2.3. Mədəniyyət müəssisələrində adət və ənənələrin
yeri və onların inkişaf dialektikası.
Mədəniyyət müəssisələrində xalqın mədəni irsinin qorunub
mühafizə olunmasına diqqət yetirilməklə yanaşı, eyni zamanda əsrlər
boyu yaşayıb inkişaf edən, insanlara yüksək mənəvi-əxlaqi
keyfiyyətlər aşılayan adət və ənənələrimizdən bir tərbiyə vasitəsi,
milli xüsusiyyətlərimizi formalaşdıran amil kimi geniş istifadə edilir.
Xüsusilə, adət və ənənələrimiz mədəniyyət müəssisələrində təşkil
olunan bədii-kütləvi işin mövzu mənbəyini yaradır. Buna görə də
mövzu və keyfiyyət baxımından mədəniyyət və istirahət parklarının,
mədəni idman komplekslərinin və müxtəlif əyləncə mərkəzlərinin
planlaşdırdığı bədii-kütləvi tədbirlər ya bütövlükdə ayrı-ayrı adət və
ənənələrimizə, mərasim və bayramlarımıza həsr olunur, ya da hər bir
tədbirdə adət və ənənələrimizin müəyyən əlamətləri öz əksini tapır.
Təşkil olunan hər bir bədii-kütləvi tədbirin mövzusuna uyğun olaraq
adət və ənənələrdə qorunub mühafizə olunmuş mahnılardan,
rəqslərdən, atalar sözlərindən, bayatılardan və s. bədii folklor
nümunələrindən geniş istifadə edilir.
Azərbaycanın kulturoloq alimlərindən biri olan T.Haqverdiyev
yazmışdır: “Bədii-kütləvi işin mövzuları
mədəni-maarif
müəssisələrinin yerləşdiyi ərazinin təsərrüfat həyatından, adamların
məşğuliyyətindən, yerli adət və ənənələrdən, dövrün ictimai-siyasi
hadisələrdən götürülür. Müxtəlif mənbələrdən mövzular və bədii
materiallar toplanılarkən hər biri xalqın öz milli ənənəvi
xüsusiyyətlərinə daha geniş yer verilir. Bunun üçün xalqın adət və
ənənələrinin, bədii-kütləvi işin yaradıcılıq prinsiplərinə uyğun gələn
242
mənəvi sərvətlərinin təkamül prosesi nəzərdən keçirilir. Milli
tamaşalar, məzhəkələr, el nəğmələri və oyunları diqqətlə öyrənilir,
onların hər birindən bədii-kütləvi tədbirin mövzu mənbəyi və bədii
materialı kimi istifadə olunur” [51, s.84-85].
Mədəniyyət müəssisələrində, eləcə də özəl şadlıq və əyləncə
mərkəzlərində bayram və mərasimlərin bədii-kütləvi vasitələrin
köməyi ilə keçirilməsi müasir mərhələdə də geniş yer tutur. Onların
fəaliyyət dairəsi demək olar ki, ictimai-siyasi həyatın bütün tərəflərini
əhatə edir. Aparılan müşahidələrə görə bayram və mərasimlər
mahiyyət etibarı ilə əsasən aşağıdakı qruplara bölünür:
1.
Əmək bayram və mərasimləri;
2.
Fəsillərin dəyişməsi ilə əlaqədar olan bayram və mərasimlər;
3.
Ailə və məişətlə bağlı olan bayram və mərasimlər;
4.
İctimai-siyasi və dini xarakterli bayram və mərasimlər.
Əmək bayram və mərasimləri keçid dövrünün yaratdığı kütləvi
işsizlik problemləri fonunda nəzərə çarpacaq dərəcədə
məhdudlaşmışdır. Bu gün əmək kollektivlərinin tarixi ənənələri
özünün durğunluq dövrünü yaşayır. İndi məhsul bayramları keçirilmir,
ayrı-ayrı peşə bayramları demək olar ki, qeyd olunmur. Lakin vaxtilə
bu ənənələrin mədəniyyət müəssisələrində bədii-kütləvi tədbir kimi
təşkil olunması böyük ideoloji və mənəvi əhəmiyyət kəsb edirdi.
Müasir dövrdə isə yalnız dövlət sərəncamı və fərmanları ilə peşə
bayramları kütləvi şekildə qeyd olunur.
Sözsüz ki, Azərbaycanda mövcud olan iqtisadi gərginlik,
xususilə,erməni-Azərbaycan münaqişəsi aradan qaldırıldıqdan sonra
ölkə bütün gücünü daxili problemlərin həlli istiqamətinə yönəldə
biləcək və əmək ənənələrimiz də bərpa ediləcəkdir. Çünki bu ənənələr
243
bizə sovet rejimindən yox, xalqımızın tarixi yaradıcılıq əzmindən,
fəaliyyətindən miras qalmışdır. Onlar məhz bu gün də böyük tərbiyəvi
əhəmiyyətə malik olan milli-mənəvi sərvətlərimizdir. Bu sərvətləri
qoruyub saxlamaq üçün mədəniyyət müəssisələri onların bədii-estetik
təsir gücünün əhəmiyyətini üzə çıxarmalıdır.
Meydan tamaşalarımızın çoxu həmişə insan əməyinin, gücünün
tərənnümçüsü olmuşdur. Onlar arasında cıdır tamaşaları xüsusi
əhəmiyyət kəsb etmişdir.
Məhsul bayramları təşkil olunarkən zorxana tamaşalarına da
xüsusi yer ayrılmışdır. Bu baxımdan uzun illər boyu xalqımızı iqtisadi
bolluğa səsləyən “Şum bayramı”, “Səpin bayramı”, “Çoban bayramı”
və s. kimi el şənlikləri də yaranmışdır. Onu da deyək ki, mədəniyyət
müəssisələri də xüsusi tapşırıqla el bayramlarımızı emosional tamaşa
şəklində nümayiş etdirə bilmişlər.
İctimai quruluşun dəyişməsi adət və ənənələrin tərbiyəvi
mahiyyətini heç də başqalaşdıra bilməmişdir. Yəni adət və ənənələr
müasir mərhələdə bütün nəsillərin əxlaqına, rəftar və davranışlarına
təsir etmiş, onların bir-biri ilə münasibətlərini tənzimləmişdir. Qeyd
edək ki, adət və ənənələrlə əxlaq normaları qırılmaz tellərlə bir-birinə
bağlıdır. Hər bir adət və ənənə özlüyündə müəyyən əxlaqi mahiyyət
daşıyır və insanların bütün həyat fəaliyyətlərində nəzərə çarpır. Bu
səbəbdən də adət və ənənələr əxlaq və davranış haqqında yazılmamış,
lakin insanların gündəlik həyatında görünən qanun kimi diqqəti cəlb
edir.
Lakin bütün bunlar adət və ənənəni əxlaqla eyniləşdirmək cəhdi
kimi başa düşülmür. Əxlaq ayrılıqda ictimai şüur formalarından biri
olub, davranışın, ünsiyyətin, rəftarın ümumi prinsiplərini müəyyən
244
edir. Adət və ənənələr isə əxlaqın ümumi prinsiplərinə uyğün olaraq
yaranır və formalaşır. Adət və ənənələr məhz əxlaqın ümumi
prinsipləri əsasında formalaşdığı üçün qanun təsiri bağışlayır. Bu
yazılmamış qanunlar insanın hissi-emosional duyğularına təsir
göstərməklə yanaşı, onu özünə tabe edə bilir. Çox maraqlıdır ki, adət
və ənənə insanın özünəməxsus olan şəxsi həyat yaşamına da təsir
göstərə bilir. Hər bir fərd geyimində də adət və ənənə qanunlarından
kənara çıxmağa çəkinirdi. Yaxud şəxsiyyətin yalnız özü ilə bağlı olan
ad günlərinin ənənəvi olaraq qeyd olunması da adətlərin əhatə və təsir
dairəsinin geniş və mühafizəkar mahiyyətindən irəli gəlir.
Ad günlərinin kütləvi şəkildə qeyd olunması ənənəsi çox böyük
mənəvi-tərbiyəvi əhəmiyyət kəsb edir. Hər bir insanın ad günü ona
yaşadığı ömrün ötüb keçmiş məqamlarının bir daha xatırlanmasına
səbəb olur. Doğulduğu ildönümü qeyd edən şəxsin yaxın qohum və
tanışları onun insani keyfiyyətləri haqqında fikirlər söyləməklə bütün
məclis iştirakçılarını mənalı ömür yaşamağa sövq edir. Keçən ömrün
xeyirxah hadisələri, şəxsin vətən qarşısında, ailəsi, dostları üçün
etdiyi xidmətlər və yaxşılıqlar xatırlanır. Ad günü mərasimində iştirak
edən başqa qonaqlar da səbəbkarın keçdiyi ömür yolunun xeyirxah
nümunələrinin öz həyatlarına da aid etməyə çalışırlar.
Digər tərəfdən ad günləri də insanlar arasında mədəni ünsiyyətin
davam etməsinə zəmin yaradan ənənəvi vərdişlərimizdən biridir. Bu
ənənəvi mərasim qohum və tanışları ardıcıl olaraq bir-birinə
yaxınlaşdırmaq vasitəsidir. Təbii ki, bu kütləvi tədbirlərdə incəsənət
vasitələrindən də geniş istifadə edilir. Bu da insanların bədii-estetik
zövqlərinin formalaşmasında xüsusi rol oynayır.
245
Müasir mərhələdə təhsil sistemi ilə bağlı adət və ənənələrimizə
də geniş yer verilir. Demək olar ki, ölkəmizin bütün məktəblərində
“əlifba bayramı”, “bilik günü”, “ilk zəng”, “son zəng” və s. adlarda
müxtəlif ənənəvi tədbirlər keçirilir. Belə tədbirlər ilk növbədə uşaq və
yeniyetmələrin cəmiyyət və məktəb qarşısındakı məsuliyyətlərini
artırır. Nəticədə məktəbə yenicə daxil olanlar da, məktəbi bitirib
cəmiyyətin başqa sahələrinə qovuşanlar da öz qarşılarına konkret
məqsədlər qoyurlar. Həmçinin uşaqlıq və gəncliyin bu anları
unudulmaz və əbədi xatirəyə çevrilir. Xüsusilə, “Son zəng” günü hər
bir gəncin kövrək yaşam anları kimi yadda qalır. Onlar on bir il
oxuduqları doğma məktəbdən və müəllimlərdən ayrı düşürlər. Bu
səbəbdən də, “Son zəng” gunü onlar bir-biri ilə xatirə şəkilləri
çəkdirir, küt-ləvi gəzintilər təşkil edir, müxtəlif şənliklərin
iştirakçıları olurlar.
“Müəllim günü”nün kütləvi şəkildə qeyd olunması da
ənənəviləşmişdir. “Müəllim günü”nün 1965-ci ildə 29 sentyabr tarixi
SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə
baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri,
onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan
müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il oktyabr
ayının birinci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd olunur.
Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli
müəllimlərini təbrik edirlər.
Qeyd olunan adət və ənənələrin təşkili prosesində mədəniyyət
müəssisələri də yaxından iştirak edir, özlərinin bədii özfəaliyyət
kollektivlərinin iştirakı ilə həmin tədbirlərə bədii-emosionallıq
gətirirlər.
246
Adət və ənənələrlə bağlı olan kütləvi tədbirlərin təşkil olunması
xüsusi peşəkarlıq səviyyəsi tələb edir. Məhz bu cəhəti nəzərə alaraq
sovet hakimiyyəti illərində müxtəlif peşə işçilərinə xidmət göstərən,
onların ənənələrini dərindən mənimsəyib bu ənənələri öz mədəni
tədbirlərində yüksək səviyyədə işıqlandırmağı bacaran mədəniyyət
müəssisələri yaradılmışdır. Məsələn, tibb işçilərinin, inşaatçıların,
neftçilərin, metallurqların və s. peşə adamlarının Bakı şəhərində
mədəniyyət sarayları, klubları, mədəniyyət evləri fəaliyyət
göstərmişdir. Müəllimlərin və təhsil sisteminin demək olar ki, əsas
mədəni tədbirləri Respublika Müəllimlər evində hazırlanmış və təşkil
olunmuşdur. Hətta ayrı-ayrı məktəblərdə təşkil olunan mədəni
tədbirlərin hazırlanmasında Respublika Müəllimlər evinin bədii
kollektivləri və metodistləri yaxından iştirak etmişlər.
Bakıda onlarla özfəaliyyət kollektivlərinə malik olan Sürücülər
klubu da fəaliyyət göstərmişdir. Onlar Respublika nəqliyyat işçilərinin
mədəni-kütləvi sifarişlərini böyük məsuliyyətlə yerinə yetirə
bilmişlər. Maraqlıdır ki, həmin klubun uzun müddət müdiri
vəzifəsində çalışan mərhum Əlibaba Əliyev nəqliyyat işçilərinin bütün
əlamətdar günlərinə aid bilgiləri toplayıb xüsusi lövhələr üzərində
ictimaiyyətin diqqətinə çatdıra bilirdi. Eyni zamanda Respublika
nəqliyyat işçilərinin bu kiçik klubunda görkəmli sənətkarlarımız İslam
Rzayevin yaratdığı xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir,
Aydın Çobanoğlunun rəhbərliyi ilə aşıqlar ansamblı bir çox
sənətkarların yetişməsinə və püxtələşməsinə şərait yaradırdı. Burada
dram dərnəyi, nağaraçılar kursu və s. özfəaliyyət kollektivləri
fəaliyyət göstərirdi.
247
Yaxud tibb işçilərinin mədəniyyət evində respublikanın xalq
artisti Əminə Dilbazinin rəhbərliyi ilə ölkədə tanınmış “Çinar” rəqs
ansamblı yaradılmışdı. Tərkibcə Tibb Universi-tetinin tələbələrindən
ibarət olan həmin ansambl öz peşəkarlıq səviyyəsinə görə Azərbaycan
Dövlət Filarmoniyasında fəaliyyət göstərən Dövlət Rəqs ansamblından
fərqlənmirdi. Mədəniyyət sarayının müxtəlif bədii kollektivlərlə
yanaşı xalq teatrları var idi. Xalq teatrı böyük tamaşalar hazırlayır,
həmin tamaşalarda həvəskar aktyorlarla tərəf müqabili olmaq üçün
dövlət teatrlarının görkəmli aktyorları da dəvət olunurdu. Bunun da
nəticəsində peşəkar aktyorlarla tərəf müqabili olan hər bir həvəskar
sənət məsuliyyətini dərk edir, görkəmli sənətkarlardan teatr
incəsənətinin xarakterik cəhətlərini öyrənə bilirdilər.
Mədəniyyət müəssisələrinin çoxluğu Azərbaycanda incəsənətin
bütün növlərinin ardıcıl olaraq inkişaf etməsinə müsbət təsir
göstərirdi. Çünki həmin mədəniyyət müəssisələrində incəsənətin bütün
sahələri üzrə dərnək və birliklər, kurslar yaradılmışdı. Kursları
bitirənlərə xüsusi diplomlar verilirdi. Onlar gələcək talelərini
incəsənətlə bağlayır, öz ixtisaslarını respublikanın bədii təmayüllü ali
məktəblərində davam etdirirdilər.
Zavod və fabriklərin, idarə və təşkilatların, təhsil müəssisələrinin
nəzdində də klub və mədəniyyət evləri fəaliyyət göstərirdi. İndiki
Səttarxan adına Maşınqayırma zavodunun güclü rəqs, xalq çalğı
alətləri ansamblı, teatr kollektivi var idi. Təbii ki, bu kollektivlər
maşınqayıranların asudə vaxtının səmərəli təşkil olunmasında xüsusi
rol oynamaqla yanaşı, həmçinin onların bədii-estetik zövqlərinin
inkişaf etməsində də mühüm əhəmiyyət kəsb edirdilər. Demək olar ki,
Azərbaycanın bütün ərazisində zəhmətkeşlərin asudə vaxtlarının
248
səmərəli keçirilməsi imkanı var idi. Hətta ucqar kəndlərdə də hər bir
fərd kənd klubunda stolüstü oyunlardan başlamış mədəni istirahətin
başqa növlərində iştirak etmək imkanına malik idi. Ən geridə qalmış
klublarda heç olmasa bir və ya iki özfəaliyyət kollektivi yaradılırdı.
Seçim imkanı məhdud olsa da, adamlar həmin özfəaliyyət üzvlərinin
xidmətindən kəndin şənliklərində, ənənəvi bayramlarında kifayət
qədər istifadə edə bilirdilər.
XX əsrin 80-ci illərinin ortalarında respublikamızın ərazisində
klubu olmayan kənd yox idi. Hətta əksər kəndlərdə kom-pleks şəraiti
olan mədəniyyət evləri də inşa edilmişdi. Həmin mədəniyyət evlərinin
əksəriyyətində əhalinin asudə vaxtının səmərəli keçməsi üçün
kitabxana şəbəkələri də yaradılmışdı. Bu kitabxanalar da əhalinin
maariflənməsi və onun intellektual səviyyəsinin artması üçün planlı
şəkildə fəaliyyət göstərirdilər. Bu kitabxanalarda vaxtaşırı olaraq
müxtəlif sahələrə aid disputlar, mühazirələr, müzakirələr, görüş
gecələri və s. təşkil olunurdu. Eyni zamanda bütün kitabxanalarda
ədəbiyyatsevərlər üçün dərnək və birliklər də yaradılırdı. Həmin
dərnək və birliklərdə minlərlə poeziya həvəskarları iştirak edirdi.
Onların istedadlarının inkişaf etməsi üçün real şərait var idi. Həmin
dərnək və birliklərə respublikada tanınmış şair və yazıçılar rəhbərlik
edirdilər. Təbii ki, belə ədəbi birlik və dərnəklərin kitabxanalarda
yaradılması Azərbaycanın ədəbi mühitinə öz müsbət təsirini göstərirdi.
Bu həvəskarların çoxu sonralar peşəkarlaşa bilirdilər.
Məlumdur ki, milli mədəniyyətlərin inkişafı eyni zamanda dünya
mədəniyyətini estetik-bədii sərvətlərlə zənginləşdirir. Babək Qurbanov
haqlı olaraq qeyd edir ki, hər bir xalqın mədəniyyəti tarixən insanların
mütərəqqi ideyalarını, həyat tərzini, hiss və həyəcanlarını, adət və
249
ənənələrini əks etdirməklə yanaşı, tez-gec dünya sivilizasiyasının malı
olur, dünya mədəniyyətini yeni-yeni estetik sərvətlərlə zənginləşdirir
[81, s.18]. Məhz bu zənginləşmə prosesində bədii dəyərlərin inkişafına
xidmət edən mədəniyyət müəssisələrinin çox olması böyük əhəmiyyət
kəsb edir.
Qeyd edək ki, 1991-ci ilə qədər “cəmiyyətin intellektual, mənəvi,
siyasi həyatında mühüm rol oynayan mədəniyyət, incəsənət, mədəni-
maarif müəssisələrinin geniş şəbəkəsi yaradılmışdır. Respublikamızda
15 dövlət teatrı, 117 muzey, 50-yə yaxın mədəniyyət və istirahət
parkı, 4000-dən çox kitabxana, 3500-ə yaxın klub və mədəniyyət
evləri, yüzdən çox xalq kollektivi, 2500-dən çox teatr kollektivi,
1000-dən artıq rəqs kollektivləri fəaliyyət göstərmişdir” [9, s.98].
Təbii ki, belə böyük bir potensialla bütün adət və ənənələrimizi bədii-
kütləvi tədbir şəklində təcəssümləşdirmək mümkün olmuşdur.
Respublikamızın müxtəlif şəhərlərində və rayon mərkəzlərində
kütləvi xalq bayramlarını yüksək bədii emosional səviyyədə təşkil
etmək üçün peşəkar rejissorlar, ssenariçilər, bədii tərtibatçılar və
başqa sənət adamları cəlb edilmişdir. Bu işin peşəkar mütəxəssislərlə
təmin olunmasında Respublika Xalq Yaradacılığı və Mədəni-Maarif
İşi üzrə Elmi-Metodik Mərkəzin fəaliyyəti xüsusi olaraq nəzərə
çarpmışdır. Bu mərkəzdə yaradılmış kütləvi tamaşalar bölməsi bir çox
ənənəvi el bayramların, mərasimlərin keçirilməsi üçün ssenarilər
hazırlamış, həmin dramatik materiallar əsasında onları
teatrlaşdırmışlar.
Lakin onu da deyək ki, XX əsrin 90-cı illərinin əvvəllərində
başqa sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də bir
boşluq yarandı. Təxminən, 2-3 ilə yaxın davam edən bu prosesin acı
250
nəticələri boş qalmış teatrlarda, “hörümçək toru” basmış kinoteatr
salonlarında aydın şəkildə hiss olunurdu. İncəsənətlə məşğuliyyət
unudulurdu. Cəbhə hakimiyyəti hansı məqsədləsə elm və mədəniyyətin
inkişaf etməsi üçün heç bir tədbir görmürdü. 1993-cü ildən başlayaraq
isə yeni hakimiyyət nümayəndələri mədəniyyətə olan neqativ
münasibətləri kökündən dəyişdilər. Hətta, müxalifət qəzetlərindən
birinin etiraf etdiyinə görə “istər teatr və kino sahəsində, istər
musiqidə, istərsə də rəssamlıq və heykəltaraşlıqda” müəyyən
tərpənişlər, dirçəlişlər başlandı. Geniş anlamda “mədəniyyət” deyə
idarə elədiyimiz müstəvidə, “incəsənət” adı altında qavradığımız
sahədə baş verən həmin dirçəlmə beş ildən çoxdur ki, davam etməkdə
və bu gün artıq bizdə, sovet dövrünün “standart”larını o qədər də
yadırğamayan müasir Azərbaycan cəmiyyətində tamam yeni, fərqli
şəkildə təzahür tapmaqdadır
[162, 525-ci qəzet, 2 may, 2001].
Mədəniyyət sahəsində keçmiş ənənələrin qorunmasına və inkişaf
etdirilməsinə olan münasibətlə yanaşı, bazar iqtisadiyyatının
özünəməxsus tələblərinə uyğun olaraq şoubiznes anla-yışı və
maraqları da meydana gəlmişdi. Mədəniyyətdə yaranan yeniliklə
köhnə mənəvi xüsusiyyətlər arasında mövcud olan ziddiyyətli
məqamlar da vardır.Xüsusilə, həmişə dövlət dotasiyası ilə fəaliyyət
göstərməyə öyrənmiş mədəniyyətşünaslar özü-özünü idarə etməyə və
maliyyələşdirməyə çalışan şou-biznes mədəniyyətini peşəkar fəaliyyət
kimi qəbul etmişdir. Təəssüf Azərbaycan Respublikasının Milli
Məclisinin Mədəniyyət Məsələləri Daimi Komissiyasının üzvü,
filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami
Cəfərov
şoubiznes mədəniyyətini ciddi qəbul etmir. O,
müsahibələrinin birində demişdir: “Ümumiyyətlə, şou-biznes, yəni
251
mədəniyyətin şoulaşdırılması, publisistikləşdirilməsi, mədəniyyətin
estrada-laşdırılması Azərbaycanda müasir dünyada mövcud olan
vəziyyətdən çıxış eləmir. Sanki, bizim nəvaxtsa, məsələn, XX əsrin
əvvəllərində unutduğumuz bir dövr olub və biz indi mədəniyyətin
şoulaşdırılmasına o mərhələdən, yəni dünyanın bu məsələyə həmin
dövrdəki münasibətindən başlayırıq. Bu gün dünya mədəniyyətə
münasibətdə kifayət qədər elitar prizmadan çıxış eləyir, mədəniyyətə
olduqca fərdi münasibət göstərir. Dünyanın heç bir yerində
mədəniyyətlə bu cür bizdəki kimi lağlağı eləmirlər”[“525-ci qəzet”, 2
may, 2001].
Lakin əgər mədəniyyəti maddi və mənəvi sərvətlərin ümumi
toplusu kimi qəbul ediriksə, şou-biznes sənətini də mədəniyyətdən
ayırmaq, onun qarşısına sipər çəkmək, mümkün deyildir. Əslində,
indiki ictimai-siyasi qurum şou-biznes amilinin önə çəkilməsinə,
ondan mədəniyyətin inkişafı üçün bir vasitə kimi istifadə edilməsinə
şərait yaradır. Çünki, müasir şəraitdə mədəniyyətin özünü
maliyyələşdirmə problemi bir ehtiyac kimi ortaya çıxmışdır. Məhz bu
səbəbə görə də incəsənət sahəsində şou yaratmaqdan, tamaşaçının,
dinləyicinin təkcə elitar təbəqənin yox, bütün cibi doluların diqqətini
cəlb etmək marağı önə çəkilmişdir. Ancaq bütün bunlar milli-mədəni
ənənələrdən uzaqlaşmaq amili kimi qiymətləndirilməməlidir. Şou-
biznes maraqlarından asılı olmayaraq ənənəvi mədəniyyət ləng də olsa
inkişaf edir və gələcəkdə də edəcəkdir. Bu və ya digər formada şou-
biznes də mədəniyyətin ənənəvi formalarının inkişafına yardımçı olur.
Müğənni, bəstəkar,rejissor və s. sənətkarlar şou-biznes maraqlarını
reallaşdırmaqla yaşayır, sənətdən uzaqlaşmır. Deməli o, həm də
ənənəvi sənətin canlı orqanizmini yaratmaq imkanı əldə edir.
252
“Yuğ” teatrının bədii rəhbəri və rejissoru Vaqif İbrahimoğlu da
“mədəniyyət” anlamı ilə “şou-biznes” anlamının bir-birinə əks qütblər
kimi qiymətləndirilməsinin əleyhinədir. O, mədəniyyətə daha geniş
prizmadan yanaşaraq demişdir: “Geniş mənada götürəndə, bir ənənəvi
mədəniyyət var, bir də təsisatlı mədəniyyət. Ənənəvi mədəniyyət öz
qanunları ilə inkişaf edərək, Bu günkü həddə çatıb və biz istəsək də,
istəməsək də həmin əbədi, əzəli qanunları ilə də yoluna davam edəcək.
Söhbət
ənənəvi-tarixi mədəniyyətdən gedirsə, onun indiki
durumundan, yaşadığı proseslərdən gileylənməyə dəyməz” [162, 3-5,
2001].
Yuxarda qeyd olunan misallardan göründüyü kimi müasir
mərhələdə mədəniyyətin özünün müstəqilləşməsi, onun inkişaf
xüsusiyyətlərini də rəngarəng formaya salır. Ən əsası odur ki, indi
mədəniyyət siyasiləşdirilmir. O, günün tələbləri səviy-yəsində təzahür
edir. Azərbaycan xalqının ənənəvi mədəniyyətini təmsil edən
aktyorlar, müğənnilər, musiqiçilər və başqa incəsənət adamları estetik
təlabatı əsas götürsələr də, fərdi iqtisadi problemlərin həllinə də
xüsusi diqqət yetirməyə məcburdurlar. Onlar dinləyicilərin,
tamaşaçıların bütün təbəqələrinin estetik tələbatlarına tam şəkildə
cavab verməsələr də, özlərinin biznes maraqlarına uyğun şəkildə
hərəkət etməyə çalışırlar. Bu da nəticədə müasir mərhələnin şou-
biznes ənənələrinin yaranmasına və inkişafına səbəb olur.
Ən maraqlı cəhət odur ki, uzun müddət incəsənətin ənənəvi
sahələrinə xidmət edən sənətkarlar da müasir bazar iqtisadiyyatı
şəraitində şou-biznes ənənələrinə daha çox meyllənirlər. Onlar da
auditoriyanın xüsusiyyətlərinə uyğun olaraq yeni ifa tərzləri, üsulları
seçirlər. Məsələn, dünyada tanınmış müğənnilərimizdən biri olan Alim
253
Qasımovun son dövrlərdəki ifaçılıq xüsusiyyətlərini misal göstərmək
olar. Alim milli ənənəvi muğam və təsniflərimizi yeni bir tərzdə ifa
etməklə öz sənətinə olan marağı kütləviləşdirə bilmişdir. Alimin
ifasında ənənəvi incəsə-nət və şou incəsənəti vəhdət halında
mövcuddur və onlar bir-birini tamamlayır.
Əslində “şou” özü də mədəniyyətin ayrılmaz hissəsidir. Bu sözün
hərfi mənası “oyun” və ya “nümayiş etdirmək”, “göstərmək”
mənasında anlaşılır.
Rejissor Vaqif İbrahimoğlu haqlı olaraq qeyd edir ki, “hər bir
konsert, hər bir teatr tamaşası şoudur. İstər səhnədə Şekspirin faciəsi
oynansın, istərsə də Molyerin komediyaları. Bizdə bəzən estradaya,
əyləncə musiqisinə “şou”, başqalarına isə “mədəniyyət” adı qoymaqla
məsələni qarışdırırlar” [162, 3-5, 2001].
Əvvəllər rəsmi və ya qeyri-rəsmi mədəniyyət anlayışları mövcud
idisə, indi müasir ictimai quruluşun xüsusiyyətlərinə uyğun olaraq
mədəniyyətdəki həmin fərq aradan götürülmüşdür, bu fərqli cəhətlər
arasında artıq olan sərhədlər ortadan silinmişdir. İndi yalnız
kefiyyətdə və maddi təchizat sahələrində fərqlər nəzərə çarpır. Qeyd
olunan fərqli cəhəti rejissor Vaqif İbrahimoğlu aşağıdakı məzmunda
izah edir: “Şou-biznesdə maddi təchizat, yəni “raskrutka” ən vacib, ən
önəmli amillərdən biridir. Məsələn, sizin gözəl səsiniz yoxdur, amma
mənə 50 – 60 min dollar pul verən olsa, sizdən “pop ulduzu” yaparam.
Xüsusi bəstəkar tutaram, dalbadal kliplər çəkdirərəm, geniş
reklamınızı təşkil edərəm, bir-iki də “skandal” ataram ortaya,
vəssalam. Siz olarsınız “pop ulduzu”. Və buna mənfi, aşağı səviyyəli
bir iş kimi baxmaq da olmaz. çünki mən bu işə xərc, zəhmət qoyuram,
kimisə, nəyisə səhnəyə çıxarıram, cəmiyyətə təqdim edirəm və əgər
254
cəmiyyətdə ona ciddi tələbat olursa, mən bu işdən qazanıram, əks
təqdirdə isə, itirirəm, ziyana düşürəm” [162, 3-5, 2001].
Rejissorun fikrindən belə bir Nəticə çıxır ki, şou-biznes
mədəniyyəti də cəmiyyətin və onun üzvlərinin estetik tələbatına,
zövqünə, rəyinə uyğun olaraq inkişaf edir. Onu zorla kimlərəsə qəbul
etdirmək mümkün deyildir. Hər şey könüllülük prinsipləri əsasında
baş verir. Belə ki, indi biznes maraqları təkcə teatr, musiqi sahələrində
deyil, rəssamlıqda, memarlıqda və digər incəsənət məşğuliyyətlərində
də özünü büruzə verir.
Müasir mədəniyyət müəssisələri də şou-biznesin maliyyə
dəyərlərini nəzərə alıb onun inkişaf etdirilməsində daha maraqlıdırlar.
Məhz buna görə də mədəniyyət növlərinə təkcə mənəvi kamilləşmə
vasitəsi kimi baxılmır, ona gəlir əldə etmək, varlanmaq imkanları kimi
də diqqət yetirilir.
Ənənəvi mədəniyyətdən ayrılıb şou-biznesə kömək hələlik bütün
mədəniyyət müəssisələrinə müyəssər olmur. Xüsusilə, kənd
mədəniyyət müəssisələri mahiyyət etibarı ilə ənənəviliyə üstünlük
versə də, əslində özünün tam durğunluq dövrünü yaşayır. Çünki,
dövlət dotasiyasının ümidinə qalmaq kənd mədəniyyət müəssisələrinin
fəaliyyətini məhdudlaşdırır. Əhalinin çətin iqtisadi vəziyyətdə
yaşaması da kənd yerlərində mədəni əyləncələrə marağı azaltmışdır.
Daha doğrusu, həm kənd mədəniyyət müəssisələrinin şou-biznes
xarakterli tədbirlər keçirmək imkanı yoxdur, həm də kənd əhalisinin
sosial-iqtisadi durumu belə tədbirlərin reallaşmasına imkan vermir.
Vaxtilə kənd klublarında fəaliyyət göstərən xalq özfəaliyyət
kollektivlərini də yaratmaq və saxlamaq çətinləşmişdir. Maliyyə
çətinlikləri ilə əlaqədar olaraq son beş ildə klublar üçün musiqi
255
alətləri, texniki vasitələr, bədii özfəaliyyət iştirakçıları üçün paltar
alınmamışdır. İstər rayon, istərsə də respublika tədbirlərinin
keçirilməsində böyük çətinliklər mövcuddur.
Qusar rayon Mədəniyyət şöbəsinin müdiri Ş.Şərifovun 1999-cu il
“Mədəni-maarif” jurnalının 2-ci sayında dərc olunan məqaləsindən
götürülmüş bu ifadələr əslində Azərbaycanın bütün rayonlarındakı
vəziyyəti əks etdirir. Faktiki olaraq köhnə üsullar ilə işləməyə vərdiş
etmiş mədəniyyət müəssisələri müasir cəmiyyətin tələbləri səviyyəsinə
uyğunlaşa bilmirlər. Məhz buna görə də əsasən iqtisadi çətinliklərdən
şikayət edilir. Köhnə iş mexanizmi isə müasir dövr üçün yaramır.
Kənd mədəniyyət müəssisələrindəki durğunluq istedadların aşkar
edilib üzə çıxmasına da mane olur. Halbuki, vaxtilə ən istedadlı
müğənnilər və aktyorlar kənd özfəaliyyət kollektivləri içərisindən üzə
çıxırdı.
Bakı şəhər mədəniyyət müəssisələrində isə mədəniyyətin
inkişafına olan ənənəvi münasibətlər çətin də olsa, hələlik yaşayır.
Məsələn, 2001-ci ilin aprel ayında Şəhriyar adına mədəniyyət
mərkəzində Azərbaycan “Muğam assosiasiyası gənc muğam ustaları
arasında “Muğam-2001” adlı respublika müsabiqəsi keçirmişdir. Üç
turdan ibarət olan müsabiqədə 30 nəfər gənc iştirak etmişdir. Onlardan
14 nəfəri finala çıxmışdır. Finalçıların 11 nəfəri laureat adı
qazanmışdır.
Müsabiqənin sponsor-təşkilatçıları “Devon Energi Korporesion”
şirkətinin filialı “Penuvoyi Kaspion Korporesion” və “Yunikal Xəzər”
neft şirkətləri olmuşlar.
Mədəniyyət müssisələrində xeyriyyə marafonlarının keçirilməsi
də ənənəvi xarakter daşıyır. Belə marafonları keçirməklə mədəniyyət
256
müəssisələri həm özlərinin maliyyə çətinliklərini qismən aradan
qaldıra bilir, həm də şəhid ailələrinə və imkansız qaçqınlara yardımlar
edirlər.
Qum adası NQÇİ-nin Qurban Abbasov adına mədəniyyət
sarayında belə tədbirlərin keçirilməsi ənənəvi hal almışdır. Burada
tez-tez “Torpaq uğrunda ölən varsa, vətəndir” devizi altında maraqlı
tədbirlər keçirilir. “Atəşgah” instrumental ansamblının, “Gülarə” milli
rəqs qrupunun iştirakı ilə geçirilən belə tədbirlərin birində 7 milyon
356000 manat vəsait toplanmış, həmin vəsaitdən 30 şəhid ailəsinə
yardımlar edilmişdir. Eyni zamanda həmin pulla mədəniyyət sarayının
bəzi kollektivlərinin paltar problemi də həll olunmuşdur.
Mədəniyyət sarayı ətraf ərazidə yaşayan əhalinin mənəvi
cəhətdən zənglinləşməsi, onların vətənə olan məhəbbətinin artması,
milli ənənələrimizin yaşaması və inkişaf etməsi üçün müxtəlif
məzmunlu tədbirlər geçirir. Xalqımıza qarşı təcavüzü əks etdirən
“Qanlı yanvar”, “Xocalı, qan yaddaşı” ədəbi bədii kopozisiyalar, milli
el bayramına həsr olunmuş “Novruz şənlikləri”, uşaq bayramları və s.
mədəniyyət sarayının özünün keçmiş iş ənənələrinə sadiq qaldığını
göstərən faktlardır. İqtisadi çətinliklərə baxmayaraq kollektiv
vaxtaşırı olaraq mədənikütləvi tədbirlərin təşkilinə də imkan əldə edə
bilər. Mədəniyyət müəssisəsi pullu xidmət sahələrini yaradır, müəyyən
şirkət və özəl təşkilatların hamiliyindən istifadə edərək tarixi, ənənəvi
günlərin bədii-emosional səviyyədə keçirilməsi üçün imkanlara malik
olur. Mədəniyyət sarayında 2 ədəd fəaliyyət göstərən kinoqurğu, 1
ədəd videozal, oyun avtomatları salonu, əyləncə və istirahət otaqları
vardır. Eyni zamanda burada tar, qarmon, saz, nağara dərnəkləri,
biçmə-tikmə, bərbərlik, tibb bacısı kursları fəaliyyət göstərir.
257
Təkcə 2000-ci ildə mədəniyyət sarayında 92 mədəni-kütləvi
tədbir keçirilmişdir. Həmin tədbirlərdə 30600 nəfər adam iştirak
etmişdir.
Mədəniyyət sarayının 2 rəqs kollektivi, dram və kukla teatrları,
sirk studiyası, bədii qiraətçilər qrupu, xalq çalğı alətləri ansamblı və s.
vardır.
Yuxarıda adı çəkilən mədəniyyət sarayından götürülən faktlar
mədəni ənənələrin qorunmasında mədəniyyət işçisinin peşəkarlığının,
yüksək erudisiyaya malik olmasının böyük əhəmiyyət kəsb etdiyini bir
daha təsdiqləyir. Peşəkar olan və müasir iqtisadi çətinlik
vəziyyətindən çıxmağı bacaran mədəniyyət işçiləri ictimai-siyasi
proseslərə ayıq gözlə baxır və real çıxış yolu tapa bilirlər. Onlar bütün
fəaliyyətlərini özlərinin işgüzarlığı ilə tənzimləyir, gözlərini dövlət
dotasiyasına dikmirlər. Yeri gəldikdə şou-biznesə əl atır, mədəniyyət
müəssisəsi üçün müstəqil fəaliyyət məkanı yarada bilirlər. Təbii ki,
ölkədə mövcud olan müstəqil fəaliyyət azadlığı mədəniyyət
müəssisələrinin həm qazanmaq, həm də mədəni ənənələrə sadiq
qalmaq imkanlarını artırır. Bacarıqlı mədəniyyət işçisi öz işini sosial
sifarişlər əsasında qurur, biznesmenlərin maraqlarını nəzərə alaraq
onun nümayəndələri ilə mədəni iş birliyi yarada bilirlər. Bu iş birliyi
həm də mədəniyyət müəssisəsinin fəaliyyətində rəngarənglik yaradır,
müxtəlif məzmunlu və müxtəlif estetik təsir gücünə malik olan
tədbirlər meydana gəlir. Onların arasında həm şou-biznes, həm də
ənənəvi mədəniyyət vardır.
İndiki tarixi mərhələdə yasaqlar, qadağalar olmadığından,
qanunlarımızın mədəniyyətin azad inkişafına şərait yaratdığından
mədəni fəaliyyət dairəsi də genişlənir.
258
Əgər əvvəllər Azərbaycan mədəniyyəti dar çərçivədə SSRİ
məkanında tanınırdısa, indi dünyanın bir çox ölkələrində
Azərbaycanın mədəniyyət ongünlükləri keçirilir, muzeylərimizin və
rəssamlarımızın sərgiləri təşkil olunur. Rusiyada, Türkiyədə,
Almaniyada, Gürcüstanda, ABŞ-da, Kanadada və başqa ölkələrdə
Azərbaycanın mədəniyyət və incəsənət ustalarının çıxışları olmuşdur.
Əvvəlki dövrdən fərqli olaraq mədəniyyət və incəsənət ustalarımız
xarici səfərlər zamanı həm Azərbaycanın mənəvi mədəniyyətinin
zənginliyini nümayiş etdirmək imkanı əldə edir, həm də onlar öz
yaradıcılıq fəaliyyətlərinin bəhrəsini görürlər.
Rus kulturoloqu Q.L.Tulçinski çox haqlı olaraq sovet dövründə
mədəniyyət müəssisələrinin fəaliyyətinin partiya, komsomol və
həmkarlar təşkilatları tərəfindən idarə olunduğunu qeyd edir.
Mədəniyyət müəssisələrində əsasən qeyd olunan bu təşkilatların
iclasları, konfransları, əlamətdar günlərlə bağlı olan tədbirləri
keçirilirdi. Onun fikrincə, sosializm cəmiyyəti dağıldıqdan sonra
mədəniyyət müəssisələrinin əvvəlki sifarişçiləri mahiyyət etibarı ilə
dəyişdi. Mədəniyyət müəssisələrinin sifarişçilərinin miqyası daha da
genişləndi. Sənaye müəssisələri, kommersiya strukturları, banklar,
kənd təsərrüfatı müəssisələri, siyasi partiyalar, ictimai birliklər
mədəniyyət müəssisələrinin sifarişçiləri oldular. Onların hər biri
özlərini ictimaiyyətə təqdim etmək üçün mədəniyyətin bədii-
emosional vasitələrinə ehtiyac duyurlar [152, s.28-29].
Deməli, bütün mərhələlərdə mədəniyyət və incəsənətin bədii-
emosional vasitələrinə olan ehtiyac mahiyyət etibarı ilə dəyişmir. O,
həmişə bir tələbat şəklində yaşayır, insanların gündəlik fəaliyyətlərini
stimullaşdırır. İnsan fəaliyyətinin keyfiyyət dərəcəsinə təsir göstərir.
259
Məsələn, hər hansı istehsal müəssisəsi geniş əhali səviyyəsində reklam
olunmaq üçün incəsənət vasitələrindən istifadə edir. Müəssisə bədii
şoutamaşalarda, şou-idman oyunlarında, şou-konsertlərdə özünün
məhsulunun reklamı üçün mədəniyyət müəssisəsi ilə müqavilələr
bağlayır. Bu tipli əlaqələr maddi maraqlar əsasında baş verir.
Mədəniyyət müəssisəsi özünün fəaliyyətini mövcud reallıqlara, bazar
iqtisadiyyatının tələblərinə uyğunlaşdıraraq qurur və ilk növbədə
özünün maddi maraqlarına üstünlük verir. Buna görə də bütün mədəni
kütləvi tədbirlərini həm də sifarişçi təşkilatın maraqlarına
uyğunlaşdırır. Hətta bir mədəni kütləvi tədbir ətrafında müxtəlif
maraqlar cəmlənir. Məsələn, hər hansı kütləvi tədbirdə dövlətin, siyasi
və ictimai qurumun, istehsal müəssisəsinin, təhsil müəssisəsinin,
mədəniyyət və səhiyyə müəssisəsinin və s. təşkilatların maraqları
birləşə bilər. Məsələn, S.Əmirxanov “Muzey və
məktəbli
dünyagörüşü” kitabında muzeyin iş təcrübəsinə istinad edərək
yazmışdır: “R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət
Muzeyinin yaradıcı kollektivi, xüsusilə, ekskursiya-kütləvi iş
şöbəsinin, məktəb bölməsinin əməkdaşları məktəblilərin bədii-estetik
tərbiyəsi sahəsində səmərəli fəaliyyət göstərir. Muzeyin məktəb
bölməsi bir qayda olaraq ibtidai, orta və yuxarı siniflər, habelə
texniki-peşə, ali və orta ixtisas məktəbləri üçün hər tədris ili üzrə
mühazirə və söhbətlərin mövzusunu qabaqcadan müəyyənləşdirərək
“məktəbə kömək” adı ilə çap etdirir, yerlərə göndərirlər [44, s.60].
Məhz muzeyin həyata keçirdiyi bu mədəni tədbirdə muzey,
məktəb, cəmiyyət, dövlət və s. kimi təşkilatların maraqları var.
Onların hər biri bu tədbirdən bəhrələnir. Eyni zamanda ayrı-ayrı fərdi
şəxslərin də maraqları mövcuddur. Mədəni fəaliyyəti yüksək
260
peşəkarlıqla təşkil etmək hesabına muzeyin gəlirini də artırmaq
mümkündür. Bu da indiki bazar iqtisadiyyatı mərhələsində muzey
əməkdaşlarının hər birinin xeyrinədir. Çünki indiki şəraitdə muzeyin
ümumi gəliri artdıqca onların əməkdaşlarının da maddi imkanları
yaxşılaşır.
Müstəqillik əldə olunduqdan sonra mədəniyyət sahəsində mövcud
olan milli ənənələrin, bayram mərasimlərinin yaşamaq və inkişaf
etmək mühitinin yaxşılaşdırılması ilə yanaşı, yeni məzmun kəsb edən,
xüsusilə, bir soy kökdən olan türk dünyasını birləşdirmək məqsədinə
xidmət edən yeni adət və ənənələrimiz də meydana gəlmişdir. Bu adət
və ənənələrin yaranmasında əsas rolu türk dilli dövlətlərin başçıları
oynamışlar. Tarixin yaddaşında qalmış ən böyük hadisələr,
şəxsiyyətlər türk dilli xalqları bir-birinə yaxınlaşdırmaqda xüsusi
əhəmiyyət kəsb edir. Məhz, türkdilli xalqların başqanlarının zirvə
görüşləri də əsasən yeni məzmunlu mədəni-kütləvi ənənələrin
meydana gəlməsindən qidalanır. “Manas” eposunun, “Kitabi – Dədə
Qorqud” dastanının ildönümlərinin, Əmir Teymurun 660, Məhəmməd
Füzulinin 500, Abay Kununbayevin 150 illik yubileylərinin
başqanların zirvə görüşləri səviyyəsində qeyd edilməsi, Qazaxıstanın
təzə paytaxtının açılış mərasiminin bayrama çevrilməsi və başqa
əlamətdar anların birgə yaşamı yeni mədəni əlaqələrin inkişafını əks
etdirir. Belə mədəni əlaqələr Sovet İttifaqı dağıldıqdan sonra mahiyyət
etibarı ilə yeni məzmunlu ənənələr olsa da, əsrlər boyu yaranmış və
yaşamış zəngin mənəvi irs üzərində təşəkkül tapır.
Müasir tarixi mərhələdə həmişə “Şərqin qapısı” kimi tanınmış
Azərbaycan yeni “İpək yolu” üzərində öz mədəniyyətini inkişaf
etdirmək şansı əldə etmişdir. İndi bütün Qafqaz, eləcə də Azərbaycan
261
dövləti Avrasiya siyasətində böyük strateji əhəmiyyətə malikdir. “İpək
yolu” bütün türk dilli xalqlar arasında mədəni əlaqələrin daha da
genişlənməsinə yeni imkanlar açır. Bu yol Azərbaycandan Orta
Asiyanın mərkəzindəki Əhməd Yasəvi türbəsinə, Macarıstandakı
Gülbaba türbəsinə, Dobrucadakı Babadağ camisinə, Bosniyadakı
Mostar körpüsündən Aşqabaddakı Ərtoğrul Qazi körpüsünə qədər
uzanır.
Türkdilli xalqların mədəni-ənənəvi əlaqələrinin genişlənməsində
“TÜRKSOY” adlanan təşkilatın da böyük xidmətləri vardır. Bu
mərkəz 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və
Türkmənistan dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı zamanı
yaradılmışdır. TÜRKSOYUN fəaliyyət mərkəzi kimi Türkiyənin
Ankara şəhəri seçilişidir. Bir müddətdən sonra Başqırdıstan və
Tatarıstan respublikalarının mədəniyyət nazirlikləri də bu təşkilatla
mədəni işbirliyinə qoşulmuşdur. TÜRKSOYUN ilk baş direktoru isə
Azərbaycan Dövlətinin mədəniyyət naziri Polad Bülbül oğlu
seçilmişdir [77, s.193]. Məhz Azərbaycan Dövlətinin Mədəniyyət
Nazirinin TÜRKSOYUN rəhbəri seçilməsi türk dünyası daxilində
aparıcı dövlətlərdən biri kimi nüfuza malik olduğumuzu təsdiqləyir.
Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildən başlayaraq
mədəniyyət və incəsənətimizin bir sıra sahələri üzrə yeni beynəlxalq
ənənələrimiz yaranmışdir.
1991-ci ildən başlayaraq Başqırdıstanın paytaxtı Ufada türkdilli
xalqların iştirakı ilə beş ildən bir keçirilən “Tuqanlıq” (doğmalıq,
qardaşlıq mənasındadır) adlı teatr festivalı siyasi və mədəni baxımdan
əlamətdar olduğu kimi Azərbaycan – Türkiyə teatr əlaqələri sahəsində
də mühüm əhəmiyyət kəsb etmişdir. “Tuqanlıq” festivalı ikinci dəfə
262
1996-cı ildə yenidən Ufada keçirilmişdir. Burada Azərbaycanı “Yuğ”
teatrı təmsil etmişdir. Üçüncü festival 2000-ci ilin may ayının 26-dan
iyunun 2-nə qədər Ufada davam etmişdir. Burada Azərbaycan Dövlət
Akademik Milli Dram teatrı şair-dramaturq Nəbi Xəzrinin eyni adlı
pyesi əsasında hazırlanan “Burlaxatun” tamaşası ilə təmsil
olunmuşdur. Festivalda Başqırdıstanın A.Mübarəkov adına Sibay
Dövlət teatrı T.Qəniyevanın “Tıeqaris” adlı iki hissəli faciə,
Qırğızıstan Respublikasının “Tuncuq” Gənclər Dram Teatrı
S.Rzayevlə, N.Abdıqədirovun, Çingiz Aytmatovun “İldən uzun gün”
əsəri əsasında yazdıqları “Tayamam” pyesi, Krım-Tatar Musiqili Dram
Teatrı V.Şekspirin “Maqbet” M.Auzov adına Qazaxıstan Dövlət
Akademik Teatrı K.Aşirin “Adamın oğlu Kain” əsəri, Türkiyənin
Sivas Dövlət Teatrı O.Asanla, D.Atayın “Qərbdə intiqam” əsəri,
M.Qafuri adına Başqırd Akademik Dram Teatrı M.Kərimin “Aygül
diyarı”, Tuvin Musiqili Dram Teatrı E.Micitin “Sən kimsən, Südabə?”
dramı, Mqagira adına Qaqauz Teatrı A.Buranın “Mənbə” romantik
dramı, K.Quliyev adına Bolqar Dövlət Teatrı M.Olmazovun “Knyagina
Roşiyar” pyesi, Altay Respublikasının Dram Teatrı K.Nağıyevin
“Sənin günəşin doğacaq” əsəri, Karaçayev Respublikasının Dram
Teatrı M.Vatçayevin “Tale və namus” dramı ilə təmsil olunmuşlar. Bu
teatr festivalı türkdilli xalqları birləşdirmək yolunda atılan ilk
addımlardan biri olmuşdur. Həmin festivalın 3-cü mərhələsindən sonra
elmi-əməli konfrans keçirilmiş və ayrı-ayrı respublikalardan gəlmiş
alimlər və teatr xadimləri tədbirin mədəni əhəmiyyəti haqqında
çıxışlar etmişlər.
Türkiyə dövləti ilə Azərbaycan arasında daha geniş mədəni
ənənələr yaranmışdır. Musiqi, teatr, kino, təsviri incəsənət sahəsində
263
meydana gələn ənənələr iki qardaş xalqa bir-birinin mədəniyyətləri ilə
daha yaxından tanış olmaq imkanı vermişdir. Türkiyənin tanınmış
sənət adamları Bakıya gəlmiş, eyni zamanda bizim musiqiçilərimiz,
teatr xadimlərimiz Türkiyədə qastrol səfərlərində olmuşlar. Məsələn,
2000-ci ilin iyul ayının 17-dən xüsusi dəvətlə Türkiyəyə gedən
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları bir
həftə ərzində qardaş ölkənin bir çox şəhərlərində Nəbi Xəzrinin
“Burlaxatun” əsərinin tamaşasını göstərmişlər.
1995 – 2000-ci illər arasında Türkiyə Cumhuriyyəti ilə teatr
əlaqələrimiz daha geniş yer tutmuş, buranın ayrı-ayrı şəhərlərində
İ.Əfəndiyevin “Hökmdar və qızı”, B.Vahabzadənin “Özümüzü kəsən
qılınc”, Elçinin “Mənim sevimli dəlim” və başqa əsərlər tamaşaya
qoyulmuşdur.
1999-cu ilin noyabr ayının 22-dən 28-dək Ankarada olan
“Pantomim” teatrı “Yaşanır bir dünya üçün sənət” devizi altında çox
maraqlı çıxışlar etmişlər. Həmin vaxt teatr Məhəmməd Füzulinin
“Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan proqram,
Polad Bülbüloğlunun musiqisinin əsasında işlənilmiş pantomim
tamaşa ilə çıxışlar etmişlər.
Türkiyəyə qastrol səfərlərinə getmək bu teatrda da ənənə şəklinə
keçmişdir. Onlar 2000-ci ildə də Azərbaycanı təmsil etmişlər.
1999-cu ilin mart ayında İstanbul şəhərində Osmanlı Türk
İmperatorluğunun 700 illiyinə həsr olunmuş “Türk dünyası” teatrları
ilə yanaşı, Milli Akademik Teatrımız Elçinin “Mənim sevimli də-lim”
əsəri ilə təmsil olunmuşdur. Onların bu çıxışları Türkiyə – Azərbaycan
teatr əlaqələri sahəsində yadda qalan əlamətdar hadisəyə çevrilmişdir.
Belə ki, ölkəmizin Prezidenti Heydər Əliyevin sədr olduğu “Mərmərə
264
qrupu” idarə heyətinin qərarı ilə tamaşanın dramaturqu, Azərbaycan
dövlətinin baş nazirinin müavini, xalq yazıçısı Elçin ölkələrarası
mədəni əlaqələrin inkişaf etməsi sahəsindəki xidmətlərinə görə fəxri
mükafata layiq görülmüşdür [77, s.196].
Əvvəllərdə olduğu kimi, indi də türkdilli dövlətlərlə mədəni
əlaqələrin genişlənməsində TÜRKSOY mərkəzinin ənənəvi fəaliyyəti
daima müxtəlif tədbirlərlə zənginləşir. 2001-ci ilin yanvar ayının 16 –
17-də Bakıda Rəşid Behbudov adına Mahnı teatrında TÜRKSOY-un
XV toplantısı keçirildi. Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Quzey Kıprız, Tatarıstan, Başqırdıstan, Xakasiya,
Qaqauz – Yeri, Saxa (Yakutiya) nümayəndələri də iştirak etdilər.
TÜRKSOY-un bu yığıncağında türkdilli xalqların zəngin mədəni
irsi haqqında məruzələr dinlənilmiş, əlaqələrin beynəlxalq miqyasda
inkişaf etməsi üçün yeni proqram qəbul olunmuşdur. Sənəddə
TÜRKSOY-un YUNESKO ilə ikitərəfli əlaqələrinin genişləndirilməsi
və onun Parisdəki mənzil qərargahında türk dili və mədəniyyəti
həftəsinin keçirilməsi nəzərdə tutulur. Həmin tədbir 2002 – 2003-cü
illər üçün proqramlaşdırılır.
1998-ci ildə Türkiyədə türk dünyası rəssamlarının Bey-nəlxalq
Yaradıcılıq laboratoriyası təşkil olunmuşdur.
Burada ardıcıl olaraq keçirilən “Opera günləri”, “Şairlər
bulaşmaları” (məclisləri) və başqa tədbirlər türkdilli xalqların adət və
ənənələrinin qarşılıqlı şəkildə inkişafına təkan verir.
Azərbaycanın İran, Çin, Rusiya, Gürcüstan və başqa ölkələrlə də
mədəni əlaqələri ölkəmizin milli maraqları zəminində inkişaf etdirilir.
1997-ci ilin dekabr ayının 8 – 11-də Tehranda keçirilən İslam
konfransı təşkilatının zirvə toplantısında İranın Prezidenti S.M.Hatəmi
265
və digər rəhbərlərlə görüşlər zamanı Azərbaycan Prezidenti Heydər
Əliyev ölkələr arasında mədəni əlaqələrin genişlənməsinə yüksək
qiymət vermişdir [61, s.34].
Rusiya ilə isə iki ölkə arasında imzalanmış sazişlərə uyğun
olaraq mədəni əlaqələr gündən-günə artır, Moskvada, Sankt-
Peterburqda və Bakıda iki ölkənin mədəniyyət və incəsənət ustalarının
ardıcıl olaraq mədəniyyət ongünlükləri keçirilir. Məsələn, Rusiyanın
A.Çexov adına MBAT-ı, Osipov adına xalq çalğı alətləri orkestri,
Perm şəhər Akademik Opera və Balet teatrı, P.Çaykovski adına
Akademik Simfonik Orkestrinin konserti və bir çox məşhur estrada
artistləri Bakının və Sumqayıtın mədəniyyət müəssisələrində çıxışlar
etmişlər.
Həmçinin, Moskvada və Sankt-Peterburqda Azərbaycanın
mədəniyyət ongünlüyü keçirilmişdir. 2000-ci ilin dekabr ayında
Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət baş idarəsinin rəisi
Ə.Lalayevin rəhbərliyi ilə bir qrup sənət ustaları Moskva şəhərində
xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan teatrın açılışında iştirak
etmişlər.
Mədəni əlaqələr tariximizdə əldə etdiyimiz təcrübədən aydın olur
ki, ənənəvi proseslərin qarşılıqlı ünsiyyət münasibətlərində inkişaf
etməsi millətlərarası əlaqələrin, yaxınlaşmaların adət şəklində
formalaşmasına əsaslı zəmin yaradır.
Məhz Rusiya və başqa MDB ölkələri ilə indi də davam edən
mədəni əlaqələr sovet dövründə adət şəklini almış mədəni əlaqələrin
ənənəvilik halına keçməsindən irəli gəlir. Maraqlıdır ki, hazırda ayrıca
müstəqil dövlətlər olsaq da, böyük tarixə malik olan mədəniyyət
ənənələrindən ayrıla bilmirik. Xalqımıza tarixən düşmən kəsilmiş
266
Ermənistanı çıxmaq şərtilə, başqa MDB ölkələri ilə mədəni əlaqələri
qoruyub saxlaya bilmişik.
Sevindirici haldır ki, Azərbaycanda mədəniyyəti və incəsənəti
daha da inkişaf etdirmək üçün müxtəlif ictimai təşkilatlar və
assosiasiyalar yaradılmışdır. Onlar mədəniyyət və incəsənət sahəsinə
xidmət edən dövlət təşkilatları və müəssisələri ilə iş birliyi yaradır,
dövlətin mədəniyyət siyasətinin formalaşmasına kömək edən müxtəlif
layihələr hazırlayırlar. “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyası respublikada milli mənafeyimizə uyğun olan yeni
mədəni fəaliyyət ənənələri yarada bilmişdir. Məsələn, “Simurq”
Mədəniyyət Assosiasiyası 2001-ci ilin iyun ayının 5-dən 9-na qədər
Mədəniyyət Nazirliyi, Sülh fondu, “İrşad” mərkəzi ilə, “Soros” Açıq
Cəmiyyət institutunun maliyyə köməyindən istifadə edərək,
“Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaşmasına kömək”
adı altında elmi-təcrübi seminar-treninqlər keçirmişdir. Seminar-
treninqdə Nizami adına
Ədəbiyyat muzeyinin, Mədəniyyət
Nazirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət
Universitetinin, İdman, Gənclər və Turizm Nazirliyinin, Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan qadın təşkilatlarının
nümayəndələri iştirak etmişlər. Seminar-treninqlərin əsas aparıcı
mövzusu “Mədəniyyətin sosial imkanları və Azərbaycanda yeni
mədəniyyət politalogiyasının formalaşmasında vətəndaşların rolu”
olmuşdur [157, 7 iyun, 2001]. Respublikada görülən bu işlər müasir
mərhələdə mədəniyyətin inkişaf yollarına nəzər salmağa, yeni
ənənələrin inkişafını sürətləndirməyə təkan verir. Eyni zamanda
keçmiş zamanlarda yaranmış adət və ənənələrimiz də unudulmur,
onlara müasir həyat tərzinin tələblərinə uyğun olaraq dövlət
səviyyəsində qayğı göstərilir. Məsələn, fəsil bayramımız olan
“Novruz”un şəxsən ölkə Prezidentinin iştirakı ilə qeyd olunması
267
ənənəvi hal almışdır. Bununla əlaqədar olaraq Novruz bayramı
haqqında mətbuatda, ictimai elmi ədəbiy-yatlarda geniş məlumatlar
verilmişdir. Milli Elmlər Akademi-yasının 2001-ci ildə filologiya,
tarix, incəsənət üzrə elmi axtarışlarının IV toplusunda Natiq Abbasov
yazmışdır: “Bu gün müstəqil dövlətimizin suverenliyi şəraitində
Novruz əsl bayram kimi qeyd edilir. Hətta Prezidentimiz həmin gün də
elin, camaatın içərisinə çıxır, meydanlarda, şənliklərdə xalqın
sevincinə şərik olur… Musiqiçilərimiz, aktyorlarımız bayram xüsusiy-
yətlərinə uyğun tamaşalar göstərir, musiqilər ifa edirlər” [1, s.276].
İndiki mərhələdə mədəniyyət müəssisələri məhz Novruz bayramı
gününü yeni il şənliyi səviyyəsində qeyd edirlər. Bu xüsusiyyət
Novruz bayramının daha da təntənəli keçirilməsinə imkanlar yaradır.
Mədəniyyət müəssisələri Novruz bayramı günlərindəki şənliklərdə
iştirak edən uşaqlara bayram hədiyyələri təqdim edir, hazırladıqları
bədii proqramlarla onun mədəni-estetik mahiyyətini daha da artırırlar.
Məlum olduğu kimi, Novruz bütün bayramlardan fərqli olaraq
həmişə xalq tərəfindən sevinc hissi ilə qarşılanmışdır. Çünki o, öz
gəlişi ilə xalqın həyat şəraitinin yaxşılaşacağına ümidlər yaratmışdır.
Bu bayram əkinçilik, məhsul bolluğu yaratmaq etiqadları ilə
zənginləşmişdir.
Novruz bayramını kütləvi şəkildə qeyd etmə ənənəsinin qədim
tarixi vardır. Onun mənşəyi və mahiyyəti haqqında Ə.Firdovsinin
“Şahnamə”sində, Ömər Xəyyamın “Novruznamə”sində, Əbu Reyhan
Əl-Biruninin “Keçmiş nəsillərdən qalan izlər” əsərində, Nizam Əl-
Mülkün “Siyasətnamə”sində,
Əfzə-ləddin Xaqaninin, Nizami
Gəncəvinin, Qətran Təbrizinin, Nəsrəddin Tusinin, Məhəmməd
Füzulinin və s. başqa klassik-lərin əsərlərində, şer və poemalarında
geniş məlumatlar verilir. Novruz bir çox şərq ölkələrinin ayrı-ayrı
268
xalqları tərəfindən yeni il bayramı kimi qeyd edilir. Təəssüflər olsun
ki, Novruzun tarixini İslamın yaşı ilə əlaqələndirmək onun ömrünü
azaltmaq cəhdləri də olmuşdur. Onu Cəmşidin taxta oturması günü ilə
əlaqələndirənlər də vardır. Lakin bütün bu fikirlər sadəcə olaraq
mifoloji xarakter daşımış, elmi mənbələrə əsaslanmamışdır. Məsələn,
Novruzu qədim Şumerlər də yeni il, Bahar bayramı kimi qeyd
etmişlər. “Gilqamıs və Aqa” dastanında da türk xalqlarının adət və
ənənələrindən, bayram və mərasimlərindən bəhs edən məlumatlar
çoxdur.
Tədqiqatlardan aydın olur ki, qədim Şumerlər bu bayramı
“Novruz “, “Yeni gün”, “Yeni il”, “Yazın ilk günü” “Bahar bayramı”
kimi qəbul edirdilər. Yuxarıda adı çəkilən qədim türk dastanı isə
miladdan əvvəl III minillikdə qədim Şumer dilində şifahi şəkildə
yayılmış, II minillikdə isə Akkad dilində gil lövhələrə köçürülmüşdür.
12 gil lövhə üzərində həkk olunan dastanın qəhrəmanı isə Şumercə
“Bilqamıs” adlanırdı [42, s.276]. Məhz bu faktlar Novruz bayramının
İslamdan daha qədim olan dövrlərdən keçirilməsini təsdiqləyir.
N.Rzayevin elmi qənaətinə görə səma cisimlərini diqqətlə
öyrənən Şumer münəccimləri ilk dəfə olaraq məhz yazda gecə ilə
gündüzün bərabərləşdiyini astronomik hadisə kimi kəşf edə bilmişlər.
Həmin vaxtdan da təbiətin dəyişdiyini görən Şumerlər bu münasibətlə
ay ilahəsinə həsr olunmuş məbədlərin qarşısına toplaşaraq baharın
gəlişini bayram etmişlər. Ur şəhərinin Allahı və hökmdarı sayılan
Ninnanın himayəsi altında mahnılar oxumuş, idman yarışları, meydan
tamaşaları göstərmişlər [127, № 10(150), 1995].
Novruz bayramının keçirilməsi nə qədər qədim tarixə malik olsa
da, o bütün dövrlərdə özünün mədəni əhəmiyyətini itirməmiş, əksinə
269
olaraq, yeni adət və ənənələrlə, bədii folklor nümunələri ilə
zənginləşmişdir. Bütün mədəni dəyərlərimizin toplusu kimi müstəqil
Azərbaycan dövlətinin mənəvi dayaqlarının möhkəmlənməsində,
ənənəvi milli xüsusiyyətlərin qorunub gələcək nəsillərə ötürülməsində
Novruz bayramının mədəniyyət müəssisələrində də qeyd olunmasının
böyük əhəmiyyəti vardır.
Tarixi faktlar göstərir ki, hələ qədim Babilistanda dövlətin
özünün varlığının qorunması üçün Novruz bayramından emosional bir
vasitə kimi istifadə edilmişdir. Yerli adətə uyğun olaraq yeni il
bayramı hökmdarın və kahinlərin nigahı ilə başa çatmışdır. Bu gün də
Bakının mədəniyyət və istirahət parklarında keçirilən bayram
şənliklərində Azərbaycan Prezidentinin və başqa dövlət xadimlərinin
iştirak etməsi dövlətçiliyin qorunması və təbliği üçün də geniş
imkanlar yaradır. Onlar xalqla canlı görüşmək və ünsiyyətdə olmaq
fürsəti əldə edir, təbriklərlə yanaşı, həyatımızın yaxşılığa doğru
dəyişəcəyi barədə vədlər verirlər. Təbii ki, bayram şənliklərində
verilən bu vədlər insanların yaradıcılıq ruhunu gücləndirir, ölkənin
sabahına nikbinliklə yanaşmaq istəyini artırır.
Müasir mərhələdə bəzi adət və ənənələrin icra edilməsinin
məkanı və təşkil olunmuş formaları ictimai quruluşun xüsusiyyətlərinə
uyğun olaraq təkmilləşdirilmişdir. Xüsusilə, toy mərasimlərinin
keçirilməsi üçün yeni, daha əlverişli şərait meydana gəlmişdir.
Sovet hakimiyyəti dövründə kənd yerlərində insanlar ağır
zəhmətə qatlaşaraq toy mağarları qurur, məclisin süfrəsinin açılması
üçün onlarla insan primitiv məişət şəraitində əziyyətlərə düçar
olurdular.
270
Şəhər yerlərində isə sayca çox az olan restoran və şadlıq
evlərində toy keçirmək üçün növbələr yaranırdı. Bütün ağırlıqlar toy
sahiblərinin üzərinə düşürdü.
İndi isə təkcə Bakı şəhərində toy keçirmək üçün minlərlə şadlıq
evləri vardır. Bu şadlıq evlərində peşəkar aşpazlar, musiqiçilər,
fotoqraflar, videooperatorlar, masabəylər və s. sahələrdə xidmət
göstərən adamlar çalışırlar. Şadlıq evləri milli ənənəviliyi qoruyub
saxlamaq şərti ilə mədəni xidmət sahəsində yeniliklər yaradır, məclisi
də toy sahibinin arzusuna uyğun olaraq təşkil edirlər. Toy mərasiminin
daha cazibəli olması üçün rəngarəng bədii vasitələrdən istifadə olunur,
şadlıq evinin hesabına bəylə gəlinə xatirə olaraq qızıl üzüklər
bağışlanılır.
Toy mərasimlərinin təşkilinin əvvəlki dövrlərə nisbətən daha
stabil və bədii vasitələrlə keçirilməsi əsasən ölkəmizdə sahibkarlığın
inkişafı ilə bağlıdır. Məhz sahibkarlığın yaratdığı imkanlara uyğun
olaraq toy məclislərinin daha yaxşı keçirilməsi istiqamətində də
ölkəmizdəki şadlıq evləri arasında rəqabət yaranmışdır.
Şadlıq evlərinin sayının artması xalq musiqi sənətinin
qorunmasına və inkişaf etməsinə də kömək edir. İndi xalq arasında
yetişən istedadlı müğənnilərimiz, musiqiçilərimiz əsasən şadlıq
evlərində fəaliyyət göstərir, özlərinin maddi ehtiyaclarını ödəyə
bilirlər. Təbii ki, şadlıq evlərinin tələbatına uyğun olaraq onlar öz
sənətkarlıq səviyyələrinin artmasına da diqqət yetirirlər. Çünki, şadlıq
evinin müştərilərinin çoxalması toyun əsas bədii hissəsini idarə edən
müğənnilərin və musiqiçilərin peşəkarlığından da çox asılıdır.
Sənətkar yüksək peşəkarlığı və istedadı ilə şöhrət qazanır. Məsələn,
“Mədəniyyət” qəzetində dərc olunan “El sənətkarlarımız” başlıqlı
271
yazıda xanəndə şöhrətinin əhatə dairəsi bir xalq müğənnisinin simasın-
da belə təsvir olunur: “Məmləkətimizin cənub bölgəsində muğam
sənəti həmişə sevilib, təqdir olunub. Elə buna görə də, xalq
mahnılarının ən məşhur ifaçıları, muğam ustaları burada məclislərin
başında oturub. Lerikdə, Lənkəranda, Masallıda, Astarada adı dillər
əzbəri olan, şöhrəti bu rayonların da hüdudlarını çoxdan aşmış
xanəndə Adil Nüsrətoğlu toyların, el şənliklərinin yaraşığıdır”.
Lakin qeyd etmək lazımdır ki, istedadların aşkar olunmasında və
bədii xalq yaradıcılığının inkişaf etməsində indi Həmkarlar İttifaqının
mədəniyyət müəssisələri tarixi ənənələrinə sadiq qalaraq, xüsusi rol
oynayır. Bu müəssisələrdə, “müxtəlif qrup adamların peşə, yaş, təhsil,
milli və digər əlamətlərini nəzərə alaraq:
-
biliklərin müxtəlif istiqamətləri üzrə mühazirələr, disputlar
keçirir, incəsənət və elm xadimləri, əmək veteranları və
Vətənin müdafiəçiləri (ölkənin Silahlı Qüvvələrinin
nümayəndələri) ilə görüşlər təşkil edir;
-
xalq yaradıcılığının xor,xalq çalğı alətləri ansamblları, dram,
bal rəqsləri, sirk, estrada və digər kollektivlərini təşkil edir;
-
bədii özfəaliyyət iştirakçılarının, peşəkar artistlərin konsert və
tamaşalarını, bədii sənədli, elmi-texniki və həvəskar filmlərin
nümayişini təşkil edir, bədii gecələr, ballar, karnavallar,
öfəaliyyət kollektivlərinin baxış və müsabiqələrini keçirir;
-
kütləvi gəzintilər, məktəblə birlikdə uşaqlar üçün xüsusi
tədbirlər təşkil edir” [49, 25.10.1996].
Göstərilən bu məlumat “Həmkarlar İttifaqı klubu, mədəniyyət
sarayı və evi haqqında Əsasnamə”dən (1996-cı il) götürülmüşdür. Bu
əsasnamə Həmkarlar İttifaqının mədəniyyət müəssisələrinə pullu
272
xidmətlər təşkil etmək səlahiyyətləri də vermişdir. Əsasnamədə qeyd
olunur ki, “Həmkarlar İttifaqı klubları, mədəniyyət sarayları və evləri
əhaliyə aşağıdakı pullu xidmətləri göstərə bilər;
a)mütəxəssislər cəlb olunmaqla müxtəlif mühazirələrin,
görüşlərin (elm, mədəniyyət, incəsənət və digər xidmətlər)
keçirilməsi;
b)əhaliyə mədəniyyətin, incəsənətin, hüququn, tibbin, məişətin
və digər məsələlər üzrə məsləhətlərin təşkili;
v)musiqinin, rəqsin, təsviri və dekorativ tətbiqi-incəsənətin
müxtəlif növləri üzrə məktəblər, studiyalar açır;
q)biçmə
və tikmə, toxuma, naxış vurma, paltarın
modelləşdirilməsi, kulinariya, makinada yazma, stenoqrafiya,
xarici dillərin öyrənilməsi və kompüter texnikası ilə iş, ilk
tibbi yardımın göstərilməsi üzrə tibb bacısı və digər sahələr
üzrə kurslar, dərnəklər təşkil edir;
ğ)ümumxalq və peşə bayramlarına həsr olunmuş istirahət
axşamlarının, diskotekaların, balların, tamaşa və konsertlərin
(peşəkar və bədii özfəaliyyət kollektivləri), modaların, kino və
videoproqramların təşkili;
d)xalq yaradıcılığı yarmarkalarının, lotereyaların keçirilməsi;
e)oyun avtomatlarından, stolüstü oyunlardan, idman
trenajorlarından,atıcılıq tirlərindən,tennis kortlarından istifadə
edilməsi;
ə)musiqi alətlərinin, audio və videotexnikanın kirayə verilməsi,
musiqi alətlərinin təmiri;
j)respublika hüdudlarında və ondan kənara turist marşrutlarının
təşkili;
273
z)fotosurətçıxarma, kserosurətçıxarma və digər çoxaltma
xidmətləri;
i)bir dildən digərinə tərcümə;
ı)müxtəlif tədbirlərin keçirilməsi üçün ssenarilərin işlənib
hazırlanması;
o)mədəni-bədii təyinatlı məhsulların, reklam nəşrlərinin,
ədəbiyyatın, suvenir məmulatların, bufet və
mətbəx
məhsullarının və s. satışı” [49, 25.10.1996].
Misaldan göründüyü kimi, Azərbaycan Respublikasının
Həmkarlar İttifaqı özünün qəbul etdiyi hüquqi sənəd əsasında
tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyət dairəsini
genişləndirmiş, bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq onlara əlavə
gəlir əldə etmək və bu yolla da öz maddi-texniki imkanlarını
yaxşılaşdırmaq statusu da vermişdir. Məhz bu statusdan istifadə
edərək ölkəmizin bir çox mədəniyyət və istirahət parkları, sarayları,
klubları və s. öz işini göstərilən əsasnaməyə uyğun olaraq qura
bilmişlər.
Həmkarlar İttifaqı öz tabeliyində olan mədəniyyət müəssisələrinə
müstəqil yaradıcılıq və istehsalat fəaliyyəti imkanı vermişdir. İndi də
bu mədəniyyət müəssisələri müstəqil olaraq özlərinin sosial inkişaf
planını işləyib hazırlayır, təsdiq edir və həyata keçirirlər. Təbii ki, bu
müstəqillik əhalinin asudə vaxtının səmərəli keçirilməsinə, onların
yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsinə müsbət zəmin yaradır.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin milli
sərvətlərimizin, eləcə də mədəni irsimizin qorunmasına olan qay-ğısı
daha da artmışdır. Buna Azərbaycan Respublikası Prezidentinin “Bakı
şəhərindəki dənizkənarı bulvara Milli park statusu verilməsi
274
haqqında” fərmanı misal göstərmək olar. Fərmanda dənizkənarı parkın
tarixi, mədəni əhəmiyyəti açıqlanmış və aşağıdakı məzmunda konkret
qərar verilmişdir:
“Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:
1.
Bakı şəhərindəki dənizkənarı bulvara Azərbaycanın milli
sərvəti kimi “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”
Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun
olaraq milli park statusu verilsin.
2.
İzah edilsin ki, Bakı şəhərindəki dənizkənarı bulvar milli park
olduğuna görə “Təbiəti mühafizə və təbiətdən istifadə
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq
xüsusi mühafizə olunur və bu mühafizə rejimini pozan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
3.
Bakı şəhər İcra Hakimiyyətinə tapşırılsın ki:
-
Dənizkənarı milli parkın ərazisində tikintisi qanunvericiliklə
nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin
tikintisindən başqa bütün növ tikintilərin dayandırılmasını və
parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan
çıxarılmasını bir ay müddətində təmin etsin;
-
İki ay müddətində Dənizkənarı milli parkın statusuna aid
sənədləri hazırlayıb Azərbaycan Respublikası Prezidentinə
təqdim etsin;
-
Dənizkənarı milli parkın bərpası və yenidənqurulması baş
planını iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan
irəli gələn digər məsələləri həll etsin.
275
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 1998-ci il”[13, 29.12.1998]
Azərbaycan Prezidentinin verdiyi bu fərmandan sonra Bakıda və
başqa şəhərlərdə parkların yenidənqurulmasına, salınmasına xüsusi
diqqət yetirilmişdir. Yüzlərlə mədəniyyət parkları meydana gəlmiş və
“Lunapark” kimi onlarla yeni tipli əyləncə mərkəzləri yaradılmışdır.
Yeni yaradılmış mədəniyyət müəssisələri uşaq və gənclərin
istedadlara, yaradıcılara çevrilməsinə,onların istirahət və
əyləncələrinin təşkil olunmasına daha geniş əhəmiyyət verməyə baş-
lamışlar.
Mədəniyyət müəssisələri BMT-nin insan hüquqları mərkəzinin
Uşaq hüquqları konvensiyasında irəli sürülən tələblərə uyğun olaraq
fəaliyyət göstərir. Mədəniyyət müəssisələri “Uşaq istirahət, asudəvaxt
və mədəni həyatda, yaradıcılıq həyatında iştirak etmək hüququna
malikdir” [47, 1996] prinsipinə uyğun olaraq iş qururlar. Onların
müxtəlif vərdişlərə yiyələnməsinə, mənəvi cəhətdən zənginləşməsinə
ardıcıl olaraq kömək edilir.
Mədəniyyət müəssisələri məktəblərlə, əmək kollektivləri ilə,
ictimai-siyasi təşkilatlarla və s. dövlət müəssisələri ilə birlikdə uşaq
və yeniyetmələrin ahəngdar inkişafı üçün hərtərəfli iş aparırlar. Bu
işin realizə olunmasında Azərbaycan uşaq fondunun fəaliyyətini də
müsbət qiymətləndirmək lazımdır. Fond uşaqların həm fiziki cəhətdən,
həm də mənən tərbiyə olunması, onların təhsilə, peşəyə yiyələnməsi,
vətəndaşlıq hüquqlarının qorunması üçün digər təşkilatlarla da
əməkdaşlıq edir, qəbul etdiyi nizamnaməyə uyğun olaraq fəaliyyət
göstərir.
276
Uşaq Fondunun Nizamnaməsinin bir yerində deyilir:
“…Uşaqların və yeniyetmələrin inkişafı üçün ahəngdar şərait
yaradılması məqsədilə vətəndaşların, əmək kollektivlərinin, dövlət və
ictimai orqanların, təşkilatların faydalı təşəbbüslərini, uşaqların
asudəvaxtının oricinal təşkilinin müsbət təcrübəsini aşkara çıarır,
öyrənir və tətbiq edir, bu təşəbbüs lərə və təcrübəyə maddi, mənəvi və
təşkilati kömək göstərilməsini təşkil edir, onların istedadlarının üzə
çıxması üçün lazımi şərait yaradılmasına yardım göstərir” [14,
27.12.1991].
Uşaq və yeniyetmələr ölkənin əsas potensial qüvvəsi olduğu üçün
dövlət səviyyəsində onların yaradıcılıq və istirahət hüquqları rəsmi
qanunlarla müdafiə olunur [14, 17.12.1991].
Hər bir uşağa istirahət etmək və asudəvaxtdan bəhrələnmək
imkanı verilir. Uşaqlar özlərinin maraqlarına uyğun olaraq
məktəbdənkənar istirahət və məşğuliyyət növləri seçə bilirlər. Təbii
ki, onların fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi üçün
mədəniyyət müəsisələri əməkdaşları üzərinə daha ciddi vəzifələr
düşür. Onlar hər bir uşağa fərdi yanaşaraq onların istedad və
bacarıqlarını üzə çıxarmağı, onları yaradıcılıqla məşğul olmağa
həvəsləndirməyi bacarmalıdırlar. Xüsusilə, mədəniyyət müəssisələri
uşaq və yeniyetmələrin potensialından istifadə edərək Azərbaycan
xalqına məxsus olan incəsənət yaradıcılığı ənənələrini davam
etdirməlidir.
Uşaqların oyuna, əyləncəyə bütün dövrlərdə maraqları olmuşdur.
Bu xüsusiyyəti nəzərə alaraq mədəniyyət müəssisələri əyləncəli
oyunların təşkilinə daha çox üstünlük verir. Xüsusilə, Mədəniyyət və
İstirahət parklarında fiziki oyunlardan tutmuş məntiqi xarakter daşıyan
277
oyunlara qədər istifadə olunur. Bu oyunlar mənəvi cəhətdən
zənginləşdirici əhəmiyyət kəsb etməklə yanaşı, biliklərə və vərdişlərə
yiyələndirmək funksiyasını da yerinə yetirir. Xüsusilə, elektron
oyunlar uşaqların zehni biliklərinin formalaşmasına daha çox imkan
yaradır. Həmçinin onlarda müasir texnika ilə davranmaq vərdişləri
formalaşdırır. Müasir mərhələdə bədii mədəniyyətin də çox mürəkkəb
yaşamları və həyati funksiyaları vardır. Buna görə də müasir
mədəniyyətin əsas ənənəvi cizgiləri də müxtəlifdir. Çünki müasir bədii
mədəniyyətdə kommersiya maraqları ilə siyasi maraqlar paralellik
təşkil edir. Bu cəhət mədəniyyətdə bir çox qatlara malik olan
yaradıcılıq istiqamətlərinin yaranmasına və inkişafına səbəb olur Belə
ki, bədii mədəniyyətdən paralel olaraq müxtəlif məqsədlər üçün
yararlanmaq mümkündür. Məsələn, son dövrlərdə xarici ölkələrlə
mədəni əlaqələri inkişaf etdirmək üçün İstam-buldakı Memar Sinan
Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti arasında əməkdaşlıq müqaviləsi mövcuddur. Bu əlaqələrin
əsas təşkilatçısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor Timurçin Əfəndiyevdir. İndi nəinki
iki təhsil müəssisəsi arasında, həmçinin iki dövlət arasında bədii
yaradıcılıq əlaqələri genişləndirilmişdir. Məhz bu cəhət bədii
mədəniyyətin əlaqələndirilməsinin həm də siyasi mahiyyəti kimi
qiymətləndirilməlidir. Bu əlaqələr iki dövlətin həm də siyasi
tərəflərinin bir-birinə yaxınlaşmasına mənəvi zəmin yaradır. Deməli,
bədii yaradıcılıq həm siyasi əlaqə funksiyasını yerinə yetirir, həm də
mənsubiyyətindən asılı olmayaraq minlərlə insanlara mənəvi, bədii
zövq aşılayır. Eyni zamanda yaradıcılıq ənənələri xalqlar arasında bir-
birinə dair yeni biliklər formalaşdırır.
278
Hələ 1989-cu ildən başlayaraq Türkiyə dövləti ilə mədəniiqtisadi
əlaqələr qurmağa cəhd etmişik. Elə həmin dövrdə Bakı şəhərində
“Türk dünyası” adlı kitab mağazası yaradıldı. Bu mağazada Türkiyədə
çap olunan 75 adda kitab Azərbaycan oxucularına təqdim olundu. O
vaxt İstambulda da “Azərbaycan dünyası” adlı kitab mağazası açıldı.
Məhz bu illərdən elmi, mədəni, iqtisadi əlaqələr daha geniş miqyasda
təşəkkül tapmağa başladı.
1990-cı ilin oktyabr ayında Türkiyə Yazarlar Birliyi ilə
Azərbaycan Yazıçılar İttifaqı arasında xüsusi müqavilə əsasında iş
birliyi yaradıldı. Covet İmperiyası hakimiyyətinin zəifləməsi
Azərbaycan vətəndaşlarının beynəlxalq miqyasda ünsiyyətə girmək,
yaradıcılıqla məşğul olmaq imkanlarını artırdı. Bütün sahələrdə
olduğu kimi mədəniyyət və incəsənət sahəsində də iş birliyi
yaradılması ənənələrinin əsasını qoydu.
Müstəqil Azərbaycan Dövləti yarandıqdan sonra isə hər kəsin
yaradıcılıq azadlığı Azərbaycan Respublikasının əsas qanunu olan
Konstitusiyada öz əksini tapdı.
Azad yaradıcılıq hüquqları ilə əlaqədar olaraq Konstitusiyanın
51-ci maddəsində deyilir: “Yaradıcılıq–ədəbiyyat, incəsənət, elm və
texnika sahəsində yeni müstəqil yaradıcı nəticə ilə bitən əqli
fəaliyyətdir. Yaradıcılıq fəaliyyəti cəmiyyətin inkişafı üçün mühüm
əhəmiyyət kəsb edir. Elm və texnika təbiətin nemətlərindən daha
səmərəli istifadə olunmasına, ədəbiyyat və incəsənət isə cəmiyyətin
humanizm ruhunda tərbiyəsinə xidmət edir” [15, maddə 51].
Eyni zamanda “Mədəniyyət haqqında” Qanunun 7-ci maddəsinə
əsasən hər bir Azərbaycan vətəndaşına öz maraq və qabiliyyətinə
uyğun olaraq istənilən sahə üzrə yaradıcılıqla məşğul olmaq hüququ
279
verilir. Bu hüquq əhalinin bütün təbəqələrini əhatə edir və
qanunvericilikdə onların yaradıcılıq fəaliyyəti ilə məşğul olmaları
üçün münasib şəraitin yaradılmasını qanuniləşdirir.
Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsi
əsasında hər kəsə mədəniyyət hüququ verilir. Konstitusiyada göstərilir
ki, “hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət
təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır”.
Məhz Azərbaycan Respublikasının əsas qanununa uyğun olaraq
vətəndaşların mədəniyyət hüquqlarının həyata keçirilməsinə təminat
verən xüsusi qanun qəbul edilmişdir [15, s.104]. 6 fevral 1998-ci il
tarixli həmin Qanuna görə mədəniyyət hü-quqlarına təminat yaratmaq
məsuliyyəti əsasən mədəniyyət və yaradıcılıq fəaliyyəti olan
təşkilatların, idarələrin və müəssisələrin üzərinə düşür. Xüsusilə,
mədəniyyət müəssisələri Konsti-tusiya hüququnun təmin edilməsi
üçün daha çox məsuliyyət daşıyırlar. Buna görə də Azərbaycan
cəmiyyətinin indiki bazar iqtisadiyyatı mərhələsində də mədəniyyət
müəssisələri xalq yaradıcılığının inkişaf etdirilməsinə və mədəni
irsimizin qoru-nub saxlanılmasına təminat yaratmalı, tarixi
ənənələrimizin mü-hafizə olunması üçün Konstitusiya tələblərinə əməl
etməlidirlər.
Bildiyimiz kimi, hər kəsin cəmiyyətin mədəni həyatında
yaxından iştirak etmək və mədəni sərvətlərdən bəhrələnmək hüququ
vardır. Şübhəsiz ki, xalqımızın mədəni sərvətləri əsasən mədəniyyət
müəssisələrinin əhatə dairəsində cəmlənmişdir. Xalqımızın istedadını,
tarixini, mədəniyyətini əks etdirən mənəvi irsimizlə yalnız muzeylərdə
yaxından tanış olmaq mümkündür. Bu baxımdan muzeylərimiz
mədəniyyət müəssisəsi kimi, mənəvi sərvətlərimizin təbliğ
280
olunmasında, gənc nəslin xalqımızın keçdiyi tarixi yollara hörmət
hissinin artırılmasında daha böyük işlər görmək imkanlarına
malikdirlər.
Ümumiyyətlə, mədəniyyət və incəsənət müəssisələri həmişə uşaq
və yeniyetmələrin məktəbdənkənar yaradıcılıq və tərbiyə mərkəzləri
olmuşlar. Hələ sovet dövründə fəaliyyət göstərən pionerlər evləri uşaq
və yeniyetmələrin istedad və bacarıqlarının üzə çıxmasında böyük
əhəmiyyət kəsb etmişdir. Pioner evlərində tarixi əhəmiyyətə malik
olan mədəni ənənələr formalaşmışdır. Təsadüfi deyil ki, məhz
pionerlər evini, bu keyfiyyətinə görə Azərbaycan Prezidenti Heydər
Əliyev də 1997-ci ilin fevral ayının 1-də gənclərlə keçirdiyi görüşündə
çox böyük ehtiramla yada salmışdır. Prezident H.Əliyev toplanışdakı
yekun çıxışında demişdir: “Burada uşaq təşkilatı və pionerlər evi
haqqında məsələ qaldırıldı. Keçmişdə respublikamızın hər yerində
pionerlər evi var idi. Bu gün demək lazımdır ki, həmin pionerlər evi
gənclərin, yeniyetmələrin həyatında çox böyük rol oynayıbdır. Biz onu
qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Ola bilər ki, sizin
çoxunuz uşaqlıq dövrünüzü pionerlər evində keçirmisiniz. Kim həmin
pionerlər evindən necə istifadə edib, yaxud öz həyatı üçün ondan nə
alıb, onu özü bilər. Mən isə demək istəyirəm ki, uşaqlıq dövründə
məktəblə bərabər pionerlər evi mənim həyatımda ən böyük rol
oynayıb. Mən bütün uşaqlıq dövrümü, yəni orta məktəbin X sinfini
qurtaranadək pionerlər evinin daimi müdavimi olmuşam. Mən
pionerlər evində şahmat, dama oynamışam, dram, özfəaliyyət və bir
sıra digər dərnəklərdə, müxtəlif idman yarışlarında iştirak etmişəm.
Pionerlər evinə ömrüm boyu minnətdaram”
[17, s.9].
281
Misaldan göründüyü kimi, dünyada tanınmış böyük bir
şəxsiyyətin yetişməsində pionerlər evi və onun tərbiyəvi, yaradıcılıq
mühiti, məşğuliyyət şəraiti xüsusi rol oynamışdır.
Deməli, pionerlər evi sosializm cəmiyyətinin mədəniyyət
nümunəsi olmasına baxmayaraq onun gördüyü işlərin bir çox tarixi,
ənənəvi əhəmiyyəti vardır. Həmin ənənələri indiki cəmiyyətimizə
tətbiq etməklə ondan bəhrələnər, xalqımızın mədəni inkişafının daha
da sürətlənməsinə yardımçı ola bilərik.
Milli-mənəvi irsimiz adamlarımızın daxili mədəniyyətinmn
formalaşmasında da xüsusi əhəmiyyət kəsb edir. Akademik Azad
Mirzəcanzadə demişkən: “Daxili mədəniyyət olmadan ədəb
qaydalarını, “yaxşı rəftarı” və s. əzbərləmək – mədəniyyətsiz
mədənilər üçün səciyyəvidir” [102, s.25].
Etiraf etmək lazımdır ki, sosializm cəmiyyətindən qalmış ən
humanist ənənələr əsasən mədəniyyət və elm sahələrini əhatə edir.
İndiki bazar iqtisadiyyatı mərhələsində də həmin ənənələri qoruyub
saxlamağa və daha da inkişaf etdirməyə ehtiyac vardır. Elə bu
məqsədlə də pionerlər evlərinin maddi-texniki bazası, onun iş
ənənələri “uşaq və gənclər evi” adı altında qorunub saxlanılmışdır.
Başqa mədəniyyət müəssisələri ilə yanaşı, onlar da elmi, mədəni,
yaradıcı potensialımızın inkişafına daima kömək edirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının tarixi, mədəni
ənənələrinin qorunmasında və inkişaf etdirilməsində Heydər Əliyevin
də böyük xidmətləri vardır. Hələ sovet dövründə Azərbaycan SSR-ə
rəhbərlik edən Heydər
Əliyev mədəniyyət müəssisələrinin
yaradılmasına xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycan
Respublikası yarandıqdan sonra da özünün quruculuq ənənələrindən
282
uzaqlaşmamış, mədəniyyətin inkişafına bir prezident kimi qayğı
göstərməyi davam etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü
il oktyabrın 3-dən 1998-ci il oktyabrın 3-dək olan dövr ərzində
keçirdiyi tədbirlər və görüşlər haqqında Azərbaycan Respublikası
Prezidenti katibliyinin məlumatında deyilir ki, bu dövrdə Azərbaycan
Prezidenti mədəniyyət, səhiyyə, elm, təhsil və idman məsələlərinə
daim qayğı göstərmiş, mövcud problemlərin həlli istiqamətində real
addımlar atmışdır. Prezident H.Əliyev xalqımızın zəngin milli-mədəni
irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məsələlərini daim
diqqət mərkəzində saxlamışdır.
Azərbaycanın qocaman mədəniyyət və incəsənət xadimlərinə,
gənc yazıçı və şairlərinə, gənc istedadlara Prezident tərəfindən təyin
edilən fərdi və xüsusi təqaüdlər ölkə başçısının bu sahəyə böyük
qayğısının parlaq təzahürüdür. Ümumiyyətlə, Prezident Heydər Əliyev
bu sahələrin problemləri ilə bağlı bu illər ərzində 177 yığıncaq, iclas
və görüş keçirmişdir.
Xalqımızın əsrlər boyu yaratdığı adət və ənənələr dövlət
səviyyəsində qayğı ilə əhatə olunduqca hər bir vətəndaşın mənəvi irsə,
mədəni köklərə bağlılığı daha da artır. Mədəniyyət müəssisələri isə bu
qayğıdan istifadə edərək adət və ənənələrimizin, milli yaradıcılıq
təcrübəmizin inkişafına əsaslı zəmin yaradır.
İndiki mərhələdə mədəniyyət müəssisələri dini bayramlarımızın
təntənəli şəkildə keçirilməsi üçün də konkret proqramlar hazırlayır,
həmin bayramın ictimai, mədəni əhəmiyyətini artırmaqdan ötrü bədii-
emosional vasitələrdən istifadə edirlər. Qurban və Ramazan
bayramlarında dini və ictimai təşkilatlarla əlaqələr genişləndirilir,
283
onların arzu və istəklərinə uyğun olaraq ssenarilər və həmin
ssenarilərə əsasən bədii nümunələr hazırlanır.
Mədəniyyət müəssisələri adət və ənənələr zəminində tədbirlər
hazırlayarkən milli-etnoqrafik xüsusiyyətlərin qorunması qayğısına da
qalırlar. İfaçı-aktyorlar, rəqqaslar və tədbirdə iştirak edən başqa sənət
adamları ənənəvi, etnoqrafik milli geyimlərimizdən istifadə edirlər.
Dekorasiyalar və butaforlar adət və mərasimin milli-ənənəvi
xüsusiyyələrinə uyğun olaraq hazırlanır.
Bu gün aparılan müşahidələr bir daha təsdiq edir ki, mədəniyyət
müəssisələri öz tədbirlərini milli adət və ənənələrimizə daha çox həsr
etməklə tədbir iştirakçılarının sayını və fəallığını artırmaq üçün real
imkanlar əldə edirlər.
Xalq öz mədəni irsinə, xüsusilə, adət və ənənələrinə qarşı tarixin
bütün dövrlərində yüksək həssaslıqla yanaşmışdır. Bu da ondan irəli
gəlir ki, xalqın özünün yaratdığı mənəvi sərvətlər, adət və ənənələr
məhz bayram və mərasimlərin tərkibində cəm olmuşdur. Onlar xalqın
mənəvi həyatı və duyğular toplusudur. Buna görə də, mədəniyyət
müəssisələrinin kütləvi tədbirlərində xalqın özünün yaşatdığı həyat
materiallarından istifadə etmək istəyi tədbiri daha da
emosionallaşdırır, milli duyğularla zənginləşdirir. Xalq öz bayramında
əsrlər boyu yaratdığının bədii estetik əhəmiyyətini görür və fəxarət
hissi keçirir.
Nəhayət, belə nəticəyə gəlmək olar ki, adət və ənənələr, mərasim
və bayramlar əslində mədəniyyət müəssisələrinin işinin mürəkkəb,
çoxfunksiyalı formasını yaratmaqla, həm şəxsi, həm də ictimai məna
qazanır. Bu istiqamətdə keçirilən tədbirlər insanları cəmiyyətin
mənəvi zənginlikləri ilə birləşdirir, adamlara nəsillərin tarixi
284
təcrübəsini öyrədir, onlara mənəvi təsir göstərərək bədii-estetik hisslər
aşılayır. Eyni zamanda bu tədbirlər cəmiyyətin bütün üzvləri üçün
məzmunlu, əyləncəli istirahət şəraiti yaradır.
|