Bəşarət MƏMMƏDOV, Ramil HÜSEYNOV Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.16-17. Böyük Britaniyada ali təhsil bakalavr, magistr və doktorantura pillələrinə bölünür. Bakalavr pilləsi İngiltərə, Uels və Şimali
İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə,
tədqiqi magistr dərəcəsi üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır.
Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər.
Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara
müvafiq dərəcələr verirlər.
Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə verə bilməyən digər ali təhsil
müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb
olunurlar.
Əcnəbi tələbələr Hər universitetin özünəxas qəbul şərtləri mövcuddur. Edilən hər müraciət ayrı dəyərləndirilir. Tələbənin niyyət məktubu,
qiymət ortalaması və ingiliscə səviyyəsi önəmlidir. TQDK imtahanı olmadan bakalavr təhsili, GRE,
GMAT imtahanları olmadan magistr təhsili ala bilərsiniz. Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada
Baza (Foundation) proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan və çox
üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS imtahanından keçmək barədə sertifikatı
yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza
proqramına qəbul apararkən TOEFL və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki
qrupa bölmək olar:
– Universitetlərin nəzdində fəaliyyət göstərən Baza proqramları;
– Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları.
Universitet nəzdində fəaliyyət göstərən proqramlar, adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir.
Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür.
Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ universitet, ixtisas və
tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə bilər.