fikirləşərlər...

Qız onun əlindən yapışıb, ərklə qapıya sarı çəkdi:

− Əvvəla, qonşular nəkarədir?! İkincisinə qalanda, qoy nə fikirləşirlər, fikirləşsinlər! Mənim ixtiyarım onlarda deyil! Nə edərəm, özüm billəm!

Yeganənin dilindən eşitdiyi bu sözlər Əkrəmə çox qəribə gəldi. Həm də, o dəqiqə qəlbində gizli bir ikrah hissi oyandı. “Nə edərəm, özüm billəm!” Qızı yaşına, ismətinə uyuşmayan bir qəbahətlə, belə açıq-saçıq danışmağa nə vadar edirdi ki?

... Onlar küçə qapısından kiçik bir həyətə girdilər. Sağ yanda divar boyu əkilmiş səhər-axşam sarmaşıqları daşlara dırmaşaraq lap yuxarıya qədər qalxmışdı. Sol tərəfdə dörd pəncərə, iki qapı görünürdü. Qarşıdakı taxta pilləkənə çatanda Yeganə sürahidən tutub dayandı və geri çevrilərək soruşdu:

− Necədir? Xoşuna gəlirmi həyət-bacamız?

Əkrəm dinmədi, düşüncəli halda başını tərpətdi.

İkinci qatda, aynabəndin qapısında onları əlli yaşlarında gödəkboylu, nisbətən dolubədənli, qolları çirməli, yaşıl şadlanka paltarlı bir qadın qarşıladı.

− Səltənət xala, − deyə Yeganə içəri gircək Əkrəmi göstərdi, − haqqında sənə danışdığım oğlan budur.

Qadın irəli yeriyib Əkrəmlə görüşdü:

− Xoş gəlmisən, ay oğul. Neçə vaxtdır səni tərifləməkdən qızcığazın dili qabar olub...

Bu sözlərdən Yeganə utanırmış kimi əlləri ilə üzünü qapadı; barmaqlarının arasından Əkrəmə baxaraq bicliklə gözlərini qıydı. Səltənət qonağı evə dəvət elədi, özü isə mətbəxə keçdi. Yeganə əynindəki pencəyi çıxararaq stulun söykənəcəyinə geydirdi. Sonra yəqin ki, islanmış paltarını dəyişmək üçün qonşu otağa girib, qapını örtdü.

Yuxarı mərtəbə qabağı aynabəndli üçgözlü mənzildən ibarət idi. Həyətə baxan pəncərələrə yarıyadək cuna pərdə çəkilmişdi. Dəhlizin baş tərəfində kətil üstdə qoyulmuş çəlləkdə iri lumu ağacı vardı. Divardan asılan dəmir qəfəsdə sarı bülbül ara vermədən şaqraq səslə cəh-cəh vurub oxuyurdu. Pilləkənə açılan qapının böyründə, mətbəxlə yanaşı daxmada Yeganə olurdu. O biri iki otaq isə Səltənətə məxsus idi. Evdə xeyli tək qaldığından qəribsiləndiyini görən Əkrəm, küçə balkonuna təzəcə çıxmışdı ki, qız yanına gəldi; ikiəlli onun boynundan yapışıb sağa-sola yırğaladı. Sonra məhəccərə söykənərək sinəsini irəli verib, şax dayandı; danışmadan, gülə-gülə Əkrəmə baxdı. Yeganənin əynində yaxası, qolları ağ köbəli sürməyi əcərli paltar vardı. Beli kəmərlə möhkəm sıxıldığından onu lap uşağa oxşadırdı.

Qız bu nümayişanə duruşu ilə sanki soruşmaq istəyirdi: “Necədir? Yaraşırmı mənə?”

− Nə qəşəng paltarın var! – deyə Əkrəm Yeganəni süzdü və nə üçünsə gizlicə bir köks ötürdü. – Kuklasan!

Yeganə bu sözdən incimiş kimi mısmırığını sallayıb, qaşlarını düyümlədi, şıltaqlıqla üzünü yana tutdu:

−Mənə kukla niyə deyirsən, insafsız? Axı, ürəyim də var... İnanmırsan?

−Bəs ürəyinin içində nə var? – deyə Əkrəm də həmin tərzdə xəbər aldı.

−İçində − sevgi, arzu, sirr, od, alov... Bəsdir, yoxsa yenə sadalayım sənin üçün?

−Kifayətdir! Kifayətdir!.. – Əkrəm Yeganənin çiyinlərindən tutub köksünə sıxdı və astadan qulağına pıçıldadı: − Odun, alovun yandırmaz ki, məni?

Qız xumarlandı, kirpikləri asta-asta enib, qalxdı, boynu bəndəmindən sınmış çiçək təkin yana əyildi; ətirli ipək saçları oğlanın sifətinə toxundu. Sonra başını qaldırıb, titrək dodaqlarını Əkrəmə yaxınlaşdırdı. Səltənət xalanın arxadan eşidilən səsi onları diksindirdi.

−Ay balam, harda qaldınız? Çayınız soyudu ki!..

İçəri keçəndə Əkrəm Yeganənin qonşu arvadı çox acıqlı və sərt baxışlarla süzdüyünü gördü. Səltənət, qonaq yanında qıza cavab verməsə də, çox narazı halda otaqdan çıxdı.

Üstünə nişastalı ağ süfrə salınmış dəyirmi stola, büllur vazada alma, iki stəkan çay, konfet, mürəbbə və evdə hazırlanmış qurabiyyə qoyulmuşdu. Qızıl suyuna çəkilmiş balaca qaşıqlar və bıçaqlar qədim çini boşqabların içində par-par parıldayırdı.

Qız Əkrəmə yuxarı başda yer göstərdi. Özü gedib küncdə qoyulmuş köhnə patefonun qapağını qaldırdı.

−Bu dəqiqə sənin üçün nadir bir mahnı çaldıracağam, − dedi. Dolabçanın aşağı gözündən çıxardığı valı hərləncəyin oxuna keçirdi və patefonun dəstəyini fırladıb iş saldı. Gurultulu, cingiltili musiqi ardınca kişi səsli bir qadının əvvəlcə bəmdən, sonra isə zildən oxuduğu mahnı otaqda pərdə-pərdə qanadlandı. Elə bil xarabalıqda bayquş uladı. Yeganə gəlib Əkrəmin çiyninə dirsəklənərək dayandı; bir müddət heç biri danışmadı. Qulaq asdılar. Müğənni qadının çığırtısı mahnının sonunda nida qoycaq, Yeganə də Əkrəmin kürəyini şappıldatdı:

−Bəyəndinmi?

Belə də... Köhnə qaraçı havasıdır.

Qız patefonun iynəsini qaldırdı. Məyus halda stolun arxasında əyləşdi.

−Eşitdiyimə görə, anam tez-tez bu mahnını oxuyarmış. Yazıq qadın! Kaş indi sağ olaydı!..

Əkrəm stəkanını götürüb çaydan bir qurtum içdi. Qıza təskinlik verdi:

−Neyləyəsən ki! Dünya da bir növ mehmanxanadır. Qonaqları gəlir... gedir... heç kəs həyatda əbədi yaşamır. – O, əlini uzadıb qızın biləyini oxşadı. – Barı dumanlı da olsa, xatırlayırsanmı ananı?

Yeganə kövrəldi:

−Eh!.. Sən nə danışırsan. O mən doğulandan ikicə gün sonra ölüb! İyirmi beş yaşı varmış yazığın, ucaboylu, göyçək bir qadınmış.

−Şəkli dururmu?

Qız köks ötürdü:

−Adından savayı heç nəyi qalmayıb.

−Bəs atan?

−Atam Daşkənddə yaşayan azərilərdən olub. Deyirlər, anamdan on beş yaş böyük, kobud bir kişi imiş. Yola getmədikləri üçün tez də ayrılıblar. – Yeganənin səsi titrədi. – Mən anamın boynunda ikən atam onu atıb, başqa şəhərə gedib. Vəssalam! Valideynlərim barədə ancaq bunları bilirəm.

Süfrədəki çaylar soyumuşdu. Yeganə Səltənət xalanı səslədi. Arvad yarıkönül, qapıda göründü.

−Zəhmət çək bunları təzələ.

Səltənət xala dinməzcə stəkanları götürüb gedəndə Əkrəm yavaşcadan xəbər aldı:

−Bu qadın nəyindir?

−Heç nəyim! Xala deməyimə baxma. Qohum-zad deyilik. Mənim heç kəsim yoxdur. Kimsəsizəm. Bircə sənsən yaxın adamım...

Əkrəm istər-istəməz anasının sözlərini xatırladı:

“Barı öyrənmisənmi, qız kimlərdəndir?”

“Xeyr. Onu soruşmamışam...”

İndi soruşdu da, öyrəndi də! Son zamanlar teatrın daimi tamaşaçılarından olmuş Əkrəm, Yeganənin səhnədən dediyi sözləri dönə-dönə eşidib, əzbərləmişdi: “Mən hələ cocuq ikən atadan-anadan yetim qalmış ərköyün qaraçı qızıyam!..” Gözəlliyinə dəlicəsinə vurulduğu gənc aktrisanın keçmişi ilə Əkrəm maraqlanmasa da, qaraçı qızı rolunda hərarətlə söylədiyi bu bircə cümlədə onun öz həyatından da danışılırmış!..

Səltənət xala çayları təzələyib gətirəndə qonağı çox tutqun gördü. Lakin −−−−çalışsa da, bacarmırdı.

Qəribə həyatın varmış sənin. Bu vaxtacan mən bilmirdim... – Və ürəyində öz-özünə təskinlik verdi. – “Atası, anası hər kim olubsa, bunun nə günahı?!”

Yeganənin teatr texnikumundan birdən-birə səhnəyə aparılması və şansanetka rolunun ona tapşırılması da əsassız deyildi. Tamaşanı hazırlayan rejissor, əsərdəki qaraçı qızını hansı aktrisanın oynayacağı barədə çox fikirləşmişdi. Lakin teatrın kollektivi içərisindən bu rola münasib ifaçı seçə bilməmişdi. Əgər bircə nəfərə ümid bəsləmişdisə, o da, təcrübəli olmasına baxmayaraq, nisbətən yaşlı idi; şansanetkanın həm oxuyacağı, həm də yüngül sıçrayışlarla oynayacağı səhnələrdə çətinlik çəkəcəyindən qorxurdu. Rejissor teatr texnikumuna gedib, düşündüyü obrazın əvəzliyini axtarmış və nəhayət, Yeganəni görəndə sevinmişdi... Qızı yaxşı hazırlamaq üçün əvvəlcədən nəzərdə tutduğu təcrübəli aktrisaya dublyor vermişdi. Bir neçə məşqdən sonra istəyinə nail olan rejissor zarafatla Yeganəyə demişdi: “Bizə bir şıltaq qaraçı qızı lazım idi, onu da tapdıq!..”

Axşamdan başlanan söhbət gecəyədək uzandı. Səltənət xala yatmışdı. Əkrəm evlərinə getməyə hazırlaşanda Yeganə buraxmadı:

− Hələ tezdir, − dedi və gəlib onunla yanaşı stulda əyləşdi. − Məni çoxmu sevirsən? − Soruşdu.

− Çox.

− Nə qədər?



− Onu demək çətindir.

− Mən də çox sevirəm səni. Bilirsən nəyə görə?

− Yox...

− Ürəyin təmizdir, onunçünş Həm də səndə kişi sifəti var. Mənə elə gəlir ki, sən heç nədən, heç kimdən qorxmursan, mərd adamsan. Hətta istəyərdim bir az da kobud olasan. Şaqqalı... kürəkli... Özündən də papiros iyi gələydi. − Yeganə turac kimi qaqqıldadı. − Papiros nə üçün çəkmirsən, Əkrəm?

