Peşə təhsilində karyera məsləhəti xidməti: Almaniya təcrübəsi
Almaniyada vətəndaşların öz təhsil və iş həyatlarını səmərəli idarə etmələrinə və karyera ilə
bağlı düzgün qərarlar qəbul etmələrinə imkan yaratmaq üçün təhsil alıb-almamasından və işləyib-
işləməməsindən asılı olmayaraq hər kəs üçün həyatının istənilən mərhələsində karyera bələdçiliyi
və ya məsləhət xidməti əlçatandır. Alman karyera məsləhəti sistemi ənənəvi olaraq iki yerə: təhsil
sektoruna fokuslanmış təhsil bələdçiliyinə (Bildungsberatung) və peşə təlimi, məşğulluğa
fokuslanmış peşə bələdçiliyinə (Berufsberatung) ayrılır.
Lakin müasir bilik cəmiyyətində ömürboyu öyrənmənin artan əhəmiyyətini və adekvat karyera
bələdçiliyi xidmətinin getdikcə artan zərurətini nəzərə alaraq, bu bölünmə getdikcə bütün sektorlar
üzrə ömürboyu bələdçiliyin təmin edilməsi lehinə öz mənasını itirir.
Buna görə də, koordinasiya, şəbəkələşmə və əməkdaşlıq çoxsaylı karyera bələdçiliyi,
peşəyönümü xidmətinin səmərəliliyinin təkmilləşdirilməsi üçün zəruri ilkin şərtlərdir [1].
1. Almaniyada peşə və karyera məsləhətinin qanunvericiliklə nizamlanması
Almaniya Federativ Respublikasında məşğulluq agentlikləri peşə və karyera üzrə
istiqamətverici rol oynamaq üçün qanunla müəyyən edilmiş öhdəliklərə malikdir və bu öhdəliklər
almanca “Sozialgesetzbuch” adlanan İctimai Kodeksin III cildinə əsaslanır. Karyera məsləhəti
xidmətinin əsas məqsədi gənclərin məktəbdən təlimə, ali təhsilə və peşəyə keçidində dəstək olmaq,
beləliklə, fərdin təhsil və təlim perspektivlərini reallaşdırmağa kömək etməkdir [2].
Bu məqsədlərə nail olmaq üçün təkcə ümumi və peşə məktəblərinin Federal Məşğulluq
Agentliyi ilə koordinasiyalı şəkildə birgə işləməsinə deyil, həm də onların valideynlərlə, gənclərə
dəstək qurumlarıyla (almanca: jugendhilfe), bizneslə (şirkətlər, assosiasiyalar, palatalarla),
birliklərlə və ali təhsil müəssisələriylə əməkdaşlığına ehtiyac duyulur.
Belə əməkdaşlığa Təhsil və Mədəniyyət İşləri Nazirlərinin Daimi Konfransının (KMK),
Federal Məşğulluq Agentliyinin (BA) və Ali Təhsil İnstitutlarının Rektorları Konfransının (HRK)
20 fevral 1992-ci tarixli “məktəblərin, karyera məsləhətinin və ali təhsil istiqamətvericiliyinin
əməkdaşlığı barədə ortaq tövsiyə”sini misal çəkmək olar. Həmin tövsiyə hələ də üç qurumun
(KMK, BA, HRK) birlikdə işlədiyi və kooperativ strukturlar qurduğu çərçivəni təşkil edir.
Məktəbdən təlimə, ali təhsilə və peşəyə keçiddə bütün tələbələrə məqsədyönlü bələdçiliyi
təmin etmək üçün 15 oktyabr 2004-cü ildə KMK və BA qurumları 1971-dən sonrakı müqavilələri
əvəz edən, məktəblər və karyera məsləhəti xidməti arasındakı əməkdaşlıq haqqında yeni ikitərəfli
çərçivə sazişi imzalanmışdır. Bu sənəd ilə hər iki tərəf bütün gənclərə peşə seçimi ilə bağlı
məsləhət vermək öhdəliyini bir daha təsdiqləyir. Eyni zamanda, bu, gənclərin peşə seçiminə
hazırlanması, məktəbdən iş həyatına keçid prosesində məktəb və karyera məsləhəti əməkdaşlığının
töhfələrini, prinsiplərini, məqsədlərini müəyyənləşdirir [3].
Dostları ilə paylaş: |