AZƏRBAYCANDA ENEOLĠT DÖVRÜNÜN
ƏKĠNÇĠ-MALDAR TAYFALARI
Abidələrin icmalı. Eneolit sözü latınca aenus (mis) və yunanca litos (daş)
sözlərinin birləşməsindən ibarətdir. Cəmiyyətin tarixi inkişafının ən mühüm
mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini
icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid
mərhələsi idi. Bəzi ölkələrdə bu mərhələ nisbətən tez, digərlərində isə gec
başlanmışdır. Birinci dəfə mis əşyalar Qədim Şərq ölkələrində meydana gəlir.
Azərbaycan və bütün Cənubi Qafqaz misişləmə peşəsinə çox erkən yiyələnmiş ölkələr
sırasına daxildir. Azərbaycanda Eneolit dövrü eramızdan əvvəl VI minillikdən
başlanır və IV minilliyin ortalarına qədər davam edir. Eneolit dövründə iqtisadiyyat
və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın
əsas sahələri olur, əhalinin sayı xeyli artır, əkinçi-maldar qəbilələri geniş ərazilərdə
yayılır, qəbilələrarası əlaqələr güclənir. Bu dövrdə Qədim Şərqin bəzi rayonlarında
siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır.
Eneolit dövründə Azərbaycanda oturaq həyat sürən qəbilələr məskən
salmışdılar. Əkinçilik mədəniyyəti onlara yaxşı məlum idi. Onlar müxtəlif taxıl
növləri becərir, əkin-biçin alətləri hazırlayır, məhsulu yığır, döyür və istifadə
edirdilər. Onların sürülərində, demək olar ki, bütün əsas ev heyvanları var idi.
Əkinçilik və maldarlıq məhsulları Azərbaycanın Eneolit dövrü qəbilələrinin başlıca
ərzaq mənbəyini təşkil edirdi.
Zaqafqaziyada eneolitin öyrənilməsi 50-ci illərdə Naxçıvan şəhəri
yaxınlığındakı I Kültəpə yaşayış yerinin qazıntılarından başlandı. Həmin illərdə Mil
düzündə aparılan arxeoloji tədqiqat işləri böyük marağa səbəb oldu. Burada aşkar
edilən yaşayış yerlərində I Kültəpənin qədim mədəni təbəqəsi üçün səciyyəvi olan
saxsı məmulatının varlığı müəyyən edildi. Abidələrdən əldə edilən material Eneolit
dövrü mədəniyyətinin Şimali Azərbaycanda böyük ərazidə yayılması və onun Ön
Asiya aləmi ilə əlaqəli inkişafını söyləməyə əsas verdi.
60-cı illərdən başlayaraq Mil-Qarabağ düzənliyində Qarqar çayından şimalda
yerləşən abidələrin öyrənilməsi göstərdi ki, buradakı erkən əkinçilik mədəniyyətini
əks etdirən çoxsaylı yaşayış məskənlərinə Azərbaycanın və bütün Zaqafqaziyanın
digər vilayətlərində rast gəlinməmişdir. Zaqafqaziyada eneolit mədəniyyətinin lokal
xüsusiyyətlərinin, əlaqələrinin və qarşılıqlı təsirlərin, xronoloji məsələlərin
öyrənilməsində Ağdam rayonunda Çalağantəpə, İlanlıtəpə və Leylatəpə
qazıntılarından əldə edilən məlumatlar mühüm əhəmiyyət kəsb edir.
76
Eneolit yaşayış yerlərinin bir qrupu da Muğanda Cəlilabad rayonu ərazisində
aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı.
Cənubi Azərbaycanda, xüsusi ilə Urmiya gölü rayonunda bir neçə erkən
əkinçilik mədəniyyəti abidələri öyrənildi. Həsənli, Hacı Firuz, Dəlmətəpə və s.
abidələrdə erkən əkinçi mədəniyyəti qalıqları aşkar olundu. 1948-ci ildə Urmiya
gölünün qərb sahilində Göytəpə yaşayış yerində İlk Tunc dövrü təbəqəsindən altda
eneolit və daha qədimə aid mədəni təbəqənin varlığı müəyyən edildi.
Sonralar eyni vəziyyətə Urmiya gölünün şərqində Yanıqtəpə yaşayış yerində
rast gəlindi. Ancaq Cənubi Azərbaycanın həmin bölgələrdəki abidələri öz
xüsusiyyətlərinə görə fərqlənirlər, bu isə eramızdan əvvəl VI-IV minilliklərdə burada
bir neçə lokal əkinçi mədəniyyətlərini ayırmağa əsas verdi.
Azərbaycan və bütün Cənubi Qafqaz ərazisində Kür çayının orta axarında
aşkar edilən eneolit yaşayış yerlərinin çox böyük əhəmiyyəti oldu. Ötən əsrin 50-70-ci
illərində Şəmkir və Qazax rayonlarında çox maraqlı eneolit abidələri tədqiq edilib
öyrənildi. Bunlardan birinci növbədə Şomutəpə, Töyrətəpə, Babadərviş,
Qarğalartəpəsi, Rustəpəsi, Keçili və s. yaşayış yerlərini göstərmək olar.
Topoqrafik, memarlıq və mədəni qalıqların xarakterinə görə eyni tipli yaşayış
yerləri Gürcüstanın Azərbaycanla qonşu rayonlarında da, xüsusən, Marneuli
düzənliyində tapılmış, ilk dəfə Şomutəpə mədəniyyəti altında qeyd olunan bu yaşayış
məskənləri çox güman ki, Ön Asiya - Qafqaz aləminin şimal həndəvərində yayılmış
ən qədim əkinçi qəbilələrin vahid etno-mədəni mənsubiyyətini əks etdirir.
Cənubda, xüsusən Naxçıvan ərazisində, Mil, Qarabağ və Muğan düzlərində
yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, eneolit dövrünün
başqa etno-mədəni şaxəsini təşkil edir.
80-ci illərdə Ağdam rayonundakı Leylatəpə yaşayış yerində aparılan
tədqiqatlar göstərdi ki, eramızdan əvvəl IV minilliyin başlanğıcında Azərbaycanın
Qarabağ düzənliyinə Mesopotamiyanın Obeyd mədəniyyəti ilə oxşar mədəniyyətə
malik qəbilələr köçmüşlər. Onlar Zaqafqaziyaya bir sıra mədəni və texniki yeniliklər,
o cümlədən metaləritmə istehsal üsulunu gətirmişlər.
Beləliklə, XX əsrin ikinci yarısında aparılan arxeoloji tədqiqatlar Azərbaycan
ərazisində istehsal təsərrüfatının inkişaf mərhələsini əks etdirən Eneolit dövrünün
varlığını və bu dövrün Azərbaycan tarixində fərziyyə olması fikrinin əsassız olduğunu
sübuta yetirdi.
Dostları ilə paylaş: |