− Nəsə, əvvəldən bu vərdişdən uzaq olmuşam.

− Zarafat eləyirəm, papiros ürəyə zərərdir. Düz demirəm? Bir ürəkdə ki, mənim məhəbbətim var, onu niyə zəhərləyəsən!.. − Yeganə döşlərini irəli verib, qollarını Əkrəmin boynuna doladı. − Yaxşı ki, bu gün yağış yağdı, evə gəldik! − Burnunu az qala onun burnuna söykəyib gözlərinin içinə baxdı. Qızın xoş ətir qoxuyan ilıq nəfəsi oğlanın sifətində gəzdi. Və o, ixtiyarsız bir halda dilləndi. − Öp məni.

Əkrəm Yeganəni qucaqladı; dodaqlarını onun odlu dodaqlarına yapışdırdı... Qızın qəlbi şiddətlə çırpındı və arada nə dediyini sanki özü də bilmədi.

− Elə yox... Bərk-bərk... Lap bərk!.. Qoy dodaqlarım qanasın... nəfəsim qaralsın, ölüm... Bax... bax... Belə!..

Öpüş-duet oldu. İndi də Yeganə, şəhvət dolu çılğın bir ehtirasla Əkrəmi sinəsinə sıxıb onu dəlicəsinə, saysız-hesabsız busələrə qərq etdi... Utanmağın, çəkinməyin fərqinə varmadan, çoxdanın təşnəsi kimi ürəyinin yanğısını söndürənə qədər, doyunca öpdü.

− İndi gördün ki, səni necə sevirəm?! − dedi və sifətinə dağılmış saçlarını başının çevik hərəkəti ilə arxaya atdı. − Canım canına qurban! Bu gecə səni heç yana buraxmayacağam, onu bilirsənmi?

Əkrəm güldü:

− Dünyanın axırıdır?

− Yox. Məhəbbətin əvvəlidir.

Saat yəqin ki, on ikini ötmüşdü. Daha Əkrəm də tələsmirdi. Bu xoş, qənimət dəqiqələrin şövqündən sərməst kimi Yeganədən ayrılmaq istəmirdi.

− Kaş heç ərə getmək, evlənmək olmayaydı! Adam ömrünün axırına kimi beləcə sevib-seviləydi, sonra da öləydi.

Əkrəm razılaşmadı:

− Məgər ərə gedənlər, evlənənlər sevib-sevilmirlər?

Hər halda, belə yox. Uşaq ki, oldu... eşqin kitabı bağlanır.

− Sən nə danışırsan?! Övlad məhəbbətin ən şirin bəhrəsidir.

− Baxır kimin üçün. Mənim əliuşaqlı analara yazığım gəlir. Özüm də onlara oxşamaq istəmirəm!

Əkrəm qulaqlarına inanmadı. Bu gün Yeganəyə nə olmuşdu?! Danışığında, rəftarında qəribə bir dəyişiklik vardı. Özünü də çox ərköyün aparırdı. Ancaq yeri deyildi. İndi onun xətrinə dəymək, bütün nəşəsini korlamaq demək idi.

Otağa sakitlik çökdü.

− Mənə nəsə danışacaqdın, − deyə haçandan-haçana qız xatırlatdı. − Yadından çıxmayıb?

Əkrəm fikrə getdi. Söhbəti nə cür başlayaydı ki, Yeganənin qəlbinə toxunmayaydı.

− Bilirsən... səndən niyə gizlədim... Mənim anamın təbiəti bir az başqa cürdür. Sənin teatr texnikumunda oxuduğunu, səhnədə oynadığını eşitsə, bizim işimizə pəl vura bilər.

− Aydındır...

− Çox xahiş edirəm, ürəyinə ayrı şey gəlməsin... Ona demişəm, sən dərsini qurtarandan sonra mədəniyyət sahəsində çalışacaqsan. Elə olmasın ki, sabah yalanımı çıxardasan... − O, qızın tellərini tumarlayıb, sözünü tamamladı. − Bu günlərdə səni evimizə aparacağam, anamla tanış edəcəyəm. Nə deyirsən?

