Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə4/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

−Əlbəttə, səninlə açıq danışmalıyam. Özgəsi deyilsən ki... Mən səni həmişə anamın əvəzi bilmişəm. Düzdür, arabir ərköyünlük eləsəm də, sonra peşmançılıq çəkmişəm.

−Eybi yoxdur, qızım, dava-dalaşsız həmxana olmaz. Mən elə şeyləri ürəyimə salıb, kin-küdurət saxlamaram.

Səltənəti yola gətirən Yeganə mətləbə keçdi:

−Neçə vaxtdır Əkrəm adlı bir oğlanla görüşürəm. Mənimlə evlənmək istəyir. Ancaq... hələ razılıq verməmişəm.

−Niyə?! Bəyənmirsən?..

−Bəyənirəm... Lap ürəkdən sevirəm onu. Ancaq...

−Bəs kimi gözləyirsən?

Yeganə azacıq susub, sözünə davam etdi:

−Qorxuram... bura gələndə ağzından bir söz qaçırdasan, hər şey pozula...

−Ay qız, dəli olmusan nədir?! Mən durub daha ona deməyəcəyəm ki, Yeganə filan gün filankəslə kinoya, teatra gedib. Uşağam nəyəm?..

−İndi ki, söhbət açıldı, səndən nə gizlin, − deyə qız, keçmiş işləklərini ört-basdır eləmək üçün arvadın fikrini yayındırdı. – Üzüm ayağının altında... arada gecələr evə gəlməyəndə də elə onunla bir yerdə olmuşam... Kinoya, teatra da həmişə Əkrəmlə getmişəm...

−Sözündən belə çıxır ki, siz beş-altı aydır sevişirsiniz.

−Bəli. Bəlkə bir az da artıq.

Əslində isə bu doğru deyildi. Onlar üçüncü ay idi ki, görüşürdülər.

Səltənət, Yeganənin haqqında nahaqdan başqa cür düşündüyünə görə özünü danladı.

−Onda bəs, məndən niyə çəkinirsən, bala? Ağzımdan nə qaçıra bilərəm ki?

−Ərdə olduğumu! Səndən xahiş edirəm, bu barədə o bilməsin!

Kirayənişin qızın həyətdən köçüb getməsini ürəkdən arzulayan Səltənət belə fürsəti göydə axtarırdı. Elə ona görə də yağışlı gündə Yeganə Əkrəmi evə gətirəndə qadın sevinmişdi... Hətta, başqa vaxtlar şəninə sığışdırmasa da, o axşam çay dəmləyib, qızın otağına aparmağa məcbur qalmışdı.

Universiteti təzəcə bitirmiş Əkrəm toy tədarükündə idi ki, ortaya əngəlli bir məsələ çıxdı.

Yeganə öz otağından əl çəkmək istəmirdi.

−Gəl, yığışaq mən olan evdə yaşayaq, − deyirdi. – Onsuz da yeriniz darısqaldır. Arvadın rahatlığını pozmayaq. Bir də... Mən xasiyyətdə gəlinlə, qaynana çətin yola gedər.

−Niyə elə fikirləşirsən, Yeganə? Anam mehriban qadındır. Sən ondan heç zaman yamanlıq görməzsən...

Qız ipə-sapa yatmaq istəmirdi.

−Hər şey bir yana dursun, axı... mən özümlə gətirəcəyim cehizi sizin evdə hara sığışdıracağam? Alıb yığdıqlarımı geri qaytarası deyiləm ki...

−Orası elədir, − deyə Əkrəm vəziyyətdən çıxmağa bəhanə axtarsa da, qızı bir növ haqlı sanırdı.

İllərdən bəri canından şikayətlənən Cavahir yaman zəifləmişdi. Arvad neçə aylardı ki, bəstəri xəstə idi. Dava-dərman içməkdən zinhara gəlmişdi.

Məcburiyyət qarşısında qalan Əkrəm, kənddə yaşayan dul xalasını gətirib anasına baxmağı ondan xahiş etmişdi. Sabah o, evlənəndən sonra, doğrudan da vəziyyət çətinləşəcəkdi. Öz işini yaxşı bilən Yeganənin isə bu cür hərəkət etməsi, əlbəttə, əsassız deyildi. Bacısı, Cavahirin yanından getsəydi, qadının əziyyətini çəkmək onun öhdəsinə düşəcəkdi. Üstəlik toy gecəsindəki peşmançılıqdan sonra rüsvay halda geri qaytarılacağını da gözünün qabağına gətirmişdi. Ona görə də Yeganə oğlanı dilə tutub, öz otağına gətirməyə mütləq razı salmalı idi. Əkrəm məəttəl qalmışdı, nə deyəydi? Lakin bu tərəddüd uzun çəkmədi, hər şey qızın qabaqcadan düşündüyü kimi oldu...

Bir səhər əhvalının fənalaşdığını duyan Cavahir oğlunu çağırtdırıb çarpayısının böyründə oturtdu və... rahatlıqla can verib, keçindi..

Arvadın hələ qırxı çıxmamışdı ki, müdhiş bir xəbər ildırım sürəti ilə aləmi bürüdü: qanlı müharibə başlanmışdı!

Yaşıdları kimi Əkrəmi də hərbi komissarlığa çağırdılar. Yeganə ağladı, taleyindən şikayətləndi:

−Mən bəxtiqara bu dünyada bir ağ gün görmədim!..

Əkrəm ona təskinlik verməyə söz tapmadı.

−Olacağa çarə yoxdur, − dedi. Həmin axşam Yeganə çox qəribə bir təklif irəli sürdü:

−Məni sevirsənsə, getmə, Əkrəmcan! Odun, alovun içinə girmə!.. Mən adam taparam, səni saxlatdıraram..

−Sən nə danışırsan, ay qız?! Dəli olmusan, nədir?!.

−Sözümə qulaq as... Pul barədə fikirləşirsənsə, onu da özüm düzəldərəm. Nə qədər istəsələr, verərik, sən getməzsən, mənim yanımda qalarsan...

Əkrəm acı istehza ilə gülümsədi:

−Yeganə, görünür, biz hələ bir-birimizi yaxşı tanımırıq. Əgər günahına göz yumub səni bakirə qız kimi qəbul etmişəmsə, bu, heç də o demək deyil ki, mən qeyrətsizəm! Bilsəm günü sabah öləcəyəm, yenə getməliyəm!..

Zifaf gecəsindən sonra Əkrəm Yeganə ilə üzülüşməyi qət etmişdi. Eşqinə təmiz qəlblə bağlandığı bir qız onu aldatmışdı. Məhəbbətdə bundan da böyük xəyanət, bundan da ağır cinayət olardımı? “ – Dur, nə qədər hava işıqlaşmayıb, geyin, get xarabana! Sən mənə lazım deyilsən! – deyə Əkrəm öz hökmünü vermişdi. – Sən adda adamı tanımaq belə istəmirəm!”

Yeganə onun ayaqlarına düşüb, göz yaşlarını sel kimi axıdaraq yalvarmışdı: “ – Məni bağışla, Əkrəmcan, keç günahımdan... Yanında üzüqara olduğumu deməyə dilim dolanmırdı. Qorxurdum məni atarsan... Səndən ayrılmağa heyfim gəlirdi. Axı, mənim heç kimim yoxdur. Atasız, anasız tək qızam... İnan, ancaq səni sevdiyim üçün həqiqəti gizlətmişəm... Bu dərd həmişə mənə əziyyət verib. Hər səninlə görüşəndə xəcalət çəkmişəm. Neyləyim mən bədbəxt, neyləyim ki, ağlıkəsməz uşaq olmuşam, aldadıb yoldan çıxarıblar... Sən də məni atsan, daha kimə lazımam... Öldür məni, geri qaytarma, Əkrəmcan. Özün bilirsən ki, səni nə qədər sevirəm... Yadındadırmı, deyərdin, birimiz od olsaq, gərək o birimiz su olaq... Söylə mənə heç rəhmin gəlmirmi?.. Aman allah, niyə o zaman canımı almadın, indi məni xəcil elədin?.. Axı bu günü görmək istəmirdim. Ah! Kaş bir udumluq zəhər olaydı, içəydim, biabırçılıqdan qurtaraydım. Sən də adamlar arasında xəcalət çəkməyəydin...”

Əkrəmin bu yalvarışlardan ürəyi ağrımışdı. Yeganəyə nifrəti sönmüşdü, ona yazığı gəlmişdi. Gecəynən evdən çıxıb, səhərə kimi tək-tənha, yalqız küçələrdə gəzişmişdi.

Yeganəni atmaq həm asan, həm də çətin idi. Heç şübhəsiz ki, qız, başına gələn hadisəni əvvəllər demiş olsaydı, Əkrəm onu bağışlardı; lakin indilikdə bunu Yeganə üçün ikiqat cinayət sanırdı. Onsuz da aldadılıb bədbəxt edilmiş bir qızı təhqirlə geri qaytarmağı isə vicdanına sığışdıra bilmirdi; bir halda ki, Yeganəni sevmişdi.

Əkrəm Sərdargilə yollanmışdı. Dərdini çəkinmədən ona danışmışdı.

“ – Özüm də məəttəl qalmışam. Neyləyim? Necə hərəkət edim? Qovum getsinmi? Yoxsa...”

Sərdar, dostuna təsəlli üçün söz tapmaqda acizlik göstərmişdi. Ortaya konyak, konfet gətirmişdi, içmişdilər.

“ – Məsələdən Cavahir xala xəbərdarmıdır?”

“ – Xeyr.”

Sərdar susmuşdu.

“ – Belə işdə adam məsləhət verməyə də çətinlik çəkir. Hər halda, Yeganəni özün yaxşı tanıyırsan. Əgər o, doğrudan da səni sevdiyinin xətrinə bunu gizlətmişsə, onda... səni bilmirəm, mən bağışlardım.” Əkrəmin üstündən sanki dağ götürülmüşdü...

Sonralar Səltənət xala, evində Yeganə ilə yaşayan gənci yaxından tanıdıqca vaxtında onu ayıltmadığına heyfsilənirdi. Fəridə anasından da çox.

İndi Əkrəm Yeganənin, onu əsgər getməkdən çəkindirmək istədiyini görəndə qadın bir daha gözündə ləyaqətsiz oldu. Həmin söhbətdən ikicə həftə keçməmiş Əkrəm Bakıdan ayrıldı... qanlı-qadalı vuruş meydanlarına yola düşdü.

Yeganə öz otağında əvvəlki təkin yalqız qaldı.

Bakıya həzin bir payız axşamı çökürdü. Bayaqdan eyvanda oturmuş Əkrəm bunu gözləri ilə görməsə də, havanın ətrindən duyurdu, quşların səsindən bilirdi. Sürahiyə sarılmış meynə xəzan qoxuyurdu. Küçədəki çinarlara qonan sərçələrin cikkiltisi isə yavaş-yavaş kəsilməkdə idi.

Payız axşamı... Yaz günü... Qış gecəsi... Həyata kor baxan insanlar üçün bu fəsillərdə nə ağacların qızıl yarpaqları, nə yamacların qan rəngli lalələri, nə də pəncərə şüşələrinin naxışlı qırovları vardır; payız axşamları da, yaz günləri də, qış gecələri də günəşsiz, aysız, ulduzsuz qaranlıqlardan ibarətdir.

Əkrəmin beyninə dolan şübhələr ona rahatlıq vermir, bütün varlığını sarsıdırdı. Sanki vəhşi bir caynaq sərt dırnaqları ilə ürəyini insafsızcasına didib-parçalayırdı. O, aynabəndə qalxarkən qonşu arvaddan eşitdiyi sözlər hələ də qulaqlarında səslənirdi: “Binamus qızının o birilərdən gözü doymadı, indi də korları, şilləri evinə buraxır... Allah ona gözəllik əvəzinə azacıq həya versəydi, biz də bu həyətdə abırdan düşməzdik...”

Axı, ünvanına təhqirlər yağdırılan həmin əxlaqsız kimdir? Olmaya Əkrəm orduya gedəndən sonra, ev sahibəsi yuxarı qatdakı otaqlara başqa adam buraxmışdır?! Axı, bu sözlər kimə aid idi?! O, bu dolaşıq, sarsıntılı fikirləri başından qovmaq istəyir, ancaq bacarmırdı. – Əgər qonşuluqda özgə qadın yaşamırsa, bəs onda... Əkrəmi dəhşət bürüyürdü. “Yox! Yox! Yox! Mən necə də axmaq xəyallara düşürəm! Burada nə isə bir anlaşılmazlıq vardır... Görəsən, indi saat neçədir? Bir azdan Yeganə teatrdan gələcək, bu düyün açılacaqdır.”

Hardansa Əkrəmin yadına keçmiş – beş il əvvəlki bir əhvalat düşdü. Onda da payız idi. Yeganə ilə sahil xiyabanlarında gəzişirdi. Şəhər yenicə qaranlıqlaşırdı. Dəniz vağzalının həndəvərində həsir şlyapalı, tosqun bir kişinin yaxınlaşdığını görəndə qız özünü itirdi; qorxudan tir-tir əsdi. Əkrəm dönüb Yeganəyə baxdı, rəngi ağappaq idi. Həsir şlyapalı kişi bir az da irəli gələndə... qız şaşqınlıqla çırpınıb, Əkrəmin əlindən çıxdı və geriyə qaçaraq ağacların arasında yox oldu.

O niyə belə etmişdi, arada nə sirr vardı – hələ bu çağacan Əkrəm bilmirdi. Sonralar hər dəfə o barədə söz salanda qız söhbəti yayındırmışdı.

−Sən allah, ayrı şey danış. Heç özüm də baş açmadım o axşam mənə həmzət toxunmuşdu, nə olmuşdu... Bir də axı, bunu tez-tez soruşmağın mənası nədir?..

İndi qızın həmin əhvalatla əlaqədar həqiqəti ört-basdır elədiyini xatırladıqca, Əkrəm şübhələr içində boğulurdu.

“Yaxşı, bəs Yeganə nə üçün gəlib çıxmasın?! Harda yubana bilər o? Tamaşada... məşqdə... gəzməkdə... Necə?! Gəzməkdə?! Kiminlə?! O qədər adam var ki! Elə aktyorlarla, başqaları ilə. Bütün günü evdə tək oturmayacaq ki! Mən o zaman axmaqlıq elədim. Gərək Yeganə ilə evlənməyəydim. Ər evinə gedənədək namusunu qorumayan qızla möhkəm ailə qurmaq çətindir. Bir də mən, haradan biləydim ki, o ismətsizdir? Ağladı... Hər şeyi bağışladım. Axı, sevirdim. Özüm ondan çox kövrəldim. Anam arifdi, deyəsən, məsələni duymuşdu, üzümə vurmadı. Ürəyini baxışlarından oxudum. Eh!.. Kaş anam sağ qalaydı, mən öləydim! Bu dəqiqə gözlərim görsəydi, doyunca onun şəklinə baxardım... Onsuz da sifəti xəyalımdadır. Qaranlıqda haləyə oxşar bir işıqlı sahə görürəm, anam ordadır. Ağ saçları tən ortadan yanlara daranıb. Alnında, üzündə qırışlar var. Sifəti arıqdır, ovurdları çuxura düşüb. Rəngi bəmbəyaz, dodaqlarının qanı qaçıb. Gözlərinin ətrafına elə bil qaranlıq çöküb. Xəstəlik arvadı haldan salıb... Sabah mütləq qəbirüstə getməliyəm!. Öpəcəyəm məzarının daşından, deyəcəyəm: “Ana, gəlmişəm. Ancaq gözlərim kordur...” Sonra dostum Sərdargilin evlərinə də dəyməliyəm. Düzdür, valideynləri, bacı-qardaşı məni görəndə, qaysaqlanmış yaraları təzədən sızlayacaq... Nakam oğul itirmək böyük dərddir! Çox güman razı olardılar ki, elə Sərdar da şikəst qayıdaydı! Evdə səsini eşidəydilər, isti nəfəsini duyaydılar... Amma gözsüz yaşamaq dəhşətdir. Xüsusən, mənim üçün. Beş il oxudum... bütün haqq-sayım heçə getdi. Mən gecələr göyün dərinliklərinə baxmaq, başqalarının sezə bilmədiyi ən xırda işıqları axtarmaq, tapmaq niyyətində idim... arzularım ürəyimdə qaldı. Kəşf olunmamış ulduzlar kimi”.

Haradansa yadına Yeganənin sözləri düşdü:

“ – Məni sevirsənsə, getmə, Əkrəmcan! Odun-alovun içinə girmə!.. Mən adam taparam, səni saxlatdıraram. Əgər pul barədə fikirləşirsənsə, onu da düzəldərəm. Nə qədər istəsələr, verərik, sən getməzsən, mənim yanımda qalarsan...”

Çox qəribə təklif idi. Adam taparam... pul verərik... qalarsan... Elə satqınlığa, ancaq qorxaqlar, qeyrətsizlər razılaşardı. Məni əqidəmdən döndərmək çətindir! Əlbəttə, o sözləri Yeganə yox, bir başqası desəydi , cavabını ayrı cür verərdim...”

Pilləkənlərdə ayaq səsləri eşidən Əkrəm diksindi, təlaş içində, cəld yerindən qalxdı; barmaqlarını divarlarda gəzdirə-gəzdirə çətinliklə aynabəndə keçdi.

“Kimsən?!” – deyə soruşmağa cəsarəti çatmadı. Ehtimal ki, içəri girən adam onu görmədiyindən uzaqlaşdı, qapısı açıldı və örtüldü... Əkrəm irəli getdiyi kimi də bir ayaq-bir ayaq geri qayıtdı. Evin ortasında dayanaraq əlləri ilə başını tutdu.

“Hardasan?! Tez gəlib çıxsana! Məni bu şübhələrdən xilas etsənə, Yeganə!..” O, astadan, özünə yad bir səslə inildədi. Qəhərlənmiş boğazını islatmaq, ürəyinin təşnəsini söndürmək üçün stola yanaşıb stəkan axtardı, su içmək istədi. Lakin... həmin dəqiqə nə hiss etdisə, köynəyi qızmar dəmir kimi bədənini yandırdı, onu isti tər basdı, yaxasını dartıb, açdı. Qolları sustalıb, yanına düşdü. Əkrəmin sifətində əziyyətlərlə, iztirablarla dolu əzgin bir ifadə yarandı. O, sanki bu anda gəncliyini, dözümünü, taqətini itirdi, zəiflədi və fövrən xeyli qocaldı.

Stol üstə bir butulka, iki qədəh qoyulmuşdu! Külqabıda isə papiros və siqaret kötükləri qalanmışdı...

YEDDİNCİ NOVELLA

Restoranın lampaları yandı; büllur qədəhlərə şərab yerinə işıq süzüldü. Bayaqdan papiros tüstüsündən dumanlı görünən sifətlər birdən-birə aydınlaşdı.

Yuxarı başda kiçik stolun arxasında bir gənclə üz-üzə əyləşmiş Yeganə qanrılıb çiyninin üstündən ətrafdakılara ötəri nəzər fırlatdı. İçkidən keflənib özündən deyən cavanlar, şadlıqdan turac təkin qaqqıldayan xanımlar, qaradinməz, sakit oturmuş ahıllar vardı restoranda. Kişilərdən bəzisinin yanındakı bəzəkli qadınlar arvadları deyil, məşuqələri idi. Aslanla gələn Yeganə kimi. Bu, onların baxışlarından görünürdü, münasibətlərindən oxunurdu.

Yeganənin gözünə tanış adam dəymədi. Geri çevrilib üzünü Aslana tutdu, rahatlıqla, lakin yorğun bir tərzdə gülümsündü:

−Niyə danışmırsan, bir söhbət eləsənə, − dedi.

Aslan qırmızı şərab dolu qədəhini götürüb Yeganəyə tərəf uzadaraq, yarıya qədər içdi. Qadın bu sözsüz eyhamla onun nə demək istədiyini başa düşdü: “Sənin sağlığına!” Qəlbən fərəhlənsə də, özünü o yerə qoymadı.

−Aslancan, düzünü de, məndən doymusanmı?

−Bu nə sualdır?

−Xasiyyətimə az-çox bələdsən. Mən açıq danışmağı xoşlayıram...

Aslan papiros yandırdı.

−Sözlü adama oxşayırsan.

−Bəli! Harda olursa-olsun, özümə qarşı bir balaca soyuqluq, etinasızlıq gördümsə, o dəqiqə ürəyim sıxılır. Elə bilirəm mən orada, artıq lazımsız adamam.

−Axı, bunları nəyə görə deyirsən?

−Sən əvvəllər belə deyildin.

−Necə idim?

−İstiqanlı idin. Deyib-gülən, zarafatcıl, şən...

−Bəs indi?

−Soyuqsan. Axır vaxtlar səndən kəlbətinsiz söz qoparmaq olmur.

Aslan papirosunu sümürdü, tüstünü yana üfləyərək qımışdı.

−Sən mənim ürəyimi öz əlinə alandan sonra, sözə, söhbətə nə ehtiyac?

−Bunu əvvəllər desəydin, inanardım, indi yox!

−Niyə?


−Özün yaxşı bilirsən...

Aslan irəli əyilib onun balaca, ağ əlini ovcuna alaraq könülsüz sıxdı.

−Biz bura giley-güzar eləməyə gəlməmişik, Yeganə.

−Bəs nə üçün gəlmişik?

−Vaxtımızı xoş keçirməyə, əylənməyə, musiqiyə qulaq asmağa.

O, Yeganənin əlini buraxıb özünü doğrultdu.

−Gördün? Yenə mən deyəndir. “Əylənməyə... Vaxtımızı xoş keçirməyə.” Birinci günlər sən tamam ayrı cür danışırdın. Mənimlə görüşməyi, yanaşı oturub gözlərimə baxmağı, isti nəfəsimi duymağı hər şeydən üstün, hər şeydən qiymətli sanırdın. Eh!.. Doğrudan, həyatın qəribə qanunları varmış! Heç nə öz halında qalmır. Çiçək kimi saralır, solur, ətrini itirir, axırda ayaqlar altına tullanır.

−Düzü başa düşə bilmirəm, sənə nə olub? Çiçək kimi saralıb-solan, ayaq altına tullanan nədir, kimdir?

−Mən! Yeganə!.. Axmaqlıq özümdədir!

Bu vaxt oynaq, şən bir musiqi çalındı. Əynində ilan dərisinə oxşar qara xallı, zərli parçadan topuqlarına qədər dar paltarı olan, ağ sinəsi döşlərinədək açıq, nazikbədən, cavan bir xanım orkestrə məxsus kiçik səhnədə göründü; adamların arasında öz məşuqunu axtarırmış təki uzun qaşlarını oynadıb, sürməli gözləri ilə yuxarıdan-aşağı restorandakıları nəzərdən keçirdi. Sonra sifətinə məmnun bir ifadə verərək musiqinin ahənginə qoşulub, məlahətli səslə oxumağa başladı:

Boynuna qol salaram, ay oğlan,

Mən qadanı alaram, ay oğlan.

Anam qoysa, sabahdan köçərəm,

Gəlib sizdə qalaram, ay oğlan...

Aslan, müğənninin şərqisindən məst olmuş kimi, haçandan-haçana xəyaldan ayrılıb dilləndi:

−Götür, içək!

Badələr bir-birinə dəydi, cingildədi, uzaqlaşdı... dodaqlara yaxınlaşdı. Yeganə boş qədəhini yerə qoycaq, yanaqlarını ovucları içərisinə alaraq süzgün baxışlarını qarşısındakı oğlanın sifətində gəzdirdi və şıltaq bir səslə pıçıldadı:

−Aslan!


−Bəli... Nə istəyirsən?

Yeganə gözlərini qıydı, bic-bic gülümsədi və sonra özünü saxlaya bilməyib, ucadan qəhqəhə çəkdi:

−Bilmirsən?.. Bir az mənə yaxın otur!

−O da baş üstə! – deyə Aslan ona tərəf əyildi.

Qadın uzun, qara kirpiklərini asta-asta endirib, şərabdan məst olmuş səmavi gözlərini qapadı və şəhvani, ətli dodaqlarını qabağa uzadıb titrətdi, yenə geri çəkdi.

−Allah sənə insaf versin, ay Aslan!.. – dedi. – Barı əlimi tutmuşdun, onu da tez buraxdın.

−Darıxma, indi gedirik.

−Hara?


Aslan ehmalca onun çiynini tumarladı:

−Ya sizə, ya bizə.

−Gecdir, − deyə Yeganə narazılıqla başını buladı.

−Niyə tələsirsən? Evdə südəmər uşaq qoyub gəlməmisən ki!

Aslan nə düşündüsə, köksünü ötürüb, yerində qurcalandı. Qarşısındakı qadını ilk dəfə görürmüş kimi, həsrətli baxışlarla onu çox diqqətlə süzdü. Yeganənin girdə, ağ sifətinə şərabın təsirindən zəif qızartı çökmüşdü. Ətli dodaqları sanki bir az da şişmişdi. Nazik, qara qaşları daha da çatılmış, yaquta bənzər badamı gözləri həddindən artıq xumarlanmışdı. Qətran qaralıqlı ipək saçları çiyinlərinə tökülmüşdü, qabaqdan alnında qıvrılmışdı.

−Nə baxırsan? Görməmisən məni? – deyə Yeganə ona dikilən nəzərlərdən utanırmış təki oğlanın çənəsindən tutub, üzünü yana çevirdi. Aslan atmaca dedi:

−Eşitməmisən, bağda gülə baxarlar?

−Eşitmişəm! Sən hər dəfə içəndən sonra gözündə restoran bağa-bağçaya, qızlar gülə-çiçəyə dönür.

−Başqa qızlar yox, Yeganə!

−Yalan demirsən ki?!

Aslan barmağının işarəsi ilə o başda dayanmış ağ önlüklü xörəkpaylayanı çağırıb stolun haqqını ödədi.

−Qalxaqmı, Yeganə?

−Ancaq, məni qapımıza qədər ötürüb, ayrılacaqsan. Bu gecə dincəlmək istəyirəm. Dünən sən bizdən gedəndən sonra ev tör-töküntülü qalıb, heç stolun üstünü də yığışdırmamışam...

−Sən oğrunun yadına daş salırsan...

Hər ikisi durdu.

−Qabaqca sən çıx, bizi birlikdə görməsinlər, − deyə Aslan, Yeganəni irəli buraxdı. Qadın saçlarını hamarladı, üst-başını səliqəyə salıb, stolların arası ilə qapıya tərəf addımladı. Yeganənin nazik, mütənasib bədəninə biçilmiş ağ ipək paltarı; hündürdaban ağ tufliləri onu bir az da şux və uca göstərirdi. Dik döşlərini qabağa verib, şahanə bir tərzdə vüqarla yeriyən bu xanımın qeyri-adi görkəmi restoranda oturanlardan çoxunun gözündən yayınmadı. Kişilər, oğlanlar, hətta qadınlar, qızlar belə, çevrilib nəzərləri ilə onu müşayiət etdilər. Yeganənin zil qara saçları, girdə, ağ sifəti, çatma qələm qaşları, badamı göy gözləri, qırmızı ətli dodaqları, uzun, hamar boynu eyni vaxtda neçə-neçə ehtiraslı, həsədli baxışın hədəfi oldu.

Lakin o, heç kəsə əhəmiyyət vermədən zalı tərk edib vestibülə çıxdı; açıq pəncərəyə dirsəklənərək Bakının işıqlarına baxdı.

Xəzərin köksündən sıyrılıb gələn şor su qoxulu sərin yel onun yaxasından içəri dolaraq məhrəm bir əl kimi nəvazişlə yuxarıdan-aşağı sinəsini oxşadı. Elə bu zaman arxadan kimsə ehtiyatla yaxınlaşıb Yeganənin gözlərini tutdu. Qadın, heç də halını pozmadan:

−Aslan? Gəldinmi? – deyə dilləndi. Cavab verən olmadı. Bu dəfə o, titrək, həm də həyəcanlı səslə xəbər aldı:

−Kimsən?!

Yenə cavab gəlmədi.

Yeganə barmaqlarının ucunu gözlərini qapayan adamın əllərində gəzdirib onu tanımağa çalışdı. Və qəfildən:

−Zakir?! – deyə diksinərək, çılğın bir hərəkətlə geri çevrilib qarşısında gülümsəyən hündürboylu, enlikürəkli oğlana baxdı. – Sən burda nə gəzirsən?!

−Elə restorandan tək çıxdığını görüb arxanca gəldim. Məni nədən tanıdın?

Yeganə əzgin vəziyyətdə boynunu yana əyib, qorxurmuş kimi, astadan pıçıldadı:

−Barmağındakı üzükdən.

Bayaqdan qıraqda dayanmış Aslan onların hər bir hərəkətini izlədikcə, hirsindən dodaqlarını çeynəyirdi.

Aslan mətbəxdə qəhvə hazırlayırdı. Qollarını başının altında çarpazlayıb, arxası üstdə divanda uzanmış Yeganə gözlərini tavana zilləyərək fikrə dalmışdı. Beş-altı il əvvəlki qayğısız, sevdalı günləri xatırlayırdı. Növrəstə, dəcəl bir qız idi. Teatr texnikumuna təzəcə girmişdi. Cavanlar Yeganəyə rahatlıq vermirdilər; kimi məktub yazıb tanış olmaq istəyir, kimi kinoya, parka dəvət edir, kimisi də dərsdən sonra onu evlərinə ötürməyə can atırdı. Bəzən tanımadığı oğlanlar belə, yolda bir söz soruşmaq bəhanəsi ilə Yeganəni yubatmağa çalışırdı. Qız, hərdən xoşladığı tələbələrlə gəzməyə, əylənməyə çıxsa da, bu ünsiyyət uzun sürmürdü.

Lakin sonra hər şey dəyişdi. Sevginin nə demək olduğunu da Yeganə onda bildi!

O zaman hələ Əkrəmi tanımırdı.

Axşam idi. Xoş, təravətli bahar axşamı. Texnikumdan çıxan Yeganə evə çatmağa az qalmışdı ki, boz kostyum geymiş hündürboylu, yaraşıqlı bir oğlan ehtiyatla yaxınlaşıb onun qabağını kəsdi. Qızın ürəyinə qorxu doldu, ancaq qaçmadı. Bəlkə də yaşadığı küçəyə çatdığı üçün bir növ təsəlli tapdı.

−Siz kimsiniz?! Nə istəyirsiniz?! – deyə qaşqabağını sallayıb təkəbbürlə dilləndi. Oğlan danışmadı. Yeganənin qarşısından çəkilib, səkidən aşağı endi. Sanki bu hərəkəti ilə, qızın hürkdüyünü görüb, onu öz ixtiyarına buraxdı. Haçandan-haçana enli, qara bığlarının altında gülümsəyərək, sakit bir səslə, həm də çox təmkinlə dedi:

−Yeganə xanım, xətrinizə dəyməsin, siz bu sualı mənə indi niyə verirsiniz?.. Mən ki, bir aydan artıqdır hər addımınızı izləyirəm.

−Çox nahaq yerə! Mən sizi tanımıram... birinci dəfədir görürəm...

−Heç tanımaq da istəmirsiniz, eləmi? – deyə oğlan onun sözünə əlavə etdi. – Ancaq mən bunun üçün sizdən əsla incimirəm. Çünki elə əvvəldən də bu cavabı eşidəcəyimi bilirdim...

Qız gözünün üstünə tökülmüş saçlarını əlinin sərt hərəkəti ilə dala hamarladı.

−Siz mənim adımı hardan öyrənmisiniz?!

−Mən təkcə adınızı yox, sizin barənizdə çox şey öyrənmişəm. Evinizi də, texnikumunuzu da, yoldaşlarınızı da tanıyıram...

−Əslinə qalsa, bu da bir cür oğurluqdur. Özgəsinin şəxsi həyatı ilə maraqlanmağı sizə məsləhət görməzdim. Bir də... axı, məni niyə yubadırsınız?.. Sözünüzü deyin...

−Mən də bu suala cavab almağı bu gün sizə məsləhət görməzdim. Əvvəla, tələsirsiniz. Sonra çox acıqlısınız. Sağ olun.

−Xoş getdiniz!..

Yeganə ayrılıb, cəld addımlarla evlərinə tərəf yollandı və küçə qapılarından içəri girəndə sövq-təbiiliklə başını döndərib çiyninin üstündən geriyə baxdı. O, hələ də yerində dayanmışdı.

Sabahısı rəfiqələri ilə dərsdən çıxanda da Yeganə həmin oğlanı gördü; qarşı səkidə divara söykənib durmuşdu. Qız onu vecinə almadan, saymazyana ötüb keçdi. Üçüncü... dördüncü kərə də belə etdi... Ancaq bir sirr var idi ki... indi Yeganə də oğlanla maraqlanırdı: adını, kim olduğunu öyrənmək istəyirdi. Hətta, bunu rəfiqələri bilməsə də, o, texnikumdan çıxanda bir bəhanə ilə yoldaşlarından ayrılaraq evə tək gedirdi. Belə vaxtlarda həmişə də arxadan ehtiyatlı ayaq səslərinin ona yaxınlaşacağını gözləyirdi.

Nəhayət... bir səhər dərsə gedəndə oğlanla yenə küçələrində qarşılaşdı. Bu gün o, başqa kostyumda idi. Çox səliqəli geyinmişdi. Sifətində nə isə, özündən razı, xürrəm bir ifadə vardı. Sanki bu dəfə sözünün yerə düşməyəcəyini, rədd edilməyəcəyini qabaqcadan bildiyindən şadlanırdı. Yeganə oğlanın yanından ötəndə ürəyində anlaşılmaz bir narahatlıq, sıxıntı duydu; yerişini itirdi, dizləri titrədi. Bu dəqiqə az qala ayaqları bir-birinə dolaşacaq, səntirləyib yıxılacaqdı.

−Yeganə xanım!

Qızın vücudunu sarsıdan bu həyəcanlı nida qəflətən onu dabanlarından yerə mıxlayıb dayandırdı.

Oğlan asta-asta irəli gəldi. Yenə də həmin təmkinli, tanış səs eşidildi:

−Bağışlayın... sizdən artıq dərəcədə üzr...

−Çox nahaq yerə! Bilmirəm küçənin ortasında mənim qarşımı niyə kəsirsiniz?!


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin