1.2. Adət və ənənələrdə bədii estetik dəyərlərlə milli
ənənəvi təkamülün vəhdəti.
Adət və ənənələrin dialektikası onların bütün dövrlərdə ardıcıl
olaraq təkamül etməsindən ibarətdir. Cəmiyyətin bütün sahələrində
olan dialektik inkişaf ilk növbədə adət və ənənələrdə, onların bədii-
estetik dəyərlərində yaranan yeniliklərdə özünü büruzə verir. Bu
yeniliklər ənənəvi qaynaqlardan bəhrələnsələr də, onlar formaca
müasirləşir, insanların mövcud tələblərinə uyğunlaşır. Müasirlərimizin
bədii-estetik tələbatlarının dəyişməsi ənənəvi incəsənətin də forma və
məzmununa təsir edir. Yeni mahnılar, yeni geyim mədəniyyəti
formalaşır. Bu yeniliklər bəzi dəbin dəyişməsi ilə də əlaqələndirilir.
Lakin əslində dəbin dəyişməsi özü də ənənənin təkamülündən asılıdır.
Eyni zamanda ənənənin təkamülü prosesində estetik baxışların
səviyyəsi də xüsusi rol oynayır. Fikrimizi daha da dəqiqləşdirmək
üçün bir sıra tarixi həqiqətlərə diqqət yetirək. Qədim daş dövründə
yaşayan insanlar çox primitiv musiqi alətləri yaradır, mərasim və
bayramlarda məhdud ritmlərlə öz mahnılarını ifa edirdilər. Rəqsləri
isə əsasən ritmik qaydalarla müşayiət olunurdu. Lakin zaman keçdikcə
61
musiqi mədəniyyətinə olan münasibətlər də formalaşdı. Təbiətin
rəngarəngliyi insanların musiqi duyğusuna da dinamik təsir etdi.
İnsanın bədii təfəkkürü iç dünyasından süzüb gələn musiqi ahənginin
müxtəlif səslərini yaratdı, həmin ahəngləri yaşamaq meyli gücləndi.
Dərdini, naləsini, sevincini, qəmini musiqi dünyasında ədəbiləşdirmək
marağı zaman-zaman artdı. Elə buna görə də müxtəlif musiqi alətləri
meydana gəldi. İnsanın geyimi, məişəti, həyat tərzi dəyişdikcə həmin
alətlər də təkamül etdi, bəşəriyyətə məxsus olan daha böyük hiss və
həyəcanları da bu musiqi alətlərində ifadə etmək imkanı yarandı.
Musiqi alətləri təkmilləşdikcə ahəng və mahnıların da rəngarəng
formaları meydana gəldi. Təbii ki, bu prosesdə milli-psixoloji
xüsusiyyətlər də əməli rol oynadı. Dini inancların xarakteri də
musiqinin milli ahənginə təsir göstərdi. Xristian dünyasının musiqi
ahəngi ilə islam dünyasının musiqi ahəngi arasında fərqli cəhətlər
meydana gəldi. İncəsənətə dini qadağalar qoyulduğundan islam dünya-
sında mərsiyə xarakterli solo mahnıları, dərviş mahnıları – növhələri
xarakterik xüsusiyyətləri idi. Uzun əsrlər boyu məhz bu səbəbə görə
Azərbaycan musiqi sənəti də islam dini ənənələrinin təsirindən xilas
ola bilməmişdir. Bu cəhət şiə etiqadına malik olan Azərbaycanlıların
məhərrəmlik ənənələri daxilində musiqiyə münasibət yaratmışdır.
Şiələr üç ay qalmış məhərrəmlik təziyyələrinə hazırlıq görmüşlər.
Azərbaycanın şi-malına da İrandan xüsusi mərsiyəxanalar gəlmiş,
dərvişlər dəvət olunmuşdur. Onlar məhərrəmlik təziyyəsində
şəbihgərdanlıq etmişlər. Dini xarakter daşısa da, bu proses
Azərbaycanda müğənnilik sənətinin inkişafına yaxşı mənada böyük
təsir etmişdir. Məhz bu məclislərdə gözəl səsə malik olan cavanlar
aşkar olunmuş, onlardan toylarda da müğənni kimi istifadə etmişlər.
62
Musiqi tarixi ilə məşğul olan Firudin Şuşinski yazmışdır: “Şu-
şada yaxşı səsi olan gənclərdən məhərrəmlik təziyyələrində,
məclislərdə mərsiyə demək və növhə oxumaq üçün istifadə edərmişlər.
O dövrün ən məşhur musiqişünası Xarrat Qulu Məhəmməd oğlu (1823-
1883) məhərrəmlik təziyyəsi zamanı təşkil etdiyi məclisə ən yaxşı səsi
olan gəncləri cəlb edib,. Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih
rollarında oynamağı öyrədirdi” [147, s.13].
Maraqlıdır ki, dini ənənələr ahəngin və ahəngə uyğun səsin,
sözün inkişafında xüsusi rol oynamışlar. Burada ənənə-viliyin, adət və
ənənələrdən qaynaqlanmanın əhəmiyyətini xüsusi olaraq qeyd etmək
lazımdır. Məsələn, məhərrəmlik təziyyələrində oxumaq bir növ
ənənəyə uyğun olaraq məcburi icra olurdu. Lakin mərsiyəni ifa edən
şəxs özündən asılı olmayaraq tempə və ritmə tabe olmuşdur.
“Səslər qəlbimizdə, şüurumuzda o vaxt özünə yer tapar, əhvali-
ruhiyyəmizə təsir göstərər ki, onlar ritm və tempə tabe olub, melodiya
daxilində birləşdirilsin”
[80, s.12].
Ümumiyyətlə, musiqi səslərinin yaranması haqqında müxtəlif
fikirlər yayılmışdır. Bir çox mənbələr musiqinin həyəcanlı
danışıqlardan meydana gəldiyini bildirir. Məsələn, ingilis bəstəkarı və
musiqişünası Ralf Voem Uilyams yazmışdır: “Mən sizi öz həyatımdan
olan əhvalatla, yəni həyəcanlı danışığın necə melodiyaya keçməsi ilə
tanış etmək istəyirəm.
Bir dəfə Skay adasında açıq havada ibadət zamanı moizə
edilməsinin şahidi oldum. Keşiş mənim anlamadığım qalsk dilində
danışdığından mən bütün diqqətimi onun səsinin xüsusiyyətlərinə
yönəltdim. Natiq qeyri ixtiyari çox hündürdən danışmağa məcbur oldu
ki, bu da onun danışıq pafosunu deklomasiyaya gətirib çıxartdı.
63
Əvvəla bir ton, sonra isə vaizin daha da ilhamlanması ilə əlaqədar
bütöv melodik cümlələr meydana gəldi. Bu təcrübə məndə belə bir
fikir oyatdı ki, bu cür oxunuşlar xalqın şüurunda qeyri-iradi, öz-özünə
yaranıb” [158, s.7].
Buradan belə bir nəticə çıxır ki, insanların qorxu və fəryadları,
müxtəlif həyəcanları musiqi ahəngi ilə zəngindir və onlar musiqi
alətlərindən əvvəl mövcud olmuşlar. Deməli, hiss və həyəcanlar
musiqi alətlərinin yaranmasına, təşəkkülünə səbəb olmuşdur.
İnsan səslərinin musiqi ahənginə çevrilməsi adət və mərasimlərdə
daha çox üstünlük təşkil etmiş, adət və ənənələrin bədii-emosional
mühitində səslər musiqi ahənginə çevrilmişlər. Səslər mərasimdən
mərasimə təkrarlandıqca onların ritmləri də xüsusi çalarlarla inkişaf
etmişdir.
Məsələn, F.Şuşinskinin yazdığına görə “Məşədi Məhəmmədin
çox məlahətli səs olmuşdur. O, aşura günlərində İran şairi Möhtəşəmin
imam Hüseynə həsr etmiş olduğu şerləri “Zəminxarə” üstündə çox
təsirli oxuyarmış” [147, s.13].
Lakin unutmaq olmaz ki, ayrı-ayrı sözlər əksər hallarda səslər
kimi hələ heç bir şey ifadə etmədiyindən insanları təsirləndirə bilmir
və estetik keyfiyyət kimi qavranılır. Amma bədii obrazların dili ilə
söylənəndə həmin sözlər emosionalifadəli mahiyyət kəsb edir. Adət və
mərasimlərdə, bayramlarda ifadə olunan sözlər isə bütün tarix boyu
xalq yaradıcılığı qaynaqlarından bəhrələnmiş və emosional ifadəli
olmuşlar. Hər bir bayatının, ağının konkret bədii obrazı vardır. Sözün
ritmik və obrazlı şəkildə ifadə olunması musiqi ahəngi yaradır. Adət
və ənənələr zamanı söz, xüsusi milli mərasim çərçivəsində intonasiyalı
ifadə olunur.
64
Bildiyimiz kimi, musiqidə ən əvvəl yaranan onun dilidir. Lakin
musiqi dili melodiya, intonasiya, ritm, lad, harmoniya, polifoniya,
tembr və s. anlayışlardan ayrı mümkün deyildir. Hər bir xalqın və
millətin özünə məxsus musiqi dili, melodiya – intonasiya
xüsusiyyətləri vardır. Onlar ənənəvi olaraq çoxəsrlik inkişaf tarixi
keçmiş, kənar milli elementlərdən də bəhrələn-mişlər. Xalqlar
arasında milli əlaqələr genişləndikcə adət və ənənələrdə, onun bədii
ifadə vasitələrində oxşar meyllər, əlaqəli cəhətlər meydana gəlmişdir.
Buna baxmayaraq hər bir özünəməxsus melodiya – intonasiya
xüsusiyyətlərini, milli özünəməxsusluğu, fərdiliyi qoruyub saxlaya
bilmişdir. Məhz bu spesifik xüsusiyyətə görə musiqinin uzun əsrlər
boyu dərin milli psixoloji kökə malik olması hər bir xalqın müəyyən
lad, metroritmik, melodiya, intonasiya və s. kimi milli
xüsusiyyətlərdən kənara çıxa bilməməsinə səbəb olmuşdur [66, s.43].
Belə bir nəticəyə gəlmək olar ki, insanın fizioloji varlığında
olduğu kimi onun yaratdığı və yaşadığı mənəvi aləmin özündə də kökə
bağlılıq, ənənəyə sadiqlik xüsusi yer tutur. Bəşəriyyət nə qədər
təkamül etsə də, mənəvi köklərdən tam şəkildə ayrılmaq mümkün
deyildir. Mənəviyyatda baş verən modernləşmə isə forma və məzmunu
zənginləşdirən, bədii təfəkkürü müasir quruluşa, davranış normalarına
uyğunlaşdıran əsas amillərdən biri kimi qiymətləndirilməlidir. Yəni
modernləşmə ənənəvi olanı heç zaman kökündən silib ata bilmir,
əksinə nə qədər inkişaf və yeniləşmə baş versə də, köklə bağlı
əlamətlər mənəviyyatın bütün tərəflərində istəristəməz özünü biruzə
verir. Elə buna görə də peşəkar incəsənətin bütün növlərində xalq
yaradıcılığının əlamətlərini görmək mümkündür.
65
Bir həqiqəti bilmək lazımdır ki, lap qədim zamanlardan
insanların adət, ənənə, mərasim incəsənəti yaranmışdır. Totem-lərin,
şamanların mərasimlər zamanı öz bədənlərini müxtəlif rənglərlə
bəzəməsini, xüsusi mərasim rəqslərini və mahnılarını ifa etmələrini
buna misal göstərmək olar. Hətta dəfn mərasimlərində də
özünəməxsus incəsənət xüsusiyyətləri yaranmış və bu xüsusiyyət indi
də davam etməkdədir. Qobustan ərazisində aparılan arxeoloji
qazıntılar zamanı neolit dövrünün qəbirlərindən üzərində müxtəlif
canlıların şəkilləri çəkilmiş daşlar aşkar edilmişdir. Buradakı
Böyükdaş dağı ətəyindəki qəbirlərin birinin baş daşı insan heykəli
formasına bənzəyir. Qədim insanlar dəfn olunmanın xarakterik
cəhətlərini bu heykəldə əks etdirməyə cəhd etmişlər. Təxminən iki
metr hündürlüyü olan bu qaya parçası xüsusi daş alətlərlə yonulmuş,
baş və enli çiyin dəfn olunan qəbilənin nüfuzlu və fiziki gücə malik
olan üzvü olduğunu büruzə verir.
Qobustan ərazisində orta əsrlərə aid olan qəbir daşları da aşkar
edilmişdir. Bu qəbir daşları üzərində ov səhnəcikləri, müxtəlif bədii
yazı ornamentləri təsvir olunmuşdur. Qəbirüstü təsvirlər oyma üsulu
ilə icra edilmişdir. Lakin əsası XVI əsrin ikinci yarısında qoyulmuş
Umbakı adlanan yerdəki qəbiristanlıqda daşlar üzərinə çəkilən
şəkillərin forma və məzmunu yeniləşmişdir. Burada xüsusilə,
rənglərdən də istifadə olunmuş, ölən adamın şəxsiyyətini, cinsini,
peşəsini diqqətə çatdıran təsvirlərə üstünlük verilmişdir. Umbakı qəbir
təsvirləri forma və məzmunca yeni olsa da, Qobustan ənənələrindən,
burada yaranmış tarixi-ənənəvi kökdən uzaq düşməmişdir. Həmin
yerdə qədim tarixi ənənə yenə də davam etməkdədir.
66
Məlumdur ki, Azərbaycanda islam dini yayıldıqdan sonra
canlıların təsvirini yaratmağa, ruhanilər tərəfindən məhdudiyyət
qoyulurdu. Lakin bu qadağalara baxmayaraq incəsənətin tarixi
ənənələri sənətkarlar tərəfindən müxtəlif vasitələrlə qorunub
saxlanılmışdır. Xüsusilə, memarlıqda, bədii toxuculuq sənətində,
dulusçuluqda, başqa məişət əşyaları üzərində bədii təsvirlərdən
istifadə olunması ilə bağlı bir çox tarixi faktlar vardır. Məsələn,
Bakının “İçərişəhər” adlanan memarlıq nümunələrinin çoxunda şir,
öküz, göyərçin, qoç təsvirlərindən simvolika məqsədi ilə istifadə
olunmuşdur. İçərişəhərdə 1314-cü ildə inşa olunmuş qədim
məbədlərdən birinin giriş qapısının üstündə maral və başqa şirəbənzər
heyvanın təsviri həkk olunmuşdur.
Azərbaycanın qədim təsviri sənətində şirlər qəhrəmanlıq,
mərdlik, igidlik rəmzi kimi geniş yer tutmuşdur. Qala qapıları
üzərində həkk olunan şirlər uzun əsrlər boyu öz qəzəbli baxışlarını
yadelli düşmənlərin üzərinə yönəltmiş, bütün Azərbaycan xalqını onlar
kimi qorxmaz olmağa ruhlandırmışdır.
Azərbaycanın qədim memarlıq abidələri üzərində göyərçin
təsvirlərinə daha çox rast gəlmək mümkündür. Bu da xalqımızın
humanist baxışlarını, sülhpərəstliyini əks etdirən rəmzlərdir. Məhz lap
qədimlərdən evlərin pəncərələri üstündə, divarlarda, müxtəlif əşyalar
üzərində göyərçin fiqurları və s. təsvirlər həmin arzu və istəkdən
yaranmışdır. Bu qədim ənənə müasir kənd evlərinin kirəmidində, qapı,
pəncərə bəzəklərində indi də davam etməkdədədir.
1234-cü ildə memar Zeynəddin əbu Rəşid Şirvani tərəfindən
tikilən “Səbail” qəsrinin xarabalıqlarından üzərində 700-dən çox yazı,
insan, quş və heyvan şəkilləri olan daşlar tapılmışdır. On beş bürclü
67
bu qəsrin hansı məqsədlə suyun içində tikilməsi bizə tam şəkildə
məlum olmasa da, onun daşlarında qorunub saxlanılan nəhəng “şəkil
qalereyası” milli sənətkarların ənənəviliyə sədaqətinin tarixi
təzahürüdür. Sənətkar dini qadağalardan çəkinmədən öz istək və
arzularını, estetik baxışlarını qala daşları üzərində əbədiləşdirmişdir.
“Səbail” qəsri XIV əsrin əvvəlində qeyri-məlum səbəbdən
dağılsa da, qədim sənətkarın təsviri yaradıcılığı arxeoloqlarımız
tərəfindən tapılmış, cəm şəklində mühafizə olunmaqdadır.
Vaxtilə arxeoloqlarımız tərəfindən mil düzündə Örənqala adlanan
yerdə tapılmış saxsı kaşı kasa üzərində müxtəlif bəzək ornamentləri və
insan təsvirləri aşkar edilmişdir. Məişət əşyaları üzərində bədii
təsvirlərdən istifadə etmək ənənəsi indi də davam etməkdədir.
Canlıların təsvirləri orta əsrlərin parça məhsulları üzərində də
geniş yer tutmuşdur. Hələ VII əsrdə öz bədii tərtibatına görə
Azərbaycan parçası dünyanın bir çox ölkələrində şöhrət qazanmışdır.
Bu dövrün bədii parçalarından biri İtaliyanın Luteran kilsəsində indi
də saxlanılır. Aaxen kapellasında saxlanılan bədii parça isə
Azərbaycanın VIII – IX əsr sənətkarları tərəfindən toxunmuşdur. Bu
parçadakı ördək və quş təsvirləri qədim memarlıq abidələri üzərində
təsvir olunan ənənəvi quş təsvirlərinin davamıdır [149, s.50-51].
İslami qadağalara baxmayaraq xalçalar üzərində canlıların
təsvirindən geniş istifadə olunmuşdur. Bu baxımdan XIV əsrdə
Azərbaycanda toxunmuş və üzərində Məcnunun səhrada təsviri olan
süjetli xalça xüsusi əhəmiyyət kəsb edir.
Tədqiqatçı T.Haqverdiyev yazmışdır: “İnsan və
təbiət
təsvirlərindən istifadə etmək Azərbaycan parça istehsalında qə-dim bir
68
ənənə olmuşdur. İslam dini bu ənənəyə çox az təsir göstərə bilmişdir”
[52, s.35].
Ən maraqlısı odur ki, üzərində canlıların təsviri verilmiş süjetli
xalçalardan bir çox məscidlərdə də bəzək əşyası kimi istifadə
olunmuşdur. Məsələn, 1539-cu ildə toxunmuş üzərində yırtıcı pələngin
ov üzərinə atıldığı məqam təsvir olunan əlvan naxışlı bir xalça Şeyx
Səfi məscidinin bəzəyidir. Təbii ki, bədii bəzəyə meyllilik estetik
duyğuların ənənəvi tələblərindən, sənətin insanın daxili aləminə nüfuz
etmək qüdrətindən irəli gəlir. Elə buna görə də cəmiyyətin və ya dinin
qadağalarından asılı olmayaraq estetik tələbat incəsənətə münasibətdə
özünü həmişə nümayişkaranə biruzə verə bilib. Hər bir insan estetik
tələbatının hökmü ilə gözəl görünəndən, duyğularına xoş gələndən
imtina etməyib. Bu ənənə gözəlliyin bəşəri dərk olunması ənənəsinə
çevrilib. Hətta adi toxucu qadın da özünün estetik baxışlarını ilmələrlə
ifadə etməyi bacarmışdır. Lakin estetik duyumun ifadə olunma
prosesində nəsildən-nəslə keçən toxuculuq ənənəsinin də xüsusi rolu
olmuşdur. Bəzən ənənədən irəli gələrək mövzu kütləviliyi
yaranmışdır. Məsələn, bir çox süjetli xalçalarda “Leyli və Məcnun”
mövzusu tez-tez təkrarlanmışdır. Dini-mifoloji mövzular da xalq bədii
yaradıcılığında geniş yer tutmuşdur. Eyni zamanda təbiət mənzərəsinə,
ov səhnələrinə xüsusi diqqət yetirilmişdir. Miniatür sənət ənənələri isə
uzun əsrlər boyu yaşamış, Azərbaycan təsviri incəsənə-tinin ənənəvi
milli atributuna çevrilmişdir. Miniatür elementləri bədii parçalarda,
xalçalarda, məişət əşyalarında tez-tez təkrarlanmış, Azərbaycan
xalqının bədii-psixoloji xüsusiyyətlərini özündə əks etdirə bilmişdir.
Bu xarakterik xüsusiyyət XVI əsr toxuculuq nümunələrində daha çox
təşəkkül tapmışdır. Yüksək bədii zövqlə yaradılmış xalq yaradıcılığı
69
nümunələri nadir sənət inciləri olduqlarından əjnəbi kolleksionerlərin
diqqətindən ya-yınmamış, onlar alınaraq ölkədən aparılmışdır. İndi
Budapeştin Dekorativ Sənətlər Muzeyində, Moskvanın Silah
Palatasında, Sankt-Peterburqun “Ermitaj” muzeyində, Nyu-Yorkun
Metropoliten muzeyində, Parisin Dekorativ sənətlər muzeyində, Luvr
muzeyində və dünyanın başqa muzey və təsviri sənət qalereyalarında
özünün milli-ənənəvi bədii tərtibatı ilə fərqlənən yüzlərlə bədii
toxuculuq nümunələri vardır [38, s.14]. Həmçinin Bakının, Təbrizin,
Gəncənin və başqa iri Azərbaycan şəhərlərinin sənət muzeylərində də
qədim sənət ənənələrinin nadir nümunələri qorunub saxlanılır. Bunlar
içərisində Təbrizin Gülüstan muzeyindəki XVI əsrə aid olan süjetli
xalça diqqəti daha çox özünə cəlb edir. Xalçanın orta bəzəyində uçan
dinozavrla qanadsız dinozavrın döyüş səhnəsi verilmişdir. Onların
döyüş meydanındakı boş qalan yerlər isə güllər və yarpaqlı ağac
budağı ilə bəzənmişdir. Xalçanın palıdı fonda toxunulmuş yan
hissələri isə müxtəlif gül və çiçəklərin harmonik düzülüşündən
ibarətdir. Uçan nəhəng quş Azərbaycan nağıllarındakı Zümrüd quşunu
da xatırladır. Zümrüd quşu xeyirin şərə qarşı mübarizə rəmzi kimi də
nəzərdə tutula bilərdi. Məhz Azərbaycanın bütün bədii yaradıcılığında
təcəssümləndirilən xeyir və şər anlayışı adı çəkilən süjetli xalçanın da
ənənəvi mövzusu olmuşdur.
Xalçada gözəlliyin təsvirinə üstünlük verilməklə yanaşı, onun
ideyalaşdırılmasına da geniş yer verilmişdir. Çox maraqlıdır ki, XVI
əsrin naməlum Azərbaycan sənətkarının estetik baxışları ilə qədim
Yunan filosofu Aristotelin estetik baxışları çox oxşar gəlir. Aristotelin
estetik təlimində də ideya gözəlliyin əsas mahiyyət kimi göstərilir.
“Daha doğrusu, gözəlliyin mahiyyəti onun kəsb etdiyi ideya ilə
70
müəyyən olunur. Aristoteldə real predmetlər qrupunu və yaxud,
predmetlər qruplarının vəhdətini ifadə edən anlayışlar doğru olaraq
obyektivliklə subyektivliyin vəhdəti kimi səciyyələndirilir
[40, s.30].
Lakin bu faktor naməlum Azərbaycan sənətkarının Arestoteldən
bəhrələnmə faktoru kimi qiymətləndirilməməlidir. Sənətkar öz
yaradıcılığını qədim ənənələr üzərində qurduğundan, mifoloji
mövzulara müraciət etdiyindən onun bədii tərtibatında şərqin fəlsəfi-
estetik, mədəni irsinin əlamətləri nəzərə çarpır. Sujetlər yaradarkən
predmet və hadisə qruplarının vəhdət şəklində təsvir olunması metal
məmulatları üzərindəki naxışlarda da xüsusi yer tutur. Məsələn, İran
Azərbaycanının Silduz mahalındakı Həsənli təpəsindən tapılmış qızıl
cam dünya alimlərinin diqqətini özünə daha çox cəlb etmişdir. 950
qram ağırlığı olan qızıl camın üzərində ilk öncə üç araba şəkli diqqəti
cəlb edir. İnək bağlanmış birinci arabanı qanadlı insan, qatır
bağlanmış iki arabanı isə buynuzlu və başında qanad olan adamlar –
mələklər idarə edir. Birinci arabanın qarşısında əyninə haşiyəli paltar
geymiş kişi dayanmışdır. Onun arxasında isə başqa iki nəfər bir cüt
qoçu irəli çəkirlər.
Aşağıdakı cərgədəki təsvirlər arasında boynuna ilan dolanmış
ovçu kişi, onun yanında isə iki çılpaq qadın rəsmi vardır. Eyni
zamanda burada üçbaşlı əjdahanın caynağından xilas olmaq üçün əlini
kənarda dayanmış pəhlivana uzadan kişi təsviri gözə çarpır. Camın
qismən aşağı hissəsində kiçik səndəldə oturmuş qoca kişi təsvir
olunmuşdur. Bir qadın onun qarşısında dayanaraq körpə uşağı ona
doğru uzadır. Başqa bir kişi isə əlində qab tutaraq üzü səndələ doğru
dayanmışdır. Camın üzərində yırtıcı şiri yəhərləyib minməyə
71
hazırlaşan gəncin təsviri də verilmişdir. Bundan başqa belində insan
əyləşmiş uçan bir quşun təsviri də vardır.
Camın alt hissəsi çoxlu xanalara bölünmüş, ətrafında isə 4 dağ
keçisinin surəti təsvir olunmuşdur.
Arxeoloji qazıntı nəticəsində qızıl camı tapan Amerika arxe-
oloqu Robert Dayson onun təxminən eramızdan əvvəl IX – VIII əsrlərə
aid olduğunu fərziyə etmişdir [38, s.147-148].
Deməli, predmetlər və hadisələr qrupunun təsvirinin xalq
yaradıcılığında ənənəyə çevrilməsi, mifoloji elementlərdən istifadə
olunması vərdişlərinə hələ eramızın əvvəllərində təsadüf edilmişdir.
Bu amillərin orta əsrlərdə təkrarlanması və davam etməsi isə varisliyə
əməl olunması ənənələrindən irəli gəlir. Ənənənin yaranmasından
uzun zaman keçməsinə baxmayaraq onun mövzularının bədii dəyəri
unudulmamış, müxtəlif dövrlərdə də seyr-tamaşa üçün, xeyir-şər
ideyalarının tərənnümü üçün çox aktual olmuşdur.
Ənənəvilik prinsiplərinə əməl etmək memarlıq sənətində özü-nü
daha qabarıq şəkildə büruzə vermişdir. Buna görə də müxtəlif
dövrlərdə inşa edilən bir çox qalalar, məbədlər öz quruluşlarına görə
bir-birinə bənzəyirlər. Hətta memarlıq sənətinin tunc dövrünə aid olan
qədim siklon (bunlara “Oğuz qalaçaları” da deyirlər) qalaçaları da öz
dövrünün memarlıq ənənələri əsasında inşa edilmişlər. Azərbaycanın
bir çox rayonlarında aşkar edilmiş qədim “Oğuz” qalaçalarının
divarlarına qoyulan daşların nəhəngliyi də memarlıq ənənələrinə riayət
edilməsindən xəbər verir. Hətta onların yüksək təpələrin üzərində
tikilməsi də tarixi ənənə ilə bağlıdır.
Orta əsrlərdə isə Azərbaycan memarlıq sənətinin yeni ənənəsi
yaranmışdır. Xüsusilə, Əcəmi Əbubəkr Naxçıvani Azərbaycan
72
memarlığına təzə nəfəs gətirmiş. Bu haqda tədqiqatçı T.Haqverdiyev
yazmışdır: “Əcəminin böyük sənətkarlıq irsi özündən sonrakı bütün
Azərbaycan sənətkarları üçün örnək olmuşdur. Onun yaratdığı
ornamentlər, müxtəlif kompozisiya quruluşuna malik olan həndəsi
bəzəklər sonrakı əsrlərdə yaranan tikintilərdə də təkrar olunur” [52,
s.33].
Əcəmi irsinin özünün də tarixi ənənəviliyə söykənməsi, onun
yaradıcılığının milli bədii ənənələrdən bəhrələnməsi haqqında bir çox
başqa alimlər də fikirlər söyləmişlər. Məsələn, tanınmış rus alimi
M.V.Alpatov Əcəminin yaratdığı Mömünə Xatun türbəsi haqqında
yazmışdır: “Belə yüksək memarlıq forması duyğusuna,
kompozisiyasının belə klassik kamilliyinə və mükəmməl işlənməsinə
bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan
türbəsindən klassik şərq ədəbiyyatının ən yaxşı əsərləri – Firdovsinin
“Şahnamə” (X – XI əsr) və Nizaminin “Leyli və Məcnun” (XII əsr)
poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir” [8, s.248-249].
Ənənəvilikdə yaranan yeniliklər dialektik inkişaf qanunları
əsasında baş verir. Hər şey ibtidai rüşeym üzərində təşəkkül tapır.
Lakin bu təşəkkül kor-koranə köhnəni təkrarlamaqdan ibarət deyildir.
Dostları ilə paylaş: |