|
Sərraf Şiruyə
8
Qoynundaydı Həzrət Əli bulağı,
Həm imamın, həm Düldülün ayağı.
1
Daşa düşüb bir möcüzə sayağı –
Dərddən, qəmdən uzaq idin, Daşkəndim.
On idimi, yüz idimi bulaqlar?
Nəğmələşən söz idimi bulaqlar?
Qışda büllur üz idimi bulaqlar?
Yayda Buzlu bulaq idin, Daşkəndim.
Mətah idi hər bir otun-əncərin,
Ələyəzin, Quşəppəyin, pencərin.
Əyiləndə bir adamla nəzərin,
Tez küsəyən uşaq idin, Daşkəndim.
Gül-çiçəyə bürünərdi dağların,
Başlayanda sazlı, sözlü çağların.
Müşgü-ənbər qoxuyardı bağların –
Bol-bəhrəli budaq idin, Daşkəndim.
Ayıdərə bir qorxulu ün idi,
Şəyirdərə kölgə düşməz, gün idi.
Ayrımdərə, Xəznədərə gen idi,
Sarıdərə, Çanaq idin, Daşkəndim.
Hər düşəndə qartal, quzğun davası,
Güdaza gedərdi kəklik balası.
Mətah idi qayaların xınası,
Hər bir rəngə boyaq idin, Daşkəndim.
1
Düldül – Həzrət Əlinin atının adı.
|
|
|