______________Milli Kitabxana_____________
233
minillikdən) başlamağa imkan verdiyi üçün dünyəvi əhəmiyyətə
malik tarixi abidələrdir.
Azərbaycanın coğrafi mövqeyi və təbii zənginlikləri
memarlığın təşəkkülünə və inkişafına müsbət təsir göstərmiş
amillərdəndir. Ölkədə müxtəlif növ inşaat materiallarının,
cürbəcür daşların və ağacların, gil, əhəng və gəcin bolluğu tikinti
işləri üçün şərait yaratmışdır.
Mağaralar. Azərbaycan ərazisində tapılmış mağaralar ən
ibtidai və ən qədim insan məskənləri kimi qiymətlidir. Belə
abidələrə misal olaraq, Qazax rayonunda Aveydağda tapılmış iki
mağaranı və Fizuli şəhərinin yaxınlığındakı Azıx mağarasını
göstərmək olar. 215-220 m uzunluğunda olan Azıx mağarası
Azərbaycan ərazisində ən böyük mağaradır. Onun böyük
otaqlarında çoxlu qaya rəfləri vardır ki, bunlardan bəzilərinin
altında 100-150 adam yerləşər. Bu əzəmətli mağaranın divarlarını
çoxlu təbii stalaktit formalar bəzəyir ki, bunlardan sonralar orta
əsr memarlığımızda da geniş surətdə istifadə edilmişdir.
Qobustanın «Böyükdaş» deyilən hissəsində də mağaralar
vardır. Burada təbii mağaralarla yanaşı, qayaların irəliyə doğru
uzanmış çıxıntılarının əmələ gətirdiyi süni mağaralar da
tapılmışdır. Bu tipli mağaraların qara dam yaşayış evlərinin ən
ibtidai forması olduğu güman edilir.
Daş dövrü üçün xarakterik olan təbii və süni mağaralar
Gəncəçay ətrafında, Qubadlı, Zəngilan, Qonaqkənd, Zuvand,
Mərəzə və başqa yerlərdə aşkar edilmişdir.
Meqalitik abidələr. Yunanca meqa - böyük, litos - daş
deməkdir. Ona görə də böyük qaya parçalarından qurulmuş qədim
abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox
növləri vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş
qutuları, daş xiyabanları, qalereyaları göstərmək olar. Bəzən
siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər.
Meqalitik abidələr Avropanın bir çox ölkələrində və Krımda
aşkar edilmişdir. Qafqaz ərazisində də meqalitik abidələrin
müxtəlif tipləri tapılmışdır. Belə abidələr Azərbaycan ərazisində
də çox yayılmışdır. Əksər hallarda onlar dəfn kultu ilə əlaqədar
olaraq yaradılmışdır. Belə nəhəng abidələrin daşlarının ağırlığı 40,
|