______________Milli Kitabxana_____________
218
mərasimləri meydana gəldi. Əkinçilik, maldarlıq və sənətlərin
inkişafı ictimai münasibətləri dəyişdirdi.
İstehsalat daha çox qüvvə və dözüm tələb etməyə başladı.
Xış arxasına kişi keçdi, o sürü otarır, dəmirçilik, dulusçuluq
edirdi. İqtisadiyyatda aparıcı rola kişi sahib oldu. Beləliklə
patriarxat dövrü başladı, kişi ailənin, nəslin başçısı oldu.
E. ə. III minilliyin əvvəlində Azərbaycanda orta tunc dövrü
başladı. Bu dövrdə burada ayrı-ayrı etnos-mədəni birliklər
meydana gəldi. İctimai və mülki bərabərsizlik gücləndi.
Məskənlər daha böyük, qəbilələr arası əlaqələr isə daha sabit oldu.
Naxçıvanda II Gültəpə, Ağdam rayonunda Üzərlik təpə, Göytəpə
və Çinartəpə məskənləri, Naxçıvanda Oğlan qala və Çalağan təpə
qalaları, Borsunlu, Gəncəçay və digər məzar təpəlikləri həmin
dövrün tətbiq edilmiş abidələridir. Artıq 3500 il bundan əvvəl ( e.
ə. II minilliyin ortası) Naxçıvan şəhəri meydana gəlmişdir. O,
qədim Şərqin şəhər-dövlətlərini xatırladır. Hazırda o,
Naxçıvançay və Ceyrançay arasındakı ərazidə yerləşən II Kültəpə
kimi məlumdur. O, 10 ha ərazini tutur. Azərbaycanın ilk şəhər-
dövlətlərindən birinin mərkəzi olub. Üzərliktəpə, Oğlanqala və
Qarakəpəktəpə kimi məskənlərdə güclü müdafiə istehkamları
aşkar edilmişdir. Onlar nəhəng daş bloklarından tikilib. Bu
məskənlərdəki bəzi binalar bir neçə otaqdan ibarətdir. Ehtimal ki,
bu evlər kübar ailələrə məxsus olub. Orta tunc dövründə bağçılıq,
bostançılıq, üzümçülük və şərabçılıq meydana gəldi. Süni
suvarma qurğuları yaradıldı, əmək alətləri təkmilləşdirildi, xırman
lövhələri icad olundu, onlara heyvan qoşurdular. Həmin dövrün
məskənlərində iri gil küplərində arpa, buğda və darı qalıqları
tapılmışdır. Maldarlıqda xırda buynuzlu heyvan üstünlük təşkil
edirdi. Atdan qoşqu və minik məqsədilə geniş istifadə olunurdu.
Yun parçaların istehsalı artırdı. Orta tunc dövründə sənət ayrıca
fəaliyyət növünə çevrildi. Sənətin kənd təsərrüfatından ayrılması
ilə ictimai-icma dövründə ikinci ictimai əmək bölgüsü baş verdi.
II Kültəpə məskəninin qazıntılarında da bütöv sənətkar
məhəllələri və dulusçu sobaları aşkar edilmişdir. Dulusçuluqda
həm oyma, həmdə mineral boyalar çəkmə üsulu ilə müxtəlif
naxışlar bəzədilmiş yüksək bədii üslublu məmulatlar yaradıldı.
|