SƏRRAF ŞİRUYƏ
SUSMA, ÜRƏK...
Bakı – 2015
Sərraf Şiruyə
2
Tərtib edəni və redaktoru:
Araz YAQUBOĞLU
Ön sözün müəllifi:
Tofiq YUSİF
“Susma, ürək...” şeirlər kitabının çap olunmasında
göstərdiyi maddi dəstəyə görə Sərraf Şiruyəsevərlər
adından Əliyev Nəsrəddin Məhəmməd oğluna
təşəkkür edirik.
Sərraf Şiruyə
Susma, ürək... (şeirlər)
Bakı, “SkyG”, 2015, 272 səh.
Minillik xalq şeirimizin görkəmli nümayəndəsi
Sərraf Şiruyənin “Susma, ürək...” adlı kitabında mil-
yonların dilinin əzbərinə çevrilən biri-birindən dəyərli
şeirləri toplanmışdır.
Ümidvarıq ki, kitab poeziyasevərlər üçün xüsusi
bir töhfə olacaqdır.
ISBN 978-9952-440-08-05
© “Sərraf Şiruyə”, 2015
Susma, ürək…
3
OVSUN
Bu fələknən nərd atasan,
Şeş-beş verən zərin ola.
Ortalığa bəxt qoyasan,
Aparmağa sərin ola.
Söz yığasan demək üçün,
Dost tapasan kömək üçün,
Bu dünyanı yemək üçün,
Ağlın, huşun dərin ola.
Ay Şiruyə, al geyəsən,
Yaman gözə gəlməyəsən.
Bir deyənə beş deyəsən,
Arxada bir nərin ola.
Elə təkcə bu şeir bəs edərdi ki, Sərraf Şiruyə elin yad-
daşına köçsün. Halbuki, belə sığallı, şirin və dərin mənalı,
dünya ilə qovğa eyləyən şeirləri yüzlərlədir. Bu şeiri o
günü radioda İrandan bir aşıq da oxuyurdu. Azərbaycanın
bütün bölgələrində uşaqdan böyüyə qədər kimi dindirsən,
yalan olmasın, bu şeiri sənə əzbər deyər. Şiruyə şeiri,
Şiruyə qələmi, Şiruyə təbi, Şiruyə ovsunu budur!
Mən burada Sərraf Şiruyənin tərcümeyi-halından danı-
şası deyiləm. Şairin yaradıcılığı, şairin şeirləri elə onun tər-
cümeyi-halıdır. Yalnız onu deməklə kifayətlənmək istərdim
ki, şair Məmmədhüseynin, Aşıq Nəcəfin, Həsən Xəyallının
yurdunda dünyaya gələn Şiruyə ayrı Şiruyə ola bilməzdi,
elə beləcə, necə var Sərraf Şiruyə olmalı idi.
Nənəsi Başxanım Şəfiqızının ilahi təbindən baş alan,
atası Həsən Xəyallının ilham dəryasında Şiruyə adlı bir tə-
Sərraf Şiruyə
4
latüm yaranmalı idi və yarandı da. Onun doğulduğu şairlər
ocağında “Allaha bəndəlik etməyən” Şiruyə ilhamı sözün
ilahi məqamına yetməliydi. Belə də oldu. Qərbi Azərbay-
canın ulu Göyçə mahalının bir kəndindən boy atıb bütöv
Azərbaycana oğul olmaq Sərraf Şiruyə kimi barmaqla sa-
yılası az-az insana nəsibdir.
Deyirlər ki, zirvələr uzaqdan əzəmətli, vüqarlı görünür.
Ucalığa yaxınlaşdıqca əvvəlki heyrət azalır. Yaxınlarının
gözündə Sərraf Şiruyə bəlkə də elə adi Şiruyə müəllimdir.
Bu təbidir. Lakin, onu da bilmək lazımdır ki, Şiruyəni şeir-
lərilə uzaqdan tanıyanların nəzərində o bir nəhəng istedad
zirvəsidir ki, hər ucalıq hələm-hələm belə urvatla sevilməz.
Haqdan gəlmə vergili şair ayrı necə ola bilər ki?
Büllur gözlü həzin bir bulağın “Segah”ının ovsunundan
kim sehirlənməyib, zirvələrdən sellənən şaqraq bir şəlalə-
nin “Mənsuriyyə” ecazından kim heyrətlənməyib ki, Sərraf
Şiruyənin cilvəli şeir çağlayışından da beləcə sehirlən-
məsin, heyrətlənməsin? Şiruyənin poeziyasını ulu xalqımı-
zın müdrikliyindən qaynaqlanan milli ruh və milli kalorit
ballandırır, qaymaqlandırır. Onun söz düzümündən hansı
mövzu nəğmələnirsə nəğmələnsin, o mövzunun cövhəri,
mayası istəkdən, sevgidən, vurğunluqdan yoğrulur. Həsrə-
tin göynəmindən gizildəyən Şiruyə şeirlərinin nüvəsində də
həmin istək, həmin sevgi, həmin vurğunluq uyuyur. Yəni
onun öz dərdinə də, həsrətinə də vurğunluğu var. Çünki,
dünyanın necə dünya olduğunu bilir, insan ömrünün fəl-
səfəsini anlayır.
Bu dünya insan üçün,
Yalanıymış sən demə.
Verdiyini hər nə var,
Alanıymış sən demə.
Susma, ürək…
5
Başqa bir şeirində:
Dünya oyuncaqdı naşı gözündə,
Olur ağılsızın başı gözündə,
Şahların quruyub yaşı gözündə,
Gözlərində yaş apara bilməyib.
Mənə Sərraf Şiruyənin iki kitabına ön söz yazmaq şərəfi
qismət olub və hiss edirəm ki, hər iki siftəlikdə də onun tu-
fanlı təbinə, çağlar ilhamına layiq söz deyə bilməmişəm
(neyləyim ki, olanım budur?), sözümü deməyə də bilmirəm.
Çünki, onun sehirli yaradıcılığı məni elə cazibəyə salıb ki,
bu qüvvənin çevrəsində cizginməkdən başqa əlacım qalmır
və düzünü deyim ki, bu “əlacsızlıq” mənə ləzzət verir.
Bu dəfə basmaqəlib söz tapdağından uzaqlaşıb, fikrimə
nə gəlirsə, onu yazmaq istəyirəm və məncə bu, günah sayıl-
maz.
Şiruyəni tanımamışdan onun sözlərini, nəğmələrini ta-
nımışdım.
Bir dəfə el şairi Alqayıtla bizə gəldilər. Süfrədən sonra
“Şeir deyişməsi” başlandı, nə başlandı... Onlar da şeir oxu-
dular, mən də. Ev şeir qasırğasına düşmüşdü. Onda lap ya-
xından tanıdım ki, Şiruyənin özü də şeirləri qədər çılğın və
istidir, səmimi və mehribandır, həm də qəzəbi vulkan kimi
yığıb ürəyinə. Vay o günə ki, dediyin haqsız sözün üstündə
israrlanasan, təkid edib, səhvini başa düşməyəsən! Onda
döz də şeirin hiddət gürşadına! Bir dəfə belə bir iş Tərtər
rayonunun Qaradağlı kəndinin mədəniyyət evində Şiruyə
ilə birlikdə hansı tədbirdəsə iştirak edəndə başıma gəlib. O
vaxtdan tövbəliyəm. Nə isə... Əvvəl demişəm, indi də deyi-
Sərraf Şiruyə
6
rəm: “Bu adam bütün varlığıyla təpədən-dırnağa şairdir!”.
Belə şair olduğundandır ki, yazır:
Şərəfsiz ölümə məndən xəbərsiz,
Axdı gözlərimdən yaş, hayıf oldu.
Zirvənin başından bir daş helləndi,
Dəydi bir namərdə daş, hayıf oldu.
Başı piy bağladı arsız bədənin,
Mənliyi şöhrətə satan gədənin.
Halal süfrəsindən aqil dədənin,
Verildi nankora aş, hayıf oldu.
Tamahın, nəfisin ağzı sulandı,
Maya haramlaşdı, amal bulandı.
Hörüklər kəsildi, gözlər boyandı,
Yolunda gündə bir qaş, hayıf oldu.
Fikri bilinmədi qara dinməzin,
Elin sevincinə üzügülməzin.
Çəkdi qayğısını qədirbilməzin-
Fikirlər əlində baş, hayıf oldu.
