TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə28/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   24   25   26   27   28   29   30   31   ...   157
Təsərrüfat.  Azərbaycanın  əlverişli  təbii  şəraiti  istehsal  təsərrüfatına 

yiyələnmiş düzən rayonların sakinlərinə davamlı oturaq həyat tərzi keçirməyə imkan 

verirdi.  Eneolit  yaşayış  yerlərində  əkinçilik  təsərrüfatı  ilə  əlaqədar  materiallar  əldə 

edilmişdir. Buraya, hər şeydən əvvəl, torpağın becərilməsi, taxılın biçilməsi və dənin 

döyülməsində  istifadə  edilən  alətlər  və  həm  də  kömürləşmiş  taxıl  dənləri  daxildir. 

Əkinçilik  məhsulları  saxlanılan  xüsusi  tikililər  də  aşkar  edilmişdir.  Çalağantəpədə 

kərpicdən hörülmüş anbarlardan birində çoxlu miqdarda yanıb kömürləşmiş buğda və 

arpa  tapılmışdır.  Azərbaycan  sakinləri  yumşaq  və  bərk  buğda,  mədəni  ikicərgəli  və 

çoxcərgəli arpa, həm də iki cərgəli yabanı arpa becərirdilər. Tək-tək çovdar dəninə də 

rast gəlinmişdir. Şomutəpə yaşayış yerindən Azərbaycanda ən qədim üzüm çəyirdəyi 

tapılmışdır. Eneolit dövründə iqlim dəmyə əkinçiliyi üçün indikindən daha yararlı idi. 

Bununla  belə  düzən  ərazisində  oturaq  həyat  tərzi  başlanan  dövrdən  oranın  əhalisi  su 

arxları  çəkmək  və  tarlaları  suvarmaq  üsuluna  bələd  idilər.  Qədim  əkinçilərin 

yerqazma,  şumlama  aləti  toxa  olmuşdur.  Toxalar  maral  buynuzundan,  iribuynuzlu 

heyvanların  qıç  və  kürək  sümüyündən  düzəldilirdi.  Şərqi  Zaqafqaziyanın,    xüsusən 

Gəncə-Qazax    düzənliyinin  erkən  əkinçilik  məskənlərindən  çoxlu  miqdarda  toxanın 

tapılması eneolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. 

O  vaxt  xış  hələ  məlum  deyildi.  Ön  Asiya  ölkələrində,  o  cümlədən  Mesopotamiyada 

da  eramızdan  əvvəl  IV  minilliyə  qədər  xışdan  istifadə  olunmurdu.  Öyrəndiyimiz 

dövrün  biçin  alətləri  yaxşı  məlumdur.  Onlar  başlıca  olaraq  yığma  oraqlardan  ibarət 

idi. Oraqların dəstəyi və işlək hissəsi bütöv bir ağac qələmindən düzəldilirdi. Onun bir 



79 

 

ucunda  əl  yeri  qoymaqla  qalan  hissədə  novçavari  yarıq  açaraq  oraya  çaxmaq  və  ya 



dəvəgözü  daşından  lövhə  dişlər  düzülürdü.  Dişlər  ağac  oraqlara  qətran  vasitəsilə 

bərkidilirdi.  Başqa  cür  oraqlar  da  məlumdur.  Məsələn,  Şomutəpədə  öküzün  çənə 

sümüyündən,  Naxçıvan  Kültəpəsində  isə  buynuzdan  düzəldilmiş  oraq  tapılmışdır. 

Məlum  olan  ən  qədim  biçin  alətləri  içərisində  Muğanda  Əliköməktəpə  yaşayış 

yerində  öküzün  kürək  sümüyündən  düzəldilmiş  oraqlar  da  vardır.  Onların  mişarvari 

düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir. 

Eneolit  dövrü  yaşayış  yerlərində  əkinçilik  təsərrüfatı  ilə  bağlı  olan  xeyli  daş 

həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm 

də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar. 

Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da 

böyük  rolu  olmuşdur.  Yaşayış  yerlərində  bəzən  topa  şəklində  çoxlu  heyvan 

sümüklərinə  təsadüf  edilmişdir.  Əliköməktəpə  yaşayış  yerində  bir  sümük  topasında 

öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli 

başqa sümükləri var idi. 

Həmin  dövrdə  yerli  əhalinin  heyvan  sürülərində  müxtəlif  cins  öküz  və 

qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. 

Ev  heyvanları  içərisində  donuz  da  var  idi.  Bəzi  yaşayış  yerlərinin,  məsələn, 

Çalağantəpənin  osteoloji  materiallarına  görə  o,  heyvandarlıqda  hətta  əsas  yerlərdən 

birini  tuturdu.  Yalnız  Muğanda  Əliköməktəpə  yaşayış  yerində  ev  atının  sümükləri 

tapılmışdır.  Bu,  nəinki  Qafqazda,  hətta  bütün  Avrasiyada  ev  atı  haqqında  ən  qədim 

məlumatdır.  Muğan  düzü  dünyada  ev  atının  istifadə  edildiyi  ən  qədim  yaşayış 

yerlərindən biri olmuşdur. 

Eneolit  dövründə  ev  heyvanlarını  başlıca  olaraq  ət  məhsulu  əldə  etmək  üçün 

saxlayırdılar.  Ətraf  mühitdən  əlavə  qida  məhsulları  almaq  bu  dövrdən  insanların 

yardımçı  peşələrindən  birinə  çevrilir.  Bu  məqsədlə  əhali  ceyran,  quş,  balıq  və  su 

quşları ovlayırdı. 

Azərbaycanın  eneolit  qəbilələrinin  süd  məhsulları,  o  cümlədən  yağ 

hazırlamasını  göstərən  birbaşa  dəlillər  olmasa  da,  onların  bəzi  süd  məhsulları 

istehsalından xəbərdar olmasını güman etmək olar. 

Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü 

qəbilələrinin  təsərrüfatının  əsasını  artıq  inkişaf  etmiş  əkinçilik  və  maldarlıq  təşkil 

edirdi. 



Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin