Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
Dördüncü fəsil 
 
Gün  əyiləndə  Ağcagilin darvazasından üzünə nimdaş bir ağ  çəkilmiş 
uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, 
yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki 
  
 


330 
 
addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey 
itirmiş, ya tapmışdı. 
Ağca xanım fəryad çəkib diz çökdü. 
Tabutu uzaqlaşdırdılar, onu evə gətirdilər... 
Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı 
dincəlmirdi, yaralı quş kimi budaqdan-budağa enirdi, müsibətinə  şərik 
axtarırdı. 
Toyundakı cah-calaldan vayında bir əlamət görmürdü. Hanı onlar? 
Təbarəklər, hacılar, atalar, analar... Deyəsən o keçmiş dünyadan kimsə 
qalmamışdır. Onların kölgələri isə  Ağca xanımdan qaçır, tində, dalanda, 
qarovul daxmalarında, bazarlarda, zirzəmilərdə, bağ-bağça hasarları 
arxasında gizlənirlər. 
- Qonaqlar hanı? Hanı qonaqlar? 
Həmişə İzzətin səs-küyündən şikayətlənən bu ev indi çıraqsız zülmət bir 
dama bənzəyirdi. Qaranlıq, tənhalıq, ayrılıq həsrəti, peşmançılıq, qulaq 
tutan sükut qadını  məngənə kimi sıxırdı.  İzzətin sağlığında arzuladığı 
asudəliklər, uşaq sandan sərbəstlik bir tikan olub onun gözünə girirdi. O, 
balası ilə bərabər bütün sevinci və ümidlərini də basdırmışdı, həyatdan əli 
üzülmüş kimi, özünü uçurumlardan yuvarlanmış, hələ yerə  dəyməmiş bir 
vəziyyətdə, fəlakət göylərində duyurdu. Uşağı düşündükcə analıq hissləri 
qəlbinin dərinliklərindən qaynayıb çıxırdı. Əsrlərcə dağlar, daşlar təzyiqinə 
uğramış, sıxılmış, boğulmuş bir məhəbbət, güclü və odlu bir axın kimi təkan 
verib yerləri parçalayırdı. Bütün ağırlıqlan aşıraraq üzə  çıxırdı. Dəhşətli 
gurultu qoparır, aləmi lalə  rənginə boyayır, yer üzünü tuturdu. Sanki, 
bundan bu saat müdhiş bir zəlzələnin gurultusu qopacaq, dünyanın bütün 
əzab-əziyyətlərinə son qoyacaq, hər  şeyi bitirəcəkdi. Ağca xanım libasını 
parçalayır, ağ sinəsini bu od işığına verir. Qırmızı maye hələ qaynayır, hələ 
qabarır, köpürür, dünyanı ağzına almaq istəyirdi. Sanki bu axının heç kəslə 
işi yox idi. Yalnız bu tərəfə yönəlib gəlirdi. Ağca xanımın təmiz analıq 
həyatını tapdayan, müqəddəs hisslərini boğan köhnə ziyafət libaslarını, 
gərdək pərdələrini, pəncərə tüllərini yandırınaq, işrət guşələrini, görüş 
məclislərini, gəzinti yerlərini dağıtmaq istəyirdi. 
- Qoyun! Yol verın! Həyat bağçasına su gəlir, qoyun sel də olsa səhraları 
bassın. Qoyun kol-kosu götürsün, zibilləri, xəzəlləri süpürüb aparsın! 
  


331 
 
Bu nədir? 
Ananın gözlərindən axan yaşmıdır, göylərin qəhrindən tökülən 
doludurmu? Tökün, yağdırın güllələrinizi, ey bulud qoşunları! Ana 
sinəsindən qopan həsrət küləyi gurlasın, dolu döysün, sel bassın! Qoy 
məhəbbətin vətəni, analığın üfüqləri tərtəmiz olsun! Hava durulsun, yer 
təmizlənsin, torpaq öz xasiyyətinə qayıtsın! 
 
* * * 
 
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki 
cavanın evlənəcəyinə  şübhələnsin. Elə adam da yox idi ki, bu məsələni 
dilinə  gətirsin. Sanki bu, əvvəldən onların alnına yazılmışdı; sanki bu, bir 
gəncin boy atması, böyüməsi kimi adi və sual qəbuletməz bir həqiqət idi. 
Çoxlarına, hətta bu gənclərin öz ailələrinə də elə gəlirdi ki, Vahid Rübabə 
ilə, Rübabə də Vahid ilə yaranmışdır. Birinin adı gələndə o biri öz-özündən 
xatırlanırdı. Birini görüb o birisini görməyən adam, açılan üfuqün günəşini 
görmək istəyirmiş kimi, intizar çəkirdi. 
Qəribə budur ki, "məhəbbət" haqqındakı bu mənalı sükut yalnız zahiri 
deyildi, hətta Vahid ilə Rübabə ikilikdə, lap tənha gəzişəndə belə bu barədə 
bir kəlmə 
kəsınəmişdilər, danışa bilməmişdilər, guya alovlu 
məhəbbətlərindən söz açsalar dilləri, dodaqları yanacaqdı. 
Belə sözlər ürəklərinə gələndə ancaq bir-birinə baxır, qıpqırmızı qızarıb, 
başlarını  aşağı salardılar. Lakin onların könülləri səssiz oxunan bir kitab 
kimi, bir-birinə  məlum və aydın idi. Bunun qəlbi onun, onun ürəyi bunun 
köksündə idi. Bu sükut uzun sürə bilməyəcəkdi, çünki onların sevgisi ilə, 
bundan doğan və doğmalı olan nəticələr ilə maraqlananlar vardı. Fatma 
arvad oğlundan kağız aldı, həmin kağızda Rübabədən salam-dua eşidəndə 
çarqatını yellədərək eniş-yoxuş  şəhər küçələrindən yeyin ötərdi. Tanışları 
onu dayandırıb soruşardı: 
- Vahidi evləndirirsən deyirlər, ay qız? Allah mübarək eləsin! Qız 
kimlərdəndir? 
Fatma ana səadətinin sevinci, oğul fərəhi ilə danışardı: 
- Mübarəkbadlıq içində olasan! Tarçı  Səttarzadənin qızı  bənd olub, 
gədənin də görürəm, könlü atlanıb, Allah sizinkilərə də qismət eləsin! 
  


332 
 
Fatma arvada Sadığın aldıqları  bəs eləmirdi. Pətəklərin balından satıb 
vurhavur zər-zivər axtarır, parça alır. Gəncəyə  kəlağayı üçün sifariş edir, 
qızıl saat axtarır, qənd, çay hayına qalırdı. 
Dünyada ayın da üzündən ləkə  əskik olmadığı, günəşin də tutulmaq 
dərdi olduğu kimi, bu gənclərin toy tədarükündə  də  qəmgin bir nöqtə var 
idi. Rübabənin bu xeyir işində anası meydanda yox idi. Analar üçün ən 
böyük arzu olan övlad toyu Şirin xanıma qismət olmamışdı. Qadın böyük 
həsrətlə hazırlaşdığı günü görə bilmədi. 
O, vaxtilə qapısına gələn elçiləri nəzakətlə qovardı. "Qızım oxuyur, 
xəyalından da elə  şey keçmir". Bununla belə Rübabəyə hiss etdirmədən 
hazırlıq görərdi. Otaqların ikisini ailənin ümumi ixtiyarından yayındırmağa 
çalışırdı: "Tək uşaqdır, - deyirdi, - kənara verməyəcəyəm". 
Bir ay ərinin rayonlarda verdiyi müsamirələrdən güclü pul gəldi.  Şirin 
xanım həmin pulu öz səliqəsi ilə Rübabənin toy tədarükünə xərclədi. 
Deyəsən, yazıq qadın öləcəyini bilirıniş.  İki ilin içində  əl-ayağını elə 
yığışdırmışdı ki, Rübabə özünü qurulu ev sahibi saya bilərdi. Bu barədə 
danışmağı da xoşlamazdı. Sanki o, elədiklərinin hamısını uzun zaman 
fikirləşəndən, götür-qoydan, qəti rəyə  gələndən sonra edərdi. Bir də 
görərdin küçə qapısı açıldı, hamballar bir dəst mebel gətirib otaqlara 
düzdülər. Bir də görərdin dərzi gəlib pəncərələri ölçdü, məxmər nümunələri 
göstərdi ki: "Pərdə hansından tikilsin?". Bunlar hamısı bütün ailə üçün xoş 
idi, ancaq ixtiyar sahibi Şirin xanım idi. 
Bəlkə hər şey öz qaydasına düşəndən, Rübabəyə qurulu ev hazır olandan 
sonra Şirin xanım qızı ilə qabaq-qabağa oturub nə isə deyəcək, tapşıracaq və 
öyrədəcəkdi. Lakin bu da Şirin xanıma qismət olmadı. Mərəzinin  şiddət 
etdiyi bir axşamda qızını yanına çağırıb, əlini ürəyinin başına qoydu: 
- Eşidirsənmi, - dedi, - qızım? 
Güman ki, Şirin xanımın indi də  qızına bir çox şeylər deməyə dili 
gəlmirdi. Ancaq onun son vurğular ilə döyünən və qüvvətdən düşən qəlbi 
bunları deyə bilərdi və doğrudan da deyirdi: 
- Eşidirsənmi, qızım? 
Rübabə qara, uzun nəmli kirpiklərini çaldı: "Eşidirəm, ana" demək 
istədi. 
  


333 
 
Kirpiklərinin arasından iki damla yaş düşdü. Bunlar balanın anasına son 
və sadiq sözü idi. Rübabə ağladığını anasına bildirınəmək üçün başını yana 
çevirdi, göz yaşını sildi. Dönüb xəstənin üzünə baxanda ruhunun uçub 
getdiyini duydu... 
Bu hadisədən sonra heç kəs toy əhvalatını dilinə gətirməzdi. Səttarzadə 
istəkli arvadının, ömür yoldaşının dünyadan getdiyinə  nə  qədər qüssə 
çəkərdisə, onun bu həsrətinə beş o qədər qəhərlənərdi. Evdə  tək dayana 
bilməzdi. Gözü Şirin xanımı xatırladan bir şeyə sataşdımı, ağsaqqal kişi 
uşaq kimi hönkürtü vurub ağlardı. 
Vahid də Rübabəni gözdən qoymaz, tək buraxmazdı. Dərs ilə, mütaliə 
ilə başını qatar, vaxt tapanda götürüb şəhərə, ictimai yerlərə çıxardı. 
Bu yay Rübabə  də, Vahid də diplomlarını almışdılar. Vahid böyük bir 
tikintiyə mühəndis təyin olunmuşdu, Rübabənin hələlik işləməsini məsləhət 
görmür, "zəifsən, dərsdən sıxılmısan, - deyirdi, - bir-iki ay dincəl, payızda 
havalar sərinləyəndə işləyərsən". 
Deyəsən Sadıq kişi Azərbaycan  İnşaat  İnstitutunun dərs cədvəlindən 
xəbərdar idi. Buraxılış axşamının səhərisi Rübabəni də, Səttarzadəni də 
yuxudan oyadan o oldu. Xurcunu çiynindən aşıran kimi, Səttarzadə 
köynəyinin yaxasını düymələyə-düymələyə o biri otaqdan çıxdı. 
- Xoş gəlmisiniz, Sadıq! 
Sadıq onun əlini sıxdı, Fatmanı təqdim elədi: 
- Tanış ol, Vahidin anasıdır. 
Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi, bərk  əlini 
Səttarzadənin ağ və yumşaq əllərinə toxundurdu. Sadıq evə göz gəzdirdi: 
- Qızım hanı? Dərs ki, qurtarıb. 
- Yuxu dərsi oxuyur. 
Sadıq kişi səsini alçaltdı. 
- Bunu bayaqdan de də, sağ olmuş. Dəyirmançı kimi evə hay salmışam. 
- O biri otaqdadır, eşitməz. 
Fatma arvad ağzı boğulmuş və möhkəm bağlanmış bir torbanı açmaqla, 
orada nəyi isə yerbəyer etməklə məşğul idi. Sadıq kişi xurcunu boşaltmağa 
başladı. İkiqat bükülü şaqqa əti stolun üstünə qoydu, 
  


334 
 
üç  şan təzə bal çıxarıb, ehtiyatla divara söykədi. Səttarzadə  məcməyi 
gətirəndə Sadıq dedi: 
- Götür əlində at-tut, bir damcı düşməz. Ustası elə toxuyub, bizlərin işi 
deyil. 
İçi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Süfrəyə bükülmüş bir 
bərni gilənar mürəbbəsi, lay-lay bükülmüş ağ lavaş, yağlı fətir, baş-baş təzə 
pendir... 
Sonra Sadıq torbanı Fatmanın əlindən aldı. 
- Səttar dadaş, burda bir az ayın-oyun var... Açıq qab... 
Səttarzadə mətbəxə ötdü, Sadıq Fatmaya dedi: 
- Otur dincəl... 
- Yorulmamışam. 
- Yorulmasan da işləməli günlərin gəlir. 
- Təki həmişə xeyir iş olsun. 
Fatma yavaş səslə yerindən soruşdu: 
- Bu kişinin də qızı var? 
- Maral kimi! 
- Subaydır? 
- Subaydır! 
- Necə şeydir, Vahid görüb? 
Sadıq özünü güclə gülməkdən saxladı: 
- Sənin də bir dılğır oğlun var, bütün qızlara müştəri çıxırsan? 
Sadıq torbanı boşaltdı, üstdən qoyulmuş iri və tirməyə oxşar boğçanı 
çıxarıb, ehtiyatla pəncərənin içinə qoydu. Fatma arvad boğçanın yanına 
geldi. Qucaqlayıb gotürdü, bir az da pəncərənin dib tərəfinə qoydu. 
Səttarzadə paltar şkafının ağzını açdı. Sadıq boğçanı arvadından alıb, şkafa 
qoydu. Fatma arvad onun dalınca yeridi, sanki boğçadan ayrıla bilmirdi. 
Sadıq torbanı  ağzı üstə mis məcməyinin içinə çevirdi. Heyva, alma 
ətrafa dığırlandı. Səttarzadə dedi: 
- A Sadıq, bu nə zəhmətdir çəkirsən? 
Rübabə gələndə Sadıq ayağa qalxdı: 
- Qızım, kefin, halın? Lap yaxşısanmı? 
Fatma onu görüb diksindi: 
- Bıy, qızım, sən... Sadıq, məni hara gətirmisən, niyə demirdin bəs? 
Dalısını deyə bilmədi. Ancaq nə demək istədiyini Sadıq anladı.  


335 
 
 
Rübabə Fatmanın əlini sıxıb, xoş gəldin elədi: 
- Nəzirə necədir? Heç məni yadına salırını? Bəs Dilarə niyə  gəlmədi. 
Mənə söz vermişdi. Yalan danışmaq da bilir? 
- Uşağı onun yanına qoymuşuq. Dedik əl-ayağa dolaşmasın, allah qoysa, 
vaxt olar, onlar da gələrlər. 
Rübabə Fatmanı elə danışdırdı ki, Fatma arvad cavabların çoxusuna aciz 
qaldı. O, gəlinlik satan, hər sözünü, yaxşı görünsün deyə ölçən-biçən bir qız 
yox, öz ailəsində adi həyatını yaşayan, sadəliyini pozmayan bir qız kimi 
danışırdı. Fatma nə onun alnından öpə bildi, nə boyunu oxşaya bildi, nə bir 
söz deyə bildi. Rübabə çay gətirir, çörək kəsir, qulluq edirdi. Fatma isə 
heyran-heyran onun izincə fərəhlə baxır, xəyalında deyirdi: 
"Belə də olarmış! Görürsənmi, qismətə baxırsanmı!" Rübabəni kənddən 
yola salanda Sadıq kişi dil-ağız eləmişdi: 
- Qız deyilsən, qızılsan, sənə aslan deyim, tərlan deyim, şura balası 
deyim, nə deyim?! Vahidə hamıdan çox köməyi sən elədin. 
Görüm səni uca rütbələrdə olasan, istəklindən ayrılmayasan! 
Lakin ürəyində  təmin olunmamışdı. "Quru qurbanın olum, nə olsun? 
Bunlar adamlıq elədilər, sən də bacar, xəcalətliyindən çıx". 
Odur ki, bu dəfə  gələndə düşünmüşdü: "Rübabənin  əsil sovqatı bir 
oğlandır ki, tapıb, nişan dəsgahı  bəsdir? Qaldı  mənim qoca yoldaşım, 
onunku da yemək-içməkdir". Bununla kifayətlənməyib, Səttarzadəyə 
papaqlıq, ya palto yaxalığı - bir yaxşı buxara dərisi gətirmişdi. 
Rübabənin "nişan dəsgahı" deyilən sovqatı isə boğçada idi. İndilikdə 
ona kimsə yaxın getmir, kimsəəl vurmurdu, vurmağa da ixtiyarı yox idi. 
Sadıq kişinin gəlişi adi bir qonağın gəlişi deyildi. Onlar nişan üzüyü 
gətirmişdilər. Vahidin əmi oğlusu  Əsgər  əmisi ilə  gələ bilmədisə  də, iki 
günə  qədər özünü Bakıya yetirəcəkdi. Bacısı Dilarə  də  gəlmək istəyirdi. 
Çoxları isə (bibiləri, məktəb yoldaşları...) gözləyir, Vahidin toyuna 
hazırlaşırdılar. 
Yolda Sadıq kişinin Fatma ilə danışığı oldu. Fatma mehmanxanaya, ya 
başqa yerə düşmək istəyirdi. Sadıq kişi dedi: 
- Birbaşa Səttarzadəgilə gedəcəyik! 
- A kişi, xalqı özünə güldürərsən, nişandan qabaq da qız evinə 
gedilərmi? Axı elin qayda-qanunu var. Başarmırsan, çəkil qırağa. 
Sözə qulaq as. 
  


336 
 
- Elin qaydası  nədir? Deyir qohumun evinə getmə, düş o vaxtkı kimi, 
şəhərin canına ki, bu qəstin mənim, o qəstin sənin! 
- Qəstinə düşmə, lap düzün-düzündə qal. Mən nişandan qabaq xalqın 
evinə ayaq basa bilmərəm. 
- Sən basmırsan, mən basıram. İstəyirsən, heç tanışlıq verməyim. 
Deyim qulluqçumuzdur, gətirmişəm. 
Fatma bu sözdən bərk acıqlandı. Üzünü yana çevirdi, bir müddət 
dinmədi. Güman eləyirdi ki, əri küsdüyünü görüb, yola gələr, könlünü alar. 
Sadıq kişi isə arvadının susduğuna bir az sevindi. Pəncərə qabağına keçib, 
fışqırıq çaldı. Fatma durub onun ətəyindən dartdı: 
- Məni qürbət vilayətə rüsvay eləməyə aparırsan? Gözləyəcəyəm Əsgər 
gəlsin, Əsgərsiz heç yerə getməyəcəyəm. Lap bu vaqonda qalacağam. 
Sadıq onu yumşaltdı: 
- Ay arvad, səni çöldən tapmamışam, hara kefindir, aparım. İndi yadıma 
düşür, Vahidin tələbə yoldaşı var, onlara gedərik! 
Fatma sevindi: 
- Ona nə sözüm. Dediyim odur, qız evinə yox. Bəs bu sovqatları necə 
çatdıraq yerinə? 
- Nə var ki, bir hambala verib göndərərəm. 
- Getdiyimiz evdə görəcəklər-axı. 
- Görsünlər də. 
- Yaxşı olmaz. 
- Daha da yaxşı, görərlər ki, sən gəlininə sovqat getirmisən. 
- Sovqatı qonaq evindən çıxartmaq layiqdirmi? 
- Qonaq yeri əjdaha deyil ki! Payını yeyər. 
- Burda nə var ki, pay verəsən. 
- Baxma, burda yeddi kürdün xörəyi var. 
Sadıq arvadını aldadırdı. Onu düz Səttarzadəgilə  gətirmişdi. Fatma 
Səttarzadəni tanımadığından və  əri də onu sadəcə "Vahidin anası" deyə 
təqdim etdiyindən bir şey seçməmişdi. Ancaq Rübabə bəriki otağa keçəndə 
Fatma duydu ki, əri dediyini yeritmişdir. 
İş  işdən keçdiyini görüb, dodağını çeynəyir, "kül mənim başıma, bu 
kökdə  qız evinə  gələrlərıni" - deyə üst-başına diqqət yetirir, çəkilib bir 
küncdə oturmaq istəyirdi. Sadıq isə öz evi kimi dolanırdı. 
Səttarzadə kürsü çəkib, qonaqları çay süfrəsinə çağıranda, Fatma 
üzrxahlıq istədi: 
 
  


337 
 
- Səttar qardaş, gərək bağışlayasan. Bu kökdə evinizə gəlmişik. Günah 
mənimkindədir. Aldadıb gətirib, davamız qalsın sonraya, amma çox layiqsiz 
oldu. Mən Rübabənin yanına karvan-karvan daş-qaş ilə  gəlsəm də azdır. 
Ancaq ki... 
Sadıq güldü. Fatmanı aldatdığını danışdı. Səttarzadə Fatmaya dedi: 
- Nahaq, nahaq utanırsınız, - ətrafına baxdı. Rübabəni uzaqdan görüb 
dedi: - Evlənənlər, işin əsil yiyələri illərlə bir yerdə oxuyub, oturub durur
yoldaşlıq eləyirlər, bizə  nə olub, bir-birimizdən gizlənək? Bizi birləşdirən 
zərgərin üzüyü deyil ki, cavanların xeyir işidir! 
- Yox da, Səttar qardaş, adət var axı. 
- Adət odur ki, pis ilə yaxşını seçəsən. Bunu adət eləsən, aldanmazsan. 
Allahdan gizli deyil, sizdən nə gizlədim. Uşaqlar bunu bizdən yaxşı seçir. 
Can deyib, can eşitdiklərini görürəm, deyirəm təki biz də bu zaman dünyaya 
gələydik. 
Səttarzadənin sözlərindən Fatma açılışan kimi oldu. Yerində  sərbəst 
oturmağa, etrafa arxayın baxmağa başladı. Hətta  əvvəl çəkindiyi "yad 
kişinin" yanında ağız açıb çörək yedi, çay içdi. 
Sadıq Rübabəyə eşitdirdi: 
- Vahid görəsən harada olar, yataqxanada, ya klubda? 
Səttarzadə dedi: 
- Harda olsa gələcək. 
Çay süfrəsi yığılmamış Vahid gəldi, xoş-beşdən sonra ev-eşikdən əhval 
soruşdu. Sadıq kişi dedi: 
- Hamı səndən nigarandır! 
Vahid dedi: 
- Məndən xəbərin yoxdur? Oğulsuz qalmışdın ha! 
Anası dilləndi: 
- Ağzını xeyrə aç! 
Sadıq kişi soruşdu: 
- Niyə, nə olmuşdur? 
Səttarzadə dedi: 
- Təyyarə işinin xatasını bilmirsən? 
Vahid pəncərədən göyü göstərdi: 
- Oradan düşən nə olar? 
Fatma durub oğlunun qolundan tutdu. Dönə-dönə tapşırdığı, lakin 
oğlunun hələ də əl çəkmədiyini yəqin etdiyi bir "xata" peşədən danışdı: 
  
