Ön söz Giriş


III. 16. Neft və qaz yataqlarında hasilatın proqnozlaşdırılması



Yüklə 2,36 Mb.
səhifə73/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   69   70   71   72   73   74   75   76   ...   93
meden-geologiyasi-muhazire

III. 16. Neft və qaz yataqlarında hasilatın proqnozlaşdırılması
Ölkənin xalq təsərrüfatı sahələrinin inkişafı onun enerji daşıyıcılarına olan tələbatının nə dərəcədə təmin olunmasından asılıdır. Burada ön plana neft və qaz hasilatının faktiki səviyyəsi çəkilir ki, bu da ölkədə hazırda işlənilmədə olan və kəşf olunmuş, lakin hələ işlənilməyən mədənlərin hesabına əldə edilməlidir.
Neft və qaz hasilatının proqnozlaşdırılması yaxın illər (1,2,5 il) və perspektiv dövrlər (on illər) üçün aparılır.
Neft və qaz hasilatının proqnoz qiyməti proqnoz bazasının tədqiqatlara cəlb edilməsindən asılı olaraq iki qrupa bölünür: təminatlı və ehtimal olunan.
Yalnız faktiki işlənilən yataqların məlumatlarına istinad edən proqnozlaşdırma təminatlı, kəşf olunmuş, lakin istismar edilməyən yataqların məlumatlarına əsasən proqnozlaşdırma ehtimal olunan sayılır.
Təminatlı proqnoz. Bu tip proqnoz mədəndə və ya regionda ayrılmış və sərbəst işlənilən hər bir istismar obyektindən gələcək illərdə əldə edilə biləcək hasilatın həcminin təyinini nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, yataqların neft hasilatının hətta yaxın dövrlər üçün proqnozlaşdırılması belə özlüyündə çətin məsələlərdən sayılır. Belə ki, burada istismar obyektlərinin hasilatının hər hansı bir gələcək dövr üçün etibarlı səviyyəsi əsaslandırılmalıdır. Odur ki, tədqiqatlarda yataqların geoloji quruluşu, lay rejimlərinin xassələri, istifadə edilən neftçıxarma texnologiyasının imkanları hərtərəfli öyrənilməlidir.
Konkret yataqdan hasil edilə biləcək neftin miqdarını təyin etmək üçün hidrodinamik, statistik və geoloji-mədən üsullarından istifadə edilir.
H i d r o d i n a m i k ü s u l. Bu üsulla mədənin kəsilişi və ya sahəsi üzrə ayrılmış və sərbəst istismar edilən obyektlərdə neft hasilatının səviyyəsi gələcək dövrlər üçün təyin edilir. Burada obyektin cari dövrdəki hasilat imkanları ilə onun real səviyyəsi müqayisə olunaraq gələcək illər üçün proqnoz qiymətlər verilir. Hesablamalarda yatağın geoloji quruluşunu səciyyələndirən parametrlərlə yanaşı (obyektin qalınlığı, kollektorluq xassələri, flüidlərin göstəriciləri və s.), texnoloji parametrlərin qiymətlərindən də istifadə edilir. Lakin çox vaxt obyektlər üzrə bu göstəricilərin qiymətləri haqqında müvafiq məlumatlar əldə etmək mümkün olmadığından hidrodinamik üsulla hasilatların proqnozlaşdırılmasında xətalara da rast gəlinir. Odur ki, bu üsul ilə yaxın və ya perspektiv proqnozlaşdırma qiymətlərindən yalnız obyektlərin ümumi imkanlarını səciyyələndirmək üçün istifadə etmək olar.
S t a t i s t i k ü s u l. Bu üsul yatağın gələcək imkanlarını daha etibarlı təyin etməyə kömək edir. Statistik üsul keçmiş dövrlərin illik hasilatına görə gələcək illərin hasilatının proqnozlaşdırılmasını nəzərdə tutur (bu səbəbdən də üsul yeni işlənilməyə verilmiş yataqlar üçün tətbiq edilə bilməz). Çoxdan işlənilən yataqların gələcək imkanlarını müəyyən etmək üçün, yataqdan hasil edilmiş illik neft hasilatının həcm qiymətlərinin faktiki dəyişmə dinamikasının gələcək illərə aproksimasiyasını tələb edir. Bu tələbatı yerinə yetirmək üçün dinamik üsullardan, o cümlədən Kompers-Meykem əyrilərinin realizəsindən istifadə etmək olar.
Qeyd etmək lazımdır ki, statistik üsul yataqda texnoloji proseslərə əsaslı dəyişmələr verilmədikdə düzgün nəticələr verir. Belə hallara təcrübədə az rast gəlindiyindən digər üsullardan da istifadə edilməsi təklif olunur.
G e o l o j i-m ə d ə n ü s u l u. Məlum olduğu kimi, yataq tərtib olunmuş layihə sənədlərinə müvafiq işlənir. Burada hasilat istismar edilən işlək quyularla yanaşı yeni qazılan quyuların hesabına əldə edilir:
Q = qi +qy
burada Q istismar obyektində hasil edilən illik neft hasilatı;
qi - istismar obyektində işlək quyular üzrə illik neft hasilatı;
qy - istismar obyektində yeni qazılmış quyulardan əldə edilən illik neft hasilatı.
Sonrakı bir il üçün əldə edilə biləcək neftin miqdarını müəyyən etmək üçün aşağıdakı düsturlardan istifadə etmək olar:
Qt+1 = Qi(t+1) + Qy
burada Qt+1 – planlaşdırılan il üçün neft hasilatı;
Qi(t+1) – yataqdan işlək quyular vasitəsilə hasil ediləcək neftin həcmi;
Qy – planlaşdırılan ildə yeni qazılmış və ya keçmiş illərdə qazılmış, lakin istismara verilməyən quyulardan alıncaq hasilat.
Qeyd etmək lazımdır ki, işlək quyulardan alınacaq hasilatın həcmini təyin edərkən, həmin quyuların keçmiş illərdəki istismar günlərinin sayı və eləcə də hasilatın illik enmə dərəcəsi nəzərə alınmalıdır.
Yatağa yeni qazılan quyudan əldə edilə biləcək hasilatın miqdarını müəyyənləşdirdikdə həmin quyunun qonşuluğunda istismar edilən quyuların real gündəlik hasilatlarına istinad edilməli və quyunun istismar ediləcək günlərinin sayı da nəzərə alınmalıdır.
Ehtimal olunan proqnoz. Neft hasilatının ehtimal olunan proqnozu regionda yeni işlənilməyə veriləcək obyektlərin neft hasilatının qiymətlərini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, işlənilən yataqlardan, yeni texnologiyanın tətbiqi nəticəsində əldə edilə biləcək əlavə neft hasilatı da ehtimal olunan proqnoz tipinə aid edilir.
Yeni yataqlardan əldə edilə biləcək illik neft hasilatının həcmini təyin etmək üçün bu yataqda qazılmış ilk quyulardan əldə edilən geoloji-geofiziki və digər məlumatların toplanaraq sistemləşdirilməsi və onların regionda artıq işlənən yataqların müvafiq məlumatları ilə müqayisəsi əsas amildir. Müqayisə olunan obyektlər arasında sıx oxşarlıq aşkar edildikdə tədqiq olunan yataqda da analoji texnoloji proseslərin tətbiqi şərti ilə müvafiq illərdə hasilat səviyyələrin də oxşarlıq olacağını gözləmək olar.
Üsul aşağıdakı ardıcıllıqla həyata keçirilir.
1. Regionda uzun müddət işlənilən yataqların geoloji-geofiziki və digər göstəricilərinə görə baza təsnifat modelinin yaradılması. Burada yataqların geoloji quruluşunu səciyyələndirən əsas parametrlərin qiymətləri ilə yanaşı tətbiq olunan ənənəvi texnologiyanın göstəriciləri də iştirak edir. Sonra klaster-analizi tətbiq olunur və dendroqram əsasında yataqlar arasında oxşarlıq müəyyənləşdirilir. m– ölçülü evklid məsafəsinin qiymətlərinə görə yataq qrupları ayrılır.
2. Neft hasilatının proqnozlaşdırılması tələb olunan yeni yatağın analoji geoloji-geofiziki və başqa parametrlərinin qiymətləri öyrənilir və sistemləşdirilir.
3. Yeni yatağın məlumatlarının regionda işlənilən yataqların məlumat bazasına qoşulması və klaster-analizinin tətbiqi ilə təsnifatın yeni modelinin alınması.
4. Yeni yatağın qrup mənsubluğunun aşkar edilməsi. Bu qrupda olan yataqlarda faktiki neftçıxarma proseslərinin illər üzrə dəyişmə dinamikasına müvafiq yeni yatağın da dinamikasının proqnozlaşdırılması; lakin burada yeni qazılacaq quyuların sayının və layların neftverimini artıran üsullardan da alınacaq əlavə neft hasilatının miqdarı nəzərdə tutulmalıdır.
Beləliklə, ölkənin neft hasilatının proqnozlaşdırılmasının müxtəlif variantları həyata keçirilir və əldə edilən məlumatlar yataqların işlənilmə prosesində dəqiqləşdirilir.

Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin