12. Eros üçün
Sən gəlib çatanda getmişdi hamı,
Qaldıq ikilikdə, qaldıq azlıqda.
Köhnə öpüşlərin o şirin tamı,
İçimi göynətdi çıxılmazlıqda.
Otaq geniş idi, zaman darıydı,
Bir az sərxoşuydum, bir az dəliydim...
Soldakı gözündə “gəldim” varıydı,
Sağdakı gözündə “gəlməməliydim”.
Sürüşüb ayaqlar altına düşdü,
Ürəyin, əllərin, tərəddüdlərin.
Sonra gözlərindən utanc sürüşdü,
Sonrasa köynəyin, şalvarın sənin...
141
Susdu maşın səsi, lal oldu küçə,
Günəş ayrı yerə doğdu özünü.
Ulduz gözlərini bərəltdi gecə,
Divarlar utanıb yumdu gözünü.
Sonra zaman keçdi, saatlar ötdü,
Yorulduq, dayandıq, oğrunca güldük.
Dəli bir məhəbbət oyunu bitdi,
Bir az razı qaldıq, bir az üzüldük...
Otaq geniş idi, zaman darıydı,
Güldüm, alnındakı tərini sildim.
Soldakı gözündə “gəldim” varıydı,
Sağdakı gözündə “yaxşı ki, gəldim”.
142
13. Tənbəlin şeri
Nikotinli dodaqlarla
axmaq zarafatlara gülümsəmək,
eynəkli gözlərlə
ağlamaq adamların təkliyinə...
bir az dəyişmək lazımdı
Eyni kafedə
dünənki kimi ümidlənmək nəyəsə...
dünənki üzlə gülmək,
dünənki dişlərlə yemək,
vaxt öldürmək dünənki cümlələrlə
sonda eyni sözü demək:
bir işə girişmək lazımdı...
143
14. Blok
Kilidləmək hər şeyi...
Eskalatorun dibinə
basdırılmış qadının
gözlərindəki yorğunluğu,
ümidsizliyi, kədəri.
İllərdi çayı şəkərsiz içənlərin
qonşularının qanında tapılan şəkəri kilidləmək.
Kilidləmək hər şeyi...
ərsiz və ümidsiz
qadının ikinəfərlik
yatağının boş yerini.
Qaz, su, işıq pulundan
qaçan kişilərin qüssəsini kilidləmək...
144
Bir azdan aldanacaq
və bir azdan qadın olacaq
qızın qızlığını,
yalqızlıqdan şerə hamilə şairin
şeirdən öncəki şeir boyda yalqızlığını
kilidləmək...
Sonra bütün kilidlərə
bir kilid vurub
tolazlamaq dənizə.
145
15. Şablon bir ayrılıq
Günü bu gün
hansısa küçədə,
hansısa qızla
nə cürsə tanış olmalı.
O qızla
nəyəsə görə bir-birimizi sevməli,
nə cürsə sevirəm deməli,
haralardasa gəzməli,
hansısa bir yerdə,
hansısa adi bəhanəylə bir-birimizə sarılmalı.
Günü sabah
kiminsə sözünə inanıb,
nədə isə bir şübhə tapıb,
146
bir-birimizə söz atıb,
özlüyümüzdə düşünərək ki,
bu eşqin sonu çatıb
küsüşüb ayrılmalı.
147
16. Gecə zəngləri
Madam ki, yığmısan niyə susursan?
Dillən, ağzını aç, danış, nəsə de.
Bəxtin var, dəstəkdə məni tutmusan,
Dəstəyi asıram... Çalış nəsə de.
Susursan... Arabir nəfəs alırsan,
Səni nəfəsindən tanımaq olmur.
Əzizim, görünür qız xeylağısan,
Yəqin, utancaqsan qınamaq olmur.
“Əzizim” – deyirəm, əzizimmisən?
Bu söz dodağıma hardan yapışdı...
Sən Allah, de görüm, nəçisən, kimsən?
Elə bil, susmağın mənə tanışdı.
148
Yoruldum, qurtaraq bu oyunu, kəs,
Maraqdan çatladım, kimsən axı sən?
Bəlkə də, sən “o”-san? Yox! Ola bilməz,
“O” olsan susmazdın, bəs onda kimsən?
Qoy baxım saata... Saat düz iki!
Susursan, adamın acığı gəlir.
Arabir sən elə “ah” çəkirsən ki,
Adamın lap sənə yazığı gəlir.
“Ah” çəkdin... Nə deyim bu təəssüfə,
Qulaq as, deyəsən yoxdur ayrı yol –
Qızsansa, dəstəyə öskür bir dəfə,
Əgər oğlansansa işim var, sağ ol.
Öskürdün. Deməli, qız xeylağısan,
Gecənin bu vaxtı buna da şükür.
Denən adın nədir? Harda qalırsan?
İncimə, susursan, yuxum tökülür...
Susursan, vaxtımız ötüşür hədər,
Ay qız, çox danışdın, yaman dillisən!
Nə isə... bugünlük bəsdir bu qədər,
Gecdir, davamını sabah deyərsən...
149
17. Müqəddəs yalanlar
Bir gün getməyib ömürdən hədər,
Nə olsun küsmüşük, barışmışıq biz.
Görüş xatirinə düşün nə qədər,
Müqəddəs yalanlar danışmışıq biz.
Azmı demisən ki: “ universitetdə –
Tədbir var, ay ana” – görüşmüşük biz.
Azmı demişəm ki: “mən internetdə,
Bir az ləngiyəcəm “– gəzişmişik biz.
Azmı demisən ki: “ müəllim saxladı”
Mənimlə bir yerdə olmusan, fəqət.
Azmı demişəm ki: “dekan yoxladı”
Amma görüşmüşük hardasa xəlvət.
150
Azmı demisən ki: “telefondakı,
Qrup yoldaşımdır, yaxın rəfiqəm”
Fəqət anlamayıb anan onda ki, –
Xətdən o ucdakı “rəfiqən” mənəm.
Bir gün də getməyib ömürdən hədər,
Nə olsun arabir dalaşmışıq biz.
Görüş xatirinə düşün nə qədər,
Müqəddəs yalanlar danışmışıq biz.
151
18. Cehiz məsələsi (bir zarafat)
Əzizim, bu söhbət açılmır gündə,
Get ordan qələmi, dəftəri gətir.
İndidən deyirəm sən cehizində,
Nələri gətirmə, nələri gətir.
Yağ gətir, bal gətir, unutma qəndi,
Yumurta qalibmi bax gör hində sən?!
Sənin qaşqabağın yer süpürəndi,
Tozsoran gətirmə cehizində sən.
Vallah istəmirəm qulluqçu, kəniz,
Alarsan “kenzo”dan ətir mənimçün.
Gətirmə qab-qacaq, bagema, servis,
MP3 pleyer gətir mənimçün.
Gətirmə, alaram vedrə, ya səbət,
Bizdə hər tərəfdə dükan, bazardı.
152
“Jiquli” gətirsən pis olmaz, fəqət –
“BMV” gətirsən əla olardı.
Bir az ərköyünsən, bir az uşaqsan,
Nöqtə qoy bunlara, biryolluq bitir.
Hələ çox başımı ağrıdacaqsan,
Mütləq cehizində analgin gətir.
Bitsin bu zarafat gülmə, gülüm, sus,
Səndən bir kibrit də gözləmirəm mən.
Qəlbində eşq olsun, qanında namus,
Özün gəl heç bir şey istəmirəm mən.
153
19. Başlamaq
Günəşimi gecələrdə gizlətdim,
neçə sevgi soyundum ürəyimdən,
neçə adam itirdim,
amma ümidimi üzmədim,
yaşadım, sənəcən, yaşadım.
Tez-tez qaçdım bu şəhərdən
vannalarda kağız gəmilərlə,
içində getmək sözü olan şeirlərlə qaçdım...
Ayaqqabılarımı atdım əjdaha yolların ağzına
amma sən başını qaldırıb saçlarını oynatdın,
gülümsədin...
Bitdim mən
Başladıq Biz.
Səsində tərbiyəli kitablar,
154
susmağında oxunmamış cildlərin ağırlığı,
gözlərin dənizlərlə əkiz...
Dənizgözlüm, səndə doğuldum
bürcüm balıqlar.
155
20. Şairlər
Yazmaq zibillikdə eşələnməkdi,
Sözü tapanacan əllər kir olur.
Hər zibil qabının dərinliyində,
Nəsə yazılası bir fikir olur.
Zibillik gəzirik fikirli üznən,
Pişiklər siçanı pusurlar biznən...
Qumar oynayırıq min ildi söznən,
Kim yaxşı uduzsa o şair olur.
Yazırıq ürəyi hey yeyə-yeyə,
Çıxır hər təzənin kökü köhnəyə.
Ömür dedikləri qara lövhəyə,
Ağarır saçımız təbaşir olur.
156
Dodaqlar silikon, sifətlər boya
Ürəklər qayadır, qayadır, qaya...
Yazırıq yenə də bir olmur dünya,
Amma ki axırda hamı bir olur.
157
21. Metaforasid
17-yəcən
oxuduğum kitablara əsasən
fikirləşirdim ki,
nəslimizdə nə gözəl qadın var,
nə yaraşıqlı kişi...
əşşi,
çünki bizdə heç bir qızın
gözləri ahu, yerişi sona,
saçları ilan,
kirpiyi müjgan,
dişləri sədəf deyildi.
Kişilərin də
nə baxışları şimşək idi,
nə qamətləri çinar.
Nəslin
158
ən uzundrazı Kiçikxanımıydı,
ən liliputu Vüqar.
Sonralar,
lap sonralar
19 yaşımda anladım ki,
zooparkların və qoruqların
qapısını taybatay açmaq və
təşbehləri azadlığa buraxmaq gərəkdi.
Eşidin!
İnsan –
nə ilan,
nə ceyran,
nə çinar,
nə də ördəkdi.
İnsan –
iki gözlük göz yaşı,
iki dodaqlıq öpüş,
bir udumluq ciyər və
ölənədək sevgiyə abunə ürəkdi.
159
22. Aşka sürgün
Niyə ağlayırsan, başına dönüm?
Bəsdir qurtaraq da bu ağlamağı....
Ağlama, öldürmə, qoy rahat ölüm,
Ağlayıb öldürmə ölümqabağı...
Ağlama, elə bil, kitabxanada, –
Könlünü sən mənə açmamısan heç.
Ağlama, fərz elə dərs olanda da,
Mənimlə bufetə qaçmamısan heç.
Əvvəlcə adımı sil telefondan,
Sonra şəklimizdən qayçıla məni.
Təki çıxardasan məni yadından,
Did məni, kəs məni, parçala məni...
160
Nə bilim, rəqs elə, ya mahnı oxu,
Unut... heç qoyma ki, yadına düşüm.
Jurnallar vərəqlə, corab-zad toxu,
Çıxsın yaddaşından səsim, gülüşüm...
Zəng elə ən yaxın bir rəfiqənə,
Soruş “Aşka sürgün“ nə vaxt başlayır?
Danışın kiminsə dalınca yenə,
Deyin: o qız onun nəyin xoşlayır?
Danış o filmdən, bu serialdan,
Həyatdan bir an da üzmə əlini.
Axırda yorulub düşəndə haldan,
Soruş itirdiyin dərs cədvəlini...
Qoyma gözlərindən qəti yaş düşə,
Mənim xatirəmi əziz saxlama.
İçindən keçəni elə həmişə,
İçindən keçəni... bircə ağlama...
161
23. Təkologiya
Mən
Təkologiya elmləri namizədi, təkoloq Qismətəm.
Nə maşınım var, nə evim.
Amma istəyirəm bu şeirdəcə kimisə sevim.
Axxxxx, bu təklik, axxxxxx!!!!!
Nə isə, əşşi,
gəlin namizədlərə baxaq:
Namizəd № 1
Həmişə rəfiqəsiylə gəzir.
Deyəsən mənimki bu qızla alınan deyil.
Bizim binadan üzü metroya tərəf baxanda
sağdakı binada, dördüncü mərtəbədə
162
incəsənət muzeyi kimi təmirsiz eyvanlarında
arabir paltar sərərkən görürəm onu.
Dəftərimə belə qeyd eləmişəm:
“Türkan Şoray gözlü qız”.
Əfsus ki, heç yoxdu tanışlığımız.
Axx, onun gözləri, gözləri....
için sıxılır,
uzanırsan, olmur,
qalxırsan, olmur,
radionu açırsan,
televizora baxırsan,
gəzməyə çıxırsan, olmur.
Darıxır, darıxır, darıxır adam.
Dünyadakı bütün güzgüləri
o gözlərlə barter etməyə hazıram.
nə bilim vəziyyət qəlizdi hələ ki...
Namizəd № 2
Universitetdəki uzun, eynəkli, iri dodaqlı,
qarayanız qız.
Bir az var aramız.
Həmişə saçını sol gözünün üstünə tökür,
Mühazirə zalının qapısına söykənir,
gülümsəyir.
bacısı var əkiz.
Bacısı onun yanında
163
Cakondanın reproduksiyası qədər gözəldi
ancaq.
Axx onun dodaqları, dodaqları...
Yuxularıma girən, beynimi məşğul eləyən
dərsə gəlib ya gəlməyib yoxladığım,
qaçıb, tutub öpməməkdən özümü güclə
saxladığım
Odissey tək bədənimi dirəklərə bağladığım o
dodaqlar,
o dodaqlar...
ümid yoxdu heç...
Namizəd № 3
Kafedəki
uzun, gözəl ayaqlı ofisiant qız.
aramız hesab yazılan çek boydadı.
harda qalır,
ailəsi varmı,
oxuyurmu,
nədir adı?
bilmirəm...
Axx onun ayaqları, ayaqları....
Hər kafeyə gedəndə
Hər dəfə ayaqları gözümə dəyəndə
öz-özümə deyirəm ki, Qismət,
bu ayaqların altında deyilsə cənnət, bəs hardadı?
164
Fikirləşirəm,
bu ayaqlara daha yaxın olmaq üçün
çəngəlimi əlimdən salsam,
ya əyilib ayaqqabımı bağlasam, olmazmı?
Bənzətmə köhnə olmasaydı
diz çökmək,
yaş tökmək də mümkündü.
Dərddi o kafeyə getmək, şirin bir dərd.
Nə isə...
Namizəd № 4
msn-də danışdığım ləqəbi “gözəlçə” qız.
Aramızda
maus, klaviatura və monitor.
Şəklini göndərib:
sambreroda, yarımqol ağ köynəkdə,
mavi cins şalvarda – gülümsəyir yelləncəkdə...
gözəl deyil nə gözləri, nə dodaqları,
nə ayaqları...
Amma yaxşı həmsöhbətdi.
Birincinin gözlərini,
ikincinin dodağını,
üçüncünün ayağını,
dördüncünün söhbətini qarışdırmaq istəyirəm.
Axxxx Epimetey, Epimetey!
165
24. Səndən sonra
avtobusda bir qız oturdu
sənin yerində səndən sonra
amma yerin boş qalmışdı....
166
МЦНДЯРИЖАТ
I bölüm. ÇARƏSİZLİK
1. Uçurum ......................................................................... 7
2. Sevginin gözləri Vanqa ............................................. 10
3. Eskalatorun altındakı qadına ................................. 12
4. Exchange ..................................................................... 14
5. Ümid və Penelopa ..................................................... 16
6. Başıbəlalı ..................................................................... 18
7. Getməyin qeyri-mümkünlüyü ................................. 20
8. Aydınlıq ...................................................................... 22
9. Yağmurda gəzinti ...................................................... 24
10. Mifologiya ................................................................ 26
11. Manekenin saçları ................................................... 28
12. Qadın və onun qərarı ........................................... 30
13. Şəhərin ən qoca fahişəsinə ..................................... 33
14. Bakı üçün elegiya ..................................................... 37
15. Qəzəb ......................................................................... 40
16. Vitrin ......................................................................... 42
17. Mükafat ..................................................................... 45
18. Bomj, Füzuli və ölü siçanlar .................................. 46
19. Veranın yuxusu ..................................................... 48
20. Mono adamın gündəliyi ......................................... 51
21. Tənasüblük ............................................................... 61
22. Böyük Ben üçün qol və divar ................................. 62
23. Pessimizm ................................................................. 64
II bölüm. ÜZÜNTÜ
1. Tuneldə ....................................................................... 67
2. Rekviyem .................................................................... 70
167
3. Heç nə, heç nə... ......................................................... 72
4. Paranoikin gündəliyindən ........................................ 74
5. Bir Hitchcock ssenarisi… .......................................... 77
6. Azalma ........................................................................ 79
7. Vəba xəstəsinin son günlərindən ............................ 81
8. Məlikməmmədin quyudan üçüncü
qıza yazdıqları ............................................................... 83
9. Absurd ........................................................................ 86
10. Bilmək istəmirəm… ................................................ 88
11. Bir mesaj qədər ........................................................ 89
12. Gecənin melanxoliyası .......................................... 91
13. Olmamalıydı ............................................................ 93
14. Qürub ........................................................................ 95
15. Olmur ........................................................................ 97
16. Saxla... ....................................................................... 98
17. Unutmaq, tərgitmək və öldürmək .................... 100
18. Bağışlanma ............................................................. 102
19. Nikbinlik ................................................................. 104
20. Adam ...................................................................... 105
21. Darıx-an-tik ............................................................ 108
22.Çarəsizlik ................................................................. 109
III bölüm. NO COMMENT
1. Yalan .......................................................................... 113
2. Analiz ........................................................................ 114
3. Qorxu ........................................................................ 116
4. Edison üçün silsilə ................................................... 118
5. Şillə ............................................................................ 124
6. Üzü işığa ................................................................... 125
7. Döymək..................................................................... 127
168
8. Qış gecəsi – 2005 ...................................................... 128
9. Şaxta babanı gözləmək ........................................... 130
10. Qar ........................................................................... 132
11. Axtarış ..................................................................... 137
12. Eros üçün ................................................................ 140
13. Tənbəlin şeri ........................................................... 142
14. Blok .......................................................................... 143
15. Şablon bir ayrılıq ................................................... 145
16. Gecə zəngləri.......................................................... 147
17. Müqəddəs yalanlar ................................................ 149
18. Cehiz məsələsi (bir zarafat) .................................. 151
19. Başlamaq ................................................................. 153
20. Şairlər ...................................................................... 155
21. Metaforasid ............................................................ 157
22. Aşka sürgün ........................................................... 159
23. Təkologiya .............................................................. 161
24. Səndən sonra .......................................................... 165
Dostları ilə paylaş: |