  


338 
 
- Bura bax görüm, ədə, yoxsa genə gedirsən? Çətirdə hoppanırsan! Sənə 
deməmişəm əl çək? 
Vahid onu sakit etdi: 
- Yox, ay ana! Hoppanan-zad yoxdur, təyyarə qırılmışdı, az qala göyün 
yeddi qatından yerə gəlmişdim. 
Fatma arvad uşağa hirslənən kimi əl-qolunu ölçdü: 
- Minmə! Burax onu! Yekə yer sənə darlıq eləyir? Gərək göyə uçasan? 
Allaha xoş gedən sənət sənə qəhət olub?! 
Sadıq kişi oğlunun cürbəcür təyyarə hünərlərini eşitmişdi. Bu söhbətlər 
ona xoş idisə də, hər uçan təyyarəni gördükcə ürəyi bir tikə olurdu: 
- Bala, 
ehtiyatlı ol! Demə hünərdi. Göydən yerə zarafat olmaz, 
gözlə! Cavanlığına salma, bala! 
  
 
* * * 
  
İki gün çəkmədi Əsgər özünü yetirdi. Əmisindən qabaq Vahidi gördü: 
- Necə eləyək? Nişana neçə adam getsin? Alınası bir şey yoxdur ki? 
Vahid dedi: 
- Atam ilə danış. Dilarəni niyə gətirmədin? 
- Toya gələr, bəsidir, neynəyir indidən. 
Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Sadıq kişi 
Səttarzadəni eyvana çağırdı, qırağa çəkib dedi: 
- Səttar dadaş, gəlmişkən yaxşı olar ki, xeyir işimizi qurtaraq. 
Bizim də yolumuz uzaqdır. Uşaqlar da, şükür, dərsi-mərsi qurtarıb, niyə 
qalsın. 
Səttarzadə xeyli Sadıq kişiyə baxdı, sanki onun dediklərini sevincdən 
işıqlanan üzündə oxumaq istəyirdi: sonra, bir şeyi yadına salmaq üçün 
düşünən adamlar kimi, qaşlarını çatıb yuxarıya nəzər saldı; gözlərini endirib 
razılıq ahəngi ilə dedi: 
- Çatdıra bilərikmi? 
Sadıq kişi onun cavabından daha da ürəkləndi: 
- Çatdırnaq deyəndə, nə eləmişiksə eləmişik. Bundan sonra özləri 
fərasətli olar, eləyərlər. Yox, daha gözləməyək, məsləhətdir! 
- Məsləhətdirsə, nə deyirəm. 
 
  


339 
 
Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin 
böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr 
hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı. 
Dənizdən sərinlik gətirən külək bu evdən də  kənara  ətir yayırdı. Süfrə 
başındakıların biri oturanda o biri qalxırdı, biri Vahidə "Həyat ustası" deyib 
badəsini qaldırırdı, bir başqası onu "Göylər fatehi" adlandırır, biri "Sadəcə 
insan", daha biri "Əsrin məsud gənci" deyirdi... 
Birdən səs-səda kəsildi. Hamının diqqəti qapı tərəfə, bir əlində kitab, bir 
əlində badə olan Səttarzadəyə çevrildi; Səttarzadə elə dayanmışdı ki, 
deyərdin evdə heç kəs yoxdur, o ən  əziz bir dostu ilə qabaq-qabağa 
durmuşdur. Onun başı, yaxası açıq, sifəti dinc, gözləri gülər idi; sol əlində 
tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu. 
Səttarzadə bülbül kimi fəğanə gəldi: 
 
"Məndə Məcnundan füzun aşiqlik istedadı var!  
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var". 
 
Səttarzadə bu beyti elə oxudu ki, eşidənlər onun gəncliyə - otuz il 
bundan qabaqkı həvəsinə qayıtdığını güman etdilər. Hamı sevindi, hamı əl 
çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də  eşitmək 
arzusu hamını susdurdu. Sükut daha da dərinləşdi. Səttarzadə kitabı 
qabağına qoydu badəni qaldırıb dedi: 
- Qonaqlar! Dostlar! 
Az danışan və hissini ifadəyə söz tapmaqda çətinlik çəkən adam kimi, 
onun nitqi də qəribə idi. Adamlar eyni maraqla əyləşmişdilər. 
- Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma... - Səttarzadə 
Rübabənin adını  təkcə  çəkməyin yaxşı olmadığını, bunun vaxtı keçdiyini, 
Vahidsiz Rübabə sözünün naqis göründüyünü düşünüb əlavə etdi: - Qızıma, 
oğluma - Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm. 
Adamlar maraqlanıb irəli oturdular. Bəziləri tələsik pıçıldaşdı: "Üzük 
bağışlayacaq". Səttarzadə davam etdi: 
- Bu dünyada hər kəsin bir etiqadı, bir əqidəsi var. Biri Qurana, biri 
İncilə itaət edir, biri təbiəti, maddəni üstün tutur, biri də bunlara inanmır, 
quru bir heçə ürək bağlayır... - Pəncərəyə işarə ilə açıq göyü göstərdi: - Ona 
bax! Əvvəli, axırı olmayan göyə etiqad bağlayır, 
  
 


340 
 
ayəsini, hədisini ayazlı, buludlu göylərdə oxuyur... - Səttarzadə susdu. 
Söhbətinin sanki uzun çəkdiyini görüb badəni yerə qoydu: - Mən də bir cür 
adamam. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! - Qoca xanəndə kitabı 
göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi: 
- Bunun adı  məbəbbətdir. Deyəcəksiniz  əsil məhəbbət kitabda niyə? Onu 
üzük ilə bir yaylıq, bir dəstə gül ilə göstərirlər. Düzdür, əsil məhəbbət 
həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur. 
Nədənsə  mən, Səttarzadə kitabı daha da göyə qaldırdı. Övladına baxıb 
öyünən analar kimi baxdı, gözlərində  fərəh parladı, yanaqlarında təbii bir 
həyəcan qızardt. 
- Nədənsə mən bunu görürəm. Məhəbbət üçün nə üzüyü, nə çiçəyi, nə 
ayrı əlaməti deyirəm. Bu kitab: bu, dostlar bilir, bu kitab yalnız məhəbbət 
deyil. Bax, o göydə ay, günəş gözəldir. Məhəbbət də öz mənasında... 
Səttarzadə nəzərini oturanların üzündə gəzdirdi. Vahidi görüb bir addım 
da irəli yeridi: 
- Oğluma bir zəhmət verəcəyəm... 
Qonaqlar yol açdılar, Vahidi qayınatasının yanına ötürdülər. Səttarzadə 
onu sol qoltuğuna aldı, dönüb o biri otağa baxdı. Sadıq kişi sanki onun 
ürəyindəkini başa düşdü: "Rübabə!" çağırdı. Əsgər o biri otağa getdi. Hamı 
Səttarzadəyə, Səttarzadə də gözü qapıda qızına müntəzir idi. Bənövşə güllü, 
ağ, uzun, ipək libasda, yanaqları lalə kimi yana-yana, ucaboy qız başıaşağı 
içəri girəndə məclisdə ürək qalmadı çırpınmasın, göz qalmadı yaşarmasın. 
Səttarzadə  oğlanın da, qızın da alnından öpdü. Üçüncü dəfə kitabı göyə 
qaldırıb onların üzünə baxdı: 
- Balalarım! Füzuli kimi sevin! Onun kimi böyüyün! 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin