Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq. Balıqçılıq.
Azərbaycanda mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda
Avey dağında Damcılı mağarasında təsadüf olunmuşdur. Burada Üst Paleolitə aid
əsas materialdan əlavə Mezolit və Neolit dövrlərinə aid daş məmulatına da rast
gəlinmişdir. Mezolit dövrünə aid zəngin material Qobustanda Böyükdaş və Kiçikdaş
dağları ərazisindəki düşərgələrdən əldə edilmişdir. Mezolit və Neolit dövrünə aid
Damcılı mağarasından tapılmış karandaşvari nüvələr, kiçikölçülü bıçaqvari lövhələr,
xırda qaşovlar, kəsici və deşici alətlər Mezolit dövrünə, arxaik formalı dəstəkli ox
ucları və cilalı daş əşya neolitə aid edilmişdir. Bütün daş məmulatı çaxmaq və
dəvəgözü daşından hazırlanmışdır.
Qobustanın Mezolit düşərgələri (Anazağa, Kənizə, Öküzlər, Firuz, Ceyranlar,
Qayaarası) qayaaltı sığınacaqlarda aşkar olunmuşdur. İri qaya parçalarının arasında
yaranmış bu mağara-sığınacaqlar uzun müddət mənzil kimi istifadə olunmuşdur.
Kənizə sığınacağında qayalararası keçidlər yonulmamış daş parçaları ilə hörülmüşdür.
Sığınacaqların qalınlığı bəzən 1 m-ə çatan mədəni təbəqələrində çoxlu miqdarda daş
məmulatı və ətrafında heyvan sümükləri atılmış ocaq qalıqlarına rast gəlinmişdir.
Sığınacağın qaya divarlarında və mədəni təbəqədən olan hörgü və bəzi adi daşlarda
insan və heyvan rəsmlərinə təsadüf olunur. Qobustanın mezolit və neolit
düşərgələrində alət və silahın hazırlanmasında keyfiyyətli çaxmaq daşından, eləcə də
sümükdən, çaydaşından və qismən əhəngdaşından istifadə olunmuşdur. Qobustanda
və ona yaxın rayonlarda çaxmaqdaşı yatağı məlum deyil. Ola bilsin ki, Qobustanın
qədim sakinləri çaxmaqdaşını konqlomerat çıxıntıları, çay və dəniz daşlara arasından
və ya palçıq vulkanları tullantıları içərisindən seçir, bəlkə də qonşu vilayətlərdən
gətirirdilər.
Mezolitə keçid dövründə Qafqaz və Ön Asiyanın bir çox Mezolit dövrü
abidələrində olduğu kimi, Qobustan düşərgələrinin daş alətləri də mikrolitik səciyyə
daşıyır. Bu, başlıca olaraq həmin dövrdə ox və yayın geniş yayılması ilə əlaqədardır.
İti ucluq, deşici, müxtəlif tipli qaşovlar, kəsər və kəsərciklər bu dövrdə hazırlanan
səciyyəvi alətlərdir. Mikrolitlər əsasən dişli yığma alətlərin, ox, mizraq, nizətipli
silahların və biçin bıçaqlarının hazırlanmasında istifadə olunurdu.
Qobustan mezoliti üçün iynəvari xırda iti ucluqlar səciyyəvidir. Kiçik qaşovlar
çox müxtəlifdir. Qaşovların bir qismi yığma alət dişi kimi də istifadə olunurdu. Əldə
edilən uclu və yanlı qaşovlar gön işləmədə, ağac və sümük alətlərin və s.
hazırlanmasında istifadə olunmuş universal alətlərdir. Xırda kəsici alətlər sümük və
ağac üzərində aparılan zərif işlərdə istifadə olunurdu. Əmək alətləri arasında oxun
çubuğunu hamarlayıcı əşyalar da diqqəti cəlb edir. Onlara Qobustanın bütün mezolit
və neolit düşərgələrində rast gəlinmişdir. Hamarlayıcı alətlər üzərində diametri 1 sm
olan gəz açılmış yastı oval qarğaduzu daşından hazırlanmışdır. Bəzi hamarlayıcılarda
gəzlərin kənarı çərtmələr, ziqzaq xətlər və sünbülvari naxışla bəzədilmişdir.
67
Anazağadan əldə edilən oxun çubuğunu hamarlayıcı alət qırığı üzərində heyvan (keçi
və ceyran) təsviri vardır. Bu tip alətlər başqa ərazilərin mezolit və neolit
düşərgələrindən də məlumdur.
Qobustanın çaxmaq daşı qəlpələrindən hazırlanmış Mezolit dövrü ox ucları
səlis formaya malik deyillər.
Mezolit və Neolit dövründə çaydaşılarından əsasən zərb alətləri, sürtgəclər,
tor üçün pərsəng daşı, dişəkləyicilər, kərkivari alətlər hazırlanırdı. Qobustanda
çaydaşından alətlər ağac, doğmada və ağac işləmədə, ilik çıxarmaq üçün sümük
sındırmada, qayalarda şəkil döymədə və s. işlənirdi. Yabanı bitki dənləri və yeməli
kökləri əzmək üçün daş sürtgəclərdən istifadə edilirdi. İlkin qəlpələr bıçaq, xırda
çaylaq daşları isə dişəkləyici alət kimi işlədilmişdir.
Qobustanın Mezolit dövrü ovçularının əsas silahı yay və ox idi. Öz dövrünə
görə bu mürəkkəb silah ət məhsulu əldə etməyə imkan yaradırdı. Bununla əlaqədar
xüsusi ilə qeyd etmək lazımdır ki, Qobustanda ən qədim rəsmlər yay və oxla
silahlanmış, təbii böyüklükdə, siluetşəkilli adam təsviridir. Çoxlu kişi və tək-tək qadın
təsvirlərinin yay-oxla silahlı verilməsi, kompozisiyasının sabitliyi Mezolit dövründə
bu tip alətlərdən Qobustanda geniş istifadə olunduğunu göstərir. Qobustanda oxlar
əsasən yığma idi, yəni oxun ağac hissəsinin ucuna çaxmaq daşından iti ucluq
bərkidilirdi. Kəsiyi dairəvi şişuclu sümük ox uclarından da istifadə edilirdi. Böyükdaş
dağı zirvəsinin cənub-qərb hissəsində saxlanmış daş hasar qalığı Mezolit dövründə
Qobustanda təbii və süni tələ və sürək üsulu ilə də ov edildiyini göstərir. Kiçikdaş
dağında 58 №-li qaya üzərindəki şəkil isə ovçuluqda tələdən də istifadə olunduğuna
şahidlik edir.
Qobustanda əsas ov obyekti qulan və ceyran olmuşdur. Mezolit dövrü
təsərrüfatının əsas sahələrindən birini balıqçılıq təşkil edirdi. Bu dövrdə balıqçı toru
və balıqtutan qarmaqlar meydana gəlir, ağacdan qayıq və qayıq kürəkləri hazırlanır.
Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş şəkli
çəkilmiş qayıq təsvirlərinə rast gəlmək olur. Üzərində qayıq rəsmi çəkilmiş daşlar
qazıntılar zamanı, o cümlədən Firuz düşərgəsinin mədəni təbəqəsindən də tapılmışdır.
Qayalarda balıq və balıq toru təsvirləri, qazıntılardan tor üçün ağırlıq daşı, balıq və
suiti sümüklərinin tapılması Qobustanda bu dövrdə balıqçılığın inkişafını aydın əks
etdirir. Qobustan düşərgələrinin sakinləri tordan və mizraqdan istifadə edərək, balıq,
hətta nərə balığı ovlayırdı.
Qobustanın Mezolit dövrü sakinlərinin təsərrüfatında ovçuluq və balıqçılıqla
yanaşı, yığıcılıq az əhəmiyyət daşımırdı. Onlar ərazidə bitən göy-göyərti, göbələk, yer
fındığı, yabanı bitkiləri yığırdılar. Bitki kökləri ağac və daşdan olan yerqazan alətlər
vasitəsilə çıxarılır, dənli bitkilər isə yığma bıçaqlarla yığılırdı.
Beləliklə, aydın olur ki, Mezolit dövründə qədim qobustanlılar ovçuluq,
balıqçılıq və yığıcılıqla məşğul olurdu.
68
Hələlik Qobustanda və bütün Azərbaycanda Mezolit dövrü üçün istehsaledici
təsərrüfatın (əkinçilik və maldarlıq) elementlərinin inkişafını göstərən inandırıcı dəlil
əldə edilməmişdir. Ancaq ola bilsin ki, Qobustanda mezolitin sonundan bəzi heyvan
növləri əhliləşməyə və dənli bitkilər mədəniləşməyə başlamışdır.
Eramızdan əvvəl XIII-X minilliklərdə, yəni Mezolit dövründə Zaqafqaziya ilə
yanaşı, Zaqros ərazisində artıq ev şəraitinə uyğunlaşdırılmış heyvanların olduğu və
dənli taxıl bitkilərinin mədəniləşdirilməyə başlandığı məlumdur. Ovçuluğun
inkişafında uzaqvuran silahların tətbiqi əhalinin ət ərzağı ilə təminatında mühüm rol
oynayırdı. Qəbilənin təsərrüfat həyatında və icmanın sosial quruluşunda başlanan
dəyişikliklər heyvanların əhliləşdirilməsinə də təkan verir, təsərrüfatçılığın ayrı-ayrı
sahələrinin əsası qoyulurdu.
Firuz düşərgəsində son mezolit təbəqəsində kütləvi dəfnlə əlaqədar on böyük
və bir uşaq skeletinin qalıqlarının aşkarı böyük əhəmiyyətə malikdir. Buradan külli
miqdarda qəbir avadanlığı, əsasən bəzək əşyaları və müxtəlif alətlər əldə edilmişdir.
Tapılan alətlər ölənlərin məşğuliyyəti ilə əlaqədardır. Bütün ölənlərin bəzəklərində
daş muncuqlar olduğu halda, bəzi skeletlərin yanında xüsusi bəzək əşyaları - çöl
donuzunun qılınc dişindən asmalar, orjinal formalı kiçik çaydaşından amuletlər,
sümükdən balıqçılıq toru toxumaq və balıq vurmaq üçün alətlər, mərmərləşmiş
daşdan deşikli zərb alətləri də tapılmışdır. Ölülərin dolixokran və braxikran
antropoloji tipə mənsub olduğu müəyyən edilmişdir.
Dostları ilə paylaş: |