KEYWORDS
syntax, linguistics,
M.Kashgari, the Turkish
languages
ARTICLE HISTORY
Received: 06.04.2021
Accepted: 16.04.2021
Ramil Zeynalov
Türk dillərinin tarixi sintaksisi
91
Giriş / Introduction
Türk dillərinin tarixi sintaksisi digər sahələrlə müqayisədə az öyrənilsə də, son
illərdə bu sahə ilə bağlı müəyyən tədqiqatlar aparılmışdır. Xüsusən də N.Hacıyeva və
B.Serebrennikovun həmmüəllif olduqları “Türk dillərinin müqayisəli-tarixi
qrammatikası (sintaksis)” [Сравнительно-историческая грамматика тюркских
языков (синтаксис], Ə.Rəcəblinin “Göytürk dilinin sintaksisi”, Q.Kazımovun
“Azərbaycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi”, M.Musayevin “Türk
ədəbi dillərində mürəkkəb cümlə sintaksisi” və yazılan digər kitabları bu sahədəki
sanballı işlər sırasında saymaq olar. Bununla belə, tarixi sintaksis türkologiyada ən az
tədqiq olunan sahələrdən sayılır. Bu mənada M.Kaşğarinin “Divanü lüğat-it-türk”
əsərində işlənən atalar sözləri və məsəllərin sintaktik xüsusiyyətlərinin tədqiqi bu
sahədə aparılan digər işlər üçün də təkan ola bilər. Qeyd edək ki, indiyə qədər
dilçiliyimizdə bu istiqamətdə – M.Kaşğarinin “Divan”ında işlənən atalar sözləri və
məsəllərin qrammatik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində, demək olar ki, heç
bir iş görülməmişdir. Doğrudur, müstəqillik illərində bir çox sahələrdə olduğu kimi,
dil tarixi istiqamətində də görülən işlərin sayı xeyli artmış və bu mənada M.Kaşğari
ilə bağlı kifayət qədər tədqiqat işləri aparılmışdır. Görülən işlərdən biri professor
R.Əsgərin “Divan”ın azərbaycanca nəşr edilməsidir. Məhz bu əsərin nəşrindən sonra
Azərbaycan dilçiliyində M.Kaşğariyə olan maraq artdı və bu sahədə bir sıra tədqiqat
işləri meydana gəldi. Fikrimizcə, bu mövzuda yazılan tədqiqat işlərinin sayı daha da
artacaq və bu dəyərli əsərə dilçiliyimizdə dönə-dönə müraciət ediləcəkdir. Çünki
Mahmud Kaşğari və onun bu dəyərli əsəri nəinki Azərbaycan dilinin, eyni zamanda
bütövlükdə türk dillərinin tarixinin araşdırılması üçün ən qədim və dəyərli
mənbələrdən biridir. Professor T.Hacıyev bu barədə danışarkən haqlı olaraq yazır:
“Divanü lüğat-it-türk” min il bundan əvvəlki dilimizin, tarix və mədəniyyətimizin ən
dəyərli, ən başlıca mənbəyi və məxəzi kimi elmimizdə tamamilə yeni üfüqlər və
istiqamətlər açmağa, daha geniş, daha əhatəli və daha dərin araşdırmalar aparmağa
kömək edəcəkdir” [4, s.7]. Bu fikirlər şübhəsiz ki, deyilənləri bir daha təsdiqləyir.
“Divanü lüğat-it-türk” əsərinin tədqiqi dilçiliyimizin inkişafı, o cümlədən, türkoloji
dilçiliyin inkişafı üçün yeni bir səhifə açır.
Türk dillərinin tarixi sintaksisinin tanınmış tədqiqatçılarından olan dilçi-alimlər
N.Hacıyeva və B.Serebrennikov türk dillərinin tarixindən danışarkən yazırlar: “Bir
çox türkoloqlar sintaksisi tipoloji bütöv kimi nəzərdən keçirir, amma müasir türk
dillərində ən azı üç sintaktik tip vardır: qədim türk, keçici və Hind-Avropa və ya,
daha dəqiq desək, türk Hind-Avropa”. Bu kontekstdən M.Kaşğarinin dövründəki
D İ L Ç İ L İ K: Q R A M M A T İ K A
92
AZƏRBAYCAN DİLİ və ƏDƏBİYYAT TƏDRİSİ, 2021, №2
ümumtürk dilinin sintaksisinin tədqiqi, həm də türk dillərinin qrammatik quruluşunun
tarixən inkişafını izləmək üçün əhəmiyyətli material verir. Professor N.Xudiyev
T.Hacıyevə istinadən yazır: “...ümumiyyətlə belə bir mülahizə mövcuddur ki, ədəbi
dilin sintaksisinin inkişaf səviyyəsi ən çox xalqın intellektual tərəqqisi, danışıq dili,
sintaksisinin inkişafı isə, hər şeydən əvvəl, kollektivin adət-ənənələri, etnik təkamülü
ilə mütənasibdir” [2, s.145]. Nəzərə alsaq ki, M.Kaşğarinin əsərlərində işlənən atalar
sözləri və məsəllər xalq danışığından götürülüb, deməli, bu misallarda etnik təkamülü
görə bilərik. Etnik təkamül isə heç şübhəsiz, dilin də təkamülü deməkdir. Deməli, dil
tarixinin tədqiqi həmçinin dilin tarixi tərəqqisinin də tədqiqidir. Baxmayaraq ki, türk
dillərinin tarixi tədqiqi onun lap qədimdən artıq formalaşdığını deməyə əsas verir. Bu
özünü sintaktik quruluşda da göstərir. “Kitabi Dədə Qorqud” dastanının sintaktik
quruluşundan bəhs edərkən dilçi-alim Q.Kazımov yazır: “Dədə Qorqud” dilinin
sintaksisi elə kamil formadır ki, keçən 1500 ilin ərzində söz birləşməsi və cümlə
strukturunda əsaslı bir dəyişiklik baş verməmişdir. Bütün yeniliklər təkmilləşmə,
zənginləşmə və səlisləşmə istiqamətində olmuşdur. Sözlərin söz birləşməsi və cümlə
şəklində, cümlələrin mətn şəklində əlaqələndirilməsi texnikası yalnız təkmilləşmə,
zənginləşmə istiqamətində irəliləmişdir. Sintaktik əlaqələr, ismi və feili birləşmələr,
sadə cümlələr, genişlənmiş sadə cümlələr, sadə quruluşlu mürəkkəb cümlələr müasir
dildə olduğu kimidir. Sonralar, təbii olaraq, söz birləşməsi və cümlə modelləri
zənginləşmiş, yönlük, yerlik, çıxışlıq halların qrammatik mənaları xeyli sabitləşmiş,
feili tərkiblər inkişaf etmiş, qarışıq tipli mürəkkəb cümlə modelləri və mətnin
sintaktik-semantik bağlılığını təşmin edən vasitə və üsullar çoxalmışdır [3, s.255].
M.Kaşğarinin “Divan”ında işlənən atalar sözləri və məsəlləri tədqiq edərkən biz bu
mülahizənin bir daha şahidi oluruq. Belə ki, bu atalar sözlərinin bəziləri günümüzdə
olduğu kimi işlənir və demək olar ki, heç bir dəyişikliyə uğramamışdır.
M.Kaşğarinin əsərinin bu xüsusiyyətlərindən danışarkən, ədəbiyyatşünas
R.Əsgər yazır: “Ortaq türk ədəbiyyatı qədim dövrdə Orxon-Yenisey abidələrinin, orta
dövrdə isə dörd fundamental, möhtəşəm klassik əsərin üzərində yüksəlir. Bunlar türk
və dünya ədəbiyyatının ən nadir incilərindən biri sayılan “Dədə Qorqud” dastanı,
bəşər tarixinin və mədəniyyətinin həcm etibarilə ən böyük əsəri olan “Manas”
dastanı, böyük türk mütəfəkkiri, şairi və dövlət xadimi Yusif Has Hacib
Balasaqunlunun “Qutadqu Bilik” poeması və ilk türk ensiklopedisti, dahi dilçi,
filoloq, etnoqraf, mədəniyyətşünas Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”
əsəridir. Ümumtürk ədəbiyyatının təməl sütunları olan bu dörd şah əsərdən üçü türk
dillərinin ayrı-ayrı qruplarına, məsələn, “Dədə Qorqud” oğuz qrupuna, “Manas”
qıpçaq qrupuna, “Qutadqu Bilik” qarluq qrupuna məxsusdur. “Divanü lüğat-it-türk”
Ramil Zeynalov
Dostları ilə paylaş: |