Ayrılıq belə düşdü
23
Qaçıb “Yataq” yolu kaş düşəm heydən,
Yay vədəsi qar gətirəm quzeydən.
“Dəmyə”, “Ayrımdərə”, “Uzun Güney”dən,
Üzaşağı sürüşməyə gəlmişəm.
Dost-qohumdan xoş bir ülfət götürüb,
Pak ləyaqət, gözəl adət götürüb.
Qocalardan bir nəsihət götürüb,
Cavanlarla gülüşməyə gəlmişəm.
Xəstəyəm, könlümün ümid, imdadı:
Bir Allah, bir ana, bir Göyçə adı!
Sənsən Şiruyənin yenə ustadı,
Elm öyrənib, yetişməyə gəlmişəm.
Sərraf Göyçəni dedim,
Dağıt göy, – çəni dedim,
Hər kəs öz sevgisini –
Məndə Göyçəni dedim.
Sərraf göyçəməndədi,
Qonub, göy, çəməndədi.
A Göyçə həsrətlilər –
Gəlin, Göyçə məndədi.
Həyatdan bir səs gəldi,
Səs gəldi, nəfəs gəldi.
Ey İlahi, görəsən –
Niyə belə nəs gəldi?!
|