− Mən sevgimizin xatirinə hər güzəştə getməyə hazıram!

Əkrəmin Yeganə ilə tanışlığı üç aya yaxın idi. Bu müddət ərzində, demək olar ki, hər gün görüşmüşdülər. Şəhərdə gəzmədikləri yer qalmamışdı. Bəzən özləri ilə yemək-içmək götürüb dənizə çimməyə gedəndə, saatlarla plyajda yan-yana uzanmışdılar. Danışıb gülmüşdülər, dərdləşmişdilər. Artıq arada elə bir ünsiyyət yaranmışdı ki, Əkrəm həyatını Yeganəsiz təsəvvür edə bilmirdi. Məhəbbətin gücü müti varlığına hakim kəsilmişdi. Ürəyini tam mənası ilə sevdiyi qızın sərəncamına vermişdi.

− Mən səndən mehribanlıq və sədaqətdən başqa heç nə istəmirəm. Ailənin möhkəmliyi, xoşbəxtliyi üçün bu iki şey kifayətdir, − deyə indi başını sinəsinə qoymuş Yeganəni pişik balası kimi tumarladı. – Ayrı nə nöqsanın olsa, keçərəm.

Qız dinmədi. Gözlərini yerdəki xalçanın naxışlarına zilləyib susdu. Sonra nə üçünsə, dərindən köksünü ötürüb, udqundu.

−Doğrudanmı nə günahım olsa, bağışlarsan?

−Mən çox həlim adamam. Hər xırda qüsuru üzə vurub qan qaraltmağı

xoşlamıram.

−Əlbəttə! – deyə Yeganə başını qaldırdı. – Gərək birimiz od olanda, o birimiz su olsun.

−Amma elə od da var ki, onu su söndürə bilmir. Aləmi yandırıb-yaxır.

Qız Əkrəmin saçlarını qarışdırdı.

−Şeytan! O mənəm?..

Əkrəm sevinc qarışıq bir utancaqlıqla Yeganəni yanına salıb evlərinə apardı. Onu anası ilə tanış elədi. Cavahir qızı qucaqlayıb üzündən, gözündən öpdü. Özlüyündə, belə boylu-buxunlu, yaraşıqlı bir gəlinə qayınana olacağı ilə qürrələndi. Lakin...

Bu fərəh uzun sürmədi. Barmağına nişan üzüyü taxılandan sonra Əkrəmgilə ayaq açan Yeganə getdikcə arvadın nəzərində dəyişdi. Cavahir ona yaxınlaşdıqca, ondan uzaqlaşmaq istədi. Qızın gözəlliyi də, Əkrəmə göstərdiyi məhəbbəti də, evdəki münasibəti də anaya saxta, qondarma göründü. Cavahir bu sevdada oğlunun yanıldığını aşkar hiss etsə də, dərdini heç kəsə demədi, pünhan saxladı.

Kaş elə sonrakı peşmançılıq da ananın düşündüyü qədər olaydı!..

Zifaf gecəsindən sonra... yer yarılsaydı, Əkrəm yerə girərdi!..

Yeganə − onun məlaikə təkin pak, müqəddəs sandığı qız ismətsiz çıxmışdı!

BEŞİNCİ NOVELLA

Min doqquz yüz otuz doqquzuncu il...

Qızmar yay ayı, günortaçağı idi. Daşkənddə, Şeyxanaətaur bağının xiyabanlarında cavan bir qaraçı qızı dolaşırdı. O, kölgəliklərdə oturmuş adamlara yaxınlaşaraq yalvarıcı bir tərzdə fala baxdırmalarını xahiş edib, talelərindən doğru xəbər verəcəyini inandırmağa çalışırdı. Ovcunda ayna qırığı tutmuş qaraçını kimi təhqirli, söyüşlü ibarələrlə qovur, kimi atmacalar deyərək ələ salır, kimisi də cibinin dibini araşdıraraq, qəpik-quruşunu verib, öz bəxtini sınamaq istəyirdi.

Qız, cökə ağacları altındakı tənha skamyada əyləşib mürgü vuran, qara, milli ağ kostyum geymiş, həsir şlyapalı, tosqun, çopur bir kişiyə yan alanda, o, alnını ovuşdurdu və nazik çal bığlarını sığallayaraq gülümsündü. Bu əlverişli fürsətdən istifadə edən qaraçı tez onun biləyindən yapışıb dil-dil ötməyə başladı:

–Sənin, qurban olum, işıqlı, qara gözlərinə, ay pəhləvan kişi. Təki, həmişə döşünə yatan göyçək arvadların, qızların üzünə belə şadlıqla güləsən. Onlar da sənin üçün əldən-ayaqdan getsinlər. Heç bir arzu-kamın ürəyində qalmasın. Allaha inanırsansa, mənim dediklərimə şəkk eləmə. Bir-iki şahı ilə kasıb olmazsan, pul ver, falına baxım... – Qız ovcundakı ayna parçasını kişinin qarşısında tutaraq sağa-sola gəzdirdi və sanki bununla özünə inamı artırmaq istədi. – Canına canım qurban, pəhləvan kişi, xəsislik sənə yaraşmır. Onsuz da qazandığın pulların çoxunu keflərdə, əyləncələrdə, dağıdırsan, xanımlara xərcləyirsən. Heç zaman da heyifsilənmirsən. Mənə verəcəyin qəpik-quruşu da gözəl balalarının başına dolandır, onlara xoşbəxtlik, sənə uzun ömür arzulayım...

Çopur kişi qarşısındakı qızın dediklərinin fərqinə varmadan, yerində qurcalanıb, onun sözünü kəsərək dilləndi:

–Sən nə gəvəzəsən! Dilotu yemisən, nədir?!

–Canına canım qurban, pəhləvan kişi, allah haqqı, hələ bu vaxtadək dilimə heç nə dəyməyib...

–Niyə?


Qaraçı səğir bir görkəm alıb şikayətləndi:

–Səhərdən üç fala baxmışam cəmisi... Onların da birindən pul əvəzinə təpik qazanmışam...

Çopur kişi barmaqlarını qarnının üstə daraqlayıb, skamyanın söykənəcəyinə dirsəkləndi. Təpədən-dırnağa, həm də tamahkar bir hərisliklə onu süzdü.

Qulaqlarında qızıl aypara sırğaları olan qaraçı qızının çoxdan daranmamış qara saçları pərakəndə halda çiyinlərinə səpələnmiş, qabaqdan isə alnı aşağı tökülərək girdə, ağ sifətinin yarısını örtmüşdü. Gilas kimi ətli dodaqları, balaca sivri burnu, qaranquş qanadına bənzər qaşları və badamı, səmavi gözləri vardı. Nazik, mütənasib bədəninə biçimli gödəkqollu, sarı ipək köynəyinin yaxası şiş döşlərinin ayrıcına qədər açıq idi. Xırda dənəli boyunbağısı da, barmağındakı gümüş üzüyün qaşı da göy idi. Ayaqlarındakı yastıdaban, nimdaş çəkmələri onun qəşəng baldırlarına əsla yaraşmırdı. Arxası tərəf dayanmış qızın tünük yubkası içərisində lap yuxarıya qədər apaydın görünən biçimli, totuq qıçları çopur kişinin nəzərindən yayınmadı. Bu qapalı tamaşanın vaxtını uzatmaq məqsədi ilə o, qaraçını əyləndirməyə bir bəhanə axtardı:

−Adın nədir?

Xeyli yubandıqdan sonra ona pul deyil, yersiz bir sual verildiyini görən qız, dönüb uzaqlaşmaq istədi. Lakin nə fikirləşdisə, könülsüz ayaq saxladı.

−Adım nəyinə gərəkdir, pəhləvan kişi? – deyə əzgin tərzdə xəbər aldı.

−Lazım olmasa, soruşmaram ki!

−Anjelladır.

−Çox gözəl. Neçə yaşın var?

−Onu neyləyirsən? – Qız bezikmiş kimi acıqlandı. – On altı desəm, xoşuna gələr?

Çopur kişi ehtiyatla dönüb ətrafa boylandı; boynu albuxara kisəsi kimi qat-qat oldu.

−Lap otuz altı da gələr! Getməyə tələsmə, dayan... Ənjillə, harda yaşayırsan?

−Sənə nə!

−Soruşuram da... Bəlkə qalmağa yerin, yurdun yoxdur?

−Yurdum yoxdur, yerim var. Biz bu cür yaşamağa öyrəşmişik.

−Biz deyəndə... siz neçə nəfərsiniz?

Anjella utanmadan əlini uzadıb çopur kişinin bığını çəkdi.

−Az tamahkar ol. Sənə biri bəs deyilmi? – Qız öz şıltaqlığından xoşhallanaraq, qəşş edib ləzzətlə güldü. Sonra boyunbağısını oynada-oynada dilləndi: − Bir söz desəm, inciməzsən ki?

Kişi donquldandı:

−Dilinlə nə istəyirsən de, ancaq əlini mənə tərəf uzatma!

Qarşısındakı şəxsi qıyqacı baxışlarla uzun-uzadı, diqqətlə süzən Anjellanın ürəyindən nə keçdisə, sustaldı. Kirpikləri sanki ağırlaşıb aşağı endi.

−Kaş sənin kimi varlı bir atam olaydı! – dedi. Və razılıq almadan keçib onun yanında əyləşdi.

Çopur kişi azacıq qırağa çəkildi.

−Sənə ata yox, başqa şey ola bilərəm.

Qız dinmədi.

−Eşidirsən? – O, barmaqlarının ucu ilə Anjellanın çənəsini sığalladı. – Niyə susursan?.. Hə?.. Sən hardan bildin mən qazandığımı arvadlara xərcləyirəm? – Çopur kişi qaraçının çəkinmədiyini görüb əlini onun çənəsindən hamar boğazına sürüşdürdü, sonra da oğrun-oğrun aşağı gəzdirərək sinəsində saxladı. Qız müqavimət göstərmədən çiyinlərini boynuna qısıb sakit oturmuşdu. Kişinin kobud barmaqları əsə-əsə onun açıq yaxasından içəri uzananda Anjella qəfildən ürkərək geri sıçradı.

−Sən o sərxoş su gədələrindən də həyasızsan! – dedi və qalxıb kənarda dayandı.

−Su gədələri kimdir?

−Matroslar.

−Onları harda görmüsən?

−Həştərxanda.

Çopur kişi irişdi.

−Bura bax, qaçma. Yaxın dur, mənə qulaq as. – O, üzünü qaraçıya tərəf deyil, tamam başqa səmtə çevirərək fısıldaya-fısıldaya dedi. – Sən mənim xoşuma gəlirsən. Yaman istiqanlı, yapışıqlı qıza oxşayırsan... Ancaq bizim burada belə danışmağımızdan ehtiyat edirəm. Şəhərdə məni tanıyanlar çoxdur.

−Ona inanıram...

−Düzü, gözəlliyindən də keçə bilmirəm. İstəyirəm bu gecəni səninlə bir yerdə olum...

−Bıy! – deyə Anjella heyrətləndi. – Gedib mənimlə quru yerdə yatacaqsan?..

Kişi əsəbiləşdi.

−Elə yox!.. Sən nə dilbilməz uşaqsan! Başa düş, təklifimdən boyun qaçırmasan, sən gəlib mənim evimdə qalacaqsan. Yeyəcəksən, içəcəksən, sonra da ipək yorğan-döşəkdə xumarlanacaqsan. Anladın?..

−Pul da verəcəksən mənə?


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin