SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
#16928
1   2   3   4   5   6   7   8   9   ...   14

VAR 
 
Bu faniyə bel bağlayıb, demərəm ki minim var, 
Mərd kəslərin əsiriyəm, namərdlərə kinim var. 
Bədəsilin əməlindən yaxa cırıb, dad çəkən, 
Yerə, göyə lərzə salan fəryadım var, ünüm var. 
 
“Əlif”, “bey”dən başlamışam, oxumuşam “Əmmə”ni, 
Ustadlar elmim arasın, bilməsinlər kəm məni. 
Xudam özü xəlq eləyib yoluna möhkəm məni, 
Şəriəti anlamışam, imanım var, dinim var. 
 
Şiruyəyəm, yaxşı-yaman adım dildə qalacaq, 
Dost qohumlar hərdən-hərdən məni yada salacaq. 
Gödək ömrüm əmanətdi, zalım fələk alacaq, 
Gedərgiyəm bu fanidən, bir sayılı günüm var. 
 
  
  
ƏLDƏN GEDƏR 
 
Bedasıla əmək çəkmə, zəhmətin əldən gedər. 
Naməhrəmə ağız vermə, hörmətin əldən gedər. 
Taleyinə nə yazılıb əzəl, axır görəcən, 
Elə bilmə ağ yalandı, qismətin əldən gedər. 
 
Odu pambıqda gizləmə, tüstüsü göz çıxarar, 
Yalançının adətidi, özündən söz çıxarar. 
Ehtiyac odsuz, alovsuz canından köz çıxarar, 
Qəza gəlib tutsa səni, ziynətin əldən gedər. 
 

             
                           
                          Susma, ürək…
 
 
85 
Pis ağızdan pis söz çıxar, pis fikirdən pis əməl, 
Dostla qabaq-qarşı gəlsən sor halını sən əzəl. 
İnanma yağlı dillərə, arzun olar bir xəzəl, 
Düzəlməsi müşkül olar, niyyətin əldən gedər. 
 
Əsirgəmə, gərəkdirsə ver canını canana, 
Əsli, soyu öz yerində, dərd anlayıb qanana. 
Söyləmə gövhər sözünü nadan oğlu nadana, 
İtirər öz qiymətini, hikmətin əldən gedər. 
 
Ay Şiruyə, namərdlərin körpüsündən keçmə gəl, 
Naməhrəmin əllərindən badə alıb içmə gəl, 
Hiyləgərdən məsləhətçi, yaltaqdan dost seçmə gəl, 
Həyasızdan həya saxla, ismətin əldən gedər. 
 
 
VERƏR 
 
Mərd igidlər meydan açar, igidlikdən san verər, 
Hatəm əhli süfrə salar halalından nan verər. 
Ataların dür sözüdür, mən deyirəm, sən eşit: 
Hiylə ilə mətləb uman, töhmət ilə can verər. 
 
Toxuduğun xalı deyil, naxışda boya yoxsa, 
Abır yoxdur, ismət yoxdur hər kimdə həya yoxsa, 
Loğman olsan nəyə gərək, əlində saya yoxsa? 
Toxunmaynan, yaralarım göz-göz olub qan verər. 
 
El oğlunun şad gününə hamı baxıb şad olar, 
Vəfalının, səxalının adı təmiz ad olar, 
Çörək dostu dar günündə uzaqlaşıb yad olar, 
Ürək dostu öz canını dostuna qurban verər. 

Sərraf Şiruyə             
                           
                          
 
 
86 
 
Əksini qara göstərsə inciməynən güzgüdən, 
Yamanlardan betər olar yamanlardan söz güdən. 
Ay Şiruyə, dərin düşün, dilək umma özgədən, 
Çarə versə müşgülünə ədalət-divan verər. 
 
 
 
ÇATAR 
 
Nəfsini möhkəm saxlayan, 
Yəqin təmiz ada çatar. 
Səbirsizlər məğlub olar, 
Səbirli murada çatar. 
 
Seçməyən yaxın-yadını, 
Ləkələyər öz adını. 
Namərd kəsər imdadını, 
Mərd igid imdada çatar. 
 
Yaşayanlar hörmət ilə, 
Əzizlənər izzət ilə, 
Cəhd eyləyən zəhmət ilə, 
Hər şeyə dünyada çatar. 
 
