İnterfaza. Hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. İnterfazada (lat.
“inter” – arasında, yun. “phazis” – meydana gəlmə) hüceyrə aktiv fəaliyyət göstərir.
Bu dövrdə hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimilyasiya və dissimilyasiya
prosesləri baş verir. Hüceyrə sürətlə böyüyür – hüceyrə orqanoidlərinin miqdarı artır.
İnterfazanın əsas hadisəsi DNT-nin ikiləşməsidir. Bu dövrdə çoxlu miqdarda ATF
sintezi nəticəsində enerji ehtiyat halında saxlanılır. İnterfazanın davametmə müddəti
hüceyrənin tipindən asılıdır. İnterfazanın sonunda hüceyrə bölünməyə hazırlaşır.