“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
314
İnsafı sayəsində tutub cümlə cahanı.
Nizami Gəncəvi “Yeddi gözəl” və “İskəndərnamə” poemalarında bir sıra xalqların
nümayəndələrinin parlaq surətlərini yaratmışdır ki, bu da qüdrətli sənətkarın böyük ideallar carçısı
və yüksək multikultural düşüncə sahibi olmasını açıq-aşkar şəkildə ortaya qoyur. Belə ki, şairin
“Yeddi gözəl” poemasının baş qəhrəmanı İran əsilli Bəhramın ətrafındakı qadın surətləri yeddi
iqlimdən olan fərqli inanc sahibləridir. Bunlar hind, rum, slavyan, Məqrib (Qərb), Xarəzm, Çin və
türk gözəlləridir. Bəhramın bir şəxsiyyət kimi kamilləşməsi prosesi də məhz belə bir multikultural
mühitdə baş tutur ki, bu da, təbii ki, Nizami dühasının məhsuludur. Nizami Gəncəvinin
“İskəndərnamə” poemasının baş qəhrəmanı isə qərblidir - Makedoniyalı İskəndərdir. Dahi şair bu
poemasında Feyləqus (Filip), Niqamuş, Ərəstu (Aristotel), Sokrat, Əflatun (Platon), Hermes,
Bəlinas, Forfiriyus, Arşimedis kimi qərbli surətlərini, elm və hikmət sahiblərini böyük məhəbbətlə
qələmə almışdır. Nizaminin bədii təxəyyülünün məhsulu olan İskəndər əsərin əvvəlində bir fateh
kimi Şərqə və Qərbə, Şimala və Cənuba hərbi yürüşlər etdikdən sonra alimlər mühitində yetkinləşir
və dünyanı qılıncla yox, yalnız elmi biliklərlə fəth etməyin mümkün olduğunu dərk edir. Birinci
yürüşündən fərqli olaraq, İskəndərin dünyaya ikinci səfərindən məqsədi bütün xalqları haqqa,
ədalətə səsləmək və ağılın, biliyin gücünü onlara çatdırmaqdır. İskəndər bu səfərinfə Şimalda elə bir
ölkəyə gəlib çatır ki, gördükləri onu heyrətə gətirir. Bol nemətli bu ölkənin bütün vətəndaşları
bərabər hüquqludur. Burada ağa və qul, varlı və yoxsul anlayışları yoxdur. Hamının azad və
xoşbəxt yaşadığı bu ölkəni ağsaqqallar idarə edir. Nizami bu cür xoşbəxt həyatın səbəbini də
açıqlayır: buradakı insanların əsas şüarı ədalət və humanizm, vəfa və sədaqət, ən başlıcası isə uca
Allaha böyük inam və sonsuz sevgidir. Bütün bunları görən İskəndər deyir:
Belə bir dünyanı o Pərvərdigar
Bu mərd insanlarçün etmiş bərqərar.
Bunlar şövkət vermiş aləmə yəqin,
Sütunu bunlardır bütün aləmin.
Dahi söz ustadı Nizami Gəncəvinin digər əsərlərində də Azərbaycan multikulturalizminin
əsas dəyərləri və başlıca müddəaları ilə səsləşən çoxlu sayda nümunələrə, diqqətçəkici məqamlara
rast gəlirik. Məsələn:
Zülm ilə dünyanı almaq deyildir mümkün,
Ancaq ədalət ilə alarsan hər bir mülkü...
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı...
Ruhlara dərs öyrət sən İsa kimi,
Eşqdən şam yandır o Musa kimi.
Görkəmli Azərbaycan filosofu, şairi Şeyx Mahmud Şəbüstəri də təsəvvüfə dair yazdığı
“Gülşəni-raz” adlı dəyərli əsərində uca Tanrının yaratdığı bütün insanlara eyni gözlə baxdığını dilə
gətirir. Şair bu fikrini Qurani-Kərimin Mülk surəsinin 3-cü ayəti ilə əsaslandıraraq yazır:
Bunu mən demirəm, Qurandan eşit,
Allahın yaratdığında fərq yoxdur.
Əsərin başqa bir yerində isə filosof-şair yazır:
Bil ki, bütü yaradan ulu Tanrıdır,
Yaxşının (Allahın) yaratdığı hər şey yaxşıdır (4).
XIV-XV əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İmadəddin
Nəsimi yaradıcılığında da multikulturalizm dəyərlərinin aşkar izlərinə rast gəlirik. Bu qüdrətli söz
ustadının da şeirlərinin mərkəzində insan amili, insana böyük dəyər verilməsi, şəxsiyyət azadlığı,
insan adının uca tutulması kimi yüksək bəşəri amallar dayanır. Şair üzünü bütün insanlığa tutaraq
yazır ki, insan gövhərdən də, cəvahiratdan da, qoynunda sərvətlər gizlədən qara torpaqdan da qiy-
mətlidir:
Ey daşə və türabə deyən qiymətli gövhər
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
315
İnsan bu hüsnü lütf ilə gövhər deyilmidir?
Şair başqa bir beytində də şeirlərinin baş qəhrəmanı olan kamil insanı tərənnüm edərək, ona
yüksək dəyər verir:
Səni bu hüsnü camal ilə, bu lütf ilə görən
Qorxdular Haqq deməyə, döndülər insan dedilər.
Nəsiminin fikrincə dindar və mömin insan, Allahın hər yedə olduğuna inanan kəs dinlərə,
firqələrə eyni gözlə baxmalı, hər cür ayrı-seçkilikdən uzaq olmalıdır:
Ey Həqqi hər yerdə hazırdır deyən əgrinəzər,
Bəs nə mənidən seçərsən Kəbədən bütxaneyi?
Nəsimi lirik şeirlərində İsa peyğəmbərin də adını tez-tez çəkir və onun nəfəsi ilə ölüləri
diriltməsini xatırladır. Şairin fikrincə onun sözləri də bu cür dəyərli və qiymətlidir, lakin Haqqa –
Allaha inamı olmayan insanlara təsir etmir:
Nəsiminin sözü gərçi dəmi-İsadır, ey münkir,
Sənə kar eyləməz, niçün ki yoxdur Həqqə iqrarın.
Klassik Azərbaycan ədəbiyyatının digər bir böyük söz ustadı, “qəlb şairi” (Gibb) Məhəmməd
Füzuli də yaradıcılığında multikultural düşüncələrə geniş yer vermişdir. Təkcə belə bir faktı qeyd
etmək kifayətdir ki, dahi sənətkar həcmcə ən böyük əsəri olan “Hədiqətüs-süəda” (“Xoşbəxtlər
bağı”) adlı dini məzmunlu kitabında İsa peyğəmbərə də ayrıca yer ayırmışdır. Qeyd edək ki,
Füzulinin bu əsərinin farsca qaynağı olan Hüseyn Vaiz Kaşifinin farsca yazdığı “Rövzətüş-şühəda”
(“Şəhidlər bağçası”) adlı kitabında bu hissə yoxdur (5). Deməli, Füzuli İsa peyğəmbərə xüsusi
rəğbət bəsləmiş, məhz buna görə də kitabına onun haqqında olan ayrıca bir hissəni də artırmışdır.
Dahi şair yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasında da baş qəhrəmanını –
Məcnunu kamillikdə günəşə və İsa peyğəmbərə bənzədərək, onun uşaqlığı haqqında belə yazır:
Xurşid kimi kəmalə qabil,
İsa kimi tifllikdə kamil.
Füzuli bu misralarında Məcnunun hələ körpəlikdən yüksək ağıl sahibi olduğunu diqqətə
çatdırır və onun bu yüksək keyfiyyəti ilə İsa peyğəmbərin doğulan kimi danışması arasında bir
paralellik, bənzərlik olmasına işarə edir. Poemanın əvvəlində Məcnun haqqında verilən aşağıdakı
beytlərdə də Məcnunla İsa peyğəmbərin yüksək humanist missiyası arasında bir oxşarlıq olmasını
görmək mümkündür. Belə ki, Məcnun üzünü cəfaçı dünyaya tutaraq deyir: Mən dünyaya ona görə
gəlmişəm ki, qəm yükünü çəkməkdə sənə yoldaş olum. Mənə həm qəm ver, həm onu çəkməyin
yolunu göstər, həm də dünyanı qəmdən azad et:
Hər qanda qəm ola, qılma ehmal,
Cəm eylə, dili-həzinimə sal.
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali.
Yeri gəlmişkən qeyd edək ki, Füzulinin bu cür humanist-bəşəri düşüncələri XX yüzilin böyük
Azərbaycan şairi, dramaturqu Hüseyn Cavidin əsərlərində də qabarıq şəkildə özünü göstərir.
Məsələn, dramaturqun “İblis” faciəsinin baş qəhrəmanı Arif üzünü Allaha tutaraq yer üzündə
tökülən qanlara, insanların bir-birini qətlə yetirməsinə dözə bilmədiyini dilə gətirərək deyir:
Qaldır bəni ta görməyim insandakı zülmü...
Maraqlıdır ki, Füzuli öz bənzərsiz lirikasının zirvəsi olan qəzəllərində də Şərq klassik
ədəbiyyatında bəşərin xilaskarı rəmzi kimi tərənnüm edilən İsa-Məsih obrazını yada salır və lirik
qəhrəmanın öz sevgilisi yolunda can verməsini asan sayır, çünki o, öz dövrünün İsası-Məsihidir.
Füzuliyə görə, çarmıxa çəkilmiş İsa müqəddəs Ataya necə qovuşmuşsa, aşiq də məşuquna – Allaha
beləcə qovuşur:
Aşiqə şövqünlə can vermək igən müşkil deyil,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
316
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında da multikultural düşüncələrin yer aldığı
məqamlar diqqəti çəkir. Məsələn XVIII əsrin böyük Azərbaycan şairi Molla Pənah Vaqif bir şeirini
ayrıca olaraq Tiflis şəhərinə, digər bir şeirini isə kilsədən çıxan xristian gözəlinə həsr etmişdir.
Vaqif gürcü qızının gözəlliyini vəsf edərkən Şeyx Sənan əfsanəsini də yada salaraq xristian qızına
olan eşqinə görə dinindən dönən Şeyx Sənana haqq qazandırır və eşqin dindən uca olduğunu bir
daha təsdiq etmiş olur: Şair “Naz ilə ta ol büti-ziba kəlisadan çıxar” misrası ilə başlanan
müxəmməsinin son bəndində yazır:
Vaqifəm ta ki, gözüm sataşdı onun qaşına,
İstədi mehrabü mənbərdən xəyalım daşına.
İndi bildim kim, nə gəlmiş Şeyx Sənan başın,
Ya budur kim, Tiflisi qərq eylərəm göz yaşına,
Ol sənəm vəsli mənimçün ya kəlisadan çıxar.
Multikultural düşüncələrin Azərbaycan ədəbiyyatında daha geniş vüsət aldığı dövr isə, heç
şübhəsiz, XIX əsr və sonrakı yüzilliyin ilk iki on illiyidir. Məlum olduğu kimi, XIX əsrdə
Azərbaycanın Şimal bölgələri rus imperiyasının tərkibinə daxil olur, beləliklə də, yerli müsəlman
əhalisinin başqa bir dinin – xristianlığın daşıyıcıları olan ruslarla birbaşa əlaqələrinin əsası qoyulur.
Bu dövrdə bir sıra Azərbaycan ziyalıları rus dilində təhsil alır, rus mədəniyyətinə və onun vasitəsilə
Avropa mədəniyyəti ilə də tanışlıq əldə edir və bütün bunların nəticəsi olaraq rus və Avropa
ədəbiyyatından Azərbaycan dilinə ilkin tərcümələr ortaya çıxır. Aydındır ki, bu cür multikultural
mühit Azərbaycan bədii ədəbiyyatına da öz müsbət təsirini göstərir və bilavasitə bu qlobal məsələni
özündə ehtiva edən bir sıra dəyərli əsərlər ortaya çıxır. Məsələn, Çar Rusiyası hərbi dəftərxanasında
çalışan və burada polkovnik rütbəsinə qədər yüksələn Abbasqulu ağa Bakıxanov Varşavaya
səfərini, burada gördüklərini, rus ziyalıları ilə tanışlığını “Miratül-camal” (“Gözəlliyin aynası”) adlı
poemasında bədii şəkildə təsvir edir. Eləcə də o, məşhur rus təmsilçisi A.Krılovun bir təmsilini
doğma ana dilinə çevirir. A.Bakıxanovun müasiri olan Mirzə Şəfi Vazehlə alman alimi Fridrix fon
Bodenştedtin dostluğu və ədəbi əlaqələri də bu dövrün multikultural mühitinin diqqətçəkici
məqamları sırasındadır. Məlum olduğu kimi, F.Bodenştedt 1844-cü ildə Tiflisə gələrək burada
fransız və latın dillərini tədris etmişdir. O, Tiflisdə olarkən Vazehdən Azərbaycan və fars dillərini
öyrənmiş, onu “Şərqli aqil Mirzə Şəfi” adlandırmışdır. F.Bodenştedtin 1850-ci ildə Berlində nəşr
olunmuş “Şərqdə min bir gün” kitabı alman elmi və ədəbi ictimaiyyətini Qafqazla, o cümlədən
Azərbaycanla, Azərbaycan ədəbiyyatı ilə birbaşa tanış edən ilkin mənbə kimi olduqca dəyərlidir.
Yeri gəlmişkən qeyd edək ki, digər bir alman alimi Adolf Berjenin tərtib etdiyi “Qafqaz və
Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı kitabı da 1867-ci ildə Leypsiqdə çap
olunmuşdur. Hər iki kitab istər alman-Azərbaycan ədəbi əlaqələrinin, istərsə də Şərq-Qərb
münasibətlərinin və multikultural dəyərlərin tarixini öyrənmək baxımından xüsusi əhəmiyyət
daşıyır.
XIX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, təkcə Azərbaycanda deyil, bütün müsəlman
Şərqində dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadənin yaradıcılığında multikultural
fikirlər də istər bolluğu, istərsə də rəngarəngliyi ilə diqqəti çəkir. Məsələn, böyük maarifçi sənətkar
hələ 25 yaşında olarkən – 1837-ci ildə dahi rus şairi A.S.Puşkinin ölümünə bir elegiya həsr
etmişdir. Maraqlıdır ki, M.F.Axundzadə “Puşkinin ölümünə Şərq poeması” adı ilə tanınan bu
şeirində Puşkini “söz ordusunun başçısı” adlandırmaqla yanaşı, burada rus elminin görkəmli
nümayəndələri olmuş Lomonosov, Derjavin və Karamzinin də adlarını böyük ehtiramla çəkir.
Bütün bunlar isə gənc M.F.Axundzadənin elmi dairəsinin genişliyindən və rus elminə, ədəbiyyatına
olan böyük məhəbbətindən xəbər verir. M.F.Axundzadə “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli
Şah” adlı komediyasında isə maarifçi fransız obrazını (Müsyö Jordan) yaratmış, bununla da Qərb
mədəniyyətinə olan rəğbətini açıq-aşkar şəkildə ifadə etmişdir. Yazıçının yeganə oğlu Rəşidi
Avropada oxutması da bunu əyani şəkildə sübut edən dəlillərdən biri sayıla bilər.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
317
M.F.Axundzadənin komediyalarında rus, erməni və alman xalqlarının nümayəndələrinə də
epizodik şəkildə rast gəlirik. Həm də bu surətlər milli koloritlərlə, realistcəsinə canlandırılır və
onlara müsbət münasibət ifadə olunur.
M.F.Axundzadənin kiçik müasiri Seyid Əzim Şirvaninin yaradıcılığında da multukulturalizm
dəyərlərini əks etdirən fikirlər kifayət qədərdir. Qeyd edək ki, bu maarifçi şair müsəlman Şərqinin
tanınmış dini mərkəzlərində ali ruhani təhsili almasına baxmayaraq, müəllimlik sənətinə üstünlük
verərək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ana dili və şəriət dərslərini tədris edən S.Ə.Şirvani
şagirdlərinə özünün və Şərq klassiklərinin humanist fikirlərini təbliğ etmiş, onların sağlam ruhda
böyüməsinə, əsl vətəndaş kimi yetişməsinə xüsusi qayğı və diqqət göstərmişdir. Maarifçi şair
ətrafında baş verən bəlaların kökünü savadsızlıq və cəhalətdə, dini-məzhəbi ayrı-seçkilikdə,
qaranlıq və nadanlıqda görmüş, çıxış yolunun elmə və biliklərə yiyələnmək olduğunu
vurğulamışdır:
Bu, bir bəladır dərdi-nadani
Ki, onun elm olubdur dərmani.
S.Ə.Şirvani bir sıra maarifçi şeirlərində üzünü həmvətənlərinə tutaraq insanları dini
mənsubiyyətinə görə deyil, əksinə elminə, biliyinə görə dəyərləndirməyin düzgün olduğunu xüsusi
olaraq qeyd etmişdir:
Demə bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var, o, insandır.
Uzaqgörən müəllif öz dövrü üçün rus dilini bilməyin də vacibliyini dərk edərək gənc nəslə bu
dili öyrənməyi tövsiyə etmişdir.
XX əsrin əvvəlində Azərbaycanda mətbuatın inkişafı, xarici ölkələrlə mədəni-ədəbi sahələrdə
əlaqələrin qurulması multikultural baxışların inkişafı üçün də geniş üfüqlər açmışdır. Bu dövrün
məşhur ziyalılarından olan Əhməd bəy Ağaoğlu Avropanın mərkəzində - Fransanın məşhur Sorbon
Universitetində islam dəyərləri mövzusunda məruzə etmiş və bu məruzə Avropa alimləri tərəfindən
yüksək dəyərləndirilmişdir. Məlum olduğu kimi, bu yüzilliyin əvvəlində Azərbaycanda erməni-
müsəlman münaqişəsi baş vermiş və bu hadisə bir sıra ağır nəticələrə yol açmışdır. Dövrün məşhur
şairlərindən Mirzə Ələkbər Sabir həmin münaqişə baş verən kimi – 1905-ci ildə “Beynəlmiləl” adlı
şeir yazaraq iki milləti barışığa, sülhə çağırmışdır. Bu hadisədən bir qədər əvvəl isə məşhur ictimai
xadim və yazıçı-dramaturq Nəriman Nərimanov – “Bahadır və Sona” adlı roman yazaraq, dini ayrı-
seçkiliyi pisləmiş və ayrı-ayrı dinlərin daşıyıcılarına olan fərqli baxışları “uçurum” adlandırmışdır.
Elə bu zamanlarda böyük filosof şair Hüseyn Cavid də “Şeyx Sənan” adlı məşhur faciəsini yazaraq
insanları ayrı-ayrı dinlərə bölənlərə qarşı öz etiraz səsini ucaltmışdır. “Mənim tanrım gözəllikdir,
sevgidir” sözlərini özünün həyat devizi seçən bu qüdrətli sənətkar “Peyğəmbər” dramında yazırdı:
Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur yer üzini.
Qeyd edək ki, H.Cavid uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc nəsli
dinindən, firqəsindən asılı olmayaraq bütün insanlara sevgi, məhəbbət ruhunda böyütməyə
çalışmışdır. Bu fikirlər şairin məşhur “Qız məktəbində” şeirində daha qabarıq şəkildə özünü
göstərir. Şairlə Gülbahar adlı kiçik yaşlı bir məktəbli qızın dialoqu şəklində qurulmuş bu şeirdə:
Bu dünyada sənin ən çoq sevdiyin
Kimdir, quzum söylərmisin?
- sualına balaca Gülbaharın cavabı belə olur:
Ən çoq sevdiyim ilkin
O Allah ki yeri-göyü insanları xəlq eylər.
Şeirin davamı isə bu şəkildədir:
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoqmu?
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
318
- Var...
- Kimdir onlar?
- Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Düşünürük ki, burada artıq şərhə ehtiyac yoxdur.
H.Cavidin məsləkdaşı, qələm yoldaşı Abdulla Şaiqin 1910-cu ildə yazdığı “Həpimiz bir
günəşin zərrəsiyiz” şeiri də fikrimizcə XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatında özünə
möhkəm yer tutan multikultural düşüncənin nə dərəcədə yüksək səviyyədə olduğuna yaxşı bir
nümunə ola bilər:
Həpimiz bir günəşin zərrəsiyiz,
Həpimiz bir yuva pərvərdəsiyiz.
Ayramaz bizləri təğyiri-lisan,
Ayramaz bizləri təbdili-məkan,
Ayramaz bizləri İncil, Quran,
Ayramaz bizləri sərhəddi-şahan...
Ayramaz Şərq, Cənub, Qərb, Şimal,
Yetişər kinü ədavət daşımaq!
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 1995-ci ildə Azərbaycanda
nümayəndəsi olmuş cənab Paolo Lembo bu şeiri “Azərbaycan Respublikasında insan inkişafı
haqqında hesabat-1995” kitabına epiqraf kimi vermiş və həmin kitabı Abdulla Şaiqin Bakıdakı
Mənzil Muzeyinə təqdim edərkən demişdir:
“Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin bu misralarında bütöv bir xalqın, Azərbaycan
xalqının qardaşlıq və sülh arzuları, istəkləri özünün parlaq təzahürünü tapmışdır. Bu şeir öz
məzmunu ilə, demək olar ki, Birləşmiş Millətlər Təşkilatının Proqramını əhatə edir” (6).
Beləliklə, klassik Azərbaycan ədəbiyyatı nümunələri üzərindəki müşahidələr göstərir ki,
xalqımızın bədii təfəkküründə multikultural dəyərlərin qədim tarixi və dərin kökləri vardır (7).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi multikulturalizm
Azərbaycan xalqına əsrlərdən bəri xas olmuş həyat tərzidir. Məhz buna görə də klassik Azərbaycan
ədəbiyyatında multikultural dəyərlərə mühüm əhəmiyyət verilmiş və onlar geniş şəkildə təbliğ
olunmuşdur (8).
Ədəbiyyat
1. Şeyx Sənan. Əlyazması. AMEA Əlyazmalar İnstitutu:B-4788
2. Azərbaycan ədəbiyyatı tarixi, II cild, Bakı, 2007
3. Eynülquzat Həmədani. Farscadan tərcümə və izahlar Nəsib Göyüşovudur. Bakı, 2006
4. Şeyx Mahmud Şəbüstəri. Gülşəni-raz. Fars dilindən tərcümə və izahlar: Möhsün
Nağısoylunundur. Bakı, 2006
5. Möhsün Nağısoylu. Füzulinin “Hədiqətüs-süəda” əsəri: Baki, 2003
6. Abdulla Şaiq. Arazdan Turana. Bakı: 2003
7. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Tərtibçilər: M.Nağısoylu,
F.Ələkbərli, Ə.Bağırov, İ.Quliyev. Bakı, 2016
8. Kamal Abdulla. Ön söz/ Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı,
2016
Xülasə
Multikulturalizm bir anlayış və termin kimi yeni olsa da, Azərbaycanda onun qədim tarixi və
zəngin ənənələri vardır. Qədim zamanlardan bəri klassik Azərbaycan ədəbiyyatında multikultural
dəyərlərin geniş yer alması bunu əyani şəkildə sübut edir.
Məqalədə zərdüştiliyin möhtəşəm dini-ədəbi abidəsi olan “Avesta”dan başlayaraq XX əsrin
əvvəllərinə qədər böyük bir dövrü əhatə edən klassik Azərbaycan ədəbiyyatında multikultural
dəyərləri əks etdirən nümunələrə nəzər salınır, onların əhəmiyyəti açıqlanır.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
319
M.Nagisoylu
Multikulturalism and the classic Azerbaijani literature
Summary
Though multikulturalism as a concept and a new term has its ancient history and rich
traditions in Azerbaijan. Since ancient times to the classical literature of Azerbaijan this is proved
by a wide range of multicultural values.
The article looks at the example of multicultural values, their significance explained is a great
religious and literary monument of Zoroastrianism “Avesta”, which covers the period from the
beginning of XX centuries of classical literature.
Tofiq Əbdülhəsənli, filologiya elmləri doktoru, professor
KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATINDA MULTİKULTURAL DƏYƏRLƏR VƏ
TOLERANTLIQ
Açar sözlər: multikulturalizm, tolerantlıq, klassik ədəbiyyat, Azərbaycan ədəbiyyatı, Nizami,
Füzuli
Keywords: multiculturalism, tolerance, the classical literature, the Azerbaijani literature,
Nizami, Fizuli
Məlumdur ki, klassik Azərbaycan ədəbiyyatı özünün əsrarəngiz inciləri, misilsiz ədəbi-bədii
nümunələri və dahi şəxsiyyətləri ilə, bütövlükdə Azərbaycan mənəvi mədəniyyət xəzinəsinin
əsasını təşkil edir. Genetik olaraq bağlı olduğu türk şifahi xalq yaradıcılığı ənənələri və Şərq-
müsəlman mədəniyyətinin çulğalaşmasından doğan klassik dövr Azərbaycan ədəbiyyatı zəngin
bədii fakturası, düşüncə müxtəlifliyi, fikir və ideya rəngarəngliyi, dünyagörüşü və həyata,
gerçəkliyə baxış fəlsəfəsi ilə diqqəti xüsusən cəlb edir.
Qeyd etmək yerinə düşər ki, orta əsrlər Azərbaycan ərazisində baş verən müxtəlif siyasi,
sosial-iqtisadi hadisələr dövrün mədəni-mənəvi sferasına da ciddi təsir edir, çoxsaylı ideya və fikir
cərəyanlarının, məktəb və təriqətlərin ortaya çıxmasına səbəb olurdu. Əgər biz həmin dövr
Azərbaycan tarixinə nəzər salsaq görərik ki, bu dövr mürəkkəb tarixi hadisə və siyasi çəkişmələr,
qarşıdurma və ziddiyyətlərlə xarakterizə olunur. Təbii ki, ictimai-siyasi sferada baş verən bu
proseslər adekvat olaraq mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda da gedirdi. Bu isə, özlüyündə
gerçəkliyi, həyat və insanları, onun müxtəlif münasibət səviyyələrini əks etdirmək baxımından fikir
çalarlarının doğmasına, zəngin bədii palitranın yaranmasına gətirib çıxarırdı. Ona görə də
gerçəkliyin istər dini, istərsə də dünyəvi dərki baxımından orta əsrlər Azərbaycan ədəbiyyatı fəlsəfi,
psixoloji və sosioloji təhlil üçün kifayət qədər material verir. Odur ki, orta əsrlər Azərbaycan
ədəbiyyatı bir sıra aspektlərdən – ədəbiyyatşünaslıq, dilçilik (ədəbi dil, üslub, nitq məsələləri),
poetika baxımından diqqəti cəlb etməklə bərabər, multikultural dünyagörüşün təzahürü,
multikultural baxış və fəlsəfənin, həmçinin tolerantlığın ehtiva olunduğu mənbə kimi də böyük
maraq doğurur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi
sərəncamı əsasında 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edildi. Bu sərəncamın icrasına
müvafiq olaraq ölkənin müxtəlif idarə və müəssisələrində, xüsusilə humanitar və ictimai elm
|