Təşkil olunmamış nitq. Monoloji nitqin bir forması da təşkil olunmamış nitqdir.
Buna
spontan nitq də deyilir.
Spontan nitq xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu cür
hazırlıqsız, düşünlməmiş nitqə
ekspromt da deyilir.
Bu nitq insanların gündəlik həyatda rəy söyləmək, məlumat vermək, münasibət
bildirmək, məsələni izah etmək üçün istifadə olunur. Danışan ani vaxtda öz fikirlərini
cəmləşdirməli, hansı faktı əsas gətirəcəyini, mülahizələrini necə əsaslandıracağını, fikrin aydın
və təsirli olması üçün hansı söz və ifadələri seçəcəyini, istifadə edəcəyi cümlələri və
intonasiyanı müəyyənləşdirməlidir. Spontan nitq müxtəlif şəraitdə baş verə bilər: küçədə, evdə,
işdə və s. Bu zaman danışan nitqi sərbəst şəkildə ifadə edir. Lakin televiziya, radio, verlişləri
üçün ictimai yerlərdə çəkiliş zamanı nəzərdə tutulan çıxışlarda adresat daha məsuliyyətli
olmağa çalışır, ani olsa da düşünür, fikirlərini cəmləşdirir. Bu zaman gərginlik çoxalır, hiss-
həyəcan artır. Mühazirəçi nitqin hər iki formasına hazır olmalıdır.
Monoloji nitqin növləri : mühazirə, məruzə,məlumat, çıxış, nitq.
Mühazirə ali məktəblərdə, elmi idarələrdə, kütləvi tədbirlərdə istifadə olunur.
Məsələn, ölkənin iqtisadi, siyasi vəziyyəti, əhalinin sağlamlığı, ətraf aləmin, ekologiyanın
qorunmasına aid mühazirə.
Mühazirəçiyə yerindən sual verilə bilər,
replikalar söylənə bilər. Məharətli natiqlər
replikalara cavab vermək hüququndan həmişə istifadə edir. Replikalara yerindəcə cavab
vermək olar. Və ya bir qədər sonra, fikirləşərək (məsələn,sakitlik yarananda, yaxud nitqin
sonunda: nitqin sonunu, ya da hər hansı fikri xüsusi vurğulamaq üçün). Replikaya qısa, yığcam
və mahiyyət üzrə cavab vermək lazımdır. Replika natiqə “öldürücü zərbə” olduğu kimi, cavab
da “məhvedici” ola bilər.
Məruzə. Bir mövzü haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqdir. Məruzə
görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, hər hansı vəziyyət ilə bağlı vəzifə sahibinin
qarşısında məruzə, elmi-praktik informasiyalarda elmi məruzə ola bilər. Məruzə qısa və geniş
ola bilər.
Kritik vəziyyətdə yuxarı təşkilat qarşısında məruzə konkret, yığcam olmalıdır.
Beynəlxalq vəziyyətlə, yaxud elmi mövzuda məruzələr əhatəli, geniş olmalıdır. Məruzə üç
hissədən (giriş, əsas hissə, nəticədən ) ibarətdir. Əvvəlcə məsələnin əhəmiyyətindən,
aktuallığından, məqsədə çatmaq üçün hansı yol və üsullardan istifadə edildiyi göstərilir;
görülən işin məzmunu göstərilir, münasibət bildirilir; araşdırmalara yekun vurulur, təkliflər
verilir.
Çıxış. Yığıncaq, müşavirə, nümayiş və konfranslarda edilən məruzə ətrafında
dinləyicinin öz fikrini, münasibətini bildirməsidir. Çıxış yığcam olmalı, mövzudan kənara
çıxmamalı, çıxışların təkrarı olmamalı, ardıcıl,rabitəli və aydın olmalıdır; loru, nalayiq sözlər
işlədilməməlidir.