______________Milli Kitabxana_____________
149
zərurəti meydana gəlmişdi. Buna görə savadlı mirzələrə ehtiyac
artırdı. Bununla bağlı İkiçayarasında ilk məktəblər məbəd və saray
yanında yaranmışdı.
II minilliyin birinci yarısında İkiçayarası məktəbləri
aşağıdakı qaydada təşkil olunmuşdu. Şumer məktəbi edubba
«kitabələr evi» adlanırdı. Məktəbə «kitabələr evinin atası»
adlanan şəxs başçılıq edirdi. Eyni zamanda o, müəllim idi.
Müəllimə şagirdlər «böyük qardaş» deyirdilər. Şagirdlər
«kitabələr evinin övladları» adlanırdılar. Məktəbin nəzarətçisi
"qamçı tutan" adını daşıyırdı. Nəzarətçi şagirdlərin məktəbə
müntəzəm gəlməsini təmin edirdi.
Şumer məktəbində nizam-intizam sərt idi, təlimdə şallaq
sistemi tətbiq olunurdu. Tədris iki cürə qurulmuşdu. Burada
şagirdlər bir tərəfdən şumer yazı növünü öyrənir, digər tərəfdən
əsərləri əzbərləyir və üzünü köçürürdülər. Qazıntılar zamanı xeyli
belə nüsxə tapılmışdır. Təhsil şagirddən yaxşı yaddaş tələb edirdi.
Yəqin ki, bütün oxuyanlar güclü yaddaşa malik deyildilər. Buna
görə, yaxud başqa səbəbə görə bəzi şagirdlər dərsləri buraxıb, indi
necə deyərlər, «çətin tərbiyə olunan» uşaqlara çevrilirdilər.
Qədim şumer mətnlərinin birində, təxminən 4 min il bundan
əvvəl yazılmış mətndə belə çətin şagird haqda söhbət aparılır.
Ümumiyyətlə, həmin dövrdə məktəb həyatı haqda hekayələr
yaradılırdı. Belə hekayələrdən biri «Ata və fərsiz oğul» adlanır.
Hekayədə ata öz oğluna nəsihət verir, səylə oxumağı, məktəbə
vaxtında gedib-gəlməyi, küçələrdə veyllənməməyi tövsiyə edir.
Ata və oğul arasında belə bir söhbət başlayır:
Ata oğuldan soruşur: «Haraya getmişdin?»
Oğul cavab verir: «Mən heç yerə getməmişdim».
Ata deyir: «Əgər sən heç bir yerə getməmişdinsə, nə üçün
veyllənirsən? Dur, məktəbə get, «kitabələr evinin atası» qarşısında
dayan, tapşırılmış dərsi ona danış, məktəb çantasını aç, öz kitabəni
yaz, qoy sənin «böyük qardaşın» sənin üçün yeni tapşırıq kitabəsi
hazırlasın. Dərsi hazırlayandan sonra, onu müəllimə göstər,
mənim yanıma gəl, veyl-veyl gəzmə. Başa düşdünmü, mən sənə
nə dedim?»
Oğul: «Bəli, başa düşdüm və təkrar da edə bilərəm».
|