Rene Dekart (1596-1650). Yeni Dövr fəlsəfəsinin formalaşması və inkişafın-
da fransız filosofu və riyaziyyatçısı Rene Dekartın xidmətləri az olmamışdır. Təbi-
ət elmlərinin inkişafındakı nailiyyətlər Dekartın baxışlarının təşəkkül tapmasına
güclü təsir göstərmişdir. Bu nailiyyətlərin təsiri ilə o bir sıra əsərlər yazmışdır. On-
lar aşağıdakılardan ibarətdir: "Metod haqqında mühakimələr" (1637), "Metafizik
düşüncələr" (1641), "Fəlsəfənin əsası" (1644).
Fəlsəfə tarixində Dekart dualist fəlsəfi təlimin yaradıcısı kimi məşhurdur. O
göstərirdi ki, dünya bir-birindən asılı olmayan iki substansiyadan ibarətdir, onun
biri ruhi, digəri isə maddi substansiyadır. Dekart göstərirdi ki, ruhi substansiyanın
atributu, ayrılmaz tərkib hissəsi təfəkkürdür, maddi substansiyanın atributu isə uzu-
nuna, eninə və dərinliyinə yer tutmadır. Onun fikrincə, insan maddi və ruhi subs-
tansiyaların mexaniki surətdə birləşməsindən ibarətdir. Daha doğrusu, insan ruh və
cismin vəhdətidir.
Dekartın fəlsəfəsi iki hissədən ibarətdir. Birinci hissə materialist fizika adlanır.
Bu onun təbiət haqqında fəlsəfi təlimidir. İkinci hissə isə, idealist metafizika adı ilə
məşhurdur. Materialist fizikada o, hər şeydən əvvəl materiya və hərəkət problemlə-
rini araşdırır. Lakin Dekart fizikasının materializmi məhdud və qeyri-ardıcıl idi.
Həcmi olan və məkanın müəyyən hissəsini tutan hər bir şeyi o, materiya hesab edir-
di. Deməli, Dekart bir mexanist kimi materiyanın keyfiyyətcə müxtəlifliyini qəbul
etmir, yalnız onun kəmiyyət cəhətinə diqqət yetirirdi. İstilik, rəng və s. kimi obyek-
tiv keyfiyyətləri maddi cisimlərin özlərinin keyfiyyəti hesab etmirdi. O, üzvi və
qeyri-üzvi aləm arasındakı keyfiyyət fərqlərini də görmürdü. Dekart yalnız mexani-
ki hərəkəti qəbul edir və hərəkətin ilkin səbəbinin Allah olduğunu sübut etməyə ça-
lışırdı. İdrak nəzəriyyəsində Dekart rasionalist olmuşdur.