Hüceyrənin xromosom yığımı. Hər bir orqanizmin hüceyrəsi müəyyən xromo-
som yığımına malik olur ki, bu da kariotip (yun. “karyon” – nüvə, “typos” – ölçü,
nümunə) adlanır. Orqanizmlərin öz fərdi xromosom yığımı olur; məsələn, insanın
kariotipində 46, drozofildə isə 8 xromosom olur. Müxtəlif orqanizmlərin hüceyrələ-
rində xromosom yığımının birqat (haploid) və ya ikiqat (diploid) olduğu müəyyən
edilmişdir. Birqat xromosom yığımı latın hərfi olan n, ikiqat yığım isə 2n-lə işarə
olunur.
Homoloji xromosomlar. İkiqat (diploid) xromosom yığımına malik orqanizm-
lərdə ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən cüt xromosomlar olur. Belə cüt xromosomları homoloji (yun. “homos” –
eyni) xromosomlar adlandırırlar. Homoloji xromosom cütləri zahirən bir-birinə
oxşardır: onların sentromeri eyni yerdə olur və genlər eyni ardıcıllıqla düzülür.
Belə ki, insanın bədən hüceyrələrində 46 xromosom 23 homoloji cüt yaradır.
Onlardan 22 cütü qadın və kişilərdə eynidir və autosom adlanır. Bir cüt xromosom
isə fərqlidir. Qadınlarda bu xromosom cütü latın hərfləri XX, kişilərdə isə XY ilə
işarə olunur və cinsiyyət xromosomları adlanır.
Orqanizmlərin cinsiyyət hüceyrələrində haploid (n) xromosom yığımı olur. Belə
ki, insanın cinsiyyət hüceyrələrində 23 xromosom var.