Sərraf Şiruyə
98
QOY DƏYSİN
Könül, inciyirsən qanandan inci,
Qanmazlar xətrinə dəyir, qoy dəysin.
Özünə qiymət ver, sözünü saxla,
Hərcayı üzünə söyür, qoy söysün.
Həyatda yaşayır yaradan, quran,
Vətənin hüsnünə yaraşıq vuran.
Sən sadəlik eylə, sadə gəz, dolan,
Görməmiş özünü öyür, qoy öysün.
Demirəm, Şiruyə, nahaqla barış,
Pak amal, pak əməl yolunda çalış.
Sən həqiqət ara, düz de, düz danış,
Zəmanə başına döyür, qoy döysün.
YOXDUR
İnsan var,
dünyaya arxa, dayaqdı,
İnsan var, qəpiyə dəyəri yoxdur.
İnsan var, əhlidil, qanan, dərdimənd,
İnsan var, belinin yəhəri yoxdur.
İnsan var, nəfəsi tamam yalandı,
İnsan var, şeytandı, şərdi, böhtandı.
İnsan var, iblisdi, şahmar ilandı,
Kim deyir qarnında zəhəri yoxdur.