Ay Şiruyə, de nəsihət, 
İtməz eylik, itməz hörmət. 
Hər bəd fikir, bəd xasiyyət, 
Axırda fəryada çatar. 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
87 
 
YOXDU 
 
Adam var, qeyrətdən, ardan kasaddı, 
Ləyaqət çarxının bir pəri yoxdu. 
Adam var, qanında qeyrət çağlayır, 
Arxada köməyi, sipəri yoxdu. 
 
Adam var, ağzından simu-zər tökür, 
Adam var, ismətdən üzü tər tökür, 
Adam var, ortaya böhtan, şər tökür, 
Adam var, ağzının çəpəri yoxdu. 
 
Şiruyə, düşməndi tamah, ləyaqət, 
Təmiz ad, pak namus şöhrətdi, şöhrət. 
Lənət o kişiyə – qeyrət, cəsarət, 
Ürəyində zərrə təpəri yoxdu. 
 
 
 
GÖRMƏYİB 
 
Yaylığa, papağa niyə and içək? 
Bizim ki başımız papaq görməyib. 
Axı yapalağa niyə quş deyək? 
Onun ki ayağı budaq görməyib. 
 
Yaxşı ki bazarda satılmır qeyrət, 
Alıb, yox edərdi biqeyrət əlbət. 
Xəsisdə axtarma səxa, səxavət, 
Əzəldən süfrəsi qonaq görməyib. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
88 
Daşqın qopsa yatağında dayanar, 
Günəşin nuruna dünya boyanar. 
Şamın şöləsinə pərvanə yanar, 
Yarasa ömründə çıraq görməyib. 
 
Şiruyə, məğrurluq deyil hər duruş
Cəsarət istəyir hər meydan, vuruş. 
Zirvə tufanını qartaldan soruş, 
Qarğalar dərədə sazaq görməyib. 
 
 
 
DOSTU OLAR 
 
Gədələrin gədə dostu, 
Bəyin də bəy dostu olar, 
Namərdlərin namərd dostu, 
Səyin də səy dostu olar. 
 
Mənəm, mənəm deyənlərin, 
Öz-özünü öyənlərin. 
Qiybət, giley sevənlərin, 
Qiybət, giley dostu olar. 
 
Şiruyə, an keçmiş dostu, 
Tərəqqidən düşmüş dostu, 
Bişmişlərin bişmiş dostu, 
Çiyin də çiy dostu olar. 
 
 

             
                           
                          Susma, ürək…
 
 
89 
HAYIF OLDU 
 
Şərəfsiz ölümə məndən xəbərsiz, 
Axdı gözlərimdən yaş, hayıf oldu. 
Zirvənin başından bir daş tərpəndi, 
Dəydi bir namərdə daş, hayıf oldu. 
 
Başı piy bağladı arsız bədənin, 
Mənliyi şöhrətə satan gədənin. 
Halal süfrəsindən aqil dədənin, 
Verildi nankora aş, hayıf oldu. 
 
Tamahın, nəfisin ağzı sulandı, 
Maya haramlaşdı, amal bulandı. 
Hörüklər kəsildi, gözlər boyandı, 
Yolundu gündə bir qaş, hayıf oldu. 
 
Fikri bilinmədi qara dinməzin, 
Elin sevincinə üzügülməzin. 
Çəkdi qayğısını qədirbilməzin –  
Fikirlər əlində baş hayıf oldu. 
 
Baxmadı aynada özü-özünə, 
Nahaq kül üfürdü haqqın gözünə. 
Quru ocağına, quru közünə, 
Kəsilib atıldı, yaş hayıf oldu. 
 
Şiruyə, de, danış, nə var əyyamda? 
Mənəmlik baş alan bu dar əyyamda, 
Haqsız zəmanədə, bekar əyyamda, 
Ötüşdü ömür-gün, yaş hayıf oldu. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
90 
 
OLACAQ 
 
Yar yarına tay gəlməsə, 
Ömrü, günü dərd olacaq. 
Namərd çəkəcək namərdə, 
Mərddən olan mərd olacaq. 
 
Gədə minsə el atına, 
Əl atar göyün qatına. 
Gəl çox varma isbatına –  
Qurddan olan, qurd olacaq. 
 
Ay Şiruyə, mərdə söykən, 
Yaxşı biçər, yaxşı əkən. 
Balam deyib layla çəkən, 
Sənə doğma yurd olacaq. 
 
 
 
SAXLA 
 
Ağıllı kamil insan, 
Dövləti dağda saxla. 
Özünü at belində, 
Yayda yaylaqda saxla. 
 
Evində olsun yatar, 
Belində olsun qatar. 
Gözlə birdən pas atar
Naqanı yağda saxla. 
 

             
                           
                          Susma, ürək…
 
 
91 
Tamahına vur kilid, 
Bir ağlar yetim kirid. 
Bir danış, iki eşit, 
Sözü qulaqda saxla. 
 
Şiruyə, sına yadı, 
İtirmə təmiz adı. 
Atı, iti, arvadı: 
Buxovda, bağda saxla. 
 
 
 
GETDİ 
 
İnsan gördüm, bu dünyaya, 
Qoçaq gəldi, qoçaq getdi. 
İnsan gördüm, dərd əlindən. 
Naçaq gəldi, naçaq getdi. 
 
İnsan gördüm, tutdu vardan, 
Döndu dostdan, etibardan. 
İnsan gördüm, qeyrət-ardan. 
Qaçaq gəldi, qaçaq getdi. 
 
İnsan gördüm, gərdi sinə, 
Tufanlara dönə-dönə. 
Şiruyətək düşməninə, 
Bıçaq gəldi, bıçaq getdi. 
  
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
92 
 
EYLƏR 
 
Gədəni şah deyə qaldırsan başa, 
Əl çəkməz fikrindən, gədəlik eylər. 
Naməhrəm qadınlar məclisdən haşa, 
Hər kişi görəndə ədalıq eylər. 
 
Sehirli, sirlidi həyatın işi, 
Qəzada çıxarır quymaq da dişi. 
Atıb övladını ağılsız kişi, 
Gedib özgələrə dədəlik eylər. 
 
Ay Şiruyə, gileyini eylə bəs, 
Şan-şöhrətə göstərməynən çox həvəs. 
Mərd ata, anadan törənən hər kəs
Mərd olar, həmişə sadəlik eylər. 
 
 
 
OĞUL 
 
Beş günlük deyilən qoca dünyada, 
Yamanlıq eyləyib söyülmə, oğul. 
Şöhrət xatirinə namərd önündə, 
Mərdlər əyilməyib, əyilmə, oğul. 
 
Ağıldan, kamaldan tutmamış şələ, 
Güc vermə çənəyə, güc vermə dilə. 
Nə çox acı olma, atalar çölə, 
Nə çox şirin olub, yeyilmə, oğul. 
 

             
                           
                          Susma, ürək…
 
 
93 
Bacar el işində dəyəsən gözə, 
Hər kəsin sözünü deyəsən üzə. 
Öz idrakın olsun, özünə bənzə, 
Sahibsiz paltartək geyilmə, oğul. 
 
Ömür-gün belədir, çox gileylənmə, 
Haqqa nahaq demə, yalan söyləmə. 
Eşit Şiruyəni, döyüş eyləmə, 
Elə ki döyüşdün, döyülmə, oğul. 
 
 
 
GEDƏR 
 
Elə xor baxmaynan nadan, nanəcib, 
El atsa bir daşı, uzağa gedər. 
Zülmət qaranlığı sevər yarasa, 
Pərvanə şöləli çırağa gedər. 
 
Qaldıran, endirən tanrı əlidir, 
Ağladır, güldürür, bəzən ləlidir. 
Bu el misalıdır, el məsəlidir: 
“Uşaq sevildiyi qucağa gedər”. 
 
Xoşdur Şiruyəyə elin cəfası, 
Elinə bağlıdır zövqü, səfası. 
Düşsə də torpağa günəş ziyası, 
Zimistan həmişə sazağa gedər. 

Sərraf Şiruyə             
                           
                          
 
 
94 
 
ETMƏDİMİ 
 
Mənəmlik eyləyən neçə kəslərin, 
Bu dünya yerini dar etmədimi? 
Yıxıb köhlənindən nər igidləri, 
Ömrünü-gününü zar etmədimi? 
 
Niyə düşünmürsən, ay yazıq bəndə? 
Hökm nə səndədi, nə də ki məndə. 
Kəmənd atan özü düşdü kəməndə, 
Qayıdıb özündən ar etmədimi? 
 
Hansı adı deyim, hansı ünvanı? 
Saymaqla hesaba gələrmi sanı? 
Oldu altun, sərvət, şöhrət qurbanı, 
Vaqifi Xuraman xar etmədimi? 
 
İnsanı oynadıb baxır bu dünya, 
Əl-ayaq atmamış yıxır bu dünya. 
Fərhadı öldürüb, axır bu dünya 
Şirini Xosrova yar etmədimi? 
 
Güvənmə, a qardaş, dövlət, varına, 
Dünya düz çıxmayıb etibarına. 
Salıb Şiruyəni qəm, qübarına, 
Vədəsiz saçını qar etmədimi? 
 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
95 
 
ÖLDÜRDÜ 
 
Çoxu əməlinin qurbanı oldu, 
Bir kimsə demədi, günah öldürdü, 
Lənət də yağdırdı çoxları göyə, 
Dedilər “yazığı Allah öldürdü”. 
 
Duyub düşünmədi adətkar, vallah, 
Azdı düz yolunu hər axşam, sabah. 
Tənbəl hey söylədi, – Allaha pənah, 
Bax, o yazığı da pənah öldürdü. 
 
Çoxu axtarmadı yaxşı-yamanı, 
Mənəmlik eyləyib, verdi fərmanı. 
Axırda nəfsinin oldu qurbanı 
Şiruyə, onu da tamah öldürdü. 
 
 
 
QALARMIŞ 
 
Dünya şöhrətiymiş oğul da, qız da, 
İnsana tək bircə canı qalarmış. 
Döyünən ürəyi, düşünən beyni, 
Bir də mey-məzəli anı qalarmış. 
 
Dövlət-var gözəldi, yeyə biləsən, 
Hicranı, həsrəti əyə biləsən, 
Məqsəddən uzaşdım, qardaş, deyəsən. 
İgidin şöhrəti, şanı qalarmış. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
96 
Yola gəlin, bəd əməllər, utanın, 
Adı nədi dostu, yarı satanın? 
Mənim əzizlərim, bəxti yatanın 
Nə ümidi, nə gümanı qalarmış. 
 
Ay Şiruyə, qədrini bil Vətənin, 
Ağıldı bəzəyi başın, bədənin. 
Ömür-gün yolundan gəlib gedənin, 
Bir yaxşısı, bir yamanı qalarmış. 
 
 
 
TƏRİFLƏR 
 
Ataların bir sözü var, əzizim: 
Ağıllılar öz atını təriflər. 
Öz-özünə bəzək vurar axmaqlar, 
Yarımçıqlar arvadını təriflər. 
 
Səxalılar insaf, mürvət gözləyər, 
Təmiz ad, pak namus, hörmət gözləyər, 
Qanan insan eldən qiymət gözləyər, 
Qanmaz insan hər zadını təriflər. 
 
Şiruyəni əgər dərin duyasız, 
İnanmıram söhbətindən doyasız. 
Nə utanar, nə çəkinər həyasız, 
Adı batmış öz adını təriflər. 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
97 
 
SÖYLƏNƏRMİŞ 
 
Gədə oğlu ucalanda, 
Qürrələnib, söylənərmiş. 
Qeyrət, namus, ar bilməyən 
Günü-gündən piylənərmiş. 
 
Utanarmı iki üzlü, 
Var, dövlətə həris gözlü. 
Atalardan qalan sözdü: 
“Balıq başdan iylənər”miş. 
 
Namərd atar ismətini, 
Əskik bilər qismətini. 
Kim itirsə hörmətini, 
El döşündə teylənərmiş. 
 
Nanəcibə çatsa bəylik, 
Xəyalından getməz səylik. 
Yaxşılıq, yamanlıq, eylik, 
Neçə ki var, söylənərmiş. 
 
Ay Şiruyə, bu dünyada, 
Çalış yetiş təmiz ada. 
Əylənməyən zər-zibada, 
Dar məzarda əylənərmiş. 
 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
98 
 
QOY DƏYSİN 
 
Könül, inciyirsən qanandan inci, 
Qanmazlar xətrinə dəyir, qoy dəysin. 
Özünə qiymət ver, sözünü saxla, 
Hərcayı üzünə söyür, qoy söysün. 
 
Həyatda yaşayır yaradan, quran, 
Vətənin hüsnünə yaraşıq vuran. 
Sən sadəlik eylə, sadə gəz, dolan, 
Görməmiş özünü öyür, qoy öysün. 
 
Demirəm, Şiruyə, nahaqla barış, 
Pak amal, pak əməl yolunda çalış. 
Sən həqiqət ara, düz de, düz danış, 
Zəmanə başına döyür, qoy döysün. 
 
 
 
YOXDUR 
 
İnsan var, dünyaya arxa, dayaqdı, 
İnsan var, qəpiyə dəyəri yoxdur. 
İnsan var, əhlidil, qanan, dərdimənd, 
İnsan var, belinin yəhəri yoxdur. 
 
