Sərraf Şiruyə
16
Hər bucağın bir məbəddir,
Hər daşın bir ziyarətdir.
Yer üzündə bir cənnətdir,
Göyçə mahalı, Daşkəndim.
İlham alan sözdən, sazdan,
Xoş söhbətdən, xoş avazdan.
Hər ismətli gəlin, qızdan,
Üzü həyalı Daşkəndim.
Hüsnünü kim görsə əgər,
Sənə cənnət məkan deyər.
Qayası sərt, dağı ləngər,
Səngər, qalalı Daşkəndim.
Dururmu o səcdəgahlar?
O məbədlər, o ocaqlar?
Nəğmə deyirmi bulaqlar?
Zövqü-səfalı Daşkəndim.
Hanı, ərənlərin hanı?
Kim tutubdu o meydanı?
Şiruyənin nəfəs, canı,
Qəmi, məlalı Daşkəndim.
|