______________Milli Kitabxana_____________
220
Atın minik və yük daşıma vasitəsi kimi əhəmiyyəti sürətlə artırdı.
Ata sitayiş mərasimləri meydana gəlir, dəfn edilənlərin
məzarlarında atları da basdırırdılar. Məzarlarda dəvə skeletləri də
tapılıb, bu isə dəvəçiliyin də mövcudluğuna dəlalət edir. Əkinçilik
də inkişaf edirdi, suvarma arxları qurulur, şumlama və məhsul
yığımı alətləri təkmilləşdirilirdi. Buğda, yarma, darının bir neçə
növü becərilirdi. Ehtiyatları nəhəng küplərdə saxlayırdılar. Qazax
rayonunun Sarıtəpə kəndində içində taxıl və un qalıqları olan
qablar aşkar edilib. Qazıntılar vaxtı üzüm, nar, gilas, şaftalı
tumları tapılıb, bu da bağçılığın inkişafına dəlalət edir. Saxsı
istehsalatında dulusçuluq kürəsi meydana gəldi, metallurgiyada
naxış basma, naxış açma, qaynaq üsulları mənimsənildi. Qızıl və
gümüş zinət əşyalarının istehsalı artırdı. Toxuculuq sürətlə inkişaf
edirdi. Dəmirin rolu tədricən artır və e. ə. VII əsrdən başlayaraq
onun geniş tətbiqi yer alır. Sənətkarlar arasında yalnız alverlə
məşğul olan şəxslər meydana gəlir. Beləliklə tacir-alverçilər
meydana gəldi. Əvvəllər olduğu kimi evlər çaylaq daşından olan
özül üzərində çiy kərpicdən tikilirdi. Ağdamda Qaratəpə kəndi
kimi bir çox yaşayış məskənləri qala divarları ilə əhatə
olunmuşdu. Kiçik Qafqaz bölgəsində və Naxçıvanda isə nəhəng
qala qalıqları qalmışdır. Bütövlükdə memarlığın səviyyəsi həmin
dövr üçün çox yüksək idi.
Qəbilə başçılarının hakimiyyətinin güclənməsi onların
ilahiləşdirilməsi ilə nəticələnir. Onların məzarı üzərində hündür
təpəliklər yüksəldir, ölümündən sonra da onlara sitayiş edirdilər.
Bu məzarlar məişət əşyaları, bürünc, qızıl, gümüş əşyalar, külli
miqdarda xarici məmulat, bahalı silahlar, zinət əşyaları ilə olduqca
zəngin idi. Çox vaxt başçılarla yanaşı onların nökər, kəniz və
arvadlarını, habelə sevimli atlarını, bahalı yəhər-yüyənləri ilə
birgə basdırırdılar. İnsanlar bütün bunların o dünyada başçıya
gərək olacağına inanırdılar. Üst bürünc və alt dəmir dövrünün dini
təsəvvürlərində oda, suya, dağlara, meşələrə, bəzi ağac növlərinə,
günəşə, aya, ulduzlara sitayiş mövcud idi. Həmin dövrdə
Azərbaycan qəbilələrinin qonşu xalqlar və qəbilələrlə əlaqələri
genişləndi. Cins mal-qara, sənət məmulatı, ərzaq mübadilə
vasitəsinə çevrilir. Beləliklə, üst bürünc və alt dəmir dövrü ibtidai
|