İnsan var, nəfəsi tamam yalandı, 
İnsan var, şeytandı, şərdi, böhtandı. 
İnsan var, iblisdi, şahmar ilandı, 
Kim deyir qarnında zəhəri yoxdur. 
 

             
                           
                          Susma, ürək…
 
 
99 
İnsan var, dünyada şəkildi ancaq, 
Namusu oyuncaq, özü oyuncaq. 
Tamahdan itidi, ismət, qanacaq, 
Ləyaqət yığmağa təhəri yoxdur. 
 
İnsan var, pul üçün dəli, divanə, 
Bütün varlığını qoyub gümanə. 
İnsan var, hər şeyə ögey, biganə, 
Kədəri, qüssəsi, qəhəri yoxdur. 
 
   
 
GÖRMƏDİM 
 
Mənəm deyənləri yüz yol sınadım, 
Uymayan altuna, zərə görmədim. 
Çoxları özünü atdı meydana, 
Kürəyi dəyməyən yerə görmədim. 
 
Kimi bəy olubdu, kimi də ağa, 
Bülbül gülə həsrət, qartal da dağa. 
Gəzdim bu dünyanı başdan-ayağa, 
Tülküsüz, çaqqalsız dərə görmədim. 
 
Şiruyə, hər şeyi gəl salma yada, 
Çox istək vüsalsız gedibdi bada. 
Hünərdən, ilqardan yüz dəm vursa da, 
Xoruza yatmayan fərə görmədim. 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
100 
 
DOSTUNU 
 
Bacar düşmənini dostuna çevir, 
Düşmənə çevirmə, oğul, dostunu. 
Bütün dostlarından gərəkdir sənə, 
Buraxma əlindən ağıl dostunu. 
 
İgidin igidlik tacı dəyişməz, 
Yüz calaq vursan da acı dəyişməz, 
Çölü dəyişsə də, içi dəyişməz, 
Başından tez elə paxıl dostunu. 
 
Demə Şiruyənin gümanı yalan, 
Sərvətə uyanın imanı yalan, 
Dost sayma ilqarı, peymanı yalan, 
Əfsanə dostunu, nağıl dostunu. 
 
 
 
DƏYMƏZ 
 
Vəfalı yar üçün can qurban eylə
Vəfasız yolunda yanmağa dəyməz. 
Nəlayiq qohumu, yalançı dostu, 
Xəyala gətirib anmağa dəyməz. 
 
Kimə gərəklidir istisiz ocaq, 
Ocağı yaşadan odudur ancaq. 
Mahal açmasa da, zaman açacaq: 
Eldən günahını danmağa dəyməz. 
 

             
                           
                          Susma, ürək…
 
 
101 
Kimsəyə əl atıb yetməyən dada, 
Yaşadı nə fayda, öldü nə fayda. 
Heç kimə qalmayan qoca dünyada, 
Şöhrət qabağında sınmağa dəyməz. 
 
Şiruyə, ilqara gəlməyən kəsin, 
Eliynən ağlayıb, gülməyən kəsin, 
Özünü, sözünü bilməyən kəsin, 
Könlünü, fikrini qanmağa dəyməz. 
 
 
 
  
UMMAQ ƏBƏSDİ 
 
Özünü, sözünü duymayan kəsdən, 
Qanacaq, mərifət ummaq əbəsdi. 
Nəlayiqdən, naməhrəmdən, nakəsdən, 
Abır, həya, ismət ummaq əbəsdi. 
 
Qoltuqda ömür-gün sürən kişidən, 
Hər yetənə tərif hörən kişidən, 
Arvadı qabağa verən kişidən, 
Hünər ummaq, qeyrət ummaq əbəsdi. 
 
Ay Şiruyə, uzaq dolan yaltaqdan, 
Qoltuqdadı, başı çıxmaz qoltuqdan. 
Qulağı hər səsə verən sırtıqdan, 
Təmiz salam, ülfət ummaq əbəsdi. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
102 
 
DEMƏ 
 
Təsib saxlamayan, qeyrət bilməyən, 
Xeyirxah olmayan elə el demə. 
Yumruğa dönməyən yeri gələndə, 
Zəhmət tanımayan ələ əl demə. 
 
Əssə də başından qasırğa, külək, 
Nəqabil kimsədən ummaynan kömək, 
El üçün yanmayan ürəyə ürək, 
Haqq üçün ötməyən dilə dil demə. 
 
Eli isitmirsə yanar bir ocaq, 
Sabahın külü bil sən onu ancaq. 
Aşıb neçə dərə, aşıb neçə dağ, 
Haray qoparmayan selə sel demə. 
 
Qanmaza nə desən hədərdi hədər, 
Dünyanın dərdini qananlar çəkər, 
Mənasız, gərəksiz ötürsə əgər, 
O aya ay demə, ilə il demə. 
 
Şiruyə, bu dünya həməndir, həmən, 
Həminki deyilik nə mən, nə də sən. 
Çeşməsiz, çiçəksiz çəmənə çəmən, 
Ətirsiz, qoxusuz gülə gül demə. 
1967-ci il. 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
103 
 
DEYİB 
 
Möhtərəm babalar, ulu ərənlər: 
“Kişi tüpürdüyün yalamaz” deyib. 
Ömrün, günün sonluğunu düşünən, 
Yamanlıq ocağı qalamaz deyib. 
 
Hörmətlə dinməli dinəndə insan, 
Ağır enməlidi enəndə insan, 
Şahlıq köhləninə minəndə insan, 
Əl açıb dörd yanı talamaz deyib. 
 
Nəsihət deyilmi xeyir ilə şər, 
Bəs niyə düşünmür, Şiruyə, bəşər? 
Özünə boy verib hər ər oğlu, ər, 
Özgəsinə meydan sulamaz deyib. 
 
 
 
ÖMÜR VAR Kİ 
 
Ömür var ki, doğan günəş, yanar nur, 
Ömür var ki, ölümdən də betərdi. 
Bir ömür ki, oldu elə gərəksiz, 
Ömür kimi sayılmağı hədərdi. 
 
Ömür var ki, zəhmət dolu get-gəliş, 
Həyat yolu gah yoxuşdu, gah eniş. 
Ömür var ki, hər anı bir yüksəliş, 
Ömür var ki, günü yüz il qədərdi. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
104 
Ömür var ki, Vətən üçün al bayraq, 
Ömür var ki, nə xəbər tut, nə soraq. 
Ömür var ki, millətinə şam, çıraq, 
Ömür var ki, xalqa ləkə, xətərdi. 
 
Ömür var ki, ölməmişdən gəl ağla, 
Ləyaqətsiz ömürlərə gül, ağla. 
Ömür var ki, hər anını alqışla, 
Tarixlərə həkk olunan hünərdi. 
 
Ömür var ki, ay Şiruyə, gülüncdü, 
Ömür var ki, korşalmayan qılıncdı, 
Ömür var ki, özü üçün sevincdi, 
Ömür var ki, Vətən üçün kədərdi. 
 
 
QOYMAZ 
 
Görməmiş varlansa, nadan ucalsa
Dağıdar, bir daşı daş üstdə qoymaz. 
Zalımın əlində olsa imkanı, 
Kəsər, bir bədənin baş üstdə qoymaz. 
 
Mərdlərin zərrəcə qalsa gümanı, 
Yenə əldən verməz dini, imanı. 
Arif olan seçər yaxşı, yamanı, 
Qurunu gətirib yaş üstdə qoymaz. 
 
Şiruyə sənətdə yüz yol sınanıb, 
El oduna gah alışıb, gah yanıb. 
Ağlı olan yaltaq sözə inanıb, 
Əlini göz üstdə, qaş üstdə qoymaz. 

             
                           
                          Susma, ürək…
 
 
105 
 
OLA-OLMAYA 
 
Hər keçən gününü xoş keçir, könül, 
Ya qismət, həmişə ola-olmaya! 
Dosta bel bağlama, əcəl çatanda, 
Bir anlıq gözləri dola-dolmaya. 
 
Dünyanın şöhrəti nəyinə gərək, 
Bir gün dayanacaq döyünən ürək. 
İllərlə oduna yandığın mələk, 
Əl atıb saçını yola-yolmaya! 
 
Güvənmə dövlətə, güvənmə vara, 
Ömür tükənəndə gəlməyir kara. 
Çox da bel bağlama nazlı nigara, 
Bir dəfə qadanı ala-almaya. 
 
Gül-çiçək bəsləmə hicran bağında, 
Qüssə görünməsin al yanağında. 
Yüz dəfə “can” deyən yar dodağında, 
Bir zavallı adın qala-qalmaya. 
 
Şiruyə, gərdişdən çox gileylənmə, 
Yaranmış belədir, hədyan söyləmə. 
Hər fərsiz övlada ümid eyləmə, 
Üstündə nişana sala-salmaya. 
Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin