Qismət meqapolis hüznləRİ



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix25.04.2017
ölçüsü2,11 Kb.
#15738
1   2   3   4   5

 
 
 
 
2. Rekviyem 
 
Əgər  gülüş  əvvəlkitək  yaraşmırsa  dodağına   
sabahların  qiyməti artıb  olursa dünəndən  baha  
ciblərinin  gücü  çatmırsa   
o biri günə, o biri sabaha,  
barmaqlarının  gözləri  baxmaqdan qorxursa    
mətbəxdəki  bıçağa,  
şkafdakı babadanqalma  silaha 
bax,  onda   
ölə  bilməmək  ölməkdən  daha  çox  ölməkdir.... 
 
Elə  ki ümidlər, arzular, istəklər  
çamadanı  toplayıb  getdi, 
yəni  ki,  daha  burdakı  işin  bitdi, 

 
71
çoxdandır  ki, pəncərələr pərdəylə  qapalı 
və  çoxdandır  ki, 
güzgüdəki  üzü  tüklü  adam  təkdir 
bax  onda 
ölə  bilməmək  ölməkdən  daha  çox  ölməkdir... 
 
 

 
72
 
 
 
 
 
 
 
 
 
 
3. Heç nə, heç nə... 
 
Hər  gecə kədər  
Ekskalibur  itiliyində bir  iynəylə 
venama düşər. 
Tavanla  üzbəüz qalaram, 
saatım  hamıdan  geri. 
Qolum  çarpayıdan  sallanar... 
Hər  gecə  
qan  verərəm  ayrılığa 
“Təklik”  adlı  hospitalda... 
 
Rəngim  payızlaşar  
5 metr soldakı çarpayıda 
ayrılıq ətə-qana dolar. 
Yanağımın qırmızılığı  
onun yanaqlarına kopyalanar. 

 
73
Hər gecə  
beləcə 
Prometeyləşərəm və 
ayrılıq  qartallaşar. 
365 gün Esxil qəhrəmanı olaram 
 “Təklik” adlı hospitalda... 
 
Hər  gecə  
qoltuğumun  altında   
termometrin  qızdırmasını  ölçərəm. 
Belimdəki  şüşə təpəciklərdə  qızarar  ətim 
havanı  üfləyib içərəm qaşıq-qaşıq... 
Beyin ölümü  düşündükcə 
başlar  ürəyin  qorxaqlığı.  
Rəngli  ümid  həbləri  
rəngsiz  ömrə   dodaq  boyası, sadəcə... 
Sonrası... sonrası... sonrası 
Heç nə, heç nə. 
Sağlığınız. 
3,2,1... 
 

 
74
 
 
 
 
 
 
 
 
 
 
4. Paranoikin gündəliyindən 
 
Evdə tək olanda gündüz ya gecə
Otaqlar cibimtək bomboş olanda – 
Boşalır qəfildən ev, bina, küçə 
Sanıram bir yekə yalandır ömür, 
Mən də yaşayıram bax bu yalanda... 
 
Elə oturduğum yerdəcə birdən, 
Elə bilirəm ki, qapım döyülür. 
Qapıya cumuram onda qəfildən, 
Açıram boşluqdur... 
Ev mənə gülür. 
 
Gülür onda mənə ev, divar, qapı 
Ağ şalvar, göy köynək, boz ayaqqabı 

 
75
Yarımçıq siqaret, dolmuş külqabı 
Gülməyə başlayır üzümə Hər Şey. 
 
Yerimdə donuram mən uzun-uzun, 
Ölür içimdəki ümidim, arzum 
Birdən qışqırıram deyirəm: susun! 
Gülür qəhqəhəylə sözümə Hər Şey. 
 
Qapı cırıldayıb deyir  –  sev – mənə, 
Piano görünür qara div mənə, 
Cəhənnəm görünür bütün ev mənə, 
Başqa cür görünür gözümə Hər Şey. 
 
Birdən masamdakı telefon qalxır, 
Çığırır, qulağı deşir fəryadı. 
Ürəyim deyir ki, dəstəyi qaldır! 
Qorxuram... 
Dilaltı deyirəm: qarabasmadı. 
 
Səslər qulağıma eləyir hücum, 
Fikrimi bir şeytan daşlayır yenə. 
Götürüb deyirəm: “alo, buyurun...” 
O taydan bir gülüş başlayır yenə. 
 
Kimdir belə gülən? Deyirəm gülmə! 
Şeytandır, yoxsa ki, mələkdir gülən? 
Qəfil görürəm ki,  elə sən demə, 
Əlimdə tutduğum dəstəkdir gülən. 

 
76
 
Kəsməsə bu dəstək gülüş səsini, 
Eşitsəm qapının döyülməsini, 
belə olmayacaq, 
gərəkdir mütləq 
səslər  qulağımı dəng eləməsin, 
telefon dəstəyi mənə gülməsin
əşyalar halıma sevinməsinlər, 
qapılar adamsız döyülməsinlər, 
dəli olacağam yoxsa bu evdə... 
 

 
77
 
 
 
 
 
 
 
 
 
 
5. Bir Hitchcock ssenarisi… 
 
Beynimə  qan  sızsa  yıxılsam,  ölsəm, 
Bir  gecə  qəfildən  yuxuna  gəlsəm, 
Qorxudan  oyansan,  için  darıxsa… 
Açsan  çəkməcəni  dərman  atasan, 
Ordan  sənə  aid  bir  şerim  çıxsa, 
Bunu  təsadüfə  bağlama  qəti. 
Özünə  bir  fincan  su  tökəcəksən, 
Pərdələr  başına  açacaq  oyun. 
Gedib  cəftələri  bərkidəcəksən, 
Gəlib  görəcəksən  içilib  suyun… 
 
Çaşıb  qalacaqsan, ürəyin, beynin, 
Şübhə şərbətini içəcək  onda. 
Qorxudan  dizlərin tir-tir əsəcək, 
Tavandan  bir  kölgə  keçəcək  onda… 

 
78
Otağın  qapısı  aralanacaq, 
Ürəyin  qorxudan  paralanacaq. 
Əvvəl  küçənizdə  kimsə  güləcək, 
Sonra  yan  otaqdan  səsim  gələcək, 
Pərdəndə  kölgə tək  görünəcəyəm. 
 
Birdən  içindəki  hissi  bitirib, 
Qorxunu  o  saat   donduracaqsan. 
Tez  gedib  mətbəxdən  kibrit  gətirib, 
Şəklimi, şerimi  yandıracaqsan. 
Bax  onda  ürəkdən  sevinəcəyəm…   
 

 
79
 
 
 
 
 
 
 
 
 
 
6. Azalma 
 
Ölüb  azalmır  adam, 
Azalıb  ölür. 
 
Ata-ananı  itirib 
zibil  qabını  doldurmağa başladıqca 
istifadə olunmuş  ümidlərlə 
evdən, işdən, küçədən, 
qohumundan, qonşusundan 
dostundan  tanışından   
hər  şeydən, 
hamıdan  azalır  adam. 
 
Səndən  sonra 
heç  kim   onun  yoxluğundan  
filan  qədər  keçir  deməyəcək… 

 
80
saat  həmişəki  kimi  ya  nəyəsə  işləyəcək, 
ya  nəyəsə  qalacaq… 
evin  hər  küncü  
xəyanət  etməyə  başlayacaq  sahibinə 
 bir evdən bir  adam  azalacaq… 
 
sonra  adamlar yaşayacaq 
sən  olmamış  kimi… 
 
Yolüstü  qəzet  aldığın  kişinin 
sənə qəzet  satmamağıyla  
dəyişməyəcək heç nə… 
qonşu binada Qəni, 
binanın  altındakı dükanda  Şirin…   
unudulacaqsan hamı üçün… 
Ölüb  azalmayacaqsan 
azalıb öləcəksən... 
   

 
81
 
 
 
 
 
 
 
 
 
 
7. Vəba xəstəsinin son günlərindən 
 
Yetim və bədgüman bir öskürəklə təhlükəliykən 
hamıya, 
həkim xələtlərini bayraq edib təslim olmuşkən 
həyata 
hərarətim qırxıncı otağa çatmışkən 
az qalmışkən üç almanın düşməyinə 
yanıma gəlməyin dərd keçər sizə… 
 
Vaxtın getməyindən zəhləmin getdiyi vaxt 
kimsə saat unudub otağımın divarında??? 
Kimin vaxtı varsa gəlib götürsün 
bu raket sürətli vaxtı divardan. 
 
Sizi  qınamıram, qınaya bilmirəm 
mən bu zəhrimara mübtəla ikən 

 
82
yanıma gəlsəniz bir qutu ümidlə 
dərdə yoluxma ehtimalınız var. 
Ən cəsarətlinizin yanımda olması özünə ziyan 
yanıma gəlməyin dərd keçər sizə. 
 
Halbuki hamınız gəlsəniz yanıma 
bir yerdə çıxartsaq saatları divardan 
qoymasaq üç almanı düşməyə 
üzümüzü və günümüzü həkim xələti rəngində 
boyasaq 
qandallasaq özümüzü azadlığa 
nə gözəl olardı... 
amma siz  
azadlığa yoluxmaqdan qorxan adamlar 
kürəkləri çarpayı, üzləri yorğan adamlar 
siz mənim öskürəyimə də dəymirsiz. 
Yanıma gəlməyin... 
 
 

 
83
 
 
 
 
 
 
 
 
 
 
8. Məlikməmmədin quyudan üçüncü qıza 
yazdıqları 
 
Zalım qardaşların yamanlığından, 
İçimi yeyirəm gün boyu, ay qız. 
Bir qadın bətninin qaranlığından, 
Daha qaranlıqdı bu quyu, ay qız. 
 
Divi almalıqda güddüyüm təki, 
Yuxulu gözlərlə açılır səhər. 
İndi mən yarama duz basıram ki, 
Səni fikirləşim səhərə qədər. 
 
Bu quyu kəsilmiş kəndir qoxuyur... 
Qanayır köksümə batan xəyanət... 
Sükut bu quyuda zildən oxuyur... 
Burda ümidsizlik hər gün nəqərat... 

 
84
İndi yorğun canım özümə sərhəd, 
Yalandan deyirəm vecinə alma. 
Mənə deyən lazım, ay Məlikməmməd, 
Sevməli yaşında nə div, nə alma?..  
 
“Qu” – dedim, quyuya atdılar məni, 
“Qa” – dedim, qardaşlar qayıtmadılar... 
Gedib yuxu kimi yatdılar məni, 
Sonra bir-birini ayıltmadılar. 
 
Burda sənsizlədim, gümanım  itdi... 
Adamlar quyunu daşladı, ay qız. 
Cavanlıq içimdə çürüdü getdi, 
Qocalıq içimdən başladı, ay qız. 
 
Quyuya hər gecə gümüş ay qonaq... 
Hər gecə quyuya ulduzlar axır...  
Quyu-durbiniylə münəccim torpaq, 
Mənim gözlərimdən göylərə baxır... 
 
Qara xatirələr ağlanan kimi, 
Çoxaldı quyuda sənin azlığın... 
Ümidin gözləri bağlanan kimi, 
Açıldı gözləri adamsızlığın... 
 
Kaş külək olaydım, adam yox, külək 
İndi mənim üçün külək – azadlıq... 

 
85
Nə vaxtsa demişdin ağ qoç gələcək, 
Min ilmi keçibdi? 
Bilmirəm artıq... 
 
Qaranlıq, tənhalıq, soyuq və gecə... 
Biryolluq gediblər bütün gedənlər... 
Ədalət kəsilmiş kəndirdi məncə, 
İndi padşahdılar kəndirkəsənlər... 
 
Burda can verirəm, ölmürəm, ay qız, 
Bu quyu ümiddən, ölümdən kasıb... 
Min ildi anlaya bilmirəm, ay qız, 
Mənim bu nağılda nə divim azıb?! 
 
Yaman üşüyürmüş adam adamsız,  
Adamsız duyurmuş adam zamanı... 
Canı şüşədəymiş divlərin, ay qız, 
Bu quyu şüşədi, mənsə div canı... 
 
Bir simurq lələyi yandır bu gecə, 
Yoxdu bu quyuya gedib qayıdan... 
Bu şüşə quyunu sındır bu gecə, 
Mənim div canımı çıxart quyudan. 
 
Göylərə baxıram ulduz sürüşmür... 
Ölmürəm, uzanır bu dəhşət, ay qız. 
Mənə üç almadan bir alma düşmür, 
Yoxmuş bu nağılda ədalət, ay qız... 

 
86
 
 
 
 
 
 
 
 
 
 
9. Absurd 
 
Yolumu  gözləyir  hər  səhər  bir  iş, 
Bir  yolu  yüz  dəfə  keçirəm  hər  gün. 
Səhərlər  harasa  durub  getməmiş
Payızı  dəmləyib  içirəm hər  gün. 
 
Çörəyin  üstünə  həsrət  yaxıram, 
Bir  az  gülüşündən  qatıram  çaya. 
Bir  az  içimdəki  sənə  baxıram, 
Bir  az  da  çöldəki  sənsiz  dünyaya... 
 
Baxıram...  oluram  hamıdan  küsən, 
Küsürəm...  küsməyim  qəzəbim  olur. 
Bəhanə gəzirəm  ağlayım  bəzən, 
Köhnə mesajlardan  gözlərim  dolur. 
 

 
87
Getməsən  qoluma  girərdin  yenə, 
Mənə  nəfəsim tək  yaxın  olardın. 
Getməsən  dondurma  alardım  sənə, 
Yenə  köynəyimə  ləkə  salardın... 
 
Payızdır. Siqaret,  bir  də  dörd  divar... 
Rədifdən  sonrasan. NÖQTƏ.  Bitmisən. 
Görəsən, bu  şerin  nə  mənası  var, 
Getməsən  getməzdin,  amma  getmisən... 
 

 
88
 
 
 
 
 
 
 
 
 
 
10. Bilmək  istəmirəm… 
Alikə 
 
Səni  mənim  kimi  qəmli, 
Görmək  istəmirəm, dostum. 
Burax  gözüm  qalsın  nəmli, 
Silmək  istəmirəm, dostum. 
 
Deyirsən: qurtar  içməyi, 
Çaydan  arağa  keçməyi. 
Elə  bezmişəm  heç  nəyi, – 
Bilmək  istəmirəm, dostum. 
 
Keçilmişi  keçə-keçə, 
Bina-bina, küçə-küçə 
Çəkə-çəkə, içə-içə 
Ölmək  istəmirəm, dostum… 

 
89
 
 
 
 
 
 
 
 
 
 
11. Bir mesaj qədər 
 
Sən  samanı çox  saxladın 
zamanı  keçdi. 
Artıq  gecdi... 
 
“Olacağam” – dediyin  kimi 
ola  bilmədin 
ya  da  olmadın. 
Heç  vaxt  dəqiq  anlaya  bilmədim   
necəsən... 
gecələrimə  gündüzsən 
ya  gündüzlərimə  gecəsən... 
anlaya  bilmədim  heç  vaxt. 
 
Bu  gecə   
yoxluğunun  ilk  sevgililər  günü 
anladım  səni. 

 
90
“sən  istəyən  kimi  olacağam” – deyib 
ola  bilməməyin  
əslində  olmağınıydı... 
bu  gecə 
telefonumda  bir  mesaj  qədər  az
içimdə  bir  şeir  qədər  çoxsan. 
Sən  olduğun  kimiydin. 
elə  ona  görə  də 
yanımda   
həmişəlik YOXSAN. 

 
91
 
 
 
 
 
 
 
 
 
 
12. Gecənin   melanxoliyası 
 
Divarda əriyir 
stoldakı şamın kölgəsi. 
 
Şam işığı boyunca qaranlıqdı 
işığın çatmadığı yerlər. 
 
Masadakı adamlar üzü qara, susmuş... 
 
Əsəbdən əlindəki alışqanı oynadır kişi 
alışqanın gücü çatmır qaranlığa. 
kişi masaya atır alışqanı 
divarda əriyən kölgədə alışdırır 
dodağındakı darıxmağı. 
kişi bir tüstü darıxmaq çəkir içinə, 
bulud üfürür qaranlığa, 

 
92
alışır qanı 
götürür alışqanı... 
 
Qadın  şamda bişirir baxışlarını... 
  
Qaranlıq  melodiyasının zilində 
susur iki nəfər. 
 
Sonra kişi darıxmağını çəkib bitirir 
qadın yandırıb qurtarır şamda baxışlarını... 
 
Əriyir divarda  
stoldakı şamın kölgəsi. 
Azalan şam kölgəsi boyunca uzanır gecə 
kişi alışqanı oynadır yenə 
qadın baxışlarını atır şamın içinə 
və beləcə 
gecə nəqəratlanır. 
 
 

 
93
 
 
 
 
 
 
 
 
 
 
13. Olmamalıydı 
 
Bu  qədər  asan  olmamalıydı  hər  şey... 
 
Tanışlardan telefon  nömrəni  götürmək, 
əlini tutmaq, 
evə  ötürmək, 
əvvəl  dodaqlarına, 
sonra  xətrinə  dəymək 
bu  qədər  asan  olmamalıydı... 
 
İkimiz  də  istədiyimizə  çatan  kimi tükəndik. 
İkimiz  də  olduğumuzdan  
artıq  olduq, görünür. 
 
Bu  qədər  asan  olmamalıydı... 
 

 
94
Nəyisə,  nələrisə yarım  saxlamalı, 
tam  paylaşmamalı, 
tam  bölüşməməliydik... 
Az zəngləşməli,  
mesajların  sayını azaltmalı, 
və  bəlkə  də, heç  öpüşməməliydik... 
Bizə  aid   hər  dərdi özümüz,   
ancaq  özümüz çəkməliydik. 
Yersiz  incimələrin, 
küsmələrin  arasına gülüş  səpməliydik. 
 
Bu  qədər  asan  olmamalıydı... 
 
Binaları,  maşınları,  küçələri, 
telefonda səhəri  açdığımız  gecələri 
unutmaq, 
şəkillərini silmək, 
sonra  adını  telefondan  pozmaq 
və  bu  gecə 
bu  şeri belə birnəfəsə  yazmaq 
asan  olmamalıydı. 
MƏNİ  BAĞIŞLAMA!               
 

 
95
 
 
 
 
 
 
 
 
 
 
14. Qürub 
 
Səndən öncə çatdı çəkmələrinin səsi qapıya... 
sonra  günəş doğdu  pilləkəndə 
təngnəfəs, gülümsəyən. 
  
Heca vəznində səliqəliydi otaq, 
susduq əruz vəznində... 
 
Gülüşdük 
çıxdı qafiyədən  gözlərinlə köynəyin, 
bağladıq qapını üzü çölə... 
 
İçimdəki vaşağın gözləri elektrikləndi, 
qamçı saçlarının şimşəyi düşdü çiynimə 
dodaqlarımız şeirləşdi. 
 

 
96
Auta atdıq köynəklərimizi, 
mərkəzdən başladıq oyuna... 
 
Ayrıydı bədənindəki xəritənin coğrafiyası, 
başqaydı hava durumun, iqlimin. 
Göbəyində batan qadınlığın 
iki dəfə çıxmaq istədiyi  yerdən 
şeirlər içdim süd qoxulu. 
Qulağına nəfəsimi pıçıldadım... 
Yazılmamış şeirlərin sözlərini 
köçürdüm dodağından 
eynəyim masadan bizə baxdıqca... 
 
Sonra, 
iki saatmı, üç saatmı sonra 
çiçək istədin qəfil, 
mən pul oğurladım öz cibimdən... 
çəkmələrinin səsini götürüb  
batdıq uzaqlarda günəş kimi... 
indi xatırlayıram 
gözəl qürubuydu... 
 
      

 
97
 
 
 
 
 
 
 
 
 
 
15. Olmur 
 
Daha  son  ümidə  ümid  qalmayıb, 
Qalsa  yollarına baxardım, olmur... 
Soyuq  əllərimi  üzük  yerinə, 
Qaynar  əllərinə taxardım, olmur... 
 
Yanında, elə  bil,  yersiz  qonağam, 
Mən  sənə  günaham, suçam, yasağam. 
Sən  güllə  deyilsən, mənsə  qorxağam... 
Səni  öz  başıma  sıxardım, olmur... 
 
Neyləyək  olmadı,  çatmadı  gücüm, 
Elə bil, tutmadı  bürcünlə  bürcüm. 
Səni  ürəyimdən  çıxarmaq  üçün, 
Gərək  ürəyimi  çıxardım, olmur... 
 

 
98
 
 
 
 
 
 
 
 
 
 
16. Saxla... 
 
Bilsəm ki, görüşlər, gülüşlər əbəs, 
Dodaqlar sevgini yalan deyirsə, 
Sevdiyin deyilsə axtardığın kəs, 
Üfüqdə ayrılıq gözə dəyirsə, 
Saxla göz yaşını lazım olacaq... 
 
Qara gün gələcək gözləməsən də
Susub, ağ gününü bitirəcəksən. 
Bir gün istəsən də, istəməsən də, 
Atanı, ananı itirəcəksən, 
Saxla göz yaşını lazım olacaq... 
 
Nə vaxtsa alacaq səni bir kişi, 
Nə vaxtsa sənin də üzün güləcək. 
Övlad qayğısıyla, ev-eşik işi, 

 
99
Nə vaxtsa sənə də çətin gələcək, 
Saxla göz yaşını lazım olacaq... 
 
...Günü yola salıb qayıdır axşam, 
Durub gözləyirsən gün geri gələ... 
Bizim küçəmizdə ağlayan adam, 
Sən də sevinərsən darıxma hələ 
Saxla göz yaşını lazım olacaq... 
 
 

 
100
 
 
 
 
 
 
 
 
 
 
17. Unutmaq, tərgitmək  və  öldürmək 
 
Əvvəl  səni, 
sonra  kent  səkkizi, 
vodkanı, 
sevməyi, 
yazmağı  unutmaq. 
Sonra... 
Sonra  isə  unutmağı... 
 
Hər  şeyi –  
səni, 
siqareti, 
içkini, 
yazmağı,   
sevməyi  tərgitmək. 
Sonra... 

 
101
Sonra  isə  tərgitməyi ... 
 
Hamısını: 
sonuncu  kent  səkkizi, 
araq  şüşəsini, 
səni  sevməyi, 
şeir  yazmağı, 
unutmağı  və  tərgitməyi öldürmək. 
Sonra... 
Sonra  isə   öldürməyi... 

 
102
 
 
 
 
 
 
 
 
 
 
18. Bağışlanma 
 
Özünə  məhkum olduqca, 
özün cavablar verdikcə öz suallarına 
çəpərlərin böyüyər, hasarların ucalar, 
adamlar o tayda qalar,  
sən eynəklərinin arxasında... 
 
mən tütünlər çəkib şərablar içmiş, 
dənizlərdə günəşlər batırmış adamam.  
özündən yaxşı heç kim aldatmır adamı... 
 
Hara gedirəm, gedim, 
harda gizlənirəm, gizlənim, 
elə hey arxamca düşür 
yeni günün axşamı. 
Amma bilirəm 

 
103
gün gələcək, uduzacaq eynəklər gözlərə,  
şairlər sözlərə uduzacaq gün gələcək
səslər qulaqları bağışlayacaq, 
yollar ayaqları. 
Allah uşaqları... 
 
 
 
 
 

 
104
 
 
 
 
 
 
 
 
 
 
19. Nikbinlik 
 
Nöqtə kimi gələcəksən
Bitdiyimi bildirəcək
Sənə vaxtsız deyəcəklər, 
Bu da məni güldürəcək. 
 
Nə vay-şivən, nə göz yaşı, 
Nə qorxu, nə can təlaşı, 
Barmaqların uzaqbaşı, 
Gözlərimi söndürəcək. 
 
Bitəcəksə bir gün yolum, 
Üzmü cırım, saçmı yolum? 
Ölmə, ölüm, qurban olum, 
Bəs məni kim öldürəcək? 
 

 
105
 
 
 
 
 
 
 
 
 
 
20.  Adam 
 
Gecələrin gec gəlib,  
tez bitməsinə alışmışkən, 
barışmışkən telefonun  
bülbül səsindən də gözəl sükutuyla... 
(Ximenes haqlıydı) 
 
Baharda – 
hə, hə, 
baharda 
ümid gözlərinə bənzəməyə çalışarkən, 
alışarkən çiçəkçi vitrinində qızılgüllər, 
sms-lərə yay endirimi  varkən 
siqaret kötüklərindən ürək şəkli çəkən  
okean ürəkli aysberq adam. 
soyuq, qürurlu, məğrur... 
bilməzsən    

 
106
nə qədər üşüyüb, 
nə Titaniklər batıb içində bilməzsən... 
 
Qızlar sevib 
nivea saçlı, 
colgate gülüşlü 
dupont ətirli, gucci öpüşlü, 
tez-tez reklamlara ayrılıb 
serial göz yaşları tökən, 
qızlar deyirəm sənə 
ucuz yerini tapıb 
topdan  romantizm alan, 
kədər geyinən, ağlağan qızlar. 
 
Qızlar sevib ki, 
hobbiləri bədbəxtlik. 
Çərşənbədə ölüblər ki, 
səhər cümə axşamı. 
13-ü cüməyə düşəndə doğulublar ... 
  
Bilməzsən 
tutub əllərindən  kiminsə 
keçmək istərkən sevda yolunu  
qara pişiklərin tıxacına düşən, 
polislərinin fiti, pişiklərinin miyoltusu tək səbri 
olan  
illər olub... 

 
107
 
Amma üşütməz səni 
bu adam, bu aysberq adam, 
içi xarabalıq adam, 
balıq adam 
adam... 
 
 

 
108
Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin