_______________Milli Kitabxana_______________
AYDIN TALIBZADƏ
MEHDİ “MÜƏMMASI”
VƏ YA
SƏNƏTDƏ KONSEPTUAL HAMLETİZM
BAKI 2009
______________Milli Kitabxana_______________
2
Elmi redaktor: Ədalət Vəliyev
sənətşünaslıq namizədi
Aydın Talıbzadə.
Mehdi “müəmması” və ya sənətdə konseptual hamletizm. -
Bakı, 2009.
Monoqrafiya, əsasən, teatrşünaslara, teatr xiridarlarına və
sənət bilicilərinə ünvanlanır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmayıb; amma o
şəxslər ki, Mehdi Məmmədovun həyat və yaradıcılığı ilə
maraqlanarlar, onlara bu tədqiqat əsərini oxumaq yasaq
edilməz.
______________Milli Kitabxana_______________
3
ZİYARƏT
Əssəlamun-əleykum ya əhl-əl-qübur!
Fəxri xiyabanın ziyarətçisiyəm: məzarlığın qapısı
qarşısında dayanmışam.
Salam olsun qəbiristanlıq sakinlərinə!
Salam olsun dünyasını əbədi sükut evinə dəyişmiş
insanlara!
Mehdi Əsədulla oğlunun məzarına və ruhuna salam olsun!
İçəri girirəm. Sükut addım səslərini susdura-susdura
arxamca iməkləyir: elə bil körpələrin ayılmasından qorxur.
Bura icazə üçün gəlmişəm. İstəyirəm bir halallıq alam Mehdi
Məmmədovdan... yazacağım kitabın halallığını...
Yasin...
Ürəyimdə dua ayələrini pıçıldayıram.
Səlavat, səlavat, səlavat!
İzn ver, ya Mehdi ibn Əsədulla, sənin haqqında bir kitab
yazım, özündən və yaradıcılığından danışım, həyatından,
yaşadığın günlərdən danışım! Elə danışım, elə yazım ki, bu
əsərin bir üzü tədqiqat olsun, bir üzü - publisistika, bir üzü də -
roman!
Mehdi Əsədulla oğlu, məni dinlə, eşit və agah ol, adına,
ruhuna, nəslinə sayğım böyükdür! Sənin barəndə deyəcəyim
hər sözü, fikri mənə halal elə!
Mərmər necə də soyuq və biganə daşdır! May sona
yaxınlaşır, hava isə mülayimdir, amma hələ ki Bakıda yaz istisi
duyulmur.
And içirəm ki, bir cümləmdə belə yalan olmayacaq!
Amin!
______________Milli Kitabxana_______________
4
Allaha and içirəm ki, bütün məqamlarda həqiqəti
söyləyəcəyəm.
Amin!
Sənət idealına xəyanət etməyəcəyimə and içirəm!
Amin!
İnan mənə və heç nəyi gizli saxlama!
Birdən buludların arasından günəş əlini uzadıb məzar
daşına sığal çəkir... Sanki haradansa uzaq bir projektor o
dünyanın pərdəsini işıqlandırır...
Ruhlara de ki, mənə hər işimdə yardımçı olsunlar, sirlərin
üstündən örtükləri götürsünlər, mənə qırx otağın qırxından da
xəbər yetirsinlər!
Bütün dualar sonucda tanrı arxivində toplanır.
Mehdi ibn Əsədulla! Mehdi ibn Əsədulla! Eşit və agah ol!
Eşit və agah ol! Məramım bu kitabımla sənə abidə yapmaqdır,
sənət dünyasında tutduğun uca mövqeyin səbəbini yeni
nəsillərə anlatmaqdır! Niyyətim xoşdur, əməllərim pakdır!
Lütfünü məndən əsirgəmə! Allah sənə rəhmət eləsin! Allah
rəhmət eləsin Barat xanıma da, Elçinə də!
Cəfər Cəfərovun da qəbrini Fəxri xiyabanda arayıb
tapıram. Bir neçə anlığa burada da ayaq saxlayıram...
Məzarı nurla dolsun bu insanın! Müəllimlər müəllimi Cəfər
Həşim oğluna da rəhmət diləyirəm Allahdan! Dost olublar
Mehdiynən. Onun haqqında ilk və yeganə kitabı da məhz
teatrşünaslığın professoru Cəfər yazıb. Və nə yaxşı ki yazıb: bu
tədqiqatın indi qiyməti qızıla bərabərdir. Cəfər Cəfərovun da
halallığı mənim üçün vacib!
Fəxri xiyabanın qapısından çıxıram.
Hamınızın ruhu behiştlik olsun!
Prospektlə
şütüyən taksilərdən birini əl eləyib
saxlatdırıram. Ovqatım getdikcə korlanır. Axı mən niyə and
içdim? Deyirlər, əla kitab yaz! Həqiqətsiz də əla kitab olurmu,
yahu? Hamı guya həqiqət axtarır, əslində isə həqiqətdən qaçır
______________Milli Kitabxana_______________
5
və hər cür günaha batır ki, təki onunla üzləşməsin. Çünki
həqiqət hamıya sərfəsizdir. Bir ölülər, bir də əbədiyyət
həqiqətdən qorxmur. Mən tarixi faktların məhz təkcə mənə
bəyan etdiyi həqiqəti söyləyəcəyəm... Özüm inandığım həqiqəti
söyləyəcəyəm... Bu, mənə də, Mehdiyə də bəsdir. Öz
mənafelərini güdən adamlara isə həqiqət lazım olmur. Bunları
fikirləşə-fikirləşə bir də görürəm ki, Arxiv idarəsinə çatmışam.
Taksinin pulunu verib yola salıram. Arxivlərin həqiqətini heç
kim gizlədə bilmir. Arxivlərin danışdığını da heç kim danışa
bilmir. Qovluğu qovluq ardıyca gətirib düzürlər qarşıma...
şəkillər... əlyazmalar... məktublar... şəkillər... ərizələr...
arayışlar... şəkillər...
Salam Mehdi! Bu mənəm!
______________Milli Kitabxana_______________
6
ÖN SÖZÜN DÜŞÜNCƏ MOZAİKASI
“Dərdə bax, millətə bax, niyyətə bax!
Ölülərdən ölülər feyz alacaq!”.
1
H.Cavid
Teatrşünas monoloqu: “Canlı meyit” tamaşası rejissor
Mehdi Məmmədov yaradıcılığında akme dövrünün
başlandığına simptomatik bir işarə, bir eyham sayılmalıdır
məncə. Məncə “Canlı meyit” Mehdi Məmmədovun
Azərbaycan teatr mədəniyyətinə Mehdinin yenidən “dirilməsi”,
Mehdinin əhyası, Mehdinin yeni “zühur”u barəsində yazdığı
vizual ərizədir, bəyanatdır, ismarıcdır. Məhz “Canlı meyit”
tamaşasından sonra Bakı camaatına xəbər yayıldı ki, Mehdi
şəhərdədir, Mehdi səhnədədir. Və şəhərə dönən kimi, səhnəyə
çıxan kimi onun ifasında Protasov soyadlı personajın ittihamı
da simptomatik səsləndi: “Bir həya edin, utanıb qızarın. Axı,
neyçün özgə işinə qatışır, çirkli əllərinizi başqalarının həyatına
uzadırsınız. Əlinizdə ixtiyar var deyə, sevinirsiniz və
hökmünüzü göstərmək üçün sizdən min qat ləyaqətli adamların
nəinki cisminə, ruhuna belə əzab verirsiniz”.
2
Həqiqətən, ölmüş bir yazıçının, musiqiçinin, sənətçinin
dünyasını tədqiq eləyəndə sanki müəyyən müddətə qəbirqazan
işləyirsən, özgəsinin şəxsi həyatında, gündəliklərində,
məktublarında, sənədlərində, fikirlərində “eşələnirsən”, öz
əbədi rahatlığı içində bulunan müqəddəs ruhun səltənətinə elə
bil ki çağırılmamış qonaq kimi soxulursan. Nə etməli, peşənin
tələbi budu. Ona görə də mən əvvəlcədən dua etdim ki, bir
kimsənin qəlbi, ruhu, xatirəsi inciməsin, bir kimsə məndən
______________Milli Kitabxana_______________
7
narazı qalmasın, məni nədəsə günahlandırmasın. Çünki yüzillər
bundan əqdəm belə buyurulub ki, “Qeysərin haqqını Qeysərə,
Tanrının haqqını Tanrıya ver”. Mən bunu, əsla, pozmam.
Nədən ki, hər Yazıya mən namaz qılmağa başladığım kimi
başlayıram. Mehdi Məmmədovun həyatını, yaşam tərzini,
yaradıcılığını da ol səbəbdən öyrənib araşdırıram ki, bu insanın
ömründə, tamaşalarında, düşüncələrində, nitqində Azərbaycan
mədəniyyətinin, Azərbaycan mentallığının, Şərqin fikir
işçisinin, avropalaşmış müsəlman ziyalısının varolma cizgiləri,
prinsipləri, xüsusiyyətləri güzgülənir, azəri türkünün maarifçi
hamletizmi güzgülənir.
Səslərin “montaj”ından görünən Mehdi Məmmədov.
Radioteatr effekti. Birinci sözü Mehdi aldı, Mehdi dedi:
“Elə
adlar vardır ki, onları eşidəndə təqdim və tərif gərək olmur.
Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri ada,
nişana, təmtəraqlı ünvana möhtac görünürlər. Rütbələr,
vəzifələr, mənsəblər də onları bəlirtmir, bəzəmir. Əksinə, bəlkə
onlar tutduqları yeri, mənsəbi, daşıdıqları rütbəni bəzəyir,
ucaldırlar. Belə adların, bu cür adamların şöhrəti təbii, hörməti
qanuni olur. Belə şəxsiyyətlərin qazandıqları məhəbbət sonsuz,
etimad isə misilsizdir. Onlara qarşı xalqın rəğbəti az qala
pərəstiş rəsminə çevrilir. Onların yazdıqları, dedikləri insanı
saflaşdıran, ucaldan, nəcibləşdirən təsir və təlqin qüvvəsi kəsb
edir”.
3
M.Məmmədov bu sözləri Hüseyn Cavidi düşünüb də
söyləmişdi. Həmin fikirləri mən indi Mehdinin özünə
ünvanlayıram, Mehdiyə qaytarıram, onun şəxsiyyətinə şamil
eləyirəm. Nədən ki, bu sətirlərin qəhrəmanı qismində mən elə
Mehdi Məmmədovun özünü görürəm.
Danışır müasir Azərbaycan teatrşünaslığının müəllifi
Cəfər Cəfərov: “Məmmədovun rejissurası alim, tədqiqatçı
işinə bənzəyir. O, obyektiv təfəkkür sahibidir: və bu adam öz
sənətkar subyektivliyini tez-tez elə bil susmağa vadar edir.
______________Milli Kitabxana_______________
8
Söhbət aktyor Məmmədovdan gedəndə isə vəziyyət başqalaşır:
bu zaman onda subyektivlik hakim mövqelərə yiyələnir, kəskin
ifadə çalarları qazanır. Fikirləşirsən ki, aktyorluq təcrübəsi öz
sübyektiv bədii dünyasını daha işıqlı boyalarla bəlirtməkdə
Məmmədova yardımçı ola bilər; bu subyektivlik onu
həyəcanlandıra bilər, silkələyə bilər, özündən çıxarda bilər.
Nəticə etibarilə də bu alınar ki, onun rejissurasında sənət
kəşflərinin, duyğusal məqamların payı bir az da artar... Tam
haqlı olaraq onu teatrın erudisiyalı nəzəriyyəçisi kimi
tanıyırlar... Öz rejissor praktikasında tamaşanın bütövlüyünə,
janr və üslub müəyyənliyinə Məmmədov çox böyük diqqət
verirdi. O, dramaturgiyanın rəngarəngliyi uğrunda mübarizə
aparırdı, hesab edirdi ki, təsiredici qüdrətə malik canlı bir
sənət kimi teatra yeksənəqlik, forma arxaizmi ziddir. O, sübuta
yetirirdi ki, əgər müasir səhnə sənəti dünya teatrının
uğurlarından bəhrələnmirsə, sənətin milli özgürlüyü
konservləşir, cılızlaşır”.
4
Əla fikirlərdir, amma 1967-ci ilə
qədər olan Mehdiyə aiddir. Cəfər Cəfərov elə bil fala baxıb
söyləyib bunları. Nədən ki, məhz 1968-ci ildən etibarən Mehdi
Məmmədovun istər rejissurasında, istər aktyorluq
praktikasında, istərsə də yazılarında bir çılğınlıq, bir
ərköyünlük, bir coşqu, bir üsyan pafosu, bir etiraz dalğası
özgür bir “mən”lə bərabər peyda olub Azərbaycanın teatr
məkanında hadisələr sırası yaradır.
Danışır professor Yaşar Qarayev: “Cavidin məşhur bir
ifadəsi var: “Yerə enməm də səma şairiyəm!”
5
Onun da
səmadan yerə endiyi, məişətdə, ailədə olduğu kimi göründüyü
məqamlar çox az idi, çox nadir idi. Mənə elə gəlir ki, oğul
Mehdi Məmmədovu, ata Mehdi Məmmədovu, ailə başçısı
Mehdi Məmmədovu ictimai xadim Mehdi Məmmədovdan,
rejissor Mehdi Məmmədovdan ayıran sirlər bir pərdə arxasında
idi. O özüylə başqaları arasında ən yaxın, məhrəmlik
məqamlarında da həmişə müəyyən məsafə, distansiya
______________Milli Kitabxana_______________
9
saxlamağı sevirdi. Ən adi söhbətlərdə də, süfrə arxasındakı
ünsiyyət məqamlarında da danışığının nəinki forması, hətta
ahəngi, tələffüzü efirdə danışdığı ahəngdən, tələffüzdən
seçilmirdi. Məhz bu baxımdan Mehdi Məmmədov indiyə kimi
mənim üçün bir müəmma olaraq qalır”.
6
Əgər onun müasiri
kimi tanınan məşhur bir ədəbiyyatçı Mehdini “müəmma”
adlandırırdısa, mən bu müəmmanı çözə biləcəyəmmi? Bəlkə bu
“müəmma” elə Mehdi maskasıdır, özünü özgələrdən qorumaq
vasitəsidir? Bəlkə də heç müəmma yoxdur, Mehdi ucalığının
özü bizə müəmma qismində görünür? Hər halda bunlara cavab
bulmaq çox çətin olacaq.
Danışır xalq yazıçısı İmran Qasımov: “Mehdi gözəllik
vurğunudur. Mənə elə gəlir ki, gözəllik sözünü ən çox
Mehdidən eşitmişəm. Hamı da bu fikrə şərik çıxa bilər. Onun
estetika mövzusunda söhbətlərini - saysız-hesabsız məzmunlu,
təravətli söhbətlərini kim eşitməmişdir! Mehdi gözəlliyin çılğın
təbliğatçısıdır, yorulmaz təbliğatçısıdır”.
7
Mehdi Məmmədov
üçün “gözəllik” anlayışının özü nə demək idi; o, bu gözəlliyin
həyatda və sənət aləmində təcəssümünü necə mənalandırırdı?
Danışır xalq artisti Barat Şəkinskaya: “O mənimlə həmişə
iş barəsində söhbət eləyirdi. Bilirsiz, Gəncədə mən ona
öyrəşmişdim. Bakıya gələndən sonra isə Mehdiylə aktyorlar
arasında vasitəçi oldum. Axı mən bilirdim ki, Mehdi tamaşanı
parçalarla qurur və axırda ortaya yaxşı bir iş çıxarır.
Aktyorlarsa ona inanmırdılar... Məsləhətə qulaq asırdı, amma
yenə öz bildiyini eləyirdi. Tamaşanı elə qururdu, elə gətirirdi
ki, sənin məsləhətinin özü belə tanınmaz olurdu”.
8
Bu sözləri
Barat xanım şəxsən mənim özümə deyib. Həmin gün dəqiq
qalıb yaddaşımda... Heç nəyi unutmamışam. Rənglər
təptəzədir. Sənətçilərdən hazırladığı portret verilişlərini milli
televiziya məkanının klassikasına çevirə bilmiş istedadlı
rejissor Mehriban Ələkbərzadə ilə birlikdə getmişdik Barat
Şəkinskayanın mənzilinə.
______________Milli Kitabxana_______________
10
Onun Mehdi Məmmədovla bağlı fikirlərini öyrənəcəkdik. Elə
bu dəm Mehdinin və Barat xanımın oğlu Elçin də gəldi ora.
Kameranı işə saldılar. Mən birinci sualımı verdim. Barat xanım
başladı nə başladı... Gördüm ki, ürəyi doludur. Amma birdən
nə oldusa, necə oldusa, dayandı, sözünü dəyişdi və birdən-birə
çox rəsmi danışdı. Mən heç nə anlamadım. Ancaq sonradan
bildim ki, Barat xanımın bu çaşqınlığının səbəbi Elçin imiş.
Elçin istəmirmiş ki, anası öz keçmiş ərinin barəsində bütün
həqiqəti çılpaqlığına qədər söyləsin. Hərçənd Barat xanım
macal tapıb mənə dedi ki, “qaradinməz adam idi. Otağının
qapısını açıb yeməyini uzadardıq ona və qapını bağlayardıq.
Saatlarla çıxmazdı ordan”.
Danışır Azərbaycan aktyor məktəbinin “əfsanə”si
Abbas Mirzə Şərifzadə: “Bu cavan çox yüksələcək. Ancaq
bilin ki, onu yüksəldən təkcə istedadı, çalışqanlığı yox, həm də
təvəzökarlığı, sadəliyi, şəxsi tərbiyəsi, böyük-kiçik yeri bilməsi
olacaqdır”.
9
Tarixin çox nadir bir fraqmenti. Abbas Mirzənin
özü Mehdini bəyənib, ona dəstək olub
Danışır SSRİ xalq artisti, rejissor Mehdi Məmmədov:
“İncəsənətin əsl və sonuncu məqsədi müasir insanın tərbiyə
olunması, onun mənəvi, etik simasının formalaşmasıdır. Teatr -
tribunadır, teatr - kafedradır, onun özünəməxsus teatr vasitələri
vardır: o, insanın düşüncəsinə və qəlbinə estetik cəhətdən təsir
göstərir. Onlara yüksək bədii və emosional hiss aşılayır, onlarla
bədii obrazların dili ilə danışır, ən nəhayət isə, mənəvi zövq
verir. Teatr xalq üçün, tamaşaçı üçün yaranmışdır və fəaliyyət
göstərməkdədir. Bundan başqa, teatr tamaşaçısız və ondan
təcrid olunmuş halda yaşaya bilməz. Öz tamaşaçısı ilə əlaqəsini
itirmiş teatr kollektivinin aqibəti uğursuz olur, o, insanların arzu
və amallarına soyuqqanlıq göstərir, xidmət etdiyi şəxslərin
qəlbində əks-səda tapa bilmir. Belə hallarda o özünün ən mühüm
komponentlərindən birini - özünün yaradıcısını itirmiş olur.
Tamaşa tamaşaçı ilə birlikdə
______________Milli Kitabxana_______________
11
yaranır. İncəsənətin bir sahəsi kimi teatrın özünəməxsus
xüsusiyyəti, habelə təsir qüvvəsi və məqsədi bununla ölçülür”.
10
Əla! Amma necə də Qothold Efraim Lessinqin, Nikolay
Çernışevskinin, Nikolay Dobrolyubovun, Aleksandr Gertsenin
fikirlərinə oxşayır! Elə oxşamalıdır da! Ona görə ki, Mehdi
Məmmədovun sənət fəlsəfəsi, gözəllik fəlsəfəsi rus demokrat-
sosialistlərinin şinelindən çıxmışdı.
Danışır Azərbaycanın radio və teleefirinə öz
mahnılarından boyunbağı düzmüş bəstəkar Tofiq Quliyev:
“Mehdi müəllim mənim ürəyimin ağrısıdır. Biz onunla
uşaqlıqdan dost idik. Sözün əsl mənasında dost idik. Biz üç
nəfərdik Bakı uşaqları. Mən idim, Mehdi idi, bir də Zəfər
Nemətov. Biz ayrılmaz idik. Mehdi Məmmədov unudulmaz bir
şəxs idi... unudulmaz. Bizim bütün həyatımız bir-birinə bağlı
idi... Mən çox rejissorlarla işləmişəm. Amma mənim qəlbimdə,
yaradıcılığımda, həyatımda Mehdi kimi iz qoyub gedəni
olmayıb”.
11
Mehdinin Tofiq Quliyev və Zəfər Nemətov kimi
sənətkarlardan savayı da xeyli dostları vardı ki, bu adam
onlarla birgə vaxtaşırı yeyib-içirdi, zarafatlaşırdı, toy tutub
bayram eləyirdi.
12
Azərbaycanın xanəndəlik sənətində öz
imzası ilə tanınan Qulu Əskərovla, şair Əlağa Kürçaylı ilə,
rejissor Şəmsi Bədəlbəyli və əfsanəvi Rza Təhmasiblə də
Mehdi Məmmədov əla münasibətlər saxlayıb. Zəfər
Nemətovun oğlu Azər Paşa da söyləyir ki, Mehdi Məmmədov
çox şən, deyib-gülən, zarafatlardan inciməyən bir insan olub.
13
Bununla mən vurğulamaq istəyirəm ki, müasirləri arasında
Mehdi şəxsiyyətilə bağlı Azərbaycanın mədəni mühitində iki
cür düşünüblər: Mehdi qaradinməzdir, adama yovuşmazdır və
əksinə: Mehdi zarafatcıldır, şəndir, dost olmağı bacaran
birisidir, kef əhlidir. Bunlardan, görəsən, hansı həqiqətə daha
çox uyğundur?
Danışır akademik Fuad Qasımzadə: “Mehdi
Məmmədov teatr və dramaturgiyanın nəzəri və praktiki
məsələlərini,
______________Milli Kitabxana_______________
12
marksist-leninçi estetikanın mühüm problemlərini dərindən
işıqlandırır. Onu müasirlik məsələsi daha çox düşündürür.
Vətəndaş-sənətkar, vətəndaş-alim olan Mehdi müasirliyi teatr
sənəti üçün başlıca amil, aparıcı ox seçmişdir. O, müasirliyi
geniş planda: fəlsəfi-qnoseoloji, ideya-siyasi və bədii
emosional aspektlərdə tədqiq edərək onun geniş şərhini
vermişdir. Mehdi üçün müasirlik məzmundur, mündəricədir,
ideyalılıqdır, novatorluqdur, yüksək sənətkarlıqdır, məzmun və
forma vəhdətidir”.
14
Onun düşüncə aləmilə duyğusal
dünyasının bir-birilə nə dərəcədə əlaqələndiyini aşkarlamaq
olacaq mənim məramım. Sözdən əmələ və əməldən sözə,
görəsən, həqiqət məsafəsi nə qədərdir?
Danışır opera müğənnisi İya Aksyonova: “Mənim
yaddaşımda Mehdi Əsədullayeviç çox ağıllı, işıqlı, güclü, qəlbi
incə, müstəqil bir adam kimi qalıb. Deyim sizə ki, əksəriyyət
Mehdini başa düşmürdü. Bu insanda güc zəifliklə, zəriflik
sərtliklə, belə qəribə bir şəkildə, yan-yanaşı dayanmışdı, bir-
birinə bitişib dayanmışdı. Təbiəti etibarı ilə o, xeyirxah adam
idi, uşaqları yaman sevirdi, özgəsinin ağrısını öz ağrısı kimi
yaşayırdı. Mehdi ümumiyyətlə az danışırdı. Yox, əgər
danışırdısa, elə dolğun, dürüst danışırdı ki, hamının ağzı açıq
qalırdı, hamıya maraqlı olurdu. O, heç nəyi elə-belə demirdi və
gözəl bilirdi ki, nədən danışır”.
15
Dövrünün, zəmanəsinin bir
nömrəli natiqi qismində də Mehdi Məmmədov bənzərsiz
fiqurdur və mədəniyyət sistemində öyrənc yeri kimi təhlilə
çəkilə bilər. Onun söz demək, fikir ifadə eləmək məharəti
fenomenal idi.
Danışır teatrşünas Əsəd Məmmədov, Mehdinin qardaşı
oğlu: “Hüseyn Ərəblinskinin 100 illiyi keçirilirdi. Əmim də bu
yubileyə bir çıxış hazırlamışdı. Özün bilirsən də, onun necə
nitq mədəniyyəti vardı. Mən də salonda oturmuşdum, əmimə
qulaq asırdım. O da həmişə olduğu kimi ağır-ağır, ləngərli
danışırdı. Danışdı, danışdı və başladı Hüseyn Ərəblinskinin
çəkdiyi əziyyətləri, məşəqqəti, zülmü xatırlamağa... Və elə bu
______________Milli Kitabxana_______________
13
an bir pauza getdi. Düzü, biz, biz deyəndə ki, ümumiyyətlə
sənət adamları, alışmışdıq onun söhbət zamanı götürdüyü
pauzalara. Amma bu dəfə elə olmadı: pauza uzandıqca uzandı.
Hətta tamaşaçılar narahat-narahat yerlərində qurcalandılar.
Mehdi səhnədə dayanmışdı və danışmırdı, daha doğrusu,
danışa bilmirdi. Bu heç də pauza deyildi. O, göz yaşları
axıdacaq qədər kövrəlmişdi. Mən duydum ki, əmim əməllicə
qəhərlənib, Hüseyn Ərəblinskinin acılarını öz acıları kimi
duyduğundan qəhərlənib və qəhər onu danışmağa qoymur. Bu,
mənə yaman bərk toxundu. Yubileydən sonra əmim bizə gəldi.
Elə qapıdaca fürsətdən istifadə eləyib ondan soruşdum: “Mehdi
müəllim, deyəsən, qəhərləndiniz, axı?” O, yüngülcə başını
tərpətdi və tez içəri girib atamın yanına keçdi, artıq heç nə
söyləmədi, bu söhbətin üstünə bir daha qayıtmadı”.
16
Kişilər ağlamır, kişilər qəhərlənir. Mehdi Məmmədov
xoşbəxt ömür yaşamışdı, nə istəmişdi, onu da eləmişdi;
məişətini öz bildiyi kimi, öz duyduğu kimi, özünə rahat və
əlverişli olduğu kimi düzüb-qoşmuşdu. Həyat Mehdini heç bir
faciə və ya dramatik bir hadisə ilə qabaq-qənşər qoymamışdı:
şikayətlənməyə onun haqqı yox idi. Belə insanlar, əksərən,
zaman keçdikcə laqeydləşirlər: rahatlıq onları laqeydləşdirir;
onlarda rəhmdil olmaq, başqalarının ağrısına, acısına şərik
olmaq bacarığı “korşalır”. Amma Mehdi... üzünü belə
görmədiyi akyor Hüseyn Ərəblinskinin taleyini, dərd-sərini elə
qavramışdı ki, bundan elə həyəcanlanmışdı ki, qəhər Mehdi
Məmmədov kimi bir teatr nəhəngini səhnədə susdurmuşdu.
Azərbaycan teatr tarixinin bir nömrəli aktyoruna qarşı belə
duyğusal münasibət insanı heyrəyləndirməyə bilməz...
Dostları ilə paylaş: |