1
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD)
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə çıxış
imkanları: real vəziyyət, beynəlxalq praktika və
təkliflər
Tədqiqat “Vətəndaş Cəmiyyəti – Media – Dövlət və Özəl sektorun Əməkdaşlığı ilə
Azərbaycanda Hərəkət İmkanları Məhdud İnsanların Hüquqlarının Müdafiəsi və
Yaşam Şərtlərinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Tədqiqatın məzmununa görə
CESD məsuliyyət daşıyır və heç bir halda Avropa Birliyinin mövqeyi hesab
oluna bilməz.
Bakı
Aprel 2016
2
Məqalənin quruluşu
Bu məqalə 4 bölmədən ibarətdir. İlk bölmədə sağlamlıq imkanları məhdud uşaq və
tələbələr üçün vacib olan məsələlərə toxunulacaq.
İkinci bölmədə Azərbaycandakı
mövcud durum və son dövrlər aparılan işlər qısaca təhlil ediləcək. Növbəti iki
bölmədə isə beynəlxalq təcrübə (Türkiyə, Böyük Britaniya, Estoniya, Qazaxıstan
və Rusiya) haqqında danışıldıqdan sonra mövcud problemlərin həllinə dair
təkliflər irəli sürüləcək.
Giriş
Hər bir uşağın pulsuz təhsil almaq hüququ vardır. Lakin sağlamlıq imkanları
məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər.
İnfrastrukturun müyəssər olmaması, kurrikulum və təhsil sisteminin onların xüsusi
ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb
olmuşdur. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də,
bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil
alanlar sonradan ictimaiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər.
1
Sözsüz ki, Lakin sağlamlıq imkanları məhdud olan uşaqların təhsildən kənar qalması
onların iş perspektivlərinin də zəifləməsinə gətirib çıxarır. Nəticədə, həm onlar şəxsi
inkişaf imkanlarından məhrum olur, həm də bütün cəmiyyət potensial insan kapitalını
itirir.
Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi
təhsil müəssisələrinin genişlənməsi, dəstəkləyici texnologiyaların təhsil sisteminə
gətirilməsi, adekvat kurrikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları
məhdud olan uşaqlar daha rahat şəraitdə təhsil ala bilirlər. Digər nəzərə çarpacaq
yenilik isə inkluziv təhsil anlayışının geniş şəkildə yayılmasıdır. Belə ki, hamı üçün
təhsil” strategiyasının məntiqi davamı kimi qiymətləndirilən bu fəlsəfəyə görə,
müxtəlif xüsusiyyətləri və ehtiyacları olan uşaqlarla sağlamlıq problemi olmayanlar
birgə tədrisə cəlb edilərək, eyni sinifdə təhsil almalıdırlar. İnanılır ki, belə bir mühitdə
sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə
bilər.
Qeyd edilməlidir ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsili zamanı diqqət yalnız
məktəblərə deyil, ali təhsil müəssisələrinə də yönəlməlidir. Belə ki, orta məktəblərdən
fərqli olaraq ali təhsil müəssisələrində müəyyən təhsil haqqı var ki, bu da bir qisim
tələbələrin təhsilinə maneəçilik törədir. Sağlamlıq imkanları məhdud şəxslərin böyük
bir qismi bu və ya digər formada aşağı imkanlara malik olduqlarından, onlar üçün ali
1
European Commission (2013)
3
təhsillə bağlı dövlət və müəssiələr tərəfindən xüsusi yardımlar ayrılır.
Sağlamlıq imkanları məhdud insanların təhsili məsələsində nəzərdə saxlanılmalı əsas
amillərdən biri əlilliyin növü ilə bağlıdır. Belə ki, əqli cəhətdən geriliyi olan fərdlə fiziki
cəhətdən sağlamlıq imkanları məhdud olan fərdin təhsil imkanları birbirindən müəyyən
dərəcədə fərqlənir.
2
Belə ki, əqli cəhətdən heç bir problemi olmayan, lakin fiziki
qüsurlu (məsələn, əlil arabasından istifadə edən) şagird yaxud tələbə sağlam uşaqlarla
birlikdə eyni sinifdə təhsil ala bilsə də, əqli cəhətdən problemi olanlar üçün bu mümkün
deyildir. Eyni zamanda, görmə, yaxud eşitmə qabiliyyəti məhdud olan şəxslərin də
sağlam uşaqlarla birlikdə eyni sinifdə təhsil almaq imkanı demək olar ki, yoxdur. Məhz
buna görə də, bu qəbildən olanlar xüsusi təhsil müəssisələrində təhsil alırlar.
Azərbaycan: mövcud vəziyyətin qiymətləndirilməsi
Müstəqilliyin əldə olunduğu dövrdən sonra Azərbaycanda sağlamlıq imkanları məhdud
uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün müxtəlif addımlar
atılmışdır. 2014-2015-ci il statistikasına görə, ölkədə sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərin sayı 5496 olmuşdur. Hal-hazırda
Azərbaycanda 60 mindən çox sağlamlıq imkanları məhdud olan uşaq var ki, onların
yalnız 12 minə yaxını təhsilə cəlb olunur və beləliklə böyük əksəriyyəti təhsildən
kənarda qalır.
3
Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunuun 35-ci maddəsinə
əsasən, dövlət sağlamlıq imkanları məhdud uşaqların imkanlarına uyğun təhsil almaları
üçün müvafiq tədbirlər görmək öhdəliyi daşıyır.
4
Həmin qanunun 41-ci maddəyə
əsasən isə, bu qəbildən olan uşaqların zəruri təhsil və peşə hazırlığı almaq hüququ
vardır. Sağlamlıq imkanları məhdud olan uşaqların müvafiq təhsillə təmin edilməsinə
və mümkün olan hallarda onların adekvat qaydada təhsil sisteminə cəlb edilməsi
istiqamətində həyata keçirilən 2006-2015-ci illər üzrə De-institutlaşdırma və alternativ
qayğıya dair Dövlət Proqramı və İnkluziv təhsilə dair Dövlət Proqramı layihəsi bu
sahədə nəzərə çarpacaq uğurların əldə edilməsinə səbəb olmuşdur.
Hal-hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsil almağı üçün
xüsusi təhsil müəssisələri fəaliyyət göstərir. Görmə qabiliyyəti məhdud uşaqlar üçün
Loqopedik xidmət məktəbəqədər müəssisələri, uşaq bağçaları, internat məktəbləri və
ümumtəhsil müəssisələrində təşkil edilir. Bununla yanaşı, müxtəlif dərəcədə eşitmə
qüsuru olan uşaqlar üçün də internat məktəblərinin bəzilərində təhsil xidmətləri təşkil
edilir. Görmə qabiliyyəti məhdud vətəndaşlar üçün kitabxananın yaradılması və xüsusi
şriftlərlə və brayl əlifbası ilə dərsliklərin çap olunması da təqdirə layiq addımlardır.
2
European Commission (2013)
3
Tə hsil Nazirliyinin De-institutlaşma və Uşaqların müdafiə si İdarə si (2015)
4
Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu (2012)
4
Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrində işləyən
müəllimlər və təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə
müəyyən edilmiş qaydada əlavələr olunması da bu sahədə atılan müsbət addımlardan
biri kimi xarakterizə edilməlidir.
5
Dünyada günü-gündən genişlənən inkluziv təhsil hələ ki ölkəmizdə təşəkkül tapmasa
da, bu təhsil növünün yaranması və inkişafı istiqamətində müəyyən addımların atılması
təqdirə layiq haldır. Təhsil Nazirliyi 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı
üzrə Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. De-
institutlaşma və Uşaqların Müdafiəsi İdarəsindən mətbuata verilən məlumata görə,
2012-ci ildə inklüziv təhsil ölkə ərazisində pilot layihələr çərçivəsində 30 ümumtəhsil
və məktəbəqədər təhsil müəssisəsində tətbiq edilmişdir ki, belə müəssisələrdə 298 uşaq
inklüziv təhsilə cəlb olunub.
6
Problemlər
Sağlamlıq imkanları məhdud şagird və tələbələrin rastlaşdığı bir çox problem var ki,
onlar inkluziv cəmiyyətin yaranmasına və ümumiyyətlə təhsilli əhalinin yetişməsinə
ciddi əngəllər törədir. Başlıca problem ölkəmizdə inkluziv təhsil sisteminin mövcud
olmamasıdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının
Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər və ümumi təhsil
müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması
və həyata keçirilməsi nəzərdə tutulsa da, bu proqram hələ ki, pilot layihəsi
səviyyəsindədir. Uğurlu olacağı təqdirdə, sağlamlıq imkanları məhdud uşaqların
həyatında ciddi irəliləyişlərə səbəb ola biləcək bu proqramın uğurlu icrasını
şərtləndirən amillərdən biri də müyəssər infrastrukturun yaradılmasıdır.
Belə ki, müyəssər infrastrukturun olmadığı bir şəraitdə təhsillə bağlı proqramlar heç bir
ciddi effekt verə bilməz. Hal-hazırkı nəqliyyat strukturu və küçələrin, yolların quruluşu
sağlamlığı məhdud şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət
qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası da müyəssərlik cəhətdən
geri qalırlar. Tələbə yataqxanaları da bu məsələdə geri qalırlar. Buna görə də, İSİM
olaraq infrastrukturun yenilənməsi və dəyişdirilməsini təklif edir, bu istiqamətdə
büdcədən yeni vəsaitlərin ayrılmasının lazım olduğunu hesab edirik.
Digər bir ciddi problem isə ali təhsil müəssilərinə qəbul imtahanı və orada təhsil alan
sağlamlıq imkanları məhdud tələbələrlə bağlıdır. İlk olaraq qeyd edək ki, tələbə qəbulu
imtahanının təşkili zamanı sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına diqqət
ayrılmır. Onlar sağlamlıq imkanları qaydasında olan şəxslərlə eyni mühitdə rəqabət
aparmalı olurlar ki, bu da qaçılmaz olaraq onların perspektivlərinə mənfi təsir edir.
5
Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu (2009)
6
Trend Xəbər Agentliyi (2012)
5
Qonşu Türkiyənin və inkişaf etmiş Britaniyanın bu sahədəki işi ölkəmiz üçün nümunə
sayıla bilər. Hər iki ölkədə sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti
verilməklə yanaşı, onlar ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər.
Ali təhsil müəssisəsinə qəbul olan tələbə isə nə dövlət, nə də universitetdən heç bir
maddi dəstək almır. Belə dəstəyin olmaması qaçılmaz olaraq aşağı təminatlı ailələrdən
gələn tələbələrin yolunu bağlayır. Təhsil haqqından başqa təhsillə bağlı dəstəkləyici
texnoloji avadanlıqların da alınmasını vacib hesab etsək, o zaman tələbənin nə qədər
maddi çətinlik çəkdiyini başa düşə bilərik.
Beynəlxalq təcrübə
Böyük Britaniya
Britaniyada 12 milyon sağlamlıq imkanları məhdud insan yaşayır ki, bunun da 43%-i
yaşlı əhali qrupuna, 16%-i əmək qabiliyyətini cavan yaşlarında itirmiş əhalinin payına
düşür. 2015-ci ildə Təhsil Departamentinin açıqladığı məlumata görə, ölkədəki
şagirdlərin təxminən 18%-i bu və ya digər formada sağlamlıq imkanlarının
məhdudiyyətindən əziyyət çəkir.
7
Güclü təhsil sistemi ilə ad çıxarmağına baxmayaraq,
Britaniyada da sağlamlıq imkanları məhdud şəxslərin nəzərə çarpacaq dərəcədə qismi
ya yalnız orta məktəb təhsilinə sahibdirlər, ya da heç bir təhsilləri yoxdur. Aparılan
araşdırmalara görə, sağlamlıq imkanları məhdud insanların təxminən 30%-i heç bir
təhsil dərəcəsinə sahib deyildir.
8
Sağlamlıq imkanları məhdud olan uşaqların təhsillə təminatında Təhsil Nazirliyinin
yerli şöbələri ilə yanaşı yerli icra hakimiyyətləri və səhiyyə qurumları da məşğul olmaq
öhdəliyinə sahibdirlər.
9
Şagirdin müvafiq təhsil müəssisəsinə yerləşdirilməsi
öhdəliyindən başqa, yerli şöbələr əlilliyin növündən asılı olaraq müvafiq həkimlərlə
birlikdə işləyərək, uşağın təhsildən uzaq qalmaması üçün mümkün olan addımları
atmalıdırlar. Qanun toplusu dəqiq olaraq hansı əlillik hallarının hansı təhsil formasına
uyğun gəldiyini qeyd etmir. Burada, qiymətləndirmə yerli şöbələrin ixtiyarına verilir.
Uşağın xüsusi təhsil müəssisəsində təhsil almağı üçün ilk olaraq onun bu problem
barədə etirafı gərəkdir. Bu etiraf olmadıqda isə, şagird normal məktəb şəraitində təhsil
alır. Lakin şagirddə hər hansısa əqli, yaxud fiziki geriliyi müşahidə edən təhsil
müəssisəsi nümayəndəsi bu barədə məsələ qaldıra və şagirdin xüsusi təhsil
müəssisəsinə göndərilməsini təmin edə bilər. Təhsillə bağlı qanunvericiliyin 316-cı
bölməsinə görə, şagird yalnız 2 halda normal məktəbdə inkluziv təhsildən kənar
şəraitdə xüsusi təhsil müəssisəsində oxuya bilər - valideyn bunu istəsə və sağlamlıq
7
Department for Education (2015)
8
Papworth Trust (2014)
9
United Kingdom Education Act (1996)
6
imkanları məhdud şagirdə veriləcək təhsil sağlam şagirdlərin təhsilinə maneəçilik
törətsə. Qanunvericilikdə bu da qeyd edilir, heç bir məktəb şagirdi əlillik amilinə görə
qəbul etməyə bilməz. Müəssisə əlindən gəldiyi qədər inklusiv şərait yaratmaq
məcburiyyətindədir.
Hər bir şagirdə 2006-ci ildə təsdiqlənən Həssas Qrupların Müdafiəsi haqqında qanunla
müəyyən edilmiş birdəfəlik 17 günlük tətil haqqı verir.
10
Bu haqq yalnız təhsil
müəssisəsinin yataqxanasında, yaxud qayğı evində qalanlara şamil edilir. İlboyu
ümumi tətil günlərinin sayı 75-i ötməməlidir.
Dövlət tərəfindən sağlamlığı imkanları məhdud tələbələrə verilən başlıca müavinət
tələbənin həm təhsillə bağlı (təhsil haqqı), həm dəstəkləyici texnologiyaların alınması,
həm də ona qayğı göstərən şəxsin (ailə üzvü, yaxud sosial işçi) xərclərini ödəmək üçün
nəzərdə tutulur.
11
Dəqiq məbləğ olmasa da, tələbənin əldə edə biləcəyi ən yüksək
məbləğ il ərzində 40-45,000 manatdır.
Bütün universitetlər və məktəblər, 2010-cu ildə qüvvəyə minən Bərabərlik Aktı qanunu
çərçivəsində sağlamlıq imkanları məhdud tələbələr üçün həm təhsil müəssisəsinin
binası, həm də yataqxanasında bütün mümkün şəraitin yaradılması öhdəliyinə
sahibdirlər. Lakin müəssiələr tələbə və şagirdlərə hər hansısa dəstəkləyici texnologiya
vermək məcburiyyətində deyildir.
Britaniya Təhsil Nazirliyi, tələbə qəbul komissiyaları və dövlət universitetlərinin də
sağlamlıq imkanları məhdud tələbələrə və abituriyentlərə göstərdiyi diqqət nəzərə
çarpır. Ali təhsilə qəbul imtahanlarına girən sağlamlıq imkanları məhdud abituriyentlər
üçün xüsusi test kitabçaları (görmə qabiliyyəti məhud şəxslər üçün Brayl əlifbası ilə
hazırlanan) hazırlanır, onlara əlavə vaxt (adətən 30-60 dəqiqə) verilir. Bundan əlavə,
imtahana xüsusi hazırlıq materialları da tələbələrə verilir.
12
Bəzi orta və ali təhsil
müəssislərində hətta xüsusi dəstəkləyici texnoloji avadanlıqlar vardır.
Son olaraq isə bu da qeyd edilməlidir ki, istər Britaniya, istərsə də bir çox ölkələrdə
sağlamlığı məhdud şəxslərin təhsil sahəsində üzləşdiyi digər problemlərdən biri də
onlara göstərilən münasibətdir.
13
Bu problemin həlli o qədər də asan olmasa da,
Britaniya məktəbləri bu istiqamətdə müəyyən addım atmışlar. Təhsil Nazirliyi və digər
qeyri-hökümət təşkilatlarının birlikdə hazırladıqları proqramlar bu sahədə həm
maarifləndirmə işlərinin aparılmasında, həm də cəza mexanizmlərinin yaradılmasında
istifadə edilir.
14 Maarifləndirmə işlərindən bir neçəsi bunlardır- şagirdlərin iştirakı ilə
keçirilən yığıncaqlar, məktəb rəhbərliyinin mütəmadi olaraq apardığı təbliğat
10
Department for Children, Schools and Families (2016)
11
Gov.uk (2016)
12
British Council (2016)
13
Department for Children, Schools and Families (2015)
14
Department for Children, Schools and Families (2015)
7
kampaniyaları və məktəb kollektivi tərəfindən hazırlanan müxtəlif video çarxlar.
Ümumiyyətlə isə, Britaniya məktəblərinin hədəflərindən biri bu cür hallarla qarşılaşan
şagirdlərin belə halları şikayət edə biləcəyi mühit yaratmaqdır. Belə ki, müdriyyət və
məktəb kollektivi belə hallarla bağlı şikayətlərin rəhbərliyə çatdırıldığı təqdirdə
sağlamlığı məhdud şagirdə dəstək göstərməyə hazır olmaqla yanaşı, ona qarşı belə
hərəkəti törədən şagirdə qarşı da lazımi tədbirlər planına sahib olmalıdır.
Türkiyə
Türkiyə əhalisinin (təxminən 70 milyon) 12,5%-i, yaxud 8,500,000-i sağlamlıq
imkanları məhdud şəxs sayılır.
15
Bunlardan 1,100,000-i 4-18 yaş arası uşaq və
yeniyetmələrdir.
16
2014-2015-ci il hesabatına əsasən, ölkədə sağlamlıq imkanları
məhdud 259,282 uşaq və şagird (160,866-ı oğlan) təhsil almışdır. Bunlardan 160,000-
dən çoxu sağlamlıq problemi olmayan həmyaşıdları ilə birlikdə orta məktəb təhsili
almışlar ki, bu da inkluziv təhsilin müəyyən dərəcədə geniş yayıldığına dəlalət edir.
Türkiyədə sağlamlıq imkanları məhdud şagirdlərə dövlət qayğısı 1997-ci ildən etibarən
nəzərə çarpacaq dərəcədə artmışdır. 2005-ci ildə qəbul edilən Əlillik Haqqında qanuna
əsasən, heç bir şagird sağlamlıq imkanları məhdudluğuna görə təhsildən kənar qala
bilməz.
17
2006-cı ildə ölkədə Xüsusi Təhsil Xidmətlərinə dair qanun qəbul edilmişdir.
Qanunda sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı görülməli işlər, onların haqqları
kimi müxtəlif məsələlər yer almışdır. Türkiyə Təhsil Nazirliyi və onun yerli şöbələri bu
qanuna əsasən, doğulduğu andan əlillik dərəcəsi olduğu müəyyən edildiyi təqdirdə,
uşağı qarşıdakı 6 il ərzində izləyir, uşağı ona uyğun təhsil proqramı il təmin olunması
üçün çalışır. Burada da əsas məqsəd şagirdi inkluziv təhsil ilə təmin etməkdir ki, bunun
üçün də mümkün olduğu qədər bu qəbildən olan şagirdlərin sağlamlıq problemi
olmayan həmyaşıdlarıyla təhsil alması üçün işlər görülür.
Türkiyədəki xüsusi təhsil müəsssisələrində təhsil alan şagirdlərin faydalandığı digər
xidmət isə pulsuz nəqliyyatdır. Onlar təhsil müəsssisələri tərəfindən təşkil edilən
avtobus xidmətindən istifadə edərək təhsil müəsssisələrə və evlərinə gedib-gələ
bilirlər.
18
Türkiyə Təhsil Nazirliyi xüsusi təhsil müəsssisələri açan və işlədən hüquqi
şəxslərin sağlamlıq imkanları məhdud şagirdlərə çəkdiyi xərcin böyük bir qismini
ödəyir.
Türkiyə Təhsil Nazirliyi, tələbə qəbul komissiyası və dövlət universitetlərinin də
sağlamlıq imkanları məhdud tələbələrə və abituriyentlərə göstərdiyi diqqət nəzərə
çarpır. Ali təhsilə qəbul imtahanlarına girən sağlamlıq imkanları məhdud abituriyentlər
üçün xüsusi test kitabçaları hazırlanır, onlara əlavə vaxt (adətən 30 dəqiqə) verilir.
Bundan başqa, sağlamlıq imkanları məhdud abituriyentlər ''xüsusi növ'' kateqoriyasına
15
Türkiye Cümhuriyyeti Başbakanlık Özürlüler İdaresi Başkanlığı (2015)
16
Türkiye Eğitim Bakanlığı (2015)
17
Türkiye Eğitim Bakanlığı (2014-2015)
18
Türkiye Aile ve Sosyal Siyaset Bakanlığı (2015)
8
daxil edilir ki, bu da onlara qiymətləndirmə zamanı əlavə balların verilməsinə imkan
yaradır. Ali təhsil müəssislərində təhsil alan tələbələrə müxtəlif universitetlər müxtəlif
maddi güzəştlər edirlər. Bəzi dövlət universitetləri tələbələri tamamilə təhsil haqqından
azad edir, bəziləri isə tələbələrin təhsillə bağlı digər xərclərini qarşılayır.
Estoniya
Ölkə əhalisinin 10,7%-i (137,710) sağlamlıq imkanları məhdud şəxslərdən ibarət olan
Estoniyada bu qrupun 9214 nəfəri 0-15 yaş arası uşaq və yeniyetmələrdən ibarətdir.
Avropa Birliyinə 2004-cü ildə qoşulan Estoniyada sağlamlıq imkanları məhdud uşaq
və tələbələrin təhsillə təminatı istiqamətində nəzərə çarpacaq işlər görülmüşdür.
Sağlamlıq imkanları məhdud şəxslərə qarşı diskriminasiya Bərabər Davranış Aktı ilə
qadağan olunmuşdur. Ölkənin sağlamlıq imkanları məhdud şəxslərlə bağlı dövlət
siyasəti 2006-cı ildə qəbul edilən Birləşmiş Milətlər Təşkilatının (BMT) “Əlillərin
hüquqları haqqında” qəbul etdiyi Konvensiyayaya böyük ölçüdə uyğunlaşdırılmışdır.
Ölkə Konstitusiyası və qanunvericiliyi sağlamlıq imkanları məhdud uşaqlara normal
məktəblərdə təhsil almaq haqqı versə də, reallıq olduqca fərqlidir. Çünki məktəblər hələ
də bu qəbildən olan şagirdlər üçün müyəssər hala gətirilməyib.
Sağlamlıq imkanları məhdud şagirdlər üçün fərdiləşdirilmiş adekvat kurrikulumlar
hazırlanır. Bu kurrikulumlar yalnız xüsusi təhsil ocaqlarında deyil, normal məktəblərdə
də tətbiq edilir (xüsusi treyninq keçmiş müəllimlər tərəfindən). Lakin ölkədə kadr
çatışmazlığı və teryninqlərin xüsusi qaydada təşkil edilməməsi bir çox şagirdlərin
normal məktəbdən kənar qalmasına səbəb olur.
İnkluziv təhsil qanunla tanınmış və qəbul edilmişdir,
19
və bu istiqamətdə ciddi işlər
görülmüşdür. Təsadüfi deyildir ki,
Estoniya Təhsil və Tədqiqat Nazirliyindən verilən
məlumata görə, şagirdlərin 79%-i normal məktəblərdə təhsil alırlar.
20
Hətta son
araşdırmalar göstərir ki, xüsusi təhsil müəssisələri və məktəblərinin sayı
azalmaqdadır.
21
Hər məktəb direktoru sağlamlıq imkanları məhdud şagirdlərin işi və
fəaliyyəti ilə əlaqədar xüsusi koordinator təyin edir. Bundan əlavə, hər məktəb
xüsusi
ehtiyacları olan şagirdlər üçün müəyyən proqram hazırlamalı, onu ictimaiyyətə
açıqlamalıdır. Lazımi kadrların yetişdirilməsi üçün ölkədə milli strategiya planı
hazırlanıb tətbiq olunmaqdadır
Ali təhsil müəssisələrində sağlamlıq imkanları məhdud tələbələrdən müxtəlif güzəştlər
verilir. İnternatlarda böyümüş və sonradan universitetə daxil olmuş tələbə xüsusi
təqaüd üçün universitetə müraciət edə bilər. Bu halda, onun alacağı məbləğ 60-510 avro
arası dəyişir). Bundan əlavə, digər ehtiyacı olan tələbələr kimi sağlamlıq imkanları
19
Estoniya İbtidai və Orta Məktəb Aktı (2010)
20
Estonian Ministry of Education and Research (2012)
21
Estonian Ministry of Education and Research (2012)
9
məhdud şəxslər də həm orta məktəb, həm də ali məktəbdə oxuyan zaman maliyyə
yardımı alırlar. Ən yüksək məbləği doktorantura pilləsinin tələbələri alırlar.
Lakin ölkədə təhsil sahəsində, əsasən də sağlamlıq imkanları məhdud şagirdlərlə işləyə
biləcək müəllim və pedaqoqların kəskin çatışmazlığı müşahidə edilir. Bundan savayı,
Avropa Birliyinə qoşulmasına baxmayaraq Estoniyadakı təhsil müəssisələrinin böyük
əksəriyyəti hələ də müyəssər hala gətirilməmişdir.
Nəticə və təkliflər
Bütün bu görülən işlərə rəğmən, sağlamlıq imkanları məhdud uşaqların böyük bir qismi
hələ də təhsildən kənar qalır. Təhsil alanlar isə bir çox maneələrlə üzləşir ki, bu da
onların inkişafına ciddi təsir göstərir.
İnkluziv təhsil
Hal-hazırda Azərbaycan təhsil sistemində inkluziv təhsil sistemi mövcud deyildir.
Buna görə də sağlamlıq imkanları məhdud şəxslər xüsusi təhsil ocaqlarında təhsil
alırlar. Lakin sevindirici haldır ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər
və ümumi təhsil müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil
proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Effektiv
təhsilin və dolğun inkluziyanın təmin edilməsinin başlıca yollarından bir neçəsi
infrastrukturun müyəssərliyi, sağlamlıq imkanları məhdud şəxslər üçün adekvat
vasitələrin təminatı və sağlamlıq imkanları məhdud şəxslərə uyğun tədris
materiallarının hazırlanmasıdır. Estoniyada olduğu kimi, Azərbaycanda da məktəblərin
xüsusi ehtiyacları olan şagirdlər üçün proqram hazırlaması və bu məsələyə məsul
koordinator təşkil etməsini təklif edirik. Bundan başqa, sağlamlıq imkanları məhdud
şəxslər üçün fərdiləşdirilmiş adekvat kurrikulumların hazırlanaraq həm xüsusi təhsil
ocaqlarında, həm də normal məktəblərdə tətbiq edilməsi inkluziv təhsilin inkişafına
dəstək ola bilər.
Ali təhsil müəssisələrində təhsil haqqı
Sağlamlıq imkanları məhdud şəxslərin nəzərə çarpacaq dərəcədə böyük bir qismi
yoxsulluqdan bu və ya digər halda əziyyət çəkir. Ölkəmizdə bu qəbildən olan insanların
rifahının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlara baxmayaraq, bu
problem öz aktuallığını saxlamaqdadır. Buna baxmayaraq, sağlamlıq imkanları
məhdud tələbələrə ali təhsil müəssisələrində heç bir maliyyə güzəşti edilmir, və onlar
da sağlam tələbələr kimi eyni təhsil haqqını ödəmək məcburiyyətindədirlər. Təhsil
haqqından savayı, belə tələbələr üçün universitetlərin yataqxanalarında da
müyəssərliyin olduqca aşağı səviyyədə olması onları təhsildən uzaqlaşdıran amil kimi
hesab edilə bilər. Məhz belə bir vəziyyətdə sağlamlıq imkanları məhdud tələbələrin ali
təhsillə bağlı təhsil haqqından azad edilməsi (tamamilə, yaxud qismən) bu qəbildən
olan tələbələrin təhsil alması istiqamətində ciddi irəliləyişə səbəb ola bilər. Türkiyə və
Böyük Britaniya təcrübəsində göstərildiyi kimi, tələbələr təhsil haqqından azad
10
edilməklə bərabər, dövlətdən təhsillə bağlı digər lüzumlu xərcləri (məsələn,
dəstəkləyici texnologiyaların alınması) qarşılamaq üçün kifayət qədər yüksək məbləğli
maddi dəstək ala bilirlər. Hal-hazırda dövlət tərəfindən yeganə əlavə ödənc yalnız
stasionar müalicə-profilaktika və ya reabilitasiya mərkəzlərində və xüsusi
məktəbdənkənar tədris müəssisələrində təhsil alanlara şamil edilir.
Maarifləndirmə tədbirləri
Qeyd edildiyi kimi, sağlamlığı məhdud şəxslərin təhsil sahəsində üzləşdiyi digər
problemlərdən biri də onlara göstərilən münasibətdir. Bu cür halların azaldılmasında
müəyyən növ cəzalarla yanaşı maarifləndirmə işləri də rol oynaya bilər. Həm təhsil
müəssisələrinin daxilində, həm də media tərəfindən bütün ictimaiyyətdə sağlamlıq
imkanları məhdud şəxslərə qarşı belə davranışların yolverilməzliyi, mənfi tərəfləri
barədə mütəmadi təbliğatın aparılmasını lüzumlu hesab edirik.
Müyəssər infrastruktur və imtahan şəraiti
Təbii ki, yuxarıda sadalanan işlərin həyata keçirilməsi yalnız və yalnız inklusiz
infrastrukturun təmin edilməsindən sonra öz effektiv nəticəsini verə bilər. Belə ki,
mövcud nəqliyyat infrastrukturunun, eləcə də təhsil müəssisələrinə məxsus binaların
müyəssərliyi hal-hazırda heç də ürəkaçan vəziyyətdə deyildir. İndiki vəziyyətdə
istənilən növ əlillikdən əziyyət çəkən şagird yaxud tələbənin tam müstəqil şəkildə təhsil
müəssisəsinə qədər yol qət etmək imkanları olduqca məhduddur, bəzi hallarda isə
mümkün deyildir.
Müyəssərliklə bağlı digər mühüm məqam isə şagird, abituriyent və tələbələr üçün
imtahan şəraiti ilə bağlıdır. Təəssüf ki, Azərbaycanda nə tələbə qəbulu kommissiyası,
nə də digər müvafiq qurumlar imtahan təşkili zamanı sağlamlıq imkanları məhdud
şəxslərin ehtiyaclarına diqqət ayırmırlar. Qonşu Türkiyənin və inkişaf etmiş
Britaniyanın bu sahədəki işi ölkəmiz üçün nümunə sayıla bilər. Hər iki ölkədə
sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti verilməklə yanaşı, onlar
ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər.
Ədəbiyyat siyahısı
Papworth Trust (2014). Disability in the United Kingdom: Facts and Figures
Department for Education (2015) Special educational needs in England: January
2015. London
European Commission (2013) Support for children with special education needs.
Europe
11
Department for Children, Schools and Families (2016) Short Breaks Statutory guidance
on how to safeguard and promote the welfare of disabled children using short breaks.
London
Türkiye Eğitim Bakanlığı (2014-2015) Milli Təhsil Statistikası. Ankara
Trend Xəbər Agentliyi (2012). Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı yeni Dövlət
Proqramı hazırlanıb. İnternet vebsaytı -
http://az.trend.az/azerbaijan/society/1997772.html
Trend Xəbər Agentliyi (2012). Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı yeni
Dövlət Proqramı hazırlanıb İnternet vebsaytı -
http://az.trend.az/azerbaijan/society/1997772.html
Estonian Ministry of Education and Research (2012) Inclusive education in Estonia.
Tallinn
British Council (2016) Disabilities and special educational needs
Department for Children, Schools and Families (2015) Bullying involving children
with special educational needs and disabilities: Safe to learn - embeddying anti-bullying
work in schools. London
Gov.uk (2016) Sağlamlığı imkanları məhdud tələbələrə verilən müavinət. London
Türkiye Aile ve Sosyal Siyaset Bakanlığı (2015) Engelli ve Yaşlı Hizmetleri Genel
müdürlüğü. Ankara
Dostları ilə paylaş: |