Şiruyə, de, danış nə var əyyamda,
Mənəmlik baş alan bu dar əyyamda,
Haqsız zəmanədə, bekar əyyamda,
Ötüşdü ömür-gün, yaş hayıf oldu.
Sərraf Şiruyə məncə çoxdan bu elin, bu obanın yadda-
şına köçüb və orada özünə elə yurd salıb ki, qərinələr keçsə
də, zaman-zaman bu iz, bu yer Qobustan qayalarının yazı-
ları kimi silinməyəcək, aşınmayacaq. Sazlı-sözlü Azərbay-
Susma, ürək…
7
can dünyasının yaddaşında nəsildən-nəslə keçərək, əbədi
yaşarlıq tapacaqdır. Çünki, Şiruyənin şeir dili, şeir danışığı
öz doğma xalqının dili, xalqının danışığıdır.
Onun Vətən sevgisi, Vətən istəyi pak sevgidir, halal is-
təkdir. Bir daşı, bir ovuc torpağı, hətta budağı, yarpağı da
Vətən bilən şairin yurd sevgisinə heyrət etməmək olmur.
Həmin daş da, torpaq da, budaq da bu Vətəndə olduğu üçün
Vətəndir!
Hər nazik bir cığır, adi bir keçid,
Hər bələ, hər sızqa bulaq Vətəndir!
O, Vətənə biganəliyi heç kimə, hətta doğma qardaşına,
könül sirdaşına belə bağışlamayan vətəndaş şairidir:
Şiruyə, yurdunu düşmən oxlasa,
Bir ocaq yerini girov saxlasa.
Bir yağı tapdasa, yad ayaqlasa,
Torpaq qan ağlayar, daş ağrı çəkər.
Mənim fikrimcə, əsl poeziya nümunəsi odur ki, o şeir-
də nəinki hər misranın, hətta hər sözün də pətəyi poetik fi-
kirlə elə dolsun ki, adamı duyğulandırmağı, ehtizaza gətir-
məyi bacarsın. O şeiri ki, oxuyanda səni məhvərindən oyat-
madı, mənəvi dünyanı silkələmədi, səni çalxandırmadı, nə-
yə lazımdır ki?! Şeir gərək ovqatda dəyişiklik yaratsın. Şi-
ruyə şeiri belə şeirdir.
Onun eşq aləmi də özünəməxsusdur. Bu aləmdə vüsal
da var, hicran da, sevinc də var, iztirab da. Nə varsa, hamısı
şair üçün əzizdir – vüsalı da, hicranı da, sevinci də, kədəri
də.
Sərraf Şiruyə
8
Əlacsız dəhşətdir ölüm deyilən,
Sevib-sevilməmək ölümdən betər.
yaxud:
A dağlar maralı, ellər gözəli,
Gəl görüşək, sorağına gəlmişəm.
Sən kərəmli ağa, mən günahkar qul,
Kərəm umub, ayağına gəlmişəm.
yaxud:
Azdıq yollarını biz səadətin,
Dözək əzabına indi firqətin.
Qönçə ikən solan bu məhəbbətin
Xəzan sorağına nə tez gəlmisən?
yaxud:
Şiruyəyəm, qəm başımdan çəkilməz,
Məhəbbətim yad istəyə bükülməz.
Özgə baxış, özgə əlnən tikilməz,
Könül evim sökülüdü, sökülü.
Sərraf Şiruyənin şeirlərində Aşıq Ələsgər şeirinin hik-
məti, dadı-tamı var, Aşıq Alı şeirinin göynəmi var, Dədə
Şəmşirin nəfəsi var və bunlar o demək deyildir ki, təqlid
var, eynilik var. O deməkdir ki, duyğuların eyniliyi var, gö-
zəlliyə məftunluq eynidir, Vətənə məhəbbət eynidir, nəha-
yət, dərdə, məlala, hicrana dözüm eynidir. Dostu Yelmara
ünvanladığı şeirdə:
Hər tərəfdən dərd yeriyib üstümə,
Köməyə gəl, bir bərəm ol, bəndim ol.
Taleyimdən gələn qismət acıdı,
Bircə dəfə şəkərim ol, qəndim ol.
Susma, ürək…
9
Nə rütbəm var, nə vəzifəm, – adsızam,
Ona görə ağızlarda dadsızam.
Kimsəsizəm, yuvasızam, yurdsuzam,
Sən obam ol, ocağım ol, kəndim ol –
– deyərək, dostluğun təmənnasız dünyasında hansı tələblə-
rin şərtləndiyinin sətiraltı mənasından başqa, həm də dar
gündə, dar məqamda dostların nə qədər arzulandığını və
gərəkli olduğunu oxuculara çatdırır.
“Həyatın qiymətini biz ölümə borcluyuq” Bəxtiyar Va-
habzadə fəlsəfəsi Şiruyə qələmində ayrı məcraya düşür:
Sevinci qəm, dərmanı dərd,
Şirini acı sevdirər.
Dostu düşmən, mərdi namərd,
Qardaşı bacı sevdirər.
Hikmət deyək təzadlara,
Al günəşə, yağan qara.
Baharı qış, ağı qara,
Gündüzü gecə sevdirər.
Şiruyə Qurani-Kərimin “Nəfsini qoru” tapşırığını, ba-
baların “İnsanın tamahı qılıncdan itidir” və yaxud “Artıq ta-
mah daş yarar, daş qayıdar baş yarar” hikmətini dərk etmə-
yənlərə necə də acı-acı gülür:
Şöhrət xatirinə, var xatirinə,
Bir-birini didənlər var, ay Allah!
Beyni mədəsinə yedəkçi olan,
Neçə-neçə bədənlər var, ay Allah!
Sərraf Şiruyə
10
Xalqın içindən çıxıb onun xaininə çevrilən, yurdu, eli,
obanı taxt-taca, tamaha qurban kəsən və ona görə də bu
milləti ağlar günə qoyan, Vətəni namərd, nankor erməni-
lərin tapdağına təhvil verən vicdansız və şərəfsizlərə qarşı
Şiruyənin içindən nifrət püskürür.
Biz gül əkib, gül becərib, gül umduq,
Niyə alaq, ot göyərib bu yurdda?
Nə tilsimdi, nə cadudu görəsən,
Su quruyub, ot göyərib bu yurdda?
Mat qalmışam, yoxdu canda hənirti,
Heç göyərmir umduğumuz göyərti.
İnsan verməliydi axı cücərti,
Cin, fərişdə-zad göyərib bu yurdda.
Bu dünyanın sirri varmış nə yaman,
Qorxmaq gərək bu sehirdən, ay aman!
Bu torpaq müsəlman, toxum müsəlman,
Bəs niyə bədzad göyərib bu yurdda?
Şiruyənin mərhum qardaşları Nəbi və İmanın xatirəsinə
həsr etdiyi “Qardaşlarım” və “Qalmasın” şeir – ağılarını
oxumaq kifayət edir ki, onun içində mürgüləyən həssas və
kövrək duyğuları, göz yaşına bələnmiş dərdini-sərini duya-
san və hiss edəsən ki, Sərraf Şiruyənin kədəri nə deməkdir.
Zənnimcə, şairləri şair edən səbəblərdən biri də təbiətin
və məhəbbətin gözəlliyidir. Şiruyə ömrünün indiki çağında
da təbiətdən və məhəbbətdən elə hərisliklə, çılğınlıqla yazır
ki, görməyənlər deyər: “Bu şairin bığ yeri təzəcə tərləyir”.
(Şiruyə elə beləcə də var).
Susma, ürək…
11
Abbas Tufarqanlıdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən,
Zodlu Abdulladan, Növrəs İmandan sonra yaranmış cinas
qəhətliyində yeni söz tapıb, təcnis yazmaq, həqiqətən zor
işdir. Amma, Şiruyə üçün bu, elə bil ki, sığallı qoşmalar
yazmaq qədər asan bir məsələdir. Onda da qala dodaq-
dəyməz cığalı təcnis ola.
Talanan şəhərin, dağılan kəndin,
Qalsa, nişangahtək hasarı qalar.
Sərraf, hasarı qalar,
Dərddən ha sarı qalar.
Dağın qartalı getsə,
Yerdə ha sarı qalar.
Dindirsən yar deyin Yaxşılar ağlar,
İstəkdən yadında ha Sarı qalar.
Şiruyənin təcnisləri və cinas bayatıları tamamilə ayrıca
bir elmi işin mövzusudur.
Yazarlar yaxşı bilirlər ki, əruz sirli-sehirli bir aləmdir.
Əruzun bəndi-bərəsi elə müdhiş sıldırımlıdır ki, yazmaq is-
təyəni vahiməyə salır. Şiruyə isə...
Gözəlim, istərəm ki, can ilə canan qovuşa,
Bu həsrət könlüm ilə istədiyi can qovuşa.
O qədər vəslin üçün ahu-nalə eyləmişəm,
Qorxuram kipriklərim arasında qan qovuşa.
Bizim vüsal gecəmiz həsrəti-hicranı yıxa,
Qovuşa bir-birinə, qovuşa, hər yan qovuşa.
Necə şair-şüəra vəsf eyləyə bu gecəni,
Şiruyə bu aləmə ürəkdən, candan qovuşa.
Sərraf Şiruyə
12
Sərraf Şiruyənin yaradıcılığı o qədər çox cəhətli və
çoxşaxəlidir ki, həqiqətən adam bilmir harda başlayıb, har-
da qurtarsın. Bəlkə də, hiss elədiniz, mən ha çalışdım ki,
fikrimi yığcam şəkildə sizə çatdırım, amma, etiraf edirəm
ki, bunu bacarmadım. Çünki, Sərraf Şiruyənin söz qasır-
ğasını “ipə-sapa yatırmaq” mümkün deyil. Bir şeirindən
danışmaq istəyirsən, o biri inciyir, o birindən söz açmaq
istəyirsən, bu biri qalır. Heç birindən də keçmək olmur.
Maşallah, dostum o qədər məhsuldar işləyib, o qədər gözəl
yazıb ki, adam doymaq bilmir. Buna görə də mənim yazım
qısa yox, yarımçıq alındı. Güman edirəm ki, bu günahımı
Şiruyə müəllim bağışlayar.
Şiruyənin iri həcmli əsərləri, ələlxüsus, poemaları ta-
mamilə geniş bir diskusiyanın obyektidir. Həmçinin qəzəl-
lərinin, divanilərinin, təcnislərinin, gəraylılarının, bayatıla-
rının hər biri ayrı-ayrılıqda sirli-sehirli dünyadır. Ümumiy-
yətlə, qardaşım hansı mövzudan yapışır-yapışsın, onu çox
asanlıqla şirin bir şeirə çevirir. (Yazıqlar olsun bəzilərinin
halına ki, bir şeir yazana qədər kipriyilə od götürür!).
Oğul istəyir ki, Şiruyənin şeir dünyasını bir yerə cəmlə-
yib yazı yazsın! Bu, mənim işim deyil. Burada iki-üç söz
demək, dəryadan iki-üç damcı su götürmək kimi bir şeydir.
Sərraf Şiruyənin son dövrlərdə yazdığı poemalarının
mövzusu əsasən ən ağrılı yaramızdan – Qarabağ Müharibə-
sindən söz açır. Bu irihəcmli əsərlərdə məkirli, xəyanətkar
niyyətlərinə çatmaq üçün öz ana-bacılarının namusundan
(bu ifadəmə görə sizdən dönə-dönə üzr istəyirəm) vasitə
kimi istifadə edən ermənilərin Azərbaycan xalqının başına
zaman-zaman gətirdikləri müsibətlərin, məşəqqətlərin poe-
tik bir dillə, tarixi faktlarla ifadəsi, torpağımız uğrunda
ölüm-dirim savaşına qalxan, şəhid olan ərən igidlərimizin
sücaətləri, qəhrəmanlıqları öz əksini yetərincə tapmışdır.
Susma, ürək…
13
Bu əsərləri oxumağa başlayan andan sona qədər şair sanki
millətin yaxasından tutub silkələyir, ermənini erməni kimi
tanımadığı üçün onu qınayır və daldığı qəflət yuxusundan
oyatmaq istəyir, hamını əsil vətəndaş, əsil yurddaş olmağa
səsləyir.
Onun “Vətən sənə oğul dedi”, “Od oğlu od içində”,
“Cəsurlar”, “Ölümdən sonrakı ömür”, “Ölümdən betər”,
“75 yara” və ya “Dəmir Yelmar” kimi irihəcmli poemaları
məhz bu qəbildəndir. Sərraf Şiruyənin bu əsərlərinin hər
biri erməni separatizminin, erməni vəhşiliyinin Azərbaycan
xalqının taleyində yaratdığı göynəmli ağrıların, qanlı izlərin
və iyrənc məkrin real faktlarla ifadəsi, həmçinin Vətən,
Torpaq uğrunda döyüşən, canlarını qurban verən oğul və
qızlarımızın qəhrəmanlıq dastanıdır.
Şiruyənin “Loğman dağı”, “Ana torpaq” və “Göyçə ya-
man göynədi” poemaları onun nə qədər geniş poetik im-
kanlara malik olduğunu təsdiqləyən əsərlərdəndir.
Şiruyənin dastanlar müəllifi kimi qazandığı şöhrət şeir-
lərinin ona gətirdiyi ad-sandan az deyil. Onun “Aşıq Nəcəf
və Gülüstan” dastanı Dədə Ələsgərin şəyirdi Göyçənin
Daşkənd kəndindən olan çox istedadlı saz-söz ustası Aşıq
Nəcəfin sonu faciə ilə bitən həyatının qəmli hekayətidir.
Qəddar və qansız ermənilər tərəfindən Aşıq Nəcəfin üç igid
oğlunu gözləri qabağında çala qazıb diri-diri basdırmaları,
özünün isə kürəyinə qaynar samovarı bağlayıb öldürmələri
bu pak məhəbbət dastanının gözüyaşlı səhifələridir.
Yazıqlar olsun ki, möhtəşəm bir söz zirvəsi olan Aşıq
Nəcəfin ibrətamiz həyat və yaradıcılığı Azərbaycanda bar-
maqla sayılası qədər az-az adama bəllidir.
Şiruyə belə nadir şəxsiyyətləri üzə çıxaran, onların hə-
yat yollarını öz qələmiylə örnəyə çevirməyi bacaran sənət-
karlarımızdandır.
Sərraf Şiruyə
14
Onun “Göyçəli Hacı Rəhim” dastanı sanki tarixi bir qəh-
rəmanlıq səlnaməsidir. Müəllif bu əsərdə Hacı Rəhimin necə
qorxmaz, cəsarətli bir igid olmasının təsvirilə yanaşı, Həcc
ziyarətinə getməsindən, tədbirli, sanballı, sözü ötkəm, ümu-
miyyətlə, ləngərli “köhnə kişi”lərdən olmasından çox ma-
raqlı və şirin bir dillə danışır, o dövrün adlı-sanlı, qoçaq kişi-
ləriylə bizi tanış edir. Dastanda ən maraqlı məqamlardan biri
Hacı Rəhimin erməni generalı Selikovun başını xəncərlə ne-
cə kəsdiyini təsvir edən səhnədir (Həmin xəncəri əziz bir xa-
tirə kimi şair Sərraf Şiruyə bu günə qədər saxlayır).
Biz gərək özümüzə bağışlamayaq ki, belə xalq qəhrə-
manlarımızı hələ də millətimizə yaxşı tanıda bilməmişik,
onların adlarını əbədiləşdirmək üçün heç nə etməmişik!
Heyiflər olsun!
Ümumiyyətlə, təbi coşğun Sərraf Şiruyənin uzun illər
boyu bədii düşüncələrinin məhsulu olan “Ağlama, bülbül,
ağlama” (1994), “Ölümdən sonrakı ömür” (1997), “Cə-
surlar” (2000), “İgid ölər, adı qalar” (2002) və başqa kitab-
ları çağdaş poeziyamızın sanballı nümunələrindəndir.
Yaratdığı belə gözəl əsərlərinə və bənzərsiz şeirlərinə
görə Sərraf Şiruyə Azərbaycan Yazıçılar Birliyinə və Azər-
baycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuş, “Qızıl Qə-
ləm”, “Məmməd Araz”, “Həsən bəy Zərdabi” mükafatları
laureatı diplomlarına layiq görülmüşdür.
Əlbəttə, yaradıcı adamların əməyinin dövlət tərəfindən
qiymətləndirilməsi, onlara fəxri adların verilməsi çox yaxşı
haldır. 65 yaşını haqlamış Sərraf Şiruyənin də yüksək döv-
lət qayğısına mənəvi ehtiyacı var. Amma xalqın öz nəzərin-
də “Xalq şairi” olmaq da heç pis deyil.
Dostları ilə paylaş: |