Dialoji nitq. Dialoq yunanca dia-iki, loqos-danışıq, nitq mənasındadır. Deməli, dialoji
nitqdə ünsiyyətdə iki nəfər iştirak edir. “Azərbaycan dilinin izahlı lüğətin”də dialoq
(yun.dialogos ) Ədəbi əsərin iki şəxsin söhbəti şəklində yazılmış hissəsi, mükalimə mənasında
işləndiyi göstərilir (13,74). Digər mənbələrdə isə məsələn, A.Qurbanovun “Ümumi dilçilik”
dərsliyində- Dialoq (dialog) sözü mənşəcə yunan dilinə məxsus bir neçə nəfər arasında danışıq
mənasını ifadə edir. “İzahlı dilçilik terminləri” lüğətində isə tərəflərin sayı haqqında heç bir
məlumat yoxdur: “Nitq formalarından biri...” (6, 71); N.Abdullayev, Z.Məmmədovun “Nitq
mədəniyyətinin əsasları” dərsliyində dialoji nitqə “nitq fəaliyyətinin bir forması olaraq
müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı
ünsiyyət, danışıqdır.” tərifi verilmişdir (15). B.Muradov, H.Bayramovun müəllifləri olduğu
“Nitq mədəniyyəti” dərsliyində “ünsiyyətdə iki nəfər iştirak edirsə, buna “dialoji nitq”;
ünsiyyətdə ikidən artıq adam iştirak edirsə və onların hamısı eyni dərəcədə fəaliyyət göstərirsə,
buna “poliloji nitq” deyildiyi” göstərilir (14, 115). Dərslikdə dialoq sözünə mənşəyinə görə
tərif verilərək nitqin aşağıdakı növləri müəyyənləşdirilmişdir: 1.“Dialoji nitq”, 2.“Poliloji
nitq”, 3. “Monoloji nitq”.
Beləliklə, məlum olur ki, dialoji və poliloji nitq anlayışlarının təyinində əsas şərt
ünsiyyətdə iştirak edənlərin sayına görə müəyyən edilir və nitqin növləri təsnif edilərkən bu
şərt gözlənilməlidir.
Dialoq mürəkkəb anlayışdır. O, bir-birindən uzaq, müxtəlif anlayışları birləşdirir.
V.V.Vinoqradov bu barədə yazır: “Bədii əsərlərin dili (nitqi) şifahi və yazılı nitqin çox obrazlı
formasının qarışığı olan müxtəlif tipli monoloq və dialoqun cəmindən ibarətdir”.
Dialoq bədii əsərin, xüsusilə dramatik əsərlərin əsas tərkib hissəsidir və bədii dialoq
adlanır danışıq dilinə çox yaxındır. Burada şifahi danışıq dilinə məxsus yığcamlıq, sərbəstlik,
axıcılıq, emosionallıq və s. əks olunur.
Dialoq obrazların xarakterinin özünəməxsusluğunun aydın və tamamilə üzə
çıxarılmasında xüsusi əhəmiyyət kəsb edir. Buna görə də dialoqda bu və ya başqa leksik-
sintaktik vasitədən (bu, öz yerində lazımdır) daha çox, onun düzgün qurulması vacibdir. Bədii
əsərlərdə dialoqların işlənilməsindən danışarkən, əsasən, aşağıdakı məsələlərə diqqət vermək
lazımdır: bədii əsərlərin quruluşunda dialoqun yeri və vəzifəsi, dialoqun quruluşu, onun
təhkiyəyə qoşulması, replikaların əlaqə xüsusiyyəti və vasitələri, bu əlaqənin xarakteri,
remarkaların xüsusiyyəti, onun replika ilə qarşılıqlı əlaqəsi, replik üslub və onun leksik,
sintaktik xüsusiyyətləri və s.
Dialoqlara həm də yalnız sintaktik və semantik cəhətdən deyil, üslubi cəhətdən də
yanaşmaq lazımdır.