7
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.735-053.32:616-06
Əkbərova A.T., Həşimova N.F., Sultanova M.M. *, Quliyeva S.Ə. **
VAXTiNDAN ƏVVƏL DOĞULMUŞLARiN RETİNOPATİYASi VƏ KORLUQ
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Ə.Əliyev adına HTI-nun oftalmologiya kafedrası, Bakı şəh., Azərbaycan *
Sağlamlıq imkanları zəif olan uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbi, Bakı şəh., Azərbaycan**
Açar sözlər: vaxtından əvvəl doğulmuşların retinopatiyası (VDR), zəif görmə, korluq
Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar,
qabaqlayıcı tədbirlər, hamiləliyin müddətinin maksimal uzadılması cəhdlərinə baxmayaraq vaxtından əvvəl
doğuşların sayı günü gündən artmaqdadır. Digər tərəfdən sonsuzluqla mübarizədə süni mayalanmanın, buna bağlı
olaraq çoxdöllü hamiləliklərin sayının artması da vaxtından əvvəl doğuşların sayının artmasına səbəb olmuşdur.
Vaxtından əvvəl doğulmuş körpələrin sağlamlığının qorunması müasir dövrün vacib tibbi-sosial problemlərindən
biridir [1,2]. Bu günkü günümüzdə tibbi xidmətin və reanimasion tədbirlərin keyfiyyətinin günü gündən
yaxşılaşdırılması, ekstremal az çəkili vaxtından əvvəl doğulmuş körpələrin sağ qalıb yaşamasına imkan verir və
nəticədə erkən yaşda əlil uşaqların sayı da artır. Belə ki, statistikaya əsasən erkən yaşda əlilliyin səbəbləri arasında
görmə analizatorunun xəstəlikləri ilk yerlərdən birini tutur. Vaxtından əvvəl doğuşların fəsadı olaraq, orqan və
sistemlər içərisində ən çox zədələnən mərkəzi sinir sistemi (serebral ifliclər, 60%) və görmə analizatorudur (zəif
görmə, vaxtından əvvəl doğulmuşların retinopatiyası - VDR, 30%) [3,4].
VDR (Retinopathy of prematurity (ROP)) uşaqlıq çağının əsas korluq səbəblərindən biri olub, bətndaxili
inkişaf dövründəki normal retinal vaskulyarizasiyanın vaxtından qabaq doğuş ilə pozulması nəticəsində baş verən,
retinanın fibrovaskulyar xəstəliyidir. Xəstəliyin patogenezinin əsasında oksigen, vaskulyar endotelial böyümə
faktoru (vaso endotelial growth faktor - VEGF) və retinadakı işemiyaya cavab olan neovaskulyarizasiya əsas rol
oynayır [5, 6]. Çəki azlığı (<1500 qr), kiçik gestasiya yaşı (GY), respirator distress sindromu, surfaktan müalicəsi,
24 saatdan artıq davam edən oksigen müalicəsi, çoxlu sayda qan köçürmələri, pnevmotoraks, vazopressiv müalicə
tələb edən hipotenziya, nekrozlaşmış enterokolit, ciddi intraventrikulyar qanama, konservativ və ya cərrahi müalicə
tələb edən patent ductus arteriozis, ürək masajı, sepsis zamanı 5 gündən artıq davam edən antibiotik müalicəsi
əsas risk faktorlarıdır [6, 7, 8, 9, 10, 11]. Xəstəlik 5 mərhələdə inkişaf edir. 1-ci mərhələ torlu qişanın damarlı və
damarsız sahəsini ayıran ağ rəngdə xətt - demarkasion xəttlə xarakterizə olunur. Demarkasion xətt səviyyəsində
damar ucları kəskin sonlanır və bu xəttdən sonra damarsız tor qişa sahəsi uzanır. 2-ci mərhələ demarkasion xətt
üzərində ağ və ya boz rəngdə qabarıqlıqla xarakterizə olunur. Ancaq bu xətt şüşəvari cismə invaziya etmir. Bu
xəttin arxasında “popcorn” adlanan kiçik tumurcuq kimi vaskulyar anomaliyalar ola bilər. 3-cü mərhələ tor qişa
üzərində əmələ gəlmiş qabarıqlıqdan şüşəvari cismə doğru yeni damarlar uzanır. 4-cü mərhələdə subtotal tor qişa
qopması başlayır. Bu mərhələ 4A (makulanı əhatə etməyən) və 4B (makulanı da əhatə edən) mərhələlərinə ayrılır.
5-ci mərhələ total tor qişa qopması ilə xarakterizə olunur. 2005-ci ildə VDR-nın son təsnifatına PLUS xəstəlik,
prePLUS xəstəlik, aqressiv posterior ROP terminləri daxil olmuşdur [12].
Əldə olunan məlumatlara əsasən VDR ilə bağlı korluğun statistikası ölkədən ölkəyə çox fərqlidir və dünyada
hal hazırda 50000-dən çox uşaq VDR xəstəliyinə görə kordur [13, 14, 15, 16].
Bu xəstəliyə görə korluğun yayılması barəsində dəqiq məlumatların verilməsi bir qədər çətindir. Belə ki, əgər
belə uşaqlar korlar məktəbində təhsil alan uşaqlar arasında axtarılarsa, bu zaman məktəb yaşına çatmayan uşaqlar
axtarışdan kənarda qalırlar. Həmçinin korlar məktəbində sırf göz ilə bağlı əlil uşaqlar təhsil alır. Ancaq VDR-li
uşaqlarda digər sistemlərdə də pozğunluqlar olduğundan (məs. karlıq, kortikal çatışmazlıq) onlar izolə korlar üçün
məktəblərə qəbul edilməyə bilərlər və onlar da axtarışdan kənar qala bilərlər. Bundan başqa uşaqlarda korluğun
yayılması ilə 5 yaşdan kiçik uşaqlarda ölüm arasında asılılığın olması da VDR-lə bağlı korluğun statistikasına
təsirini göstərir.
Biz hazırkı araşdırmamızda Azərbaycanda VDR-ə görə kor və zəif görən uşaqların statistikasını aparmağa
çalışmışıq.
Məqsəd - Azərbaycanda vaxtından əvvəl doğulmuşların retinopatiyasına görə kor və zəif görən uşaqların sayını
öyrənmək