Türk dillərinin tarixi sintaksisi 95
Türkoloq-alim M.B.Balakayev isə qazax dilinin qrammatikasından bəhs
edərkən onların quruluşu və növlərindən söz açır. Alim söz birləşmələrini ismi və
feili olmaqla iki yerə bölür. Yakut dilinin sintaksisindən bəhs edərkən türkoloq-alim
Y.İ.Ubryatova söz birləşmələrinin yalnız cümlə daxilində reallaşdığını qeyd edir.
Türk dillərinin qrammatik quruluşu və söz birləşmələri ilə bağlı ən dəqiq
müəyyənləşməyə isə biz dilçi-alim Ə.Rəcəblinin elmi yaradıcılığında rast gəlirik.
Müəllif Göytürk dilinin qrammatik quruluşu barədə yazır: “Türk dilləri öz inkişafının
hələ Orxon-Yenisey dövründə (VII-VIII yüzilliklər) yetkin qrammatik quruluşa malik
olmuşdur. Bu yetkinlik özünü göytürk dilinin morfologiyasında göstərdiyi kimi,
sintaksisində də göstərir. Göytürk dili qeyri-predikativ söz birləşmələrinin sintaktik
çalarına görə müasir türk dillərindən nəinki geri qalmır, hətta onların bir çoxundan
daha zəngindir: Göytürk dilində müasir türk dillərində rast gəldiyimiz qeyri-
predikativ söz birləşmələrinin bütün növləri işlənir, növlərin məna çalarlarına gəlincə
isə, qədim türk qəbilələrinin dili bu sahədə, bəlkə də, müasir türk xalqlarının
dillərindən, bu paradoks kimi görünsə də, daha rəngarəng, daha zəngindir” [Rəcəbli
Ə. Bakı, 2003].
Söz birləşmələrinin daha doğru izahı üçün ilk növbədə, onların təsnif
prinsiplərini müəyyənləşdirmək lazımdır. İndiyə qədər türk dillərinin tədqiqi
tarixində söz birləşmələrinin müxtəlif təsnifləri olmuşdur. Y.Seyidov yazır: “Hər bir
elm sahəsində, hər bir problematik məsələnin tədqiqində olduğu kimi, söz
birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif edilərək
qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Təsnifat tədqiqat obyektini əhatə
etmək, dəqiqləşdirmək və düzgün başa düşmək üçün ən əhəmiyyətli vasitələrdən
biridir” [7, s.142].