DÖVLƏT DEPARTAMENTİNİN İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ VƏ
MONİTORİNQ İDARƏSİ
İnsan Alveri Haqqında 2015-ci il üzrə hesabat
Hesabat
AZƏRBAYCAN: SIRA 2
Azərbaycan məcburi əməyə cəlb edilmiş və cinsi istismara məruz qalmış kişi, qadın və uşaqlar
üçün mənşə, tranzit və təyinat ölkəsi rolunu oynayır. Azərbaycanlı kişi və gənc oğlanlar Türkiyə,
Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycanda məcburi əməyə cəlb edilmişlər.
Azərbaycandan olan qadın və uşaqlar ölkə daxilində və Türkiyə, Rusiya və BƏƏ ərazisində cinsi
istismara məruz qalmışlar. Azərbaycan, Çin, Rusiya, Türkiyə və Özbəkistandan olan cinsi
istismar və məcburi əmək qurbanları üçün təyinat ölkəsi rolunu oynayır. Türkiyə və Avropanın,
eləcə də Cənubi və Mərkəzi Asiyanın digər ölkələrindən olan bəzi əmək miqrantları
Azərbaycanda məcburi əməyə cəlb edilirlər. Əvvəlki illərdə Mərkəzi Asiyadan BƏƏ-nə, Türkiyə
və İran ərazisinə cinsi istismar və məcburi əmək qurbanlarının daşınmasında Azərbaycan tranzit
ölkə rolunu oynamışdır. Ölkə daxilində bəzi uşaqlar, xüsusilə də Roman (qaraçı) mənşəli uşaqlar
zorla dilənçiliyə məcbur edilir və yol kənarında ticarət fəaliyyətinə, çay evlərində və şadlıq
saraylarında məcburi əməyə cəlb edilirlər. Filippinli qadınlardan məişət zəminində kölə kimi
istifadə olunması Azərbaycanda yeni yaranan bir problemdir. 2014-cü ildə bir polis əməkdaşının
insan alveri işində rolu olduğu aşkar edilmişdir.
Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması ilə bağlı olan minimum standartların
tələblərinə tam cavab vermir, lakin buna baxmayaraq bu istiqamətdə əhəmiyyətli səylər həyata
keçirilir. Hesabat dövründə hökumət, insan alverinin istintaqı və hökm oxunması hallarının
sayını artırmış, yeni milli fəaliyyət planını qəbul etmiş, əhalinin müdafiəsiz qruplarının, xüsusilə
də, islah müəssisələrindən azadlığa buraxılmış, yetimxanalardan və dövlətə məxsus olan internat
məktəblərindən buraxılmış uşaqların reinteqrasiyasını təmin etmək məqsədilə qanunvericiliyə
dəyişikliklər etmişdir. Hesabat dövründə hökumət tərəfindən məcburi əməyə cəlb edilmiş üç
nəfər xarici vətəndaş qurban kimi müəyyən edilmişdir, lakin ölkə daxilində insan alverinə cəlb
edilmiş hər hansı azərbaycanlı müəyyən edilməmişdir. Qurbanlara reabilitasiya və reinteqrasiya
xidmətləri göstərən QHT tərəfdaşlara hökumət tərəfindən adekvat və davamlı maliyyə dəstəyi
göstərilməmişdir. Geniş yayılmış korrupsiya insan alverinə qarşı mübarizə üzrə təlimatların və
mexanizmlərin effektivliyini məhdudlaşdırmışdır.
AZƏRBAYCAN ÜÇÜN TÖVSİYƏLƏR:
İnsan alverində əlbir olduğu güman edilən hökumət rəsmiləri barəsində ciddi araşdırma həyata
keçirmək və onları məhkəmə qarşısına çıxarmaq və məhkumları onları bu yoldan döndərəcək
şəkildə cəzalandırmaq; standart əməliyyat prosedurları yaratmaqla hüquq mühafizə orqanları
tərəfindən ölkə daxilində xarici və yerli məcburi əmək qurbanlarının müəyyən olunması səylərini
gücləndirmək; insan alveri fəaliyyəti ilə məşğul olanlara, o cümlədən əmək miqrantlarını
məcburi əməyə cəlb edən fərdlərə və yaxud şirkətlərə qarşı hüquq mühafizə orqanlarının
səylərini gücləndirmək və mühakimə olunaraq barəsində müddətli həbs cəzası çıxarılanların
sayını artırmaq; hökumət orqanları arasında ünsiyyəti, o cümlədən qurbanların yönləndirilməsi
və potensial hallarla bağlı məlumat mübadiləsi fəaliyyətini daha da təkmilləşdirmək; Milli
Yönləndirmə Mexanizmində QHT-lərin və digər maraqlı tərəflərin rolunu rəsmiləşdirmək;
qurbanlara xidmət göstərənlərə maliyyə yardımını artırmaq və xidmət göstərənlər şəbəkəsini
Bakı şəhərindən kənarda genişləndirmək; hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmək
istəməyən qurbanları təhlükəsiz sığınacaqlarda yerləşdirmək; h
üquq mühafizə orqanlarının
əməkdaşları, müstəntiqlər və məhkəmə işçiləri üçün qurbanlarla həssas rəftar etmə üzrə, o
cümlədən psixoloji travma keçirmiş insan alveri qurbanları ilə işləməyin yolları üzrə təlimlər
keçmək; Dövlət Miqrasiya Xidmətinin insan alverinin xarici vətəndaş olan qurbanlarının
müəyyən olunması və yönləndirilməsi sahəsindəki fəaliyyətini gücləndirmək; və xarici əmək
miqrantlarına yönəlik maarifləndirmə kampaniyaları həyata keçirmək, onlara insan alverinin
əlamətlərini təsvir etmək və yardım almağın yollarını göstərmək.
HÜQUQİ TƏQİB
Hökumət tərəfindən hüquq mühafizə orqanlarının səyləri artırılmışdır.
2005-ci ildə qəbul edilmiş
İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu və Cinayət
Məcəlləsinin 144-cü Maddəsi zorla fahişəliyə cəlb etməni, məcburi əməyi qadağan edir və bu
cür cinayətlərə görə 5 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur ki, bu da zorlama kimi digər
ağır cinayətlərə görə nəzərdə tutulan cəzalara uyğundur və kifayət qədər sərtdir. Hökumət
tərəfindən verilmiş məlumata əsasən 2014-cü ildə cinsi və yaxud məcburi əməyə cəlb etmə
əməlinə görə 23 hal üzrə istintaq aparılmışdır ki, bu da 2013-cü ildə məcburi əməyə cəlb etmə
əməlinə görə araşdırılmış dörd hal və cinsi istismar üzrə araşdırılmış 17 hal ilə müqayisədə bir
qədər çoxdur. Həyata keçirilmiş məhkəmə araşdırmasının ümumi sayı barədə məlumat
verilməmişdir. Hökumət tərəfindən 2014-cü ildə insan alveri ilə məşğul olan 26 nəfər məhkum
edilmişdir ki, 2013-cü ildə bu beş nəfər təşkil etmişdir; hesabat dövrünün sonunda üç hal üzrə
məhkəmə araşdırması davam etmişdir. İnsan alveri ilə məşğul olan iyirmi bir nəfər barəsində
azadlıqdan məhrum etmə cəzası çıxarılmışdır: yeddi nəfər üç ildən altı ilədək azadlıqdan
məhrum edilmişdir və 14 nəfər barəsində səkkiz ildən doqquz ilədək həbs cəzası çıxarılmışdır.
Ziddiyyətli bürokratik səlahiyyətlər və dövlət orqanları arasında effektiv əməkdaşlıq
mexanizmlərinin olmamağı səbəbindən uşaq əməyindən istifadənin pozulması hallarının
araşdırılmasında və məhkəməyə cəlb olunmasında çətinliklərin olduğu hökumət tərəfindən qəbul
edilmişdir.
Azərbaycanda geniş yayılmış korrupsiya insan alverinə qarşı mübarizə səylərinə mane olmuşdur.
Vətəndaş cəmiyyəti qruplarının verdikləri məlumata əsasən hüquq mühafizə orqanları tikinti
sektoruna nəzarət edən nüfuzlu şəxslərin, o cümlədən hökumət rəsmilərinin onları ittiham
etməsindən çəkinərək, bu sektorda məcburi əməyə cəlb etmə ittihamlarını adekvat şəkildə
araşdırmamağa davam etmişlər. Hesabat dövründə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən
müəyyən edilmiş bir halda keçmiş polis əməkdaşı öz səlahiyyətlərini aşaraq bir nəfər xarici
vətəndaşın şəxsiyyətini müəyyən edən sənədləri müsadirə etmiş, onun azadlığını
məhdudlaşdırmış və məcburi əməyə cəlb etmişdir. Polis əməkdaşı hüquq mühafizə orqanında
tutduğu vəzifədən azad edilmiş və barəsində cinayət işi açılmışdır. Əvvəlki hesabat dövründə
yerli polis, bəzilərində seksual istismar qurbanlarının olduğu əxlaqsızlıq yuvalarından rüşvət
alaraq onların qeyri-qanuni fəaliyyətlərinə göz yummaqda ittiham edilmişdir. 2013-cü ildə
hökumət tərəfindən bir nəfər filippinli qadının siyasi əlaqələrə sahib olan, qadın iş adamının
evində məişət zəminində məcburi əməyə cəlb olunması halı araşdırılmış, 2014-cü ilin may
ayında iş adamı olan xanımın insan alveri və məcburi əməyə cəlb etmə fəaliyyətində günahı
sübuta yetirilmiş və barəsində səkkiz il yarım azadlıqdan məhrum etmə cəzası çıxarılmışdır.
Buna baxmayaraq məhkəmə tərəfindən həbs müddəti bir il şərti cəza ilə əvəz edilmişdir.
Vətəndaş cəmiyyəti mənbələrinin iddialarına əsasən insan alverinin qurbanı 2015-ci ilin yanvar
ayında Azərbaycandan deportasiya edilmişdir.
MÜDAFİƏ
QHT-lərin maliyyələşdirilməsi yetərincə olmasa da, hökumət qurbanların müdafiəsi və onlara
kömək göstərilməsi sahəsində müəyyən tərəqqi əldə etmişdir. DİN İnsan Alverinə Qarşı
Mübarizə İdarəsi (İAQMİ) tərəfindən Bakı şəhərində yerləşən və DİN-in tabeçiliyində olan bir
sığınacaq əsaslı təmir edilmiş, 50 nəfərin yerləşdirilməsinə imkan verən sığınacaqdakı şərait
yaxşılaşdırılmışdır, buna baxmayaraq sığınacaq ciddi mühafizə edilmiş və qurbanlar bütün vaxt
ərzində sığınacaqda saxlanılmışlar. Mütəxəssislərin verdikləri məlumata əsasən sığınacaqlarda
qurbanlar üçün ixtisaslaşmış yardımların göstərilməsində çatışmazlıqlar olmuşdur. 2013-cü ildə
müəyyən edilmiş 40 nəfər seksual istismar qurbanı və 16 nəfər insan alveri qurbanı ilə
müqayisədə 2014-cü ildə hökumət tərəfindən seksual istismara məruz qalmış 50 qadın və bir qız
müəyyən edilmiş və üç nəfər kişi isə məcburi əmək qurbanı kimi müəyyən edilmişdir. Müəyyən
edilmiş 54 qurbandan 35 qadın və üç kişi DİN-in tabeçiliyində olan sığınacağa yönləndirilmişlər,
burada onlara hüquqi, tibbi və psixoloji yardım göstərilmişdir. Hökumət tərəfindən 53 qurbana
400 manat (380 ABŞ dolları) məbləğində bir dəfəlik müavinət verilmiş, 24 qurban işlə təmin
edilmiş və 35 qurban peşə təliminə cəlb edilmişdir. 54 qurbandan 36 nəfəri QHT-lərə və 51 nəfər
isə əlavə sosial xidmətlərdən istifadə etmək üçün dövlətin Qurbanlara Yardım Mərkəzinə (QYM)
yönləndirilmişlər. Hökumətin maliyyə dəstəyi olmadan iki QHT tərəfindən 48 nəfər potensial və
müəyyən edilmiş qurban sığınacaqla təmin edilmiş və onlara yardım göstərilmişdir. Dövlət
orqanlarının verdikləri məlumata əsasən bu cür xidmətlərin göstərilməsi hər hansı bir qurbanın
hüquq mühafizə orqanı tərəfindən aparılan araşdırmada iştirak etməsi ilə bağlı olmamışdır.
İAQMİ tərəfindən verilən məlumata əsasən 2014-cü ildə qurbanlara köməklik göstərilməsi
fəaliyyətinə 314,330 manat (298,500 ABŞ dolları) məbləğində vəsait ayrılmışdır, lakin buna
baxmayaraq qurbanlara sığınacaq və digər xidmətlər təmin edən QHT tərəfdaşlara hökumət
tərəfindən hər hansı maliyyə vəsaiti ayrılmamışdır. Qurbanlara sığınacaq, tibbi, məşğulluq və
hüquqi yardımla bağlı köməklik göstərmək müraciətlərinin tezliyini nəzərə alsaq bu təşkilatlar
əhəmiyyətli dərəcədə maliyyə çatışmazlığı ilə üzləşməyə davam etmişlər,
Hökumət tərəfindən insan alverinin qurbanı olan üç nəfər xarici vətəndaş müəyyən edilmişdir.
Hər üç xarici vətəndaşa İAQMİ tərəfindən xidmət göstərilmişdir. Qurbanların müəyyən olunması
üçün İAQMİ göstəricilər siyahısına malik olsa da, bu siyahının necə paylaşdırıldığı və yaxud
yoxlama zamanı hansı halda bu siyahıya istinad edildiyi bəlli deyil. Mütəxəssislərin verdikləri
məlumata əsasən müəyyən etmə prosedurları qənaətbəxş olmamışdır və onlar, hökumətin
məcburi əməyə cəlb etmə halını yalnız zorakılıq və pasportların müsadirə olunması əməlinin baş
verməsindən sonra qeydə alması ilə bağlı narahatlıqlarını bildirmişlər. Mütəxəssislər
yönləndirmə prosesində səhvlərin olduğunu geniş şəkildə bildirmişlər, o cümlədən hökumətin
QHT-lər tərəfindən müəyyən olunan qurbanları rəsmən tanımadığını və yaxud onlara yardım
göstərmədiyini qeyd etmişlər. Standart prosedurlardakı təlimatlara əsasən dövlət orqanları
xarici qurbanları Dövlət Miqrasiya Xidmətinə yönləndirməlidirlər, məişət zəminində aşkar
olunan qurbanlar isə əksinə DİN-nə yönləndirilməlidirlər. Mütəxəssislər, Dövlət Miqrasiya
Xidmətinin xarici vətəndaş olan qurbanları davamlı şəkildə müəyyən etmədiyini qeyd etmişlər.
PREVENTİV TƏDBİRLƏR
Hökumət, insan alverinin qarşısının alınması istiqamətindəki tərəqqini davam etdirmişdir.
İAQMİ 2014-cü ilin iyul ayında qəbul edilmiş Milli Fəaliyyət Planının (2014-2018) beynəlxalq
təşkilatlar, QHT-lər, ictimaiyyət və digərləri ilə məsləhətləşmələr əsasında tərtib olunmasında
aparıcı rol oynamışdır. Fəaliyyət planında islah müəssisələrindən yenicə azadlığa buraxılmış
gənclər – insan alverinə qarşı həssas olan əhali qrupu – üçün sığınacaqların yaradılması və
müəyyən olunmuş nazirliklərin və digər dövlət orqanlarının nümayəndələrinin insan alverinə
qarşı mübarizə üzrə təlimlərdə iştirak etməsi nəzərdə tutulmuşdur. Burada eyni zamanda
şahidlərin müdafiəsinin daha da artırılması və Bakı şəhərindən kənarda sığınacaqların və
qurbanlara yardım müəssisələrinin genişləndirilməsi üzrə planlar da öz əksini tapmışdır.
Vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri fəaliyyət planında dəqiq icra müddətinin qeyd
olunmasını alqışlamış və özlərinin fəaliyyət planlarını milli fəaliyyət planı ilə uzlaşdırmışlar,
lakin bəziləri isə qiymətləndirmə ölçülərinin olmadığına görə fəaliyyət planını tənqid etmişlər.
GRETA-ın [Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu] təkliflərinə
baxmayaraq fəaliyyət planında insan alverinə qarşı mübarizə səylərinin müstəqil
qiymətləndirilməsi nəzərdə tutulmamışdır.
Hökumətin dəstəyi ilə həyata keçirilən əksər maarifləndirmə kampaniyalarında insan alverinin
potensial qurbanları kimi Azərbaycan vətəndaşları hədəf götürülmüş və burada xaricə səfər və
miqrasiya fəaliyyətlərinə xüsusi yer ayrılmışdır. Bu yanaşma, hökumətin daxildəki insan alveri
probleminə və Azərbaycanın təyinat və yaxud potensial tranzit ölkə rolunda çıxış etməsinə
qeyri-adekvat şəkildə diqqət ayırması tendensiyasını qoruyub saxlamışdır. İAQMİ tərəfindən 60
şəhər və rayonda 65 maarifləndirmə kampaniyası həyata keçirilmiş, insan alverinə qarşı
mübarizəyə həsr olunmuş plakatlar və video çarxlar paylanılmış və qaynar xəttin fəaliyyəti
davam etdirilmişdir. Kommersiya məqsədli seks fəaliyyəti və yaxud məcburi əmək fəaliyyətinə
tələbatın azaldılması istiqamətində hökumət tərəfindən həyata keçirilən yeni tədbirlər barədə
məlumat verilməmişdir. Yeni Milli Fəaliyyət Planında xaricdə qurban kimi aşkar olunan
Azərbaycan vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması üçün diplomatlara
təlimlərin keçirilməsi tələb olunur, lakin bu təlimlərdə diplomatların özlərinin insan alverində
iştirakının qarşısının alınmasına diqqət yetirilmir. Hökumət tərəfindən diplomatik işçilər üçün
insan alverinə qarşı mübarizə üzrə təlim keçirilməmiş və yaxud təlimatlar verilməmişdir.
Dostları ilə